Dəmiryolu xətti

İran-Azərbaycan dəmiryol xətti ölkəmizə qazandıracaq?

259
Ekspertlər Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin rentabelli olacağı və dövlət büdcəsinə xeyli gəlir gətirəcəyini düşünürlər. Habelə, bu proyektin Şərq-Qərb nəqliyyat dəhlizinə alternativ olmayacağı da bildirilir.

BAKI, 19 apr — Sputnik. "Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Azərbaycan və İran arasında dəmir yolu körpüsünün inşası çox zəruridir. Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb tranzit daşımaları sahəsində ciddi imkanları var".

Bunu Sputnik-ə açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Elşən Bağırzadə deyib. "İranın dəmir yolu şəbəkəsi ilə Azərbaycanın dəmir yolu şəbəkəsinin birləşməsini və Şimal-Cənub nəqliyyat daşımacılığının dəmir yolu üzərindən həyata keçirilməsini uzun müddətdir ki, gözləyirdik", —deyə iqtisadçı bildirib.

Onun sözlərinə görə, dəmir yolu körpüsünün inşası bu ilin sonunadək tamamlanarsa, Azərbaycan üçün böyük perspektivlər açılar: "Bu həm İrandan Rusiyaya yük daşımaları, həm də gələcəkdə İran yükünün də Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə daşınması üçün perspektivlər açır. Eyni zamanda, müəyyən geosiyasi, geoiqtisadi problemlər həll olunarsa, Rusiyanın da yüklərinin Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə daşınması üçün imkanlar açır".

E. Bağırzadə bildirib ki, bu ilin sonunadək Bakı-Tbilisi-Qars dəmir yolu da tamamlanacaq: "Bu proses bitdikdən sonra bizim artıq Şərq-Qərb tranzit yükdaşımalarında böyük potensialımız yaranacaq. Düşünürəm ki, Şimal-Cənub nəqliyyat dəhlizi Şərq-Qərb nəqliyyat dəhlizinə heç də alternativ deyil. Əslində müəyyən məqamlarda bir-birilərini tamamlayacaq".

"Azərbaycan və İran arasında dəmir yolunun gəlirləri uzun müddətli olacaq. O istiqamətdə yükdaşımalar tarixən mövcud olub, indi də mövcuddur. Sadəcə müxtəlif vasitələrlə daşınır. Dəmir yolu nəqliyyatının işə düşməsi bu işi daha da sürətləndirəcək və bu da uzun müddət Azərbaycan büdcəsi üçün gəlir deməkdir", —deyə dosent əlavə edib.

Nəqliyyat üzrə ekspert Azər Allahverənov də Sputnik-ə açıqlamasında deyib ki, Azərbaycan və İran arasında dəmir yolu körpüsünün inşası rentabellidir: "Sovet vaxtında da İran ilə Azərbaycanı əlaqələndirən daim işləyən dəmir yolu var idi və kifayət qədər böyük sayda sərnişin və yüklər daşınırdı. Azərbaycan kifayət qədər geostrateji əhəmiyyətli yolda yerləşir".

"Azərbaycan və İran arasında dəmir yolu körpüsünün inşası günün aktuallığı ilə şərtlənir və buna ehtiyac var. Bu, ölkə büdcəsinə böyük gəlirlərin daxil olması deməkdir", —deyə ekspert qeyd edib.

İran Dəmir Yol İdarəsinin rəisi Möhsün Purseyid Ağayi isə, iki ölkə arasında əldə olunan razılığa əsasən, körpünün tikintisinin 2016-cı ilin sonunadək başa çatacağını deyib: "Sevindirici haldır ki, körpünün tikilməsi üçün hazırlıq işləri proqrama uyğun olaraq davam etdirilir. Bu layihənin icrası ilə tranzit yüklərin daşınması hər iki tərəf üçün asanlaşacaq. Layihənin icrasından sonra İranın Bəndər-Abbas limanından Azərbaycan vasitəsilə Rusiyaya yüklər rahatlıqla daşınacaq".

20 aprel 2016-cı il tarixində Azərbaycan Respublikasının Astara şəhərində Astara çayı üzərində dəmiryolu körpüsünün təməlqoyma mərasimi keçiriləcək. Təməlqoyma mərasimindən sonra Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədrləri — Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayevin və İran İslam Respublikasının Rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin iştirakı ilə Azərbaycan-İran nümayəndə heyətlərinin görüşü keçiriləcək. Görüşdə əməkdaşlığın genişləndirilməsi perspektivləri, o cümlədən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin səmərəliliyinin artırılması istiqamətində görüləcək işlər müzakirə ediləcək.

"Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi haqqında Saziş" Rusiya, İran və Hindistan arasında 2000-ci il sentyabrın 12-də Sankt-Peterburq şəhərində imzalanıb və 2002-ci il mayın 21-də qüvvəyə minib. Sonralar Belarus, Bolqarıstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Oman Sultanlığı, Tacikistan, Suriya, Türkiyə, Ukrayna Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə qoşulub. Azərbaycan isə bu Sazişə 2005-ci il sentyabrın 20-də qüvvəyə minmiş 948-IIQ nömrəli qanunu ilə qoşulub.

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi haqqında Sazişin depozitarisi İrandır və dəhlizin katibliyi Tehran şəhərində yerləşir. Dəhlizin yaradılmasında əsas məqsəd yük və sərnişin daşımalarının təşkilində nəqliyyat əlaqələrinin səmərəliliyinin yüksəldilməsi, üzv-ölkələrin dəmir yolu, avtomobil, dəniz, çay və hava nəqliyyatı xidmətlərinin beynəlxalq bazarına çıxışına şəraitin yaradılması, beynəlxalq daşımaların həcminin artırılmasına yardım göstərilməsi, üzv-dövlətlərin ərazisi ilə tranzit yük və sərnişin daşımalarında vaxtın qısaldılması və tranzit daşımaların dəyərinin minimuma endirilməsini təmin etmək üçün razılaşdırılmış nəqliyyat siyasətinin həyata keçirilməsi və dəhliz boyunca hərəkət edən nəqliyyat vasitələrinin təhlükəsizliyinin təmin olunmasıdır.

259
Teqlər:
Bakı-Tbilisi-Qars dəmir yolu xətti, dəmiryolu, İran, Azərbaycan, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi
Əlaqədar
Dəmiryolu vağzallarında pulsuz “Wi-Fi” şəbəkəsi qurulacaq
Qəzvin-Rəşt-Astara dəmiryolu bu tarixdə istismara veriləcək
Hava və dəmiryol nəqliyyatında sərnişindaşıma qiymətləri qalxıb
Bakı Dəmiryolu Vağzalı ilə Hava Limanı arasına dəmiryolu çəkiləcək
Kalkulytor və qələm, arxiv şəkli

Həyəcan təbili - Gələn il iqtisadi göstəricilərimiz ürəkaçan olmayacaq, əgər...

46
(Yenilənib 20:17 06.08.2020)
Professor: "Büdcə kəsirinin maliyyələşməsini Mərkəzi Bank tərəfindən pul emissiyası hesabına etməliyik. Mərkəzi Bank pul çap edərək iqtisadiyyatda canlanmanı təmin etməlidir. Bu yanaşma olmasa, ilin sonuna kimi ÜDM-in azalmasının şahidi ola bilərik"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 6 avqust — Sputnik. "Büdcə siyasəti ilə bağlı bu gün bir çox suallar yaranır, çünki dünya iqtisadiyyatında vəziyyət olduqca mürəkkəbdir. Bu proseslər yalnız pandemiya ilə bağlı deyil, dünya iqtisadiyyatı çox dərin tənəzzül dövrünə daxil olub. Bu, uzun müddətli olacaq. O baxımdan Azərbaycanda iqtisadi idarəetmə siyasəti, o cümlədən büdcə siyasəti kəskin şəkildə islahatlara məruz qalmalı, dərin islahatlar aparılmalıdır".

Bunu Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a büdcəyə edilən dəyişiklikdən danışarkən deyib.

Ekspert bildirib ki, bu ilin sonunadək iqtisadiyyatda dayanıqlılıq qoruna biləcək: "Çünki ehtiyatlar buna imkan verir, digər tərəfdən neft qiymətləri tarazlaşıb, 6 ayda fiskal yığımlar təmin olunub. Eyni zamanda valyuta bazarında da sabit vəziyyət var və ona görə də ilin sonunadək ciddi problemlər gözlənilmir. Amma uzun müddətli dövrdə milli iqtisadiyyatımızda da ciddi problemlər gözlənilir. Bu problemlərin qarşısı indidən alınmalıdır, o cümlədən də büdcə siyasəti ilə".

"Bu il büdcə xərclərinin artımına ehtiyac var idi və o baxımdan da büdcə xərclərinin artırılması başa düşüləndir, izah olunandır. Amma büdcə xərclərinin artırılması büdcə kəsirinin də artırılması deməkdir. Büdcə kəsirinin artırılması isə düzgün idarə olunmalıdır. Bu gün bizim dövlət büdcəsinin kəsir göstəricisi təxminən 5 faizdir. Bu, böyük rəqəm deyil, yəni, yolveriləndir" - deyə o qeyd edib.

O bildirib ki, bu ilin ilk 6 ayının nəticələri onu deməyə əsas verir ki, iqtisadiyyata kapital qoyuluşları azalıb: "Bu, təhlükəli tendensiyadır. Əgər biz büdcə kəsirinin idarə olunmasını, büdcə kəsirinin maliyyələşməsini Maliyyə Nazirliyi tərəfindən buraxılan qiymətli kağızlarla təmin edəcəyiksə, bu, iqtisadiyyatda kapital qoyuluşlarının bir qədər də azalmasına səbəb olacaq. Hesab edirəm ki, biz büdcə kəsirinin maliyyələşməsini Mərkəzi Bank tərəfindən pul emissiyası hesabına etməliyik. Yəni, Mərkəzi Bank pul çap edərək iqtisadiyyatda canlanmanı təmin etməlidir. Bu yanaşma olmasa, ilin sonuna kimi ÜDM-in azalmasının şahidi ola bilərik".

"Əgər biz bu il ərzində investisiyaların azalmasına getsək, onda gələn il iqtisadi göstəricilərimiz ürəkaçan olmayacaq. Biz investisiyaların azalmasına yol verməməliyik. Əks halda iqtisadiyyatımız daralacaq, inflyasiya ilə bağlı problemlər kəskinləşəcək. Məsələyə sistemli yanaşmaq lazımdır. İdxalın əvəzolunması, yerli istehsalın formalaşması prosesi getməlidir. İxracatda qeyri-neft sektorunun payı artmalıdır. Digər tərəfdən, qeyri-neft ixracımızda ilk 3 yeri qızıl, pomidor və fındıq tutur. Bunların üçü də xammaldır, lakin biz emal etməliyik" - deyə professor əlavə edib.

Qeyd edək ki, 2020-ci il dövlət büdcəsinə dəyişiklik edilməsi, dürüstləşmələrə gedilməsinə ehtiyac yaranıb. Azərbaycanın 2020-ci il dövlət büdcəsinin gəlirlərinin 24 milyard 124 milyon manat, xərclərinin 27 milyard 492 milyon 200 min manat olacağı gözlənilir.

2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş gəlirləri 24124,0 milyon manat nəzərdə tutulur. Bu da ÜDM-in 35,3 faizi həcmində olmaqla, 2020-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 10,5 milyon manat azdır.

2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş xərcləri 27492,2 milyon manat təşkil edəcəyi gözlənilir. Bu da təsdiq edilmiş göstəriciyə nisbətən 597,5 milyon manat və ya 2,2 faiz çoxdur.

Xatırladaq ki, "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" qanuna dəyişiklik ilə bağlı parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qeyd edib ki, COVİD-19-un dünyada sürətlə yayılması qlobal iqtisadiyyatda neqativ meyllərin artmasına, dünya enerji və səhm bazarlarında kəskin dalğalanmalara səbəb olub: "İstər dünyada, istərsə də ölkəmizdə iqtisadi şərtlər kifayət qədər dəyişib. Ölkədə işgüzar fəallığın və artım sürətinin zəifləməsinə səbəb olub, iqtisadiyyatın əksər sahələrinin inkişafına mənfi təsir göstərib. İqtisadi aktivliyin zəifləməsi nəticəsində qeyri-neft gəlirlərinin azalması və digər maliyyələşmə mənbələrinin daralması dövlət büdcəsinin gəlirləri və xərcləri arasında tarazlığın pozulması təhlükəsini yaradıb. Sadalanan səbəblərə görə 2020-ci il dövlət büdcəsinə dəyişiklik edilməsi, dürüstləşmələrə gedilməsinə ehtiyac yaranıb. Yeni çağırışlar kontekstində dövlət büdcəsinin xərcləri üzrə yeni tələbatlar ortaya çıxıb".

46
Azərbaycan manatı, arxiv şəkli

Prezident 190 manatla bağlı göstəriş verdi

192
(Yenilənib 16:48 06.08.2020)
600 min işsiz insan, o cümlədən qeyri-formal məşğulluqda fəaliyyət göstərən və müvəqqəti olaraq öz işini itirən, aztəminatlı təbəqəyə aid olan insan dövlət tərəfindən qayğı ilə əhatə olunubdur

BAKI, 6 avqust — Sputnik. "Azərbaycanda iqtisadi və sosial məsələlər öz həllini tapır. Sadəcə olaraq, son aylar ərzində görülmüş işlərə baxmaq kifayət edər ki, hər kəs görsün nə qədər böyük işlər görülüb".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Prezident İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə bildirib.

"Biz təqribən 5 milyona yaxın insanı geniş sosial paketlə əhatə etdik. Dövlət sektorunda çalışan 900 min insanın böyük əksəriyyəti faktiki olaraq işləmir, ancaq dövlət tərəfindən əməkhaqqı alır. 760 min sahibkara lazımi maliyyə dəstəyi göstərildi və onların iş yerləri qorundu. Əks təqdirdə, 760 min insan işsiz qala bilərdi. Çünki onların çalışdıqları sektorlar pandemiya nəticəsində ən böyük zərər görmüş sektorlardır. Təbii ki, sahibkarlar, işəgötürənlər indi gəlir əldə etmirlər və beləliklə, yüz minlərlə insan işsiz qala bilərdi. Yenə də dövlət operativ tədbirlər nəticəsində dərhal bu məsələyə müdaxilə etdi. Əlbəttə ki, bu məqsədlər üçün böyük maliyyə resursları xərclənibdir.

600 min işsiz insan, o cümlədən qeyri-formal məşğulluqda fəaliyyət göstərən və müvəqqəti olaraq öz işini itirən, aztəminatlı təbəqəyə aid olan insan dövlət tərəfindən qayğı ilə əhatə olunubdur. Onlara artıq bir neçə ay ərzində 190 manat müavinət verilir. Hesab edirəm ki, bu sosial dəstək bundan sonra da davam etdirilməlidir. Hazırda Azərbaycanın 13 şəhər və rayonunda sərt karantin rejimi tətbiq edilir. Həmin rayonların bu kateqoriyaya aid insanları bu dəstəklə bundan sonra da əhatə olunmalıdır. Sizə göstəriş verirəm ki, avqust ayında da onlara 190 manat ödənilsin".

192
Xarici İşlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskası qəbul edib

Gündəmdə saziş var: Ceyhun Bayramov Avropa İttifaqının nümayəndəsi ilə görüşdü

0
(Yenilənib 20:31 06.08.2020)
Aİ nümayəndəsi sərhəddə baş vermiş gərginliklə bağlı Avropa Xarici Fəaliyyət Xidmətinin sözçüsünun bəyanatına istinad edərək bölgədə gərginliyin artmasına səbəb olacaq addımlardan çəkinməyə çağırdıqlarını qeyd edib

BAKI, 6 avqust — Sputnik. Xarici İşlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskası qəbul edib.

Sputnik Azərbaycan-a XİN-dən daxil olan məlumata görə, C.Bayramov və Avropa İttifaqı (Aİ) ilə qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini bildirib. O, Aİ-nin Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəklə bağlı birmənalı mövqeyini məmnuniyyətlə vurğulayıb.

Tərəflər Aİ-Azərbaycan əməkdaşlıq gündəliyində duran bir sıra məsələlər, o cümlədən enerji sahəsində strateji tərəfdaşlıq, nəqliyyat layihələri, pandemiya ilə mübarizədə həmrəylik və əməkdaşlıq, ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni hərtərəfli saziş üzrə danışıqların davam etdirilməsi və digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.

© AR Ministry of Foreign Affairs
Xarici İşlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskası qəbul edib

Nazir bu ilin 12 iyul tarixində Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən hərbi təxribat, Ermənistanın nail olmadığı məqsədləri və bölgədəki gərginliyin kökündə duran Ermənistanın təcavüzkar siyasəti barədə qarşı tərəfi məlumatlandırıb. Azərbaycanın münaqişənin danışıqlar yolu ilə həllinə sadiq olduğunu, lakin danışıqların imitasiya yox, real və mahiyyət üzrə aparılmalı olduğu vurğulanıb. İşğalçı ölkə Ermənistanla işğala məruz qalan Azərbaycana eyni yanaşmanın nümayiş etdirilməsinin qəbuledilməz olduğunu bildirən nazir BMT TŞ qətnamələrinin də tələb etdiyi kimi, işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri qayıtmasının zəruriliyini vurğulayıb.

© AR Ministry of Foreign Affairs
Xarici İşlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskası qəbul edib

Aİ nümayəndəsi sərhəddə baş vermiş gərginliklə bağlı Avropa Xarici Fəaliyyət Xidmətinin sözçüsünun bəyanatına istinad edərək bölgədə gərginliyin artmasına səbəb olacaq addımlardan çəkinməyə çağırdıqlarını qeyd edib. O, Aİ-nin xüsusi nümayəndəsinin də vəziyyəti yaxından izlədiyini və İttifaqın bölgədə sülh və təhlükəsizliyin təmin olunmasında maraqlı olduğunu vurğulayıb.

Tərəflər arasında, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

0