Tikinti

Tikinti sektorunda çalışan sahibkarların vergi mexanizmi yüngülləşir

442
(Yenilənib 13:01 20.10.2015)
Tikinti sektorunda çalışan sahibkarların vergi mexanizmi sadələşdrilməklə yanaşı yüngülləşdiriləcək.

BAKI, 20 okt — Sputnik. Tikinti sektorunda çalışan sahibkarların vergi mexanizmi sadələşdrilməklə yanaşı yüngülləşdiriləcək.

Sputnik xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə dəyişikliklər məsələsi müzakirə olunub. Məcəlləyə dəyişiklik barəsində məlumat verən parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, qanun layihəsində bina tikintisi ilə məşğul olan şəxslərə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun verilməsi nəzərdə tutulur ki, həmin vergini ödəyən hüquqi şəxslər əlavə dəyər vergisinin, mənfəət vergisinin və əmlak vergisinin, fiziki şəxslər isə əlavə dəyər vergisinin və gəlir vergisinin ödənilməsindən azad edilirlər.

“Layihəyə əsasən həmin fəaliyyətlə məşğul olan şəxslər tikilən binanın yaşayış və qeyri-yaşayış sahələrinin hər kvadrat metri üçün 45 manat zona əmsalları tətbiq edilməklə sadələşdirilmiş vergini hesablayıb dövlət büdcəsinə ödəyəcəklər. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüquqlarını istifadə etmədikləri halda təməl işlərinə başlanılmış binaların və təqdim edilmiş tikinti sahələrindən asılı olmayaraq əlavə dəyər vergisi ödəyicisi kimi qeydiyyata alınırlar. Bu halda təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə əlavə dəyər vergisi və maliyyə nəticələrindən asılı olaraq vergi ilinin yekunlarına görə mənfəət vergisi ödənilir. Nəticədə tikintisi başa çatmamış binalar üzrə sadələşdirilmiş vergi ödənilmədiyindən maliyyə vəsaiti vergi ödəyicisinin sərəncamında qalmaqla bu sektorun inkişafına müsbət təsir göstərəcək”.

Deputat eyni zamanda bildirib ki, qanun layihəsində daşınmaz əmlakın təqdim edilməsindən əldə edilən gəlirlərdən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş verginin tutulması da nəzərdə tutulub.

“Məlum olduğu kimi Vergilər Məcəlləsinin qüvvədə olan müddəsasına əsasən mənzillərin və digər daşınmaz əmlakların təqdim edilməsindən əldə olunan gəlir vergiyə cəlb olunur. Təqdim edilən belə daşınmaz əmlakların alınmasına, tikilməsinə, təmirinə çəkilən xərclər təsdiq edilən sənədlərin bir çox hallarda olmaması bui gəlirlərdən vergi tutulmasında çətinlik yaradırdı. Qeyd olunanları nəzərə alaraq mülkiyyətində olan, o cümlədən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən satın alınan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edən şəxslərin sadələşdirilmiş vergi ödəyicilərinə aid edilməsi bu sahələrin təqdim edilməsi, satılması üzrə müqavilələri təsdiq edən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş verginin tutulması və müvafiq bəyannamənin vergi orqanına təqdim edilməsi ilə bağlı müddəalar qanun layihəsinə daxil edilib. Həmin dəyişikliklər mənzillərin və digər daşınmaz əmlakın təqdim edilməsindən gəlir əldə edən şəxslərin vergi uçotuna alınması və onlar tərəfindən bəyannamələrin vergi orqanına təqdim edilməsini aradan qaldırmaqla inzibatçılığı sadələşdirir. Bununla yanaşı qanun layihəsi ilə fiziki şəxslərin azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsinin ödəmə mənbəyində vergidən azad edilməsi nəzərdə tutulur. Yəni 5 il müəddətində yaşadığı evdə qeydiyyatdadırsa həmin ev satıldıqda ondan heç bir vergi tutulmayacaq”.

442
İlyas Hüseynov

Politoloq: “Bu səbəbdən Azərbaycan-NATO münasibətləri yüksək qiymətləndirilir”

4
(Yenilənib 17:31 18.06.2021)
Politoloq İlyas Hüseynov deyir ki, Azərbaycan NATO modelində kiçik və mobil, qarşısına qoyulan hədəfləri yerinə yetirməyə qadir ordu quruculuğunda maraqlıdır
İlyas Hüseynov: ““Şuşa Bəyannaməsi”ndə bunun ilkin təzahürləri var”

İndi Azərbaycanla NATO arasındakı münasibətlər heç vaxt olmadığı qədər vacibdir. Bunu Təhlükəsizlik Siyasəti və İnkişaf İnstitutunun həmtəsisçisi və direktoru Svante Kornell "Azərbaycanın Avro-atlantik sülh və təhlükəsizliyə töhfəsi" adlı beynəlxalq konfransda deyib.

Politoloq İlyas Hüseynov Sputnik Azərbaycan-a deyir ki, son dövrlər Azərbaycanda NATO modelinə uyğun olaraq Türkiyə nümunəsində ordu quruculuğu istiqamətində addımların atıldığını müşahidə edirik: “Bu səbəbdəndir ki, Azərbaycan-NATO münasibətləri yüksək qiymətləndirilir. Azərbaycan NATO modelində kiçik və mobil, qarşısına qoyulan hədəfləri yerinə yetirməyə qadir ordu quruculuğunda maraqlıdır. Bu anti-terror əməliyyatların keçirilməsi zamanı bizə yararlı ola bilər. Ölkəmizlə təşkilat arasında əməkdaşlığın dərinləşdirilməsi nəzərdən keçirilir. “Şuşa Bəyannaməsi”ndə də bunun ilkin təzahürləri vardır”.

İlyas Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

4

Hökumətdən yeni hava limanlarının tikintisi işində böyük güzəşt

794
(Yenilənib 13:10 19.06.2021)
Azad edilən ərazilərdə 3 hava limanının tikintisi üçün idxal edilən mallar gömrük rüsumuna cəlb olunmayacaq.

BAKI, 19 iyun — Sputnik. Nazirlər Kabineti “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında dəyişiklik edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, qərara əsasən, "Füzuli, Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının tikintisi üçün idxal edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahısı” təsdiq edilib.

Bu bəndlə müəyyən edilən mal nomenklaturasına müvafiq idxal olunan malların Füzuli, Laçın və Zəngilan beynəlxalq hava limanlarının tikintisi üçün istifadəsinin təsdiq edilməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçiriləcək.

Bu mallar gömrük idxal rüsumuna cəlb olunmayacaq.

Bu Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 2024-cü il 1 yanvar tarixinədək qüvvədədir.

Füzuli beynəlxalq hava limanı

2020-ci il noyabrın 26-da Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ICAO-nun Füzulidəki hava limanı da daxil olmaqla 6 hava limanının beynəlxalq yer indeksləri kataloquna daxil edilməsi barədə Dövlət Mülki Aviasiya Agentliyinin müraciətini təmin etdiyini bildirib.

2021-ci ilin yanvarında Azərbaycan Prezidenti Füzulidə beynəlxalq hava limanının tikintisi barədə sərəncam verib. Gələcək hava limanının təməlqoyma mərasimi həmən ilin yanvar ayının 14-də baş tutub.

Köhnə aeroportun yerində tikilən Füzuli beynəlxalq hava limanında uçuş-enmə zolağının inşası ilə bu sahədə böyük təcrübəsi olan "AzVirt" MMC məşğul olur. Hava limanının tikintisi yanvar ayında başlayıb. Plana əsasən ilin sonuna kimi uçuş-enmə zolağı, eləcə də peron istifadəyə veriləcək. Yeni hava limanının uçuş-enmə zolağının uzunluğu 3 000 metr olacaq.

AZAL-ın nümayəndəsi Valeh Əmiraslanov bildirib ki, Füzuli Beynəlxalq Hava Limanında ilk sınaq uçuşun sentyabrın 5-də keçirilməsi planlaşdırılır.

Həmçinin oxuyun:

Füzuli aeroportunda ilk sınaq uçuşunun keçiriləcəyi tarix açıqlanıb

794

XİN: Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində addımlar atır

0
(Yenilənib 18:06 19.06.2021)
Antalya Diplomatiya Forumu çərçivəsində “Cənubi Qafqaz: Regional sülh və əməkdaşlıq üçün yeni imkanlar” mövzusunda panel müzakirələri təşkil edilib.

BAKI, 19 iyun - Sputnik. "Vasitəçilik olmadan regionda sülhə nail olmaq mümkün deyil. Mehriban qonşuluq münasibətləri yaradılmalıdır. Bunun alternativi yoxdur".

Bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin Antalya şəhərində keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində “Cənubi Qafqaz: Regional sülh və əməkdaşlıq üçün yeni imkanlar” mövzusunda təşkil edilmiş panel müzakirələri zamanı bildirib.

Onun sözlərinə görə, noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatdan sonra Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində addımlar atır. Buna misal kimi Bayramov ötən qış Rusiya qazının Azərbaycan ərazisindən keçməklə Ermənistana ötürülməsinə icazə verilməsini göstərib.

Ceyhun Bayramovun Antalya görüşləri - Rumıniya XİN başçısı ilə

Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rumıniyanın xarici işlər naziri Boqdan Auresku ilə görüşüb.

C.Bayramov Azərbaycan və Rumıniya arasında qarşılıqlı hörmət və dəstəyə əsaslanan münasibətləri məmnunluqla qeyd edib. İkitərəfli iqtisadi, humanitar, təhsil və s. istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların olduğu vurğulanıb.

Nazir, həmçinin həmkarına münaqişə sonrası bölgədə mövcud olan vəziyyət, üçtərəfli bəyanatların icrası, Azərbaycan tərəfindən bu xüsusda atılan addımlar, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri haqqında geniş məlumat verib. İşğal faktorunun aradan qaldırılması ilə iki ölkə arasında münasibətlərin normallaşdırılması imkanının yarandığı qeyd olunub.

Rumıniyanın xarici işlər naziri Boqdan Auresku öz növbəsində Azərbaycan ilə münasibətlərin strateji tərəfdaşlıq baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Post-münaqişə dövüründə regionada baş verən proseslərə toxunan nazir Boqdan Auresku, demarkasiya və mina məsələləri üzrə danışıqların aparılmasının vacibliyini dilə gətirib. Nazir, həmçinin mina partlaması nəticəsində həyatını itirən jurnalistlərə görə dərin təəssüf hissi keçirdiyini ifadə edib.

Daha sonra B.Auresku ölkəsinin Azərbaycanla müxtəlif istiqamətlər üzrə əlaqələri genişləndirməkdə maraqlı olduğunu bildirib və bu xüsusda , Azərbaycan-Rumıniya Birgə Komissiyasının fəaliyyətinin vacibliyini qeyd edib.

Nazir Auresku bu il Azərbaycan ilə Rumıniya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunacağını bildirərək, bununla əlaqədar həmkarını ölkəsinə səfər etməyə dəvət edib.

İraq XİN başçısı ilə görüş

Xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində İraq Respublikasının xarici işlər naziri Fuad Hüseyn ilə görüşüb.

Ceyhun Bayramov iraqlı həmkarına Ermənistanın onilliklər ərzində həyata keçirdiyi təcavüzkar siyasəti və onun fəsadları, həmçinin Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycanın cavab əməliyyatı, ərazilərin işğaldan azad edilməsi barədə məlumat verib. Nazir azad edilmiş ərazilərdəki vəziyyət, həyata keçirilən yenidən qurma işlərindən danışıb.

Ceyhun Bayramov ölkələrimiz arasındakı səmimi münasibətlərin təməlində xalqlarımız arasındakı tarixi, dini, mədəni bağların durduğunu qeyd edib. Azərbaycanın ədalətli mövqeyinə verilən dəstəyə görə qarşı tərəfə minnətdarlıq ifadə olunub.

Fuad Hüseyn məlumata görə təşəkkürünü bildirərək, ölkələrimiz arasındakı münasibətlərin inkişafını qeyd edib. O, müharibədən əziyyət çəkən ölkə kimi İraqın müharibənin doğurduğu fəsadlara yaxşı bələd olduğunu, bu səbəbdən problemlərin sülh yolu ilə həllinin tərəfdarı olduğunu söyləyib. Bu xüsusda, İraq naziri Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların dayandırılması ilə bağlı razılığın əldə olunmasını məmnunluqla qeyd edib.

Tərəflər həmçinin enerji, humanitar, təhsil, kənd təsərrüfatı, turizm və digər sahələrdə ikitərəfli əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi ilə görüş

Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev ilə görüşüb.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən “Report”a verilən məlumata görə, görüş zamanı Bağdad Amreyev Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən imzalanmış Şuşa Bəyannaməsini yüksək qiymətləndirib. O, Bəyannamənin bölgədə sülh, təhlükəsizliyin təmin olunmasına, əməkdaşlığın genişləndirilməsinə xidmət edəcəyindən əminliyini vurğulayıb.

Görüş zamanı Türk Şurasının qarşıdan gələn Zirvə görüşünün təfərrüatları, o cümlədən yüksək səviyyəli tədbir çərçivəsində hazırlanacaq sənədlər barədə fikir mübadiləsi aparılıb.

Eyni zamanda Türk Şurasının gündəmində olan digər məsələr, habelə növbəti aylarda keçirilməsi nəzərdə tutulan görüşlər barədə müzakirələr aparılıb.

Ceyhun Bayramov Türk Şurası tərəfindən Azərbaycan və Türkiyə liderləri tərəfindən imzalanmış Şuşa Bəyannaməsinə verdiyi dəstəyə görə təşəkkürünü bildirib. Nazir bu sənədin imzalanmasının Azərbaycan və Türkiyə arasındakı sıx münasibətlərin nəticəsi olduğunu və əməkdaşlıq və müttəfiqlik nümunəsi olduğunu vurğulayıb.

Antalya Diplomatiya forum iyunun 18-dən 20-dək davam edəcək.

0