İranda avtomobil istehsalı. Arxiv şəkli

Almaniya ilə deyil... İranla müştərək avtomobil istehsal etmək...

462
(Yenilənib 18:53 08.02.2016)
Avtomobil istehsalında sonuncu sıralarda belə, qərar tuta bilməyən İran, bu istiqamətdə Azərbaycana müştərək iş təklif edir. Bəs, bizim bu təklifi qəbul etməyimiz ölkəyə nə qazandıra bilər?

BAKI, 8 fev — Sputnik. İranın ən böyük avtomobil istehsalı şirkəti olan "İran Khodro" Azərbaycanla müştərək avtomobil istehsalında maraqlıdır. Bunu "İran Khodro"nun direktoru Haşım Yeke Zare deyib.

"Biz planlaşdırırıq ki, Azərbaycanda müştərək avtomobil istehsalında yatırılacaq sərmayənin 80 faizini Azərbaycan, 20 faizini isə "İran Khodro" təmin etsin. "İran Khodro"nun 20 faiz sərmayəsi əsasən servis və texniki xidmətlər sahəsində olacaq", —deyə Zare bildirib.

Məsələni Sputnik-ə şərh edən iqtisadçı-ekspert Vüqar Bayramov hesab edir ki, müştərək avtomobil istehsalı qısamüddətli dövrdə Azərbaycanın avtomobil bazarına təsir etməyəcək: "Çünki, avtomobil istehsalı, onun bazara çıxarılması zaman alır. Vaxt apardığı üçün çox qısa bir dövrdə istehsal olunmuş avtomobilin bazara çıxması və onun özünə bazar tapması təbii ki, inandırıcı deyil. Amma bütün hallarda yerli istehsalın təşkil edilməsi müsbət haldır. Çünki, bu, istər-istəməz idxaldan asılılığın müəyyən qədər azalmasına gətirib çıxaracaq".

"Əslində daha məqsədəuyğundur ki, Azərbaycan avtomobil istehsalına daha çox inkişaf etmiş ölkələrin brend kompaniyaları ilə başlasın. Məsələn, biz Özbəkistan misalında Yaponiya və Koreya şirkətlərinin bu ölkəyə investisiya qoyduğunu müşahidə etmişik", — ekspert vurğulayıb.

Onun sözlərinə görə, tanınmış və brend şirkətlərin cəlb edilməsi və həmin şirkətlər vasitəsilə istehsalın təşkil edilməsi ixrac imkanlarını da yaratmış olacaq: "İndiki məqamda güman etmirəm ki, Azərbaycan və İran tərəfinin birgə istehsal edəcəyi avtomobillərin dünya bazarına çıxış imkanları var. Bu, indiki məqamda olduqca çətindir. Nəzərə alaq ki, xüsusən də Avropadan nisbətən ucuz və işlənmiş avtomobillər ölkəyə daxil olduğu üçün yerli istehsalın rəqabət aparmaq qabiliyyəti olduqca zəifdir. İran ilə Azərbaycanın müştərək avtomobil istehsalı olarsa, güman olunur ki, ixrac imkanları məhdud olacaq. Amma Azərbaycanda bu tipli istehsalın formalaşması və belə bir istehsalın təşkil edilməsi vacibdir. Çünki, bu, yeni iş yeri yaradacaq. Bu, imkan verəcək ki, idxaldan asılılığı aradan qaldırmaq mümkün olsun. Birmənalı şəkildə belə istehsalın formalaşması müsbətdir".

Vüqar Bayramov
Vüqar Bayramov

Ekspert hesab edir ki, böyük ehtimalla İranın "İran Khodro" şirkəti Gəncə maşınqayırma zavodu ilə əməkdaşlıq etmək istəyir: "Əslində, Gəncə maşınqayırma zavodunun imkanları daha genişdir".

"Əmlak Ekspert Mərkəzi"nin direktoru Ramil Osmanlı isə fərqli düşünür. "Naxçıvan Avtomobil zavodu istisna olmaqla, Azərbaycanda avtomobil istehsalı mövcud deyil. Bu baxımdan Azərbaycana istənilən halda investisiya qoyuluşları üçün şərait, zərurət, imkan var", —deyə ekspert Sputnik-ə açıqlamasında bildirib.

Müştərək avtomobil istehsalının səmərə verib-verməyəcəyinə gəldikdə: "Bu, avtomobillərin tipindən, vəziyyətindən, qiymət siyasətindən, onun bazardakı mövqeyindən asılı olacaq. Əgər bu avtomobillər alıcıların maraqlarına cavab verəcəksə, bunun satışını həyata keçirmək mümkün olar".

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin statistik hesabatına görə, 2015-ci ildə Azərbaycana 26 min 785 avtonəqliyyat vasitəsi idxal edilib. 2014-cü ildə bu rəqəm 63 min 368 ədəd olub.

462
Teqlər:
Ramil Osmanlı, "Əmlak Ekspert Mərkəzi", "İran Khodro", istehsal, İran, Vüqar Bayramov, Azərbaycan, avtomobil
Mövzu:
Sanksiyaların ləğvindən sonra İran-Azərbaycan əlaqələri (11)
Əlaqədar
"İkinci əl" avtomobillər: devalvasiyadan əvvəl və sonra
Avtomobillərin qiymətləri düşür
Avtomobilimizdə "apteçka", yoxsa aptek daşıyacağıq?
Avtomobillərin də qiyməti qalxdı
Azərbaycan yük avtomobilləri üçün tranzit xərclərini 40% azaltdı

Politoloq: “Dəhlizin açılması Naxçıvanın regional əhəmiyyətini artıracaq”

10
(Yenilənib 09:56 03.12.2020)
Politoloq İlqar Vəlizadə deyir ki, nəqliyyat əlaqələrinin qurulması tək region ölkələri üçün deyil, həm də digər maraqlı ölkələr üçün perspektiv vəd edir
İlqar Vəlizadə: “Bu dəhliz Naxçıvanın inkişafına müsbət təsir edəcək”

“Burada konkret göstərildi ki, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında dəhliz yaradılır və bu dəhlizin təhlükəsizliyini Ermənistan yox, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla birləşir. Azərbaycan Türkiyə ilə birləşir”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Naxçıvanla Azərbaycan arasında nəqliyyat əlaqələrinin qurulması çox vacibdir:

“Bu nəqliyyat qovşağı bir neçə ölkə üçün əlverişli imkanlar yaradır. Nəqliyyat əlaqələrinin qurulması tək region ölkələri üçün deyil, həm də digər maraqlı ölkələr üçün perspektiv vəd edir. Dəhlizin açılması təbii ki, illərdir blokada şəraitində yaşayan Naxçıvanın inkişafına müsbət təsir edəcək. Bununla Naxçıvanın regionda payı əhəmiyyətli dərəcədə artacaq”.

İlqar Vəlizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

10
Bağlamalarla dolu torbalar, axiv şəkli

Azərbaycandan ən çox mal Rusiyaya ixrac edilib

7
(Yenilənib 23:30 02.12.2020)
2020-ci ilin oktyabr ayında qeyri-neft sektoru üzrə ixracda xurma (19.7 milyon) birinci, qabığı təmizlənmiş meşə fındığı (17 milyon ABŞ dolları) ikinci, sair təzə meyvələr – (13,6 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.

BAKI, 2 dekabr — Sputnik. 2020-ci ilin oktyabr ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 162,8 milyon ABŞ dolları təşkil edib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin noyabr sayında deyilir.

2020-ci ilin oktyabr ayında qeyri-neft sektorunda yeyinti məhsullarının payı 48,8 faiz, qeyri-yeyinti sektoru üzrə isə 51,2 faiz təşkil edib.

Bu ilin oktyabr ayında qeyri-neft-qaz məhsulları üzrə ən çox mal Rusiyaya (64,7 milyon ABŞ dolları), Türkiyəyə (33,5 milyon ABŞ dolları), İsveçrəyə (10,7 milyon ABŞ dolları), Gürcüstana (9,5 milyon ABŞ dolları) və ABŞ-a (5,4 milyon ABŞ dolları) ixrac edilib.

2020-ci ilin oktyabr ayında qeyri-neft sektoru üzrə ixracda xurma ( 19.7 milyon) birinci, qabığı təmizlənmiş meşə fındığı ( 17 milyon ABŞ dolları) ikinci, sair təzə meyvələr – (13,6 milyon ABŞ dolları ) üçüncü yerdə qərarlaşıb.

7
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan gələn həftə Bakıya gəlir Hərbi paradda iştirak edəcək

20
(Yenilənib 12:35 03.12.2020)
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb.

BAKI, 3 dekabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gələn həftə Azərbaycana səfər edəcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu "RİA Novosti"-yə mənbə bildirib.

Türkiyə Prezidentinin dekabrın 10-u Bakıda baş tutacaq hərbi paradda iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılır və tam atəşkəs elan olunur.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu) Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

20