ABŞ dolları

Dollar yenidən revanş götürə bilər

9273
(Yenilənib 16:15 03.02.2016)
Mərkəzi Bankın inzibati metodlarla manatın məzənnəsini sabit saxlamağa çalışması daha təhlükəli nəticələrə səbəb ola bilər

BAKI, 3 fev — Sputnik. 2016-cı ilin yanvar ayında Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 618 milyon dollardan çox azalıb. USD/AZN rəsmi məzənnəsi fevralın 3-ə 1,5894 səviyyəsində müəyyən olunub. Yəni, dolların rəsmi məzənnəsi 1,58 manata düşüb. Azərbaycanda dolların ucuzlaşması prosesi davam edəcəkmi? Mərkəzi Bankın valyuta ehtiyatlarının azalması nə ilə nəticələnəcək?

Azərbaycan manatı
© Sputnik / Murad Orujov

Azərbaycanda dolların ucuzlaşması prosesi davam edib-etməyəcəyi məsələsini Sputnik-ə şərh edən millət vəkili Vahid Əhmədov, bu prosesin uzun müddət davam edəcəyini güman etmir: "Çünki, manat neftə bağlıdır. Ola bilər, müəyyən müddət neftin qiyməti artanda manat möhkəmlənsin, neftin qiyməti azalanda azalsın. Yəni, bunun arxasında elə bir ehtiyat görmürəm ki, uzun müddət bu proses davam etsin, yəni, dollar ucuzlaşsın".

Mərkəzi Bankın valyuta ehtiyatlarının azalması məsələsinə gəldikdə, iqtisadçı deputat deyib: "Bundan müəyyən qədər manatı stabil saxlamaq və "üzən məzənnə" siyasətini həyata keçirmək üçün istifadə oluna bilər. Azalma çox böyük məbləğdir. Biz iki dəfə devalvasiya eləmişik, belə azalma gedirsə, yəqin araşdırmaq lazımdır ki, nəyə görə bu qədər çox azalma olub".

V. Əhmədov bildirib ki, manatın məzənnəsini inzibati yolla uzun müddət saxlamaq mümkün deyil: "Çünki, ehtiyatlar tükənir. Vaxt var idi ki, Mərkəzi Bankın valyuta ehtiyatları 15 milyard dollar idi, indi gəlib çıxıb hardasa 5-6 milyarda. Bunu yavaş-yavaş buraxmaq lazım idi ki, yaranan bazar qiymətini alsın. Ola bilər, müəyyən qədər tənzimləmə mexanizmi həyata keçirilir. "Üzən məzənnə" siyasəti deyirlər. Müəyyən qədər Mərkəzi Bankın müdaxilə etmək imkanları var. Bu vəsaitdən müəyyən qədər buna xərclənə bilər ki, manat daha da çox ucuzlaşmasın".

Vahid Əhmədov
azadliq.org
Vahid Əhmədov

İqtisadçı-ekspert Vüqar Bayramov Sputnik-ə açıqlamasında deyib ki, rezervlərin azalması Mərkəzi Bankın yanvarın 25-dək bazara daha çox valyuta çıxarması ilə bağlıdır: "Çünki, nəzərə alsaq ki, yanvarın 25-dək bir ajiotaj vardı və manatın məzənnəsinin möhkəmlənməsi yalnız yanvarın 25-dən sonra müşahidə edilməyə başladı. Mərkəzi Bankın, xüsusən yanvarın 1-ci yarısında daha çox valyuta rezervlərini bazara çıxarması valyuta ehtiyatlarının azalmasına gətirib çıxardı. Bu baxımdan valyuta ehtiyatlarının azalması ajiotaj ilə bağlıdır".

"Həmin müddətdə "qara bazar"ın formalaşması məhz vətəndaşların yüksək məzənnə ilə dollar almasına gətirib çıxardı. İndi əks proses baş verir. İndi də vətəndaşların bir qismi yüksək məzənnə ilə aldığı dolları aşağı məzənnə ilə satmaq məcburiyyətində qalıb", —deyir V. Bayramov.

Hazırda manatın güclənməsi prosesinin inzibati yolla aparıldığını deyən iqtisadçının sözlərinə görə, son günlər dolların və avronun məzənnəsinin demək olar ki, stabil qalması Mərkəzi Bankın valyutasına təsir etmir: "Əslində bu, inzibati yolla və psixoloji metodlardan istifadə etməklə bazarda dollar təklifini artırmaq məqsədi daşıyır. Prosesin nə qədər uzun çəkəcəyini söyləmək çətindir. Çünki, bazar hələlik məzənnəni müəyyənləşdirmir. Mərkəzi Bank əslində tam olaraq üzən məzənnə rejiminə keçməyib. İnzibati baxımdan kurs müəyyənləşdirdiyinə və Mərkəzi Bankın psixoloji metodlardan istifadə etməsi müşahidə olunduğuna görə, prosesin nə zamana qədər davam edəcəyi Mərkəzi Bankın bu siyasəti nə qədər davam etdirməsindən asılı olacaq".

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Rövşən Ağayev də öz "Facebook" səhifəsində məsələni şərh edib: "Yanvar ayında təkcə Mərkəzi Bankın ehtiyatları 12% (600 milyon dollar) əriməyib. Həm də iqtisadiyyatın pul bazası 1 ayın içərisində 16% (1.1 milyard manat) azalaraq, 5.8 milyard manata enib. Mexanizm aydındır — əvvəlki illərdə, ölkəyə irimiqyaslı valyuta axınları dövründə təkcə dövlət büdcəsinin və Neft Fondunun büdcəsinin icrası məqsədilə hər il 13-14 milyard dollar valyuta manata konvertasiya edilirdi. Mərkəzi Bank dolları ehtiyata yığıb uyğun həcmdə manat kütləsini büdcə icrasına yönəldirdi. İndi əks proses baş verir — öz ehtiyatlarını dövriyyədəki manat kütləsinə dəyişir, bazardan dollar müqabilində aldığı manatı isə anbarına yığır".

"Həmin manat kütləsini banklar vasitəsilə yenidən iqtisadiyyata qaytarmaq mümkündür. Amma iqtisadiyyat manat kütləsinin istehlaka deyil, yeni dəyərin yaradılmasına (istehsala) yönəltmək potensialında olmalıdır", —ekspert yazıb.

O, hesab edir ki, həmin kütlənin əhəmiyyətli hissəsi birbaşa büdcə vasitəsilə maaş və sosial ödənişlərin artırılmasına yox, kredit və alınan avadanlıq və texnologiyalar qiyafəsində sahibkara gedib məhsul yaratmaqla həmin məhsulun dəyərinin bir hissəsi kimi əmək haqqı formasında, məvacibdən ödənən sosial ödəmə formasında maaş və pensiyaya çevrilməlidir.

9273
Teqlər:
Rövşən Ağayev, Vahid Əhmədov, devalvasiya, Vüqar Bayramov, Mərkəzi Bank, manat, dollar
Mövzu:
Manatın yenidən dirçəlməsi (6)
Əlaqədar
İşin ortasında qəfildən manat "ölərsə"...
"Mərkəzi Bank manata süni nəfəs verir"
"Manatın bundan sonra ucuzlaşması inandırıcı görünmür"
Manat dollara qarşı möhkəmlənib
Beynəlxalq Banka 600 mln. manat ayrılacaq