İsraildə kənd təsərrufatı

Səhrada cənnət: burada insan təbiəti idarə edir

424
(Yenilənib 15:06 19.01.2016)
Dəniz səviyyəsindən 150 metr alçaqda, susuz vadidə bir möcüzə gerçəkləşib. 11 iqlimdən 9-a sahib olan Azərbaycanda isə bu inkişaf səviyyəsi xəyal kimi görünür.

BAKI, 19 yan — Sputnik. İsrail təkcə ağır sənaye məhsullarının deyil, həm də kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı sahəsində dünya liderləri sırasındadır. Bu ölkə Ölü dənizin cənubunda, İordaniya sərhədi boyunca, Akabe körfəzinə doğru uzanan,

İsraildə parniklər
© Flickr /
İsraildə parniklər

dəniz səviyyəsindən 150 metr alçaqda, suyun olmadığı Arava çölündə təsərrüfat qurub. Sputnik Türkiyə KİV-ləri əsasında bu ölkədə aqrar inkişafın əsasları ilə bağlı kiçik araşdırma aparıb.

7 təsərrüfatda İsrailin ümumi meyvə-tərəvəz ixracatının 66 faizi reallaşdırılır. Yeraltı suları duzlu və kənd təsərrüfatı üçün əlverişli olmamasına baxmayaraq, qurulan kənd təsərrüfatı texnologiyaları sayəsində hər cür yaş meyvə və tərəvəzin yetişdirildiyi moşavlarda 3500 insan çalışır.

Kibutzlar və moşavlar

İsraildə kənd təsərrüfatı deyəndə ağıla iki anlayış gəlir. Bunlardan biri kibutzlar digəri isə moşavlardır. İsrailin çöl bölgələrdə qurduğu xüsusi mülkiyyətə əsaslanan kooperativ təsərrüfatlara "moşav" adı verilib. Kollektiv həyat tərzinin olduğu kibutzlarda isə xüsusi mülkiyyət yoxdur. Moşav sahibləri gəlirlərini tamamilə kənd təsərrüfatına dayanaraq təmin edirlər. Kibutzlarda isə kənd təsərrüfatının xaricində yüksək əlavə dəyər təmin edən sənaye istehsalına da rast gəlinir.

Kənd təsərrufatında işçilər
© Flickr /
Kənd təsərrufatı

İsrailin Arava bölgəsində inkişaf etdirdiyi kənd təsərrüfatı texnologiyaları sayəsində, bölgədə hər cür məhsul yetişdirilərkən, torpağın əlverişsiz və iqlimin çöl olması səbəbindən torpağın yalnız üst qismindəki 30 santimetr hissəsində əkin aparmaq mümkündür. Yemiş, qarpız, üzüm, xurma, pomidor, bibər, badımcan və s. yetişdirilən təsərrüfatlarda məhsulların 90 faizi Avropa və Amerika bazarına ixrac edilir. İstehsalın 10 faizi isə daxili bazarda istehlak olunur.

İldə 3, bəzən 4 dəfə məhsul alınan təsərrüfatlarda ölkə əhalisinin 4 faizi yaşayarkən, Aravada qurulan 7 təsərrüfatda 3 min 500 insan çalışır. Günəş enerji panellərində istehsal edilən elektrik enerjisi ilə yer altındakı quyulardan çəkilən duzlu sular təmizlənərək kənd təsərrüfatında istifadə edilir. Hər bir günəş enerjisi panelinin gündəlik istehsal etdiyi elektrik enerjisi ilə 3 min litr duzlu su təmizlənir. Kənd təsərrüfatında damcılı suvarma üsulundan istifadə edilir.

İlin 12 ayı məhsul götürülür

Qurduğu bağlı istixana mühitində bölgədə fasiləsiz olaraq ilin 12 ayında badımcan istehsalı edən Boaz Vatçel (Boaz Watchel) adlı fermer inkişaf etdirdikləri texnologiyanı belə açıqlayır: "Bitkinin köklərinin istiliyini torpaq altına döşədiyimiz borular vasitəsilə 12 ay sabit saxlayırıq. Qışda istiliyi artırıb, yazda azaldırıq. Beləcə davamlı yeni məhsul alırıq. Torpağın istiliyini 12 dərəcədə sabit tuturuq".

Badımcan tarlası
© Flickr /
Badımcan tarlası
Bölgədə gülçülük də var və bu, ümumi istehsal edilən məhsulların 2 faizini təşkil edir. Təsərrüfatlardan birində çalışan kənd təsərrüfatı mütəxəssisi Kitron Maayanın mövzu ilə əlaqədar verdiyi rəqəmlər isə olduqca diqqətçəkicidir: "İsrailin bütün tərəvəz ixracatının hamısı burada gördüyünüz təsərrüfatlardan əldə edilir. Kənd təsərrüfatı məhsullarının ixracının 66 faizi bu təsərrüfatlardan əldə edilir. İstehsalın 70 faizini tərəvəz təşkil edir. Ağlınıza nə gəlirsə, burda var. İstehsalın 26 faizini xurma, 2 faizini isə güllər təşkil edir".

"Məhsullarımız, əsasən Avropa və Amerika bazarına ixrac edilir. Amerikaya daha az olmasının səbəbi isə məsafənin uzaq və məhsulların ömürünün qısa olmasıdır. İstehsal etdiyimiz məhsulların 90 faizi ixrac edilir, 10 faizi isə daxili bazara yönəldilir", —Maayan deyir.

Məhsullardan tək ixrac edilməyəni isə üzümdür. Üzümün hamısı İsrailin daxili bazarında istehlak olunur. Bir təsərrüfatdan digər təsərrüfata keçərkən bölgənin tamamilə səhra və əhəng rəngli torpaqdan meydana gəldiyi müşahidə edilir. Təsərrüfatlarda kənd təsərrüfatı xaricində, son illərdə dərman sənayesi üçün də bitkilər üzərində araşdırmalar aparılır. Xərçəng xəstəliyi ilə bağlı araşdırmalara daha çox üstünlük verilir. Xüsusilə qan xərçəngi (lenfoma) və sinə xərçəngi ilə bağlı bitkilər üzərində araşdırma aparılır.

Dünyanın dörd-bir yanına ixrac

Moşavların birində, okean suyu mühitində hazırlanmış akvariumlarda mərcanlar yetişdirilir və aparılan təcrübələrdə sümüyün müalicəsində 10 qat daha sürətli müalicəni təmin edəcək dərman inkişaf etdirilməyə çalışılır.

Güllər tarlası
© Flickr /
Güllər tarlası
Təsərrüfatlarda pomidor, badımcan, bibər üfüqi deyil, şaquli olaraq ağac şəklində yerdən 2 metr yuxarıya doğru uzanır və orqanik kənd təsərrüfatı üstünlük təşkil edir. Təsərrüfatlarda çoxlu sayda Filippin və Tayvan əsilli işçilərin çalışdığı diqqəti çəkir.

Xurma təsərrüfatı ilə məşğul olan fermer İtay Asael deyir: "İldə 4 dəfə məhsul əldə edirəm. Yalnız Avropaya deyil, Hindistan və Pakistana da ixrac edirik. Son illərdə ərəb ölkələrinə də ixracata başlamışıq".

Bölgədə xurma yer altındakı duzlu suyla bəslənə bilən tək bitkidir. Xurma istehsalının böyük bir qismi Avropaya ixrac edilir. Son illərdə ərəb bazarlarına da çıxarılır.

"Azərbaycanda da kooperativləşməyə gedilməlidir"

İsrailin kənd təsərrüfatının inkişafında kooperativlərin rolu danılmazdır. Azərbaycanda da kooperativlərin yaradılması mümkündürmü və bu, aqrar sektorun inkişafına necə təsir göstərər?

Mövzunu Sputnik-ə şərh edən İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin (İTYİB) eksperti Rövşən Ağayev deyir: "90-cı illərin ortalarında və sonlarında həyata keçirilən torpaq islahatları nəticəsində çox kiçik ölçüdə, orta hesabla 1-1,5 hektardan ibarət kiçik ailə təsərrüfatları yarandı və torpaqların bu cür pərakəndə şəkildə çoxlu sayda fermerlərin, ailə təsərrüfatlarının əlində cəmlənməsi istehsalın səmərəliliyini aşağı salır. Aparılan tədqiqatlar göstərir ki, fermer təsərrüfatlarında torpaqların həcmi kiçildikcə istehsalın effektivliyi də bir o qədər aşağı olur. Bunu inkişaf etmiş ölkələrin təcrübələrinə də də görürük".

Ровшан Агаев
Личный профиль на Фейсбуке
Ровшан Агаев

"Məsələn, ABŞ-da bir fermerə düşən orta torpaq ölçüsü 400-500 hektardan az deyil. Hətta kiçik Estoniya kimi ölkədə və ya Polşada bir fermer təsərrüfatının orta ölçüsü 10-15 hektardan az deyil. Bu baxımdan kooperativlərin yaranması məhsuldarlığı artıracaq, xərcləri azaldacaq. Təsəvvür edin ki, kimsə taxıl əkir, hər biri fərdi qaydada gedir özünə toxum alır, xidmət təşkil edir. Amma istehsal vasitələri kollektiv alınanda, texniki xidmətləri də kollektiv təşkil edəndə xərclər aşağı düşür", R. Ağayev bildirib.

Onun sözlərinə görə, kooperativlərin yaranması ilə satış bazarları meydana çıxacaq: "Tutaq ki, emal müəssisələri üçün 1-2 ton məhsul istehsal edən fermerlə fərdi qaydada müqavilə bağlamaq çətindir. Amma iri emal müəssisələri görəndə ki, onun qarşısında 100-150 hektar torpağı olan, yaxud 400-500 baş iri mal-qarası olan fermer dayanıb, artıq onun üçün rahat olacaq ki, bu kooperativlərlə müqavilə bağlasın. Həm də nəzərə alın ki, bunlar qeydiyyata düşəcəklər, rəsmi tərəfə çevriləcəklər. Qarşısında müqavilə şərtlərinə öhdəlik daşıyan müəssisələr dayanacaq".

R. Ağayevin dediyinə görə, bu gün ayrı-ayrı fərdi fermerlərin ixrac bazarına çıxmağa imkanı yoxdur: "Amma kooperativlər olanda, tonlarla məhsul istehsal edəndə, onlar artıq ixrac bazarları axtarmağa başlayacaqlar. Bu baxımdan kooperativlərin yaradılması çox önəmlidir. Uzun illərdir deyirik ki, kənd təsərrüfatında situasiyanın dəyişməsi üçün mütləq kooperativləşməyə gedilməlidir".

"Ölkəmizdə 30-a yaxın iri fermer təsərrüfatı yaradılıb"

Azərbaycanın kənd təsərrüfatında kooperativlərin yaradılması ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov Sputnik-ə açıqlamasında deyib ki, hazırda nazirliyin əsas məqsədi, ölkənin kənd təsərrüfatı məhsullarına olan tələbatının daxili istehsal hesabına ödənilməsinə nail olmaqdır: "Bunun üçün də iri fermerlərin imkanlarından istifadə etməklə bu istiqamətdə işlər aparılır. Əsas məqsəd məhsuldarlığı qaldırmaq, intensiv metodları əkin sahələrində tətbiq etməklə keyfiyyətli məhsul istehsal etməkdir. Amma xırda təsərrüfatlarda bu intensiv metdolardan istifadə etməyin özü problemdir. Yəni, əgər 1-3 hektar əkin sahəsinə malik olan fermerlər varsa, orda müasir texnologiyanı tətbiq etmək üçün imkanlar, məhsuldarlığı qaldırmaq üçün o qədər də potensial yoxdur".

"Ona görə, bunlar birləşib qrup halında, assosiasiyalar şəklində fəaliyyət göstərsələr, bunların həm əmək məhsuldarlığı yüksəlmiş olar, həm də istehsal etdikləri məhsulların keyfiyyəti, kəmiyyəti yüksəlmiş olar. Onların maliyyə resurslarından daha səmərəli istifadə etmək üçün əlavə imkanları yarana bilər", —deyə nazirlik rəsmisi bildirib.

Onun sözlərinə görə, Prezidentin tapşırığına uyğun olaraq, 30-a yaxın iri fermer təsərrüfatları yaranıb: "Gələcəkdə bunların sayı 30-dan da artıq olacaq. Yəni, taxılçılıq, heyvandarlıq, meyvəçilik sahələrində ixtisaslaşanlar var. Eyni zamanda, aqroparklar yaradılır. Məsələn, Şəmkir aqropark var. Bunun da əsas məqsədi kompleks qaydada (məhsulun istehsalı, emalı, qablaşdırma və s.) kənd təsərrüfatı məhsulu istehsalına nail olmaq, ixrac etmək imkanları əldə etməkdir. Bu işlər davam edir".

İmran Cümşüdov
© Flickr /
İmran Cümşüdov

Ölkəmizdə meyvə-tərəvəz istehsalına toxunan İmran Cümşüdov bildirib ki, 2015-ci ildə 777 min hektarda tərəvəz əkilib: "Ondan da təxminən 1 milyon 256,7 min ton məhsul istehsal edilib. 2014-cü ildə isə bu rəqəm 1 milyon 181 min ton idi. Yəni, 6,4 faiz artım müşahidə olunub. 2015-ci ildə ölkədə meyvə istehsalı və məhsuldarlığı da 2014-cü illə müqayisədə artıb".

Nazirlik təmsilçisi mütərəqqi suvarma üsulundan istifadənin əhəmiyyətinə də toxunub: "Bu üsulla əkib-becərmədə 30-40 faizə qədər su sərfinə qənaət olunur. Əmək məsrəfinə qənaət olunur. Nəticədə də istehsal olunan məhsulun maya dəyəri aşağı düşür. Ona görə də qlobal iqlim dəyişikliyi şəraitində sudan, əmək resurslarından səmərəli istifadə etmək üçün mütərəqqi suvarma üsulundan istifadənin əhəmiyyəti böyükdür. Bununla bağlı dövlət başçısı ötən il Sərəncam da imzalayıb. Yəni, müasir suvarma sistemlərindən istifadə edən fermerlərə, məhsul istehsalçılarına güzəşt olunur. Dəyərinin 40 faizə qədəri dövlət büdcəsi vəsaiti hesabına ödənilir".

424
Teqlər:
İmran Cümşüdov, Rövşən Ağayev, bitkiçilik, əkinçilik, səhra, kənd təsərrüfatı, İsrail
Əlaqədar
"Kənd təsərrüfatı ili"ndə idxaldan asılılığımız daha da artıb"
Kənd Təsərrüfatı Nazirliyi əhaliyə xəbərdarlıq etdi
Prezident kənd təsərrüfatı sərgisiylə tanış olub