Vüqar Bayramov

"OPEC hasilatın kəskin azaldılması ilə bağlı qərar qəbul edərsə..."

99
(Yenilənib 14:06 09.03.2016)
Vüqar Bayramov: "Dünya bazarlarında neftin qiymətinin artmasının əsas səbəbi məhz OPEC-in bir neçə gündən sonra Qətərdə planlaşdırılan və gözlənilən yığıncağı, bigər bir məqam isə, neftin dünya bazarında qiyməti aşağı olduğu üçün, investorların təzyiqi ilə bağlıdır"

BAKI, 9 mart — Sputnik. "Dünya bazarlarında neftin qiymətinin artmasının əsas səbəbi məhz Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) bir neçə gündən sonra Qətərdə planlaşdırılan və gözlənilən yığıncağı ilə bağlıdır. OPEC üzvləri hasilatın dondurulması və ya azaldılması ilə bağlı qərar qəbul ediləcəyini istisna etmir. Bu da birmənalı şəkildə bazara təsir göstərir".

Bunu iqtisadçı-ekspert Vüqar Bayramov Sputnik-ə açıqlamasında deyib. Ekspert bildirib ki, bazara psixoloji təsirlər var: "Eyni zamanda, Venesuela, Kolumbiya və Meksikanın hasilat ilə bağlı konsensus əldə edəcəyi gözlənilir. Eləcə də ABŞ-da hasilat son 17 ildə ən aşağı səviyyədədir. 9,1 milyon barel neft hasil olunur. Güman olunur ki, aprel ayında hasilat gündəlik olaraq 100 min barrel azalacaq".

"Digər bir məqam, neftin dünya bazarında qiyməti aşağı olduğu üçün, investorların təzyiqi ilə bağlıdır. İnvestorların təzyiqi də neftin qiymətinə təsir göstərir. Hasilatın dondurulması baxımından ixracatın azalacağı istisna edilən məqamlardandır. Bu da psixoloji təsir göstərir. Nəticədə neftin qiymətində artımlar müşahidə edilməkdədir", —deyə V. Bayramov bildirib.

Ekspertin fikrincə, bu prosesin nə qədər davam etməsində, OPEC-in Qətərdə planlaşdırdığı görüşdə qəbul edilən qərar çox önəmli olacaq: "Əgər OPEC hasilatın azaldılması ilə bağlı qərar qəbul edəcəksə, o zaman bu, qiymətin artmasına gətirib çıxara bilər. Amma hələlik mövcud hasilatı, tələb və təklifi nəzərə aldıqda kəskin qiymət artımları proqnozlaşdırılmır. Kəskin qiymət artımı o zaman mümkündür ki, OPEC hasilatın kəskin azaldılması ilə bağlı qərar qəbul etsin. Əgər OPEC yalnız hasilatın əvvəlki səviyyələrdə dondurulması ilə bağlı qərar qəbul edəcəksə, o zaman bu, qiymətin stabilləşməsinə səbəb olacaq. O baxımdan indiki məqamda OPEC ölkələri üçün əsas məqsəd qiymətin stabilləşməsinə nail olmaqdır. Hasilatın necə dəyişməsi birbaşa OPEC-in qəbul edəcəyi qərardan asılı olacaq".

Нефть
© REUTERS / Shamil Zhumatov

Qeyd edək ki, ötən gün "AzeriLight" markalı neftin bir barelinin qiyməti 0,22 dollar artaraq 40,57 dollar təşkil edib. Onu da qeyd edək ki, ABŞ-ın Enerji İnformasiya İdarəsi (EIA) 2016-cı və 2017-ci illər üçün ABŞ xam neft istehsalı və qiyməti ilə bağlı proqnozlarını aşağı salıb.

EIA-nın aylıq hesabatında gündəlik hasilat proqnozu 2016-cı il üçün 8.69 milyondan 8.67 milyon barelə, 2017-ci il üçün də 8.46 milyondan 8.19 milyon barelə enib. Qərb Texas tipli xam neft qiymətinin proqnozu bu il üçün 37.59 dollardan 34.04 dollara salınıb. 2017-ci il üçün proqnoz isə 50 dollardan 40.09 dollara endirilib. 2016-cı il üçün "Brent" markalı neftin bir barrelinin qiyməti isə 37,52 dollardan 34,28 dollara salınıb.

99
Teqlər:
Qətər, OPEC, Vüqar Bayramov, Neft
Əlaqədar
Neft Fondu 23 banka 100 mln. dollar satıb
Neftimiz ucuzlaşır
Azərbaycan nefti 37 dollaradək bahalaşıb
Neftin qiyməti 2017-ci ildən sonra arta bilər
Neft Fondu 13 banka 177,5 milyon dollar satdı