Центральный банк Азербайджанской Республики

Ekspert: Mərkəzi Bankın addımları uzun müddət səmərə verə bilməz

1071
Ekspertlər Samir Əliyev və Əkrəm Həsənov Azərbaycan Mərkəzi Bankının son addımlarını dəyərləndirirlər.

BAKI, 7 mart — Sputnik. Mərkəzi Bank uçot dərəcəsini növbəti dəfə artırdı. Bundan sonra banklar Mərkəzi Bankdan illik 7% dərəcəsi ilə mərkəzləşdirilmiş kredit alacaq. Uçot dərəcəsinin 5 illik fasilədən sonra ilk artım ehtimalı nə qədər gözlənilirdisə, növbəti artım üçün ehtimalı da bir o qədər yüksək idi. 

Sputnik xəbər verir ki, bunu iqtisadçı ekspert Samir Əliyev öz şəxsi facebook səhifəsində qeyd edib.

Ekspert yazıb: “Əvvəla, qeyd edək ki, bu artım son deyil. İl ərzində Mərkəzi Bank mərhələlərlə uçot dərəcəsini artıracaq. Hətta ikirəqəmli həddə çatdırılması istisna edilmir. Səbəb aydındır. Mərkəzi Bank bu addımı ilə son aylar artan inflyasiyanı cilovlamaq və manat aktivlərinin gəlirliyini artırmaq niyyətindədir. Ölkədə il ərzində 2 dəfə devalvasiya baş verib və manat dəyərini 2 dəfə itirib. İdxaldan asılı olan Azərbaycan üçün dolların bahalaşması yüksək inflyasiya vəd edir. Hətta son aylar alıcılıq qabiliyyətinin itməsi fonunda bir sıra qeyri-ərzaq mallarının ucuzlaşması da inflyasiyanın qarşısını almaq gücündə deyil. Mərkəzi Bank yaxın bir ildə pul kütləsini azaltmaq hesabına, hökumət isə inzibati metodlardan və müəyyən vergi güzəştlərindən istifadə etməklə qiymətləri tənzimləməyə çalışır. Ancaq bunun səmərəsi uzunmüddətli ola bilməz. Pul kütləsinin qısa müddətdə 2 dəfəyədək azaldılması iqtisadiyyat üçün arzuolunmaz nəticələrə gətirib çıxarır”. 

“Hazırda pul kütləsi 2010-cu il səviyyəsindədir. İqtisadiyyatın həcmi isə həmin vaxtdan xeyli böyüyüb. Pul kütləsini indiki səviyyədə saxlamaq iqtisadi aktivliyi boğmaqla yanaşı hökuməti qeyri-neft sektorunun inkişafı kimi hədəfə çatmasına böyük əngəl yaradır. Pul kütləsinin məhdudlaşdırılması həm bank sektoru üçün, həm də ümumilikdə iqtisadiyyat üçün çətinliklər yaradır. Məhz buna görə də Mərkəzi Bank gec də olsa əlindəki digər alətləri istifadə etməyə başlayıb. Bu baxımdan uçot dərəcəsinin artırılması davam etdiriləcək. Mərkəzi Bank ehtimal etmək olar ki, iqtisadi aktivliyi artırmaq və manat kreditlərinə əlçatanlığını təmin etmək üçün pul kütləsini artırmaq niyyətindədir və buna görə görə də inflyasiyanı cilovlamaq üçün digər alətlərdən istifadə edir”, deyə ekspert bildirib.

Məsələ ilə əlaqədar bank məsələləri üzrə mütəxəssis Əkrəm Həsənov öz facebook səhifəsində yazıb: fevralın 15-də aşağıdakı statusu yazmışdım burada. Stasusumu belə bitirmişdim: "Buna görə də uçot dərəcəsinin yaxında yenə də artması gözləniləndir". Proqnozum düz çıxdı. Bu isə 15 fevral statusum: "Ona görə ki, dövriyyədə manat qıtlığı var (elə məhz buna görə də manatın məzənnəsi bir qədər artıb). Hamı əlində olan manatı dollara çevirib! İqtisadiyyatımız iflic vəziyyətə doğru gedir. Bu qıtlığı necə aradan qaldırmaq olar? Banklara manat kreditləri verməklə! Lakin Mərkəzi Bank vermir. Niyə? Qorxur ki, verdiyi manatı da dollara çevirməyə başlayacaqlar və olan qalan valyuta ehtiyatları da əlindən çıxacaq (manatın məzənnəsinin cüzi möhkəmlənməsi heç nə demək deyil, ölkənin valyuta gəlirləri azalan xətlə gedirsə, milli valyutanın məhkəmlənməsi mümkünsüzdür!).

Buna görə də uçot dərəcəsini qaldırır ki, manat kreditləri bahalaşsın və manatı dollara dəyişmək istəyi azalsın. Lakin təbii, bu məqsəd üçün 5% də çox aşağı dərəcədir. Əlbəttə, əgər banklar Mərkəzi Bankdan krediti həqiqətən 5%-lə götürəcəksə (yəni "şapka" söhbəti olmayacaqsa!). Buna görə də uçot dərəcəsinin yaxında yenə də artması gözləniləndir".

1071
Mövzu:
Mərkəzi Bank ətrafındakı situasiya (6)