dolların məzənnəsi

Azərbaycan manatı 47,63% ucuzlaşdı

1344
(Yenilənib 12:13 21.12.2015)
Mərkəzi Bankın bəyanatında üzən məzənnə rejiminə keçidin səbəbləri açıqlandı.

BAKI, 20 dek — Sputnik. Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərar manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub. Sputnik-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı rəsmi məzənnələr bülletenində qeyd olunub.

Məlumata əsasən, bu gün dolların rəsmi məzənnəsi dekabrın 18-i ilə müqayisədə 47,63% və ya 0,501 manat artaraq 1,5500 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası  da 47,88% və ya 0,5456 manat artaraq 1,6850 manata yüksəlib.

Manata nəzərən Rusiya rublunun məzənnəsi 47,3% və ya 0,007 manat bahalaşaraq 0,0218 manat olub.

Mərkəzi Bankının yaydığı bəyanatda qeyd edilir ki, qlobal iqtisadiyyatda müşahidə olunan mürəkkəb proseslər, aparıcı mərkəzi bankların son qərarları, dünya enerji daşıyıcıları bazarlarında təklifin artması, iri iqtisadiyyata malik və əsas neft istehlakçıları olan bir sıra inkişaf edən ölkələrdə iqtisadi artımın zəifləməsi, habelə digər qlobal amillər neftin qiymətinin 2014-cü ilin iyun ayından bəri 3 dəfədən çox aşağı düşməsinə gətirib çıxarıb.

Bütün bu proseslər qlobal iqtisadiyyata sıx inteqrasiya olunmuş Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərib. Ölkənin xarici ticarət balansının müsbət saldosu və valyuta daxilolmalarının digər mənbələri kəskin azalıb.

Ölkənin valyuta bazarına və manatın məzənnəsinə ciddi təzyiqlərin yaranmasını nəzərə alaraq cari ilin fevral ayında manatın devalvasiyası həyata keçirilib, iqtisadiyyat, valyuta bazarı və manatın məzənnəsi neftin 50-55 dollar qiymətinə adaptasiya olunmuşdu.

Lakin, cari ilin iyul ayının sonlarından etibarən neftin qiymətinin sürətlə aşağı düşməsi valyuta bazarına və məzənnəyə təzyiqi yenidən əhəmiyətli artırıb. Eyni zamanda tərəfdaş ölkələrdə davam edən devalvasiyalar milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinə mənfi təsir etməyə başlayıb. Son aylarda volatilliyin daha da artması nəticəsində 2014-cü ilin əvvəlindən bir sıra tərəfdaş ölkələrin milli valyutalarının dəyərsizləşməsi 100%-i ötüb.

Yaranmış şərait valyuta bazarının və manatın məzənnəsinin yeni neft qiymətlərinə uyğunlaşmasını zəruri edib.

Uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq, tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaqdır. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.

Eyni zamanda banklarda əhalinin əmanətlərinin və digər depozitlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bankların maliyyə dayanıqlığının, kapital və likvidlik mövqeyinin gücləndirilməsi, əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi məqsədilə kompleks tədbirlər görüləcək.

Xatırladaq ki, Azərbaycanda bu ilin fevral ayında manatın devalvasiyası baş verib. Həmin vaxt manatın dəyəri birdən-birə 33.5% aşağı düşmüşdü.

Fevralın 21-dən Mərkəzi Bankın yeni qərarı ilə dolların məzənnəsi 1,05 manat, avronun məzənnəsi isə 1,1950 təşkil edirdi.

1344
Mövzu:
Azərbaycan manatı 50% ucuzlaşdı (9)
Dollar əskinasları və cüzdan, arxiv şəkli

"Dollar avronun devalvasiyası qaçılmazdır"

389
(Yenilənib 15:24 13.04.2021)
Azərbaycanda avro niyə ucuzlaşır? İqtisadçılar ölkədə avronun ucuzlaşmasının səbəblərindən danışıblar. "Ucuzlaşma ilk növbədə Avropa Mərkəzi Bankı tərəfindən avronun emissiyasının kəskin şəkildə artırılması, pul-kredit siyasətinin yumşaldılması ilə bağlıdır".

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 13 aprel — Sputnik. Bu il ilk dəfə martın 30-da Azərbaycanda avronun məzənnəsi 2 manatdan aşağı düşərək 1,9998 manat olub. Cari ilin yanvarın 7-də ölkədə avronun məzənnəsi 2,0958 manata çataraq 32 aylıq maksimumu yeniləmişdi. Həmin tarixdən avro manata nisbətdə 4,6% dəyər itirib.

Bəs maraqlıdır, Azərbaycanda avronun ucuzlaşmasının səbəbləri nədir və bu proses davam edəcəkmi?

İqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a deyib ki, Azərbaycanda avronun ucuzlaşması dünya bazarında avro-dollar paritetindən yaranmış nəticədir: "Azərbaycanda manatın məzənnəsi ABŞ dolları ilə müqayisədə formalaşır və dolların məzənnəsi 1,7000 manat saxlanılıb. Ona görə adətən deyilir ki, manatın məzənnəsi sabitdir. Amma digər bütün valyutaların məzənnəsi manatla dollar arasında olan münasibətdən formalaşır, yəni çarpaz məzənnə hesablaması aparılır. Dünya bazarlarında valyutaların ABŞ dollarına qarşı mövqeyinin dəyişməsi son nəticədə manata qarşı da mövqeyinin dəyişməsinə, yəni ucuzlaşmasına və yaxud bahalaşmasına gətirib çıxarır. Xüsusilə Co Bayden ABŞ Prezidenti seçiləndən sonra dollar dünya bazarlarında öz mövqeyini möhkəmləndirir. Bu, Azərbaycanda da avronun məzənnəsinin zəifləməsinə gətirib çıxarıb".

"Növbəti aylarda avronun bahalaşması gözlənilirmi?" sualına ekspert belə cavab verib: "Avropada pandemiyanın təsirlərini azaltmaq məqsədilə yumşaq şəkildə monetar və fiskal siyasət həyata keçirməyə çalışacaqlar. Bu da avronun mövqeyinin zəifləməsini şərtləndirə bilər. Əgər belə olsa, bu proses Azərbaycanda da avronun ucuzlaşmasını şərtləndirəcək".

"Ölkədə avronun ucuzlaşması kimlərə sərf edir?" məsələsinə gəlincə, iqtisadçı bildirib ki, bu, vətəndaşın və biznesin mövqeyindən asılıdır: "Avropadan idxal edənlər, Avropa ilə biznes əlaqələri olanlar üçün sərfəlidir. Lakin Avropaya məhsul satanlar üçün sərfəli deyil. Əgər şəxs aktivlərini avroda yerləşdiribsə və avro ucuzlaşırsa, bu, müəyyən itkilərə gətirib çıxarır".

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov isə Sputnik Azərbaycan-a deyib ki, Azərbaycanda avronun ucuzlaşmasının səbəbi ilk növbədə Avropa Mərkəzi Bankı tərəfindən avronun emissiyasının kəskin şəkildə artırılması, pul-kredit siyasətinin yumşaldılması ilə bağlıdır: "Avronun devalvasiya prosesi davam edəcək. Dollarda da artıq devalvasiya baş verir. Dolların xüsusi çəkisi dünya ticarətində, dünya iqtisadiyyatında azalır. Dollar və avronun devalvasiya prosesinin baş verməsi qaçılmazdır. Eyni zamanda, Avropa iqtisadiyyatındakı problemlər, qeyri-tarazlıq və s. avronun tədricən ucuzlaşmasına səbəb olacaq".

Professor bildirib ki, Azərbaycanın xarici ticarət dövriyyəsi əsasən dollarla aparılır: "Amma ümumiyyətlə, ixracat baxımından aparıcı ehtiyat valyutalarının zəifləməsi Azərbaycan üçün problemlərin yaranmasına səbəb olur. Çünki manat sabitdir, amma ixracat nəticəsində ölkəyə gələn valyuta zəifləməkdədir. Belə olan halda bunun ixracata mənfi təsiri olur. Lakin bütün bunlara baxmyaraq, manatın məzənnəsinin sabitliyi qorunmalıdır. Əks-halda, bu, ölkə iqtisadiyyatında ciddi qeyri-tarazlıqların dərinləşməsinə səbəb ola bilər. Ona görə də avronun ucuzlaşmasının beynəlxalq ticarətə, o cümlədən Azərbaycanın xarici ticarətinə təsiri olacaq".

"Biz ixracatda ilk növbədə yüksək texnoloji tutumlu sahələrin xüsusi çəkisinin artırılmasına nail olmalıyıq. Eyni zamanda tədricən texnologiyaların idxalına nail olmalıyıq ki, ölkəmizin rəqabət üstünlüyünün gücləndirilməsinə şərait yarada bilək", - deyə o əlavə edib.

389
Teqlər:
idxal, ixrac, dollar, Azərbaycan, ucuzlaşma, avro
Azərbaycan Respublikasının Hesablama Palatası

Palata: Dövlət qurumlarında satınalmalar düzgün rəsmiləşdirilmir

6
(Yenilənib 15:08 13.04.2021)
V.Gülməmmədov bildirib ki, Hesablama Palatasının növbəti il üçün strateji planı tərtib edilib. O əlavə edib ki, cari ildə iş planında 50-dən çox nəzarət tədbirinin keçirilməsi nəzərdə tutulub.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 13 aprel — Sputnik. "Hesablama Palatasının ötənilki nəzarət tədbirləri əsasən aqrar sahəni, dövlət satınalmalarını, maliyyə hesabatlarını, həmçinin dövlət büdcəsinin planlaşdırılmasını və icrasını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu ilə bağlı hesabatlılığı əhatə edib".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisdə Palatanın illik hesabatını təqdim edərkən deyib.

V.Gülməmmədov bildirib ki, Hesablama Palatasının növbəti il üçün strateji planı tərtib edilib. O əlavə edib ki, cari ildə iş planında 50-dən çox nəzarət tədbirinin keçirilməsi nəzərdə tutulub.

Onun sözlərinə görə, dövlət qurumlarında yol verilən əsas nöqsanlardan biri də satınalmaların düzgün rəsmiləşdirilməməsidir.

"Mühasibat uçotunun aparılmasında ixtisaslaşmış kadrların çatışmazlığı, səriştəli kadrların isə özəl sektora axını müşahidə olunub", - deyə o, qeyd edib.

Palatanın sədri bildirib ki, səhiyyə işçilərinin əməyinin ödənilməsi və bu sahədə səhiyyə satınalmalarının həyata keçirilməsi ilə bağlı audit fəaliyyətinə artıq başlanılıb.

6
Ermənilərin Gəncəni raket atəşinə tutmasının nəticəsi, arxiv şəkli

Palata müharibə cinayətləri barədə xarici ölkələrin audit orqanlarını məlumatlandırıb

0
(Yenilənib 16:44 13.04.2021)
Vüqar Gülməmmədov: "44 günlük Vətən müharibəsi dövründə Hesablama Palatası da müsəlləh əsgər kimi işinin öhdəsindən layiqincə gəlməyə çalışıb".

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 13 aprel — Sputnik. "2020-ci il Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tam dəqiqliklə həyata keçirdiyi strategiyanın rəşadətli Ordumuz tərəfindən reallaşdırılan Zəfər ilidir. Ötən il 44 günlük Vətən müharibəsinin nəticəsində insanlarımızın yurd həsrətinə son qoyulmaqla, yaddaşlara şanlı səhifə kimi həkk olundu".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən iclasında "Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında hesabat" məruzəsi ilə çıxış edərkən deyib.

"Bu müharibə həm də dünya hərb elminə Azərbaycan Ordusunun rəşadət səhifəsi kimi daxil oldu. Biz müharibə dövründə dövlət-vətəndaş birliyinin şahidi olduq", - deyə o qeyd edib.

V.Gülmməmmədov bildirib ki, 44 günlük Vətən müharibəsi dövründə Hesablama Palatası da müsəlləh əsgər kimi işinin öhdəsindən layiqincə gəlməyə çalışıb: "Hesablama Palatası Azərbaycan xalqının öz torpaqlarını geri qaytarmaq uğrunda nümayiş etdirdiyi əzmi, düşmənin işğalçılıq siyasəti nəticəsində zəbt olunan torpaqlarda törətdiyi vandallıq aktları barədə ətraflı məlumatlar təqdim edilib. Hesablama Palatası müharibə zamanı qarşı tərəfin həyata keçirdiyi müharibə cinayətləri, münaqişə zonasından tamamilə kənarda yerləşən şəhərlərdə dinc əhaliyə qarşı törədilmiş terror aktları barədə digər ölkələrin ali audit orqanlarını məlumatlandırıb".

0