Üzümşülük təsərrüfatı. Arxiv şəkli

Dövlət sifariş vermir, fermer əkmir

81
(Yenilənib 12:12 15.04.2016)
Ekspertlər prezident İlham Əliyevin bu ilin birinci rübünün yekunlarına həsr olunmuş toplantıda kənd təsərrüfatının inkişafı ilə bağlı səsləndirdiyi fikirləri təhlil edirlər: "İstehsal o zaman yaranacaq ki..."

BAKI, 11 apr — Sputnik. Aprelin 9-da prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına həsr olunmuş toplantısı keçirilib. Dövlət başçısı çıxışında əsas diqqəti cəbhədəki vəziyyətə yönəltsə də, iqtisadi məsələlərə də toxunub.

Kənd təsərrüfatının inkişafının önəmini vurğulayan ölkə başçısı qeyd edib ki, valyuta gəlirlərimizin azalmasını kənd təsərrüfatı məhsullarının ixracı ilə müəyyən dərəcədə kompensasiya etməliyik. Prezident vaxtilə kənd təsərrüfatının sürətlə inkişaf edən sektorlarının, ilk növbədə pambıqçılıq, baramaçılıq, tütünçülük, çayçılıq, üzümçülüyün inkişafının bərpa etdirilməsinin vacibliyini bildirərək, bu istiqamətdə konkret tapşırıqların verildiyini qeyd edib. Dövlət başçısı ərzaq təhlükəsizliyi məsələsinin əsas prioritet olduğunu bildirərək, yaxın zamanlarda ölkənin özünü ərzaqla tam şəkildə təmin edəcəyini vurğulayıb.

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov hesab edir ki, bu sahədə əsas problem kənd təsərrüfatı məhsullarına dövlət sifarişinin olmamasıdır. "Bazar iqtisadiyyatıdır, əgər bazarda bu məhsullar tələb olunursa və Azərbaycan fermerləri bu məhsulun istehsalı ilə məşğul olub istehsalı artırıb daha çox gəlir götürə bilərlərsə, bu, onların seçimidir. Onlar bu işlə məşğul ola bilər. Ancaq, dövlət sifarişçi deyil. Dövlət əhalidən nə pambıq alır, nə tütün alır, nə də üzüm", —deyə Sputnik-ə açıqlamasında ekspert bildirib.

Onun sözlərinə görə, əgər bu sahə prioritet hesab edilirsə, dövlət proqramı qəbul olunmalıdır: "Bu sahəyə vəsait ayrılmalıdır. Yəni problem nədədir, onu araşdırmaq lazımdır. Bu sahədə istehsalda da, emal və toxumçuluqda da problemlər mövcuddur. Satışla bağlı problemlər də var. Dövlət proqramı qəbul olunduqdan sonra bu sahənin inkişafı ilə bağlı hər hansı tədbirlər həyata keçirib, nəyəsə nail olmaq olar".

V. Məhərrəmovun fikrincə, kənd təsərrüfatında məhsuldarlığı artırmaq üçün ilk növbədə torpaqların deqradasiyaya uğramasının qarşısı alınmalıdır: "Bunun qarşısı alınandan sonra məhsuldarlıq arta bilər".

İqtisadçı ekspert Pərviz Heydərov isə istifadəsiz qalan torpaqların kəndlərə qayıdan əmək qabiliyyətli əhalinin isitfadəsinə verilməsinin vacib olduğunu deyir: "Neftin qiymətinin düşməsi ilə əlaqədar hökumət iqtisadiyyatda bir sıra vacib addımlar atıb. Ümumi daxili məhsulun istehsalında müəyyən geriləmələr mövcuddur. Amma, bütün bunların fonunda bir müsbət fakt müşahidə olunur ki, şəhərdə aqrar sektora aid olan əhali qrupunun geriyə axını müşahidə edilməyə başlayıb".

"Bu, olduqca müsbət faktdır. Bizdə kənd təsərrüfatında çoxlu istifadəsiz torpaqlar var. Əmək qabiliyyətli əhalinin kənd rayonlarına geriyə qayıdışı, o istifadəsiz torpaqların yenidən dövriyyəyə cəlb olunması üçün şanslar yaradır", —deyə iqtisadçı vurğulayıb.

Ekspert hesab edir ki, bu il aqrar sektorda keçən ilə nisbətdə daha çox məhsul əldə olunacaq. Xatırladaq ki, ötən il ölkədə kənd təsərrüfatı ili elan olunmuşdu.

81
Teqlər:
Pərviz Heydərov, prezident İlham Əliyev, kənd təsərrüfatı, Vahid Məhərrəmov, Nazirlər Kabineti
Əlaqədar
Kəndlilərin qorxduqları başlarına gəldi
Hamı kəndinə qayıdır
"Kənd təsərrüfatı ili"ndə idxaldan asılılığımız daha da artıb"
Kənd Təsərrüfatı Nazirliyi əhaliyə xəbərdarlıq etdi
Qəbələdə kəndləri su basıb