Azərbaycan manatı

Manat üçüncü devalvasiyadan döndü

771
(Yenilənib 10:21 29.01.2016)
ABŞ Federal Ehtiyatlar Sisteminin uçot dərəcəsini dəyişməməsi dolların növbəti dəfə kəskin bahalaşmasını əngəlləyib. Mütəxəssislər bunun Azərbaycan iqtisadiyyatına təsirlərini şərh edirlər.

BAKI, 28 yan — Sputnik. ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) uçot dərəcəsini dəyişməyib. Sputnik xəbər verir ki, uçot dərəcəsi 0,25-0,5% səviyyəsində qalıb.

FES-in iki gün davam edən iclasından sonra ilk açıqlamalar faiz dərəcəsinin yavaş bir sürətlə artırılacağı istiqamətində olub. FES açıqlamasında bildirib ki, ABŞ Mərkəzi Bankının Açıq Bazar Komitəsi qlobal iqtisadi və maliyyə inkişaflarını yaxın şəkildə izləyir və məşğulluq bazarı ilə inflyasiya üçün təsirlərini qiymətləndirir. Bu ifadələrlə FES mart ayındakı iclasda bir faiz artırım ehtimalının azaldığı siqnalını da verib.

ABŞ-ın Mərkəz Bankı təxminən 10 ildən sonra 2015-ci ilin dekabr ayında ilk dəfə uçot dərəcəsini artırmaq qərarı verməklə tarixi bir addım atmışdı. Mütəxəssislər FES-in bu il dörd dəfə uçot dərəcəsinin baza faiz dərəcəsini artırmasını gözləyir.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Sputnik-ə açıqlamasında deyib ki, dekabr ayında FES-in uçot dərəcəsini qaldırması Azərbaycanın milli valyutasının dəyərsizləşməsini sürətləndirdi: "Çünki, uçot dərəcəsini artırmaqla dollar bahalaşdı. Dolların bahalaşması əsasən xammal ixrac edən ölkələr üçün fəsadlara səbəb oldu. Xammalın qiyməti ucuzlaşdı".

"Məhz dekabrda neftin qiyməti kəskin şəkildə aşağı enməyə başladı. Milli valyutaların arxasında əsasən xammal durur. Azərbaycanda milli valyutanı saxlamaq rentabelli olmadı. Onun nəticəsində də devalvasiya getdi", deyən ekspert ABŞ iqtisadiyyatının stabil olduğunu da əlavə edib.

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov da, uçot dərəcəsi qalxanda xarici bazarlarda dolların daha da bahalaşdığını deyir. "Bizdə də bu, milli valyutanın məzənnəsinə təsir edir. Biz bunu ötən ilin sonunda gördük. Azərbaycanda dekabr ayında ikinci devalvasiya FES-in uçot dərəcəsini qaldırdıqdan sonra oldu", —deyə ekspert Sputnik-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ikinci devalvasiya yalnız bununla bağlı deyil: "Belə desək, bu, sonuncu nöqtə oldu. FES-in uçot dərəcəsini dəyişməməsi bizim xeyrimizə oldu".

"Hansı səbəbdən FES uçot dərəcəsini sabit saxladı?" sualına Ə. Həsənov belə cavab verib: "Uçot dərəcəsinin dəyişməsi ABŞ-da inflyasiyaya aparan amillərdən biridir. Yəni, əgər uçot dərəcəsi artırsa, pulu almaq daha da çətinləşir. FES bunu əsasən xaric üçün etmir. Sırf ABŞ iqtisadiyyatının daxili tələblərinə uyğundur. Onlar hesab etdilər ki, ABŞ-ın indiki iqtisadi durumu üçün pulun qiymətinin artırılmasına ehtiyac yoxdur. Çünki, pulun qiyməti artırılan kimi kreditlər üzrə də faiz dərəcələri artır. Bu da ABŞ-da inflyasiyaya aparır".

771
Teqlər:
ABŞ-ın Federal Ehtiyatlar Sistemi, devalvasiya, FES, manat, dollar
Mövzu:
Manatın yenidən dirçəlməsi (6)
Əlaqədar
"Manatın bundan sonra ucuzlaşması inandırıcı görünmür"
Manat dollara qarşı möhkəmlənib
Beynəlxalq Banka 600 mln. manat ayrılacaq
"10 milyon manatın hara xərcləndiyini soruşduq, verilişimizi bağladılar"
Prezident manatın taleyinə aydınlıq gətirdi