Fazil Mustafa

Fazil Mustafa hökuməti ekspertlər siyasi partiyalarla dialoqa çağırdı

1308
(Yenilənib 00:57 13.01.2016)
Millət vəkili: Ölkədə 21 dekabr devalvasiyasından sonra yaranmış vəziyyətlə bağlı yaxın günlərdə hakimiyyət rəsmiləri ilə siyasi partiya rəhbərləri arasında dialoq başlamalıdır.

BAKI, 12 yan-Sputnik. Ölkədə 21 dekabr devalvasiyasından sonra yaranmış vəziyyətlə bağlı yaxın günlərdə hakimiyyət rəsmiləri ilə siyasi partiya rəhbərləri arasında dialoq başlamalıdır.

Bu fikirləri millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa öz facebook hesabında bildirib. O qeyd edib ki, bu, həm əvvəllər mövcud olan dialoq formatının yenidən canlandırılması, həm də insanlarımızın düşdüyü ağır durumdan çıxış yollarının tapılması üçün faydalı olardı.

"Siyasi partiyaların istisnasız olaraq hamısı bu tədbirə dəvət olunmalıdırlar və hər bir siyasi qüvvə öz məsuliyyətini anlayaraq bu müzakirələrə öz töhfəsini verməlidir. Son günlər sosial şəbəkələrdə, mediada siyasətçilərin, müstəqil iqtisadçıların, bir sıra bloqgerlərın maraqlı təklifləri ilə yanaşı, bir sıra məsuliyyətsiz şəxslər tərəfindən avantürist çağırışların da şahidi oluruq. Bütün hallarda Azərbaycandakı vəziyyət ürəkaçan olmasa da, heç bir halda ölkəni qarşıdurma platsdarmına çevirmək olmaz. Tək seçənəyimiz dialoqdur və bütün faydalı görüş və təkliflər ölkə rəhbərliyinə çatdırılmalıdır kı, hərtərəfli müzakirə olunsun, vətəndaşlarımızın bu böhrandan çıxması üçün doğru qərarlar alınsın." — deyə millət vəkili bildirib.

Fazil Mustafanın fikrincə, yaxşı olardı ki, Milli Məclisdə İqtisadiyyat komitəsinin təşəbbüsü ilə hökumətin iqtisadi blokunun rəhbərləri ilə Samir Əliyev, Azər Mehdiyev, Vüqar Bayramov, Rövşən Ağayev, Qubad İbadoğlu və digər tanınmış müstəqil iqtisadçıların dialoqu keçirilsin, fikir mübadiləsi aparılsın, təkliflər və proqnozlar müzakirə olunsun.

Millət vəkilinin bu təklifinə, statusda adı çəkilən iqtisadçı-ekspert Samir Əliyev pozitiv münasibət bildirib.

O, Sputnik-ə açıqlamasında bu barədə deyib: "İstənilən halda Fazil bəyin təklifini müsbət qiymətləndirirəm. Etimada görə ona təşəkkürümü bildirirəm. Ölkədə böhran getdikcə dərinləşir. İndi vəziyyət elədir ki, hansı siyasi mövqedə olmasından asılı olmayaraq, hər kəs böhrandan çıxmaq üçün hansısa formada töhfə verməlidir. Bu prosesə vətəndaş cəmiyyəti, siyasi partiyalar da qoşulmalıdır. Son günlər belə təkliflər tez-tez səslənir. Amma mən təkliflərlə yanaşı müzakirələrin də açılmasına tərəfdaram."

Devalvasiya ilə bağlı prosesin davam etdiyini, dünya bazarında neftin ucuzlaşması prosesinin getdiyini vurğulayan ekspert,  bu barədə cəmiyyətdəki fikirlərin toplanmasının və effektiv şəkildə qiymətləndirilməsinin zəruri olduğunu qeyd edib: "Bu proseslər ciddi çəkildə müzakirə olunmalı, situasiyaya uyğun olaraq müvafiq qərarların qəbuluna töhfələr verilməlidir. Burada söhbət həm də makroiqtisadi sabitlikdən gedir. Odur ki, bu müzakirələr partiyalararası, ekspertlərarası aparılsa daha yaxşı olar. Nəticədə vəziyyətdən çıxış yollarını tapmaq daha da asanlaşar".

1308
Əlaqədar
5,5 milyon manat gecikdirilmiş sosial ödənişin verilməsi təmin edilib
Manat daha 20% dəyərini itirdi
"Cibimdə 5 manat var, onu da siqaretə vermək istəmirəm..."
Həftə sonu 1 dollar 2 manat olacaq
Manat "Allah ümidinə" buraxıldı