Natiq Cəfərli

Mart ayında manat yenidən dəyərdən düşə bilər

281
(Yenilənib 12:21 24.02.2016)
Natiq Cəfərli: İqtisadi aktivliyin artması mütləq manatın yenidən zəifləməsi ilə nəticələnəcək

Son günlər Mərkəzi Bank dolları ucuzlaşdırır. Amma bir çox ekspertlərin fikirncə, manatı gücləndirərək ölkədə dolların ucuzlaşması qənaəti yaratmaq inzibati metodlara əsaslanır və bazar tərəfindən tənzimlənmir. Dolların bu şəkildə “dəyərsizləşdirilməsi” xeyirli əlamət deyil və manatın tezliklə ucuzlaşacağına işarədir. Bu barədə diskusiyalarda fəal iştirak edən iqtisadçı Natiq Cəfərli “Sputnik”in suallarını cavablandırır.

-Natiq bəy, bəzi ekspertlərin fikrincə, Mərkəzi Bank iqtisadi prinsiplərin əksinə mövqe sərgiləyir. Bəs, siz necə düşünürsüz doğurdanmı sadəcə ictimai rəyə uyğun məzənnə siyasəti həyata keçirilir?

— Bu günə qədər, ən azından son bir ayda aparılan məzənnə siyasəti reallığı və iqtisadi kateqoriyaları yox, Mərkəzi Bankın ümumi sərt monetar siyasətinin nəticəsi idi. Çünki, Mərkəzi Bank (MB) özü elan etmişdi ki, bu üzən məzənnədir. Amma, məzənnəni yenə də MB-nın hər gün təyin etdiyi rəsmi məzənnə ilə müəyyənləşdirilirdi. Yəni burada üzən məzənnədən və ya bazarın bu prosesə təsirindən söhbət belə gedə bilməz. Ona görə də MB-nın son dövrlərdə sərt monetar siyasətinin nəticəsi olaraq ölkədə manat qıtlığı da yaranmışdır. Çünki, keçən ilin müvafiq dövrünə görə dövrüyyədə təqribən 11milyard 500 milyon nəğd manat kütləsi var idi isə bu 6 milyarda qədər endirildi. MB bunu bilərəkdən etdi ki, dövriyyədə olan manat kütləsi dollar alışına yönlənməsin. Beləliklə, müəyyən mənada məzənnəni nəzarətdə saxlaya bildi. Amma bu, ciddi şəkildə iqtisadi aktivliyi zəiflətdi. Həm ticarət dövrüyyəsini, həm də kreditlərə çıxış imkanlarını məhdudlaşdırdı. Bu öz növbəsində digər problemlərə yol açdı. Yəni iqtisadi aktivliyin zəifləməsi təbii olaraq iş yerlərinin azalmasına səbəb oldu. Yəni bu vizual olaraq Bakıda və regionlarda görünür. Sərt monetar siyasət müəyyən dərəcədə dolların məzənnəsini stabil saxlmağa kifayət edir. İndi mart ayında gözlənilən yeni büdcə düzənlənməsindən sonra  monetar siyasətin daha sərbəst olması və sadələşdirilməsi daha çox manat kütləsinin dövriyyəyə  qayıtması gözlənilir. Düşünürəm ki, kəskin olmasa da mart ayından başlayaraq manatın yenidən yumşaq formada dəyərdən düşməsi gündəmə gələcək. Bunu uzun müddət sərt inzibati yollarla nəzarətdə saxlamaq mümkün olmayacaq və mart ayında ciddi dəyişikliklərin olması gündəmə gələcək.

-Süni manat qıtlığı yaratmaqla mövcud problemləri uzun müddətə aradan qaldırmaq mümkün olacaqmı?

— Xeyr, mümkün olmayacaq. Elə əsas problemlərin biri də bundan ibarətdir. Çünki, MB-nın pul kredit siyasəti ona gətirib çıxardı ki, manat qıtlığı ümumi iqtisadi aktivliyi çox kəskin şəkildə aşağı saldı. Bir aya, bir neçə həftə müddətinə bu keçərli ola bilər. Yəni müəyyən dərəcədə manatı stabilləşdirməyə xidmət edə bilər. Amma, orta və uzun vaxta artıq bunu bu şəkildə davam etmək mümkünsüzdür və bu ciddi problemlərə yol açır. Artıq demək olar ki, iqtisadiyyatda durğunluq dövrü başlayıb. Bu da ciddi şəkildə insanların iş yerlərini itirməsinə və gəlirlərinin azalmasına səbəb olur. Yəni, hətta orta müddətə bu siyasəti davam etdirmək ölkə üçün çox ciddi fəsadlara yol açacaq. Əslində hökümətdə bunu anlayır, amma, dediyim kimi dilemma qarşısındadır. İqtisadi aktivliyin artması mütləq manatın yenidən zəifləməsi ilə nəticələnəcək.

-Mərkəzi Bankın tez-tez banklara dollar satdığına baxmayaraq bəzi bankların vətəndaşlara dollar satmaqdan imtina etməsinin səbəbini nə ilə izah edərdiz?

— Bunun iki səbəbi ola bilər. Birinci, səbəb bankların özlərinin ciddi xarici borclanmaları var. İlin əvvəlində bank sektorunun təqribən 5,7 milyard xaricə borcu var idi. Geridə qalan müddətdə onun bir hissəsini ödəyiblər. Təqribən 500 miyon dollara yaxın ödəniş olub. Amma, yenə orada çox böyük bir məbləğ var. Çox güman ki, banklar ilk növbədə xaricdən aldıqları valyuta kreditlərininin qapanmasında maraqlıdırlar. Aldıqları valyutanı ora yönləndirirlər. İkinci səbəb isə bankların özləri də yaxşı bilir ki, manatın məzənnəsini indiki şəraitdə saxlamaq mümkün olmayacaq. Bir müddətdən sonra manatın məzənnnəsində yenidən dəyişiklik ola biləcək. Ona görə də dollar alıb özlərini həmin dövrə daha çox hazırlıqlı vəziyyətdə çıxarmağı düşünürlər. Yəni bankalarda bu iki məsələyə görə əhaliyə həm depozitdə olan dollarlarını geri qaytarmaqda problemlər var, həm də ümumiyyətlə dollar satışında müəyyən məhdudiyyətlər var. Ən yaxşı halda bir nəfərin 500 dollardan 2 min dollar arası banklardan bir gündə valyuta alması ehtimalı var ki, bu da təbii ki, əvvəlki məhdudiyyət olmayan dövrə nisbətən çox kiçik bir rəqəmdir.

- Bazarda dollar təklifi azalarsa, Mərkəzi Bank uzun müddət valyuta bazarında valyuta çıxartmaq imkanı olacaqmı?

— MB-nın ehtiyyatları tükənir. Martın əvvəlində fevral ayının da rəsmi nəticələri olacaq və valyuta ehtiyyatları 4 milyarddan aşağı düşəcək. Təbii ki, bu da MB-nın ata biləcəyi addımları məhdudlaşdırır. Amma, hələ ki, Neft fondunun da ehtiyyatları var. MB çətinliyə düşdükdə bir müddət Neft fondunun ehtiyyatlarından da istifadə edəcəklər. Amma, bu kimi ehtiyyatlar tükənən ehtiyyatlardır. Təbii ki, Azərbaycanın gəlirlərinin kəskin azalmasını nəzərə alsaq uzun müddət bu ehtiyyatlara arxayın olaraq belə siyasət aparmaq mümkün olmayacaq. Ona görə də manatın gələcək taleyində bu da önəmli rol oynayacaq. Ehtiyyatların tamamilə tükənməsi hökümət tərəfindən də qəbul edilməzdi. Bir müddət sonra ehtiyyatları qorumaq siyasətini davam etdirəcəklər.

-Dolların ucuzlaşması prossesi nə qədər davam edəcək? 

— Mən çox güman ki, mart ayının əvvəlinə qədər MB-da belə bir siyasətin ola biləcəyini ehtimalını düşünürəm. Çünki, dünya bazarında da müəyyən prosseslər gedir. Məsələn, dünən dollar bir çox valyutalara o cümlədən avroya qarşı təqribən bir faizə yaxın bahalaşdı. Yəni beynəlxalq bazarlarda gedən prosseslərin də təsiri olacaq. MB bu prossesləri iqnor edə bilməz. Məsələn bu gün avro-dollar pariteti təqribən 1 avro 1,10 dollar civarındadır. Yəni bir avro bir dollar on sent civarında dəyişdirlir. Əgər bundan aşağı düşsə, bu həm də psixoloji həddir. Ona görə də son bir ayda aparılan siyasəti maksimum bu ayın sonu gələn ayın əvvəlinə kimi davam etdirə bilər. Sonra başqa addımların atılması qaçınılmaz olacaq. 

281