Pambıq yığımı. Arxiv şəkli

Pampıqdan pul çıxarmaq: "ağ qızıl" qayıdır

1174
Neft dönəminin qapanmağa doğru getməsi ölkədə yeni istehsal sahələrinin inkişafını gündəmə gətirib. Artıq ən yüksək səviyyədə pambıqçılığın inkişafına dair tapşırıq da verilib. Bəs, buna nə dərəcədə hazırıq?

BAKI, 13 apr — Sputnik. "Biz kənd təsərrüfatının müxtəlif sektorlarını, ilk növbədə pambıqçılığı inkişaf etdirməliyik. Çünki pambıq elə məhsuldur ki, onun üçün bazar axtarmağa ehtiyac yoxdur. İndi dünyada bazarlar uğrunda mübarizə gedir. Xüsusilə, son vaxtlar sanksiyalarla əlaqədar müəyyən bazarlar bəzi məhsullar üçün bağlanıb. Əlbəttə ki, bunun bizə aidiyyəti yoxdur. Ancaq indi biz öz kənd təsərrüfatı məhsullarımızı başqa bazarlara çıxarmaq üçün gərək səylər göstərək".

Bunu Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında prezident İlham Əliyev deyib. Keçən il Azərbaycanda cəmi 35 min ton pambıq yığıldığını qeyd edən Prezidentin sözlərinə görə, özəl qurumlar bunu təkbaşına edə bilməyəcək: "Pambıqçılığı inkişaf etdirmək üçün dövlət birinci rol oynayır, ikinci yerli icra orqanları və ondan sonra özəl qurumlar. Ona görə, göstəriş verilmişdir ki, vəziyyət təhlil edilsin və təhlil edilib. Mənə artıq təkliflər verilib. Biz pambıqçılığı bərpa etməliyik. Keçən il 18 min hektar əkilibdir".

Pambıq qozaları
© AP Photo / Danny Johnston
Pambıq qozaları

"Bu il mən qarşıya vəzifə qoymuşam ki, 50 min hektar əkilsin və əkin yəqin ki, yaxın zamanlarda başlanacaqdır. Əgər keçən il biz 35 min ton pambıq yığa bilmişiksə, bu il 50 min hektar əkilərsə və məhsuldarlığı lap aşağı səviyyədə, 20 sentnerdən götürsək, bu, 100 min ton pambıq edəcək — keçən ildəkindən üç dəfə çox. Ancaq indi yeni texnologiyalar, o cümlədən suvarma texnologiyaları mövcuddur və biz məhsuldarlığı artırmaqla daha da böyük nəticəyə çata bilərik", —deyə dövlət başçısı vurğulayıb.

Qeyd edək ki, Azərbaycanda 2013-cü ilin 11 ayında 42.6 min ton pambıq toplanıb. 2014-cü ildə 41 min ton, 2015-ci ildə isə 35 min ton pambıq yığılıb. Göründüyü kimi, pambıq istehsalında azalma müşahidə olunur. Bəs, pambıqçılığı inkişaf etdirmək üçün nələr etməliyik, ayrıca dünyada bu sahədə vəziyyət nə yerdədir?

Bütün insanlığın ehtiyacı olan məhsul

"Pambıq bütün insanlığın ehtiyacı olduğu məhsuldur". Bunu isə Türkiyənin Nazilli Pambıq Araşdırma İnstitutunun rəhbəri Sadettin Öztürk bereket tv-yə açıqlamasında deyib.

Türkiyədə pambıq strateji məhsuldur. Pambıq 15 dəyişik iş yerinin xam maddəsini təşkil etməkdədir. Bu gün pambığın xam maddəsinin işləndiyi sektorlarda 3 milyon insan işləməkdədir.

Hər ailənin 4 üzvü olsa, bu da 12-13 milyon insanın çörək yediyi yer deməkdir. Rentgen kağızının, kağız pulun və s. xam maddəsini pambıq meydana gətirir.

Pambıq tarlası
© AP Photo / David Goldman
Pambıq tarlası

Ən çox pambıq istehsal edən 8 ölkə

Pambıq yığımında müasir texnologiyalardan istifadə çox önəmlidir. Dünyada az sayda ölkənin ekologiyası pambıq yetişdirilməsi üçün əlverişlidir. Ona görə də az sayda ölkə pambıq istehsalı ilə məşğul olur.

Beynəlxalq Pambıq Məşvərət Məclisinin 2007-2014-cü illər arası 8 illik dövrün məlumatları araşdırılanda, dünyada orta hesabla 33,5 milyon hektar sahədə pambıq əkildiyi görünür. Dünyada pambığın əkin sahələrinin ən geniş olduğu ölkə, təxminən 11 milyon hektar sahə ilə Hindistandır. Onun ardınca Çin, ABŞ, Pakistan, Özbəkistan, Braziliya, Burkina Faso və Türkmənistan gəlir. Türkiyə bu siyahıda 9-cu yerdədir.

Dünyada ən çox pambıq istehsal edən ilk 8 ölkə bunlardır — Çin, Hindistan, ABŞ, Pakistan, Braziliya, Özbəkistan, Avstraliya və Türkiyə. İstehlakda isə ilk üç yerdə Çin, Hindistan və Pakistan gəlir. Növbəti yerlərdə Türkiyə, Braziliya və ABŞ gəlir.

Dünyada pambıq lifinin istehsalı 2004-2007-ci illər arasında 26 milyon ton səviyyələrində reallaşarkən, 2008-2009-cu illərdə 23,5 milyon ton, 2009-2010-cu illərdə isə 22,2 milyon ton səviyyəsinə geriləyib. 2010-2011-ci illərdə istehsal artıb və 25 milyon tonu ötüb. 2011-2012-c illərdə istehsal 28 milyon ton olub, 2012-2013-cü illərdə 26,8 milyon ton, 2013-2014-cü illərdə 26,2 milyon ton təşkil edib. 2015-2016-cı illərdə 24,5 milyon ton olacağı proqnozlaşdırılır.

Gələk Azərbaycana…

Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Qadir Bayramlı Sputnik-ə açıqlamasında deyib ki, Azərbaycanda pambıq istehsalında azalmanın fərqi çox böyükdür. Bu sahənin inkişafı üçün hansı işlər görülməli olduğuna gəldikdə, dosent deyib ki, ilk növbədə pambığın əkin sahələri genişləndirilməlidir.

"Pambıq yetişdirən insanlara məhsulun alınacağına dair zəmanət verilməlidir. Zaman-zaman pambıq yetişdirənlər məhsullarını sata bilmədilər, əllərində qaldı. Bunun baza qiymətləri əvvəldən müəyyən olunsa, pambıqçıları bu məhsulu yetişdirməyə təşviq edəcək. Pambığın əsas yetişdirildiyi bölgə Aran rayonları, xüsusilə, Kür-Araz ovasıdır. Burada torpaqların meliorasiyasına ehtiyac var. Drenaj sistemləri yenilənməlidir. Sovet vaxtı bunlar qurulub və artıq bunlar köhnəlib, çoxları işə yarasız hala gəlib", —deyə ekspert bildirib.

Onun sözlərinə görə, pambıq ən çox su tələb edən bitkilərdən biridir və suvarma problemi həll olunmalıdır: "Digər tərəfdən, gübrə təminatı olmalıdır. O vaxtı Sumqayıtda 300 min ton gübrə istehsal edən fabrik var idi. İndi o fabrik fəaliyyət göstərmir. Pambıqçıların peşəkar birlikləri yoxdur. Lazım olanda bir araya gəlib müəyyən işləri sistemli şəkildə tələb edə bilsinlər. Əvvəlki iqlimə uyğun pambıq toxumlarının bərpası lazımdır. Bu sahədə fəaliyyət genişləndirilməlidir".

Azərbaycanda pambığın istehsalının da kifayət etmədiyini deyən Q. Bayramlı əlavə edib ki, pambığın emalı üçün iplik fabrikləri genişləndirilməlidir: "İstehsal olunan iplikdən Azərbaycanda özünəməxsus yüksək geyim vasitələri istehsal edilməlidir. Təcrübə var. Sadəcə bunu sistemli şəkildə bərpa etmək lazımdır. Azərbaycanda Sovet dövründə fəaliyyət göstərən emal müəssisələri indi ya bağlanıb, ya da kiçik həcmdə fəaliyyət göstərir. Düşünürəm ki, Azərbaycan bu sahədə həm Özbəkistan, həm Türkiyə ilə işbirliyi həyata keçirə bilər. Dövlət başçısının son çıxışından sonra düşünürəm ki, bu sahədə irəliləmə olacaq".

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Qadir Bayramlı
Qadir Bayramlının şəxsi arxivindən
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Qadir Bayramlı

Ekspert hazırda dünyada da pambıq istehsalının aşağı düşdüyünü qeyd edib: "Ümumiyyətlə, dünyada pambıq istehsalının azalmasının səbəbi pambığı əvəz edən süni materialların çıxması, onun tətbiqi ilə əlaqədar oldu".

Kənd təsərrüfatı naziri Heydər Əsədov jurnalistlərə açıqlamasında bildirmişdi ki, Azərbaycanda 2017-ci ildə pambıq istehsalı və əkin sahələrinin genişləndirilməsinin 80-100 faiz artırması planlaşdırılır: "Bu niyyətimizə nail olacağımızı düşünürük".

İlk növbədə nə etməli?

Vahid Məhərrəmov - Kənd təsərrüfatı üzrə ekspert
© Sputnik / Anar Mustafayev
Vahid Məhərrəmov - Kənd təsərrüfatı üzrə ekspert

"İndi pambıqçılıq mürəkkəb bir sahəyə çevrilib. Sovet dövründə hökumət pambığın sifarişini verirdi, əldə olunan məhsulun emal olunması, həmin məhsuldan sənayedə istifadə olunması — bütün bunlar sistemli qaydada qurulmuşdu. İndi pambıq istehsalında yalnız xammal əldə edib, onu dünya bazarına çıxarmaq sərfəli deyil".

Bunu isə Sputnik-ə açıqlamasında kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov deyib. Onun sözlərinə görə, hazırda dünya bazarına kifayət qədər böyük həcmdə, keyfiyyətli məhsul istehsal edib çıxaran ölkələr var: "Çin, Hindistan, ABŞ, Özbəkistan, hətta İsrail çoxlu həcmdə məhsul istehsal edir. Həmin ölkələrdə daha müasir texnologiyalardan istifadə olunur. Onlar çalışır ki, istehsalın həcmini artırmaqla, yanaşı keyfiyyətini də artırsınlar".

Ekspert Azərbaycanın dünya bazarına məhsul çıxarmaqla yaxşı gəlir əldə edə biləcəyimizə bədbin yanaşır: "Biz hələ keyfiyyətli məhsul istifadə edə bilmirik. Məhsuldarlıq aşağı olduğu üçün məhsulun maya dəyəri yüksəkdir. Bu da imkan vermir ki, bizim istehsal etdiyimiz mal, məhsul rəqabətli olsun".

"Pambıqçılığı inkişaf etdirmək üçün hansı işlər görülməlidir?" məsələsinə gəldikdə, ekspertin fikrincə, ilk növbədə məhsuldarlığı artırmaq, keyfiyyəti yaxşılaşdırmaq, məhsulun bir hissəsini ölkə daxilində emal edib, ondan yüngül sənayedə (parça istehsalı və s.) istifadə etmək lazımdır: "Bunun üçün də sərmayəyə, maliyyə vəsaitinə ehtiyac var. Sənaye müəssisəsini idarə edə, işlədə biləcək müasir tələblərə cavab verən kadrlar hazırlanmalıdır. Bu sahədə bir dövlət proqramı qəbul olunmayıb. 2010-cu ildə "Pambıqçılıq haqqında" qanun qəbul edildikdən sonra, pambıqçılıq demək olar ki, sıradan çıxarıldı. Bu ona görə baş verdi ki, qanunda daha çox üstünlük emal müəssisələrinə verilirdi, nəinki istehsal ilə məşğul olan fermerlərə".

1174
Teqlər:
ağ qızıl, inkişaf, bambıq, Qadir Bayramlı, istehsal, qara qızıl, kənd təsərrüfatı, Vahid Məhərrəmov, Azərbaycan
Əlaqədar
Ekspert: Azərbaycanda kənd təsərrüfatına investisiya qoymaq sərfəli deyil
"Kənd təsərrüfatı ili"ndə idxaldan asılılığımız daha da artıb"
Kənd Təsərrüfatı Nazirliyi əhaliyə xəbərdarlıq etdi
Prezident kənd təsərrüfatı sərgisiylə tanış olub
Təbii qaz, arxiv şəkli

Vəziyyətləri "düzəlib"! Gürcüstan Azərbaycandan aldığı qazın həcmini azaldır

15
(Yenilənib 13:27 26.05.2020)
Yenilənən proqnoza görə, Gürcüstan 2020-ci ildə Azərbaycandan 2,348 milyard kubmetr təbii qaz idxal edəcək. Bunun da 1,465 milyard kubmetri SOCAR-dan, 883 milyon kubmetri isə “Şahdəniz”dən əldə ediləcək.

BAKI, 26 may – Sputnik. Gürcüstan hökuməti 2020-ci il üçün təbii qazın idxal proqnozuna yenidən baxıb. Nəticədə təbii qazın alınacağı mənbə və həcmlərdə dəyişiklik edilib.

AZƏRTAC ölkənin İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinə istinadla xəbər verir ki, Gürcüstan əvvəlcə həm idxal, həm də yerli mənbələrdən 2,573 milyard kubmetr təbii qaz almağı planlaşdırırdı. Lakin, yeni proqnozlarda bu rəqəm 2,57 milyard kubmetr nəzərdə tutulub.

Gürcüstan ilkin proqnoza əsasən, Azərbaycandan 2,385 milyard kubmetr qaz idxal etməyi planlaşdırırdı. Bu həcmin 1,511 milyard kubmetri SOCAR-ın, 874 milyon kub metri isə “Şahdəniz” yatağının payına düşürdü.

Yenilənən proqnoza görə, Gürcüstan 2020-ci ildə Azərbaycandan 2,348 milyard kubmetr təbii qaz idxal edəcək. Bunun da 1,465 milyard kubmetri SOCAR-dan, 883 milyon kubmetri isə “Şahdəniz”dən əldə ediləcək.

Digər bir dəyişiklik Gürcüstanın Rusiyadan alacağı təbii qazla bağlıdır. Belə ki, cari ildə Gürcüstanın Rusiyadan 170 milyon kubmetr təbii qaz idxal etməyi nəzərdə tutsa da, yenilənən proqnoza əsasən, bu rəqəm 200 milyon kubmetrə qədər artırılıb.

 

15
Buğda tarlası, arxiv şəkli

Daha ehtiyacımız böyük deyil Buğda idxalını 60 faiz azaltmışıq

17
(Yenilənib 11:59 26.05.2020)
Təzə meyvə idxalı isə 14,6 faiz, bitki yağları 3 faiz, kərə yağı, digər süd yağları və pastaları 49,4 faiz artıb

BAKI, 26 may — Sputnik. 2020-ci ilin yanvar-mart aylarında 2019-cu ilin yanvar-mart ayları ilə müqayisədə ölkəyə təzə meyvə idxalı 14,6 faiz, bitki yağları 3 faiz, kərə yağı, digər süd yağları və pastaları 49,4 faiz, çay 25,5 faiz, mal əti 9,8 faiz, təzə tərəvəz 1,7 dəfə, minik avtomobilləri 2 dəfə, dərman vasitələri 1,8 dəfə artıb.

Sputnik Azərbaycan Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, bu ilin 3 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycana buğda idxalı 59,2 faiz, kartof 3,8 faiz, quş əti və onun əlavə məhsulları 27 faiz, xam şəkər və şəkər 75,2 faiz, siqaret 79,8 faiz, mineral gübrələr 25,3 faiz, məişət kondisionerləri 56 faiz azalıb.

17
İspaniyada epdimioloji vəziyyət

İspaniyada ikinci koronavirus epidemiyası qaçılmazdır ekspert

0
"Bəlkə də bütün payız maska geyinmək lazım olacaq. Ciddi gigiyena qaydalarına, sosial məsafəyə riayət etməyə davam etmək lazımdır. İnsanlara izah etmək lazımdır ki, özlərini məsuliyyətli aparsınlar".

BAKI, 27 may — Sputnik. İspaniyada ikinci koronavirus epidemiyasının payızda baş verməsi demək olar ki, qaçılmazdır, lakin hökumətin ağır karantinin qarşısını almaq və problemi digər yollarla həll etmək üçün vaxtı var. Sputnik Azərbaycan xəbər verir ki, bunu Navarra Universitetinin mikrobioloqu Gilyermo Martinez de Texada RİA Novosti-yə bildirib.

"Bir çox mütəxəssislər inanırlar ki, epidemiya oktyabrda yenidən baş verəcək. Mən də bu fikirdəyəm. Çox güman ki, belə olacaq. Amma yüz faizlik əminlik ola bilməz. Onun birinci epidemiya kimi güclü olub-olmayacağı da aydın deyil", - Martinez de Texada deyib.

Onun sözlərinə görə, hazırda cənub yarımkürəsində payızdır və orada xəstələrin sayında kəskin artım baş verib.

"Bu qrip kimi mövsümi bir virusa oxşayır", - mikrobioloq deyib.

İspaniya hakimiyyət orqanlarının yeni dalğaya hazırlaşmaq üçün bir neçə ay vaxtı var, lakin ölkə çətin ki, mart-aprel aylarında olduğu kimi sərt karantin tətbiq etsin.

"Bu, çox ağır olardı. Cənubi Koreya və Tayvan bütün əhalini karantinə salmadılar. Onlar tez reaksiya verməyə imkan verən sistemləri tətbiq etdilər", - Martinez de Texada deyib.

O qeyd edib ki, hər halda, epidemiyanın ikinci dalğasına həm hakimiyyət, həm tibb işçiləri, həm də ölkə sakinləri martdakından daha hazırlıqlı olacaqlar.

"Bəlkə də bütün payız maska geyinmək lazım olacaq. Ciddi gigiyena qaydalarına, sosial məsafəyə riayət etməyə davam etmək lazımdır. İnsanlara izah etmək lazımdır ki, özlərini məsuliyyətli aparsınlar", - mikrobioloq əlavə edib.

Bununla yanaşı, o, ölkənin payız və qışda barları, mağazaları və s. yenidən bağlamaq məcburiyyətində qalacağını istisna etməyib.

0