Şumlama işləri

Kəndlinin gözü yolda: o günü görəcəkmi?

98
Ekspertlər "Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC-nin yaradılmasını müsbət addım hesab edirlər: "Subyektiv maraqlar və mənfi təsirlər baş verəcəyi təqdirdə isə, bu dəyişikliyin heç bir müsbət təsiri olmayacaq"

BAKI, 14 apr — Sputnik. ""Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC-nin yaradılması müsbət addımdır. Əvvəllər dövlət müəssisə və təşkilatlarının ərzaq məhsulları ilə təmin edilməsində yerli mallar prioritet deyildi. Həm xaricdən, həm də yerli məhsullar alınırdı. İndi isə bu ASC-nin vasitəsilə, ola bilər ki, tenderlərdə əsasən yerli məhsullara üstünlük verilsin. Bu da fermerlərə bir dəstək olar".

Natiq Cəfərli, iqtisadçı-ekspert
© Foto : N.Cəfərlinin şəxsi arxivi
Natiq Cəfərli, iqtisadçı-ekspert

Bunu iqtisadçı-ekspert Natiq Cəfərli Sputnik-ə açıqlamasında deyib. Ekspertin sözlərinə görə, sadəcə bunun mexanizmi çox dəqiq işlənib hazırlanmalıdır: "Əgər uzunmüddətli tədarük məsələsi gündəmdə olacaqsa, fermerlərlə uzun müddətli müqavilələrin bağlanması daha məqsədəuyğun olardı. Məsələn, 3 illik, 5 illik müqavilələr ola bilər ki, fermerlər hesablarını apara bilsinlər".

"Bununla fermerlər öz hesablarını aparacaqlar ki, il ərzində gəlirləri nə qədər olacaq və əldə etdikləri gəlirlərin bir hissəsini yeni istehsal sahələrinin yaradılmasına, əkin sahələrinin genişləndirilməsinə, texnikanın alınmasına, modern üslubda kənd təsərrüfatı fəaliyyətinin aparılmasına sərf edə bilərlər", —deyə iqtisadçı qeyd edib.

N. Cəfərlinin dediyinə görə, yenə hansısa neqativ hallar meydana çıxarsa, sözügedən dəyişikliyin heç bir müsbət təsiri olmayacaq: "Məsələn, tanışlığa görə və digər neqativ hallara görə hansısa fermerlə müqavilə bağlanmamalıdır. Birbaşa fermerlərə çıxış əldə olunmalıdır, nəinki ortada vasitəçi, bağlayıcı şirkətlərin, firmaların vasitəsilə. Birbaşa fermerlərlə uzunmüddətli müqavilənin bağlanması daha məqsədəuyğundur".

"Bu da fermer təsərrüfatlarının inkişafına stimul verəcək. Ən azından fermerlər biləcəklər ki, istehsal etdikləri məhsulların bazara çıxışında problemlər yaşanmayacaq və məhsullarını standart, təsbit olunmuş qiymətlərlə dövlət müəssisələrinə sata biləcəklər", — mütəxəssis əlavə edib.

Türkiyə təcrübəsinə toxunan N. Cəfərli deyib ki, Türkiyədə Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin Baş Qərargahından başqa, hər korpusun özünün də tender elan etmək və dövlət komissiyasının nəzarəti altında müqavilələr bağlamaq səlahiyyətləri var: "Bu, birbaşa Müdafiə Nazirliyi və Baş Qərargah ilə koordinasiya olunmuş şəkildə həyata keçirilir. Bu tenderlərdə uzunmüddətli müqavilələrin bağlanmasına üstünlük verilir. Bu, fermerlərin işlərinin planlaşdırılmasında mühüm əhəmiyyətə malikdir".

İqtisadçi - ekspert Qadir İbrahimli
şəxsi arxivdən
Qadir İbrahimli

İqtisadçı-ekspert Qadir İbrahimli də Sputnik-ə açıqlamasında bunun müsbət addım olduğunu bildirib: "Fermerlərin əsas problemi məhsullarının satışı məsələsi idi. "Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC-nin yaradılması fermerlərin maraqlarının qorunmasına xidmət edir. Əvvəllər dövlət müəssisələri və təşkilatlar yerli məhsullar, həmçinin idxal hesabına təmin edilirdi. Burada idxal üstünlük təşkil edirdi. Ancaq bundan sonra yerli məhsullar üstünlük təşkil edəcək".

Qeyd edək ki, aprelin 11-də dövlət başçısı İlham Əliyev "Ərzaq məhsullarının tədarükü və təchizatı" Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Sərəncam imzalayıb. ASC-nin yaradılması kənd təsərrüfatı məhsullarının istehsalını və (və ya) emalını stimullaşdırmaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, ərzaq məhsullarının keyfiyyətini daha da artırmaq, dövlət vəsaitlərindən səmərəli istifadəni təmin etmək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etmək məqsədi daşıyır.

98
Teqlər:
kənd təsərrüfatı, Qadir İbrahimli, Natiq Cəfərli, "Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC, fermer, kəndli
Əlaqədar
Fermerlərin satış problemi həll olunur
Dövlət sifariş vermir, fermer də əkmir
Kəndlilərin qorxduqları başlarına gəldi
Ekspert: Azərbaycanda kənd təsərrüfatına investisiya qoymaq sərfəli deyil
"Kənd təsərrüfatı ili"ndə idxaldan asılılığımız daha da artıb"
Kənd Təsərrüfatı Nazirliyi əhaliyə xəbərdarlıq etdi