Zəncan valisi azərbaycanlı adamlarını dəvət edir

57
(Yenilənib 10:52 20.09.2015)
Zəncan və Azərbaycan arasında əlaqələr inkişaf etsə də, bu bizi istədiyimiz səviyyədə qane etmir. Bu fikri İranın Zəncan vilayətinin valisi Cəmşid Əmsari Zəncanda Azərbaycan jurnalistləri ilə görüşündə deyib.

BAKI, 17 sen — Sputnik. Zəncan və Azərbaycan arasında əlaqələr inkişaf etsə də, bu bizi istədiyimiz səviyyədə qane etmir.

Bu fikri İranın Zəncan vilayətinin valisi Cəmşid Əmsari Zəncanda Azərbaycan jurnalistləri ilə görüşündə deyib.

Onun sözlərinə görə, Azərbaycan müstəqillik qazandığı ilk illərdə iki ölkə arasında daha sıx əlaqə olub və zəncanlı iş adamları Azərbaycan iqtisadiyyatına kifayət qədər sərmayə qoyub: “Amma bu günkü əlaqələr bizi qane etmir. Eyni mədəniyyətə, dinə, dilə, tarixə malik olsaq da, bu əlaqələr bizi qane edən səviyyədə deyil. Əlaqələrimizin inkişaf etdirilməsi ücün böyük potensial var, istər qarşılıqlı sərmayə qoyuluşu, istər müştərək müəssisələrin yaradılması üçün geniş imkanlara malikik. Ona görə ki, Zəncan vilayəti çox əlverişli coğrafi məkanda yerləşir, bura bir lojistik mərkəzdir. Buradan şimala, cənub-şərqə yüklərin daşınması ücün tranzit yollar var. Biz azərbaycanlı sərmayədarların bura sərmayə qoymasında maraqlıyıq, eyni zamanda burada istehsal olunan keyfiyyətli məhsulların Azərbaycan bazarına çıxarılmasına imkanlar var”. 

Vali daha sonra iki dövlət arasında tələbə mübadiləsi, səhiyyə sistemində əməkdaşlığın vacibliyindən danışıb. Bildirib ki, bu sahələr üzrə əməkdaşlığın genişləndirilməsinə böyük ehtiyac var: “Bu həm də elmin, tibbin inkişafı deməkdir, bu sahələrdə mütəxəssislərin hazırlanması, ixtisaslaşması hər iki tərəf üçün vacib və önəmlidir”. 

57