Самир Алиев

Banklarda dövlət müəssisələrində işdən çıxarılmalar gözlənilir

1293
(Yenilənib 16:18 03.09.2015)
İqtisadçı Samir Əliyev: Əgər qiymətlər qalxırsa, o zaman dövlət minimum əmək haqqını da gözdən keçirməli, aşağı gəlirli ailələr dövlət tərəfindən qorunmalıdır.

BAKI, 3 sent – Sputnik. “Güman edirəm ki, sentyabr və oktyabr aylarında banklarda və dövlət müəssisələrində işdən çıxarılmaların sayı artacaq”. Bunu iqtisadçı-ekspert Samir Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin mətbuat mərkəzində, manatın gələcəyi ilə bağlı keçirilən konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, bankların böyük əksəriyyəti, o cümlədən bir çox dövlət müəssisələri ciddi maliyyə problemləri ilə üzləşiblər. Bunun əsas səbəbini manatın hazırki vəziyyəti ilə izah edən ekspert, ölkə iqtisadiyyatının neftdən asılılığına da diqqət çəkib. 

“Biz neft ölkəsiyik və büdcə gəlirlərimiz bu sahədən asılıdır. Bu sahədə olan dünya bazarındaki qiymətlər təbii olaraq bizi qane etmir.  Qeyri-neft sektorunun inkişafının özü belə neftin qiymətindən asılıdır. Çünki yaxşı gəlir əldə etməsək, nə turizm obyektləri tikə bilərik, nə də digər iri layihələr həyata keçirə bilərik” — deyə Samir Əliyev qeyd edib.

Qonşu dövlətlərdə valyutaların devalvasiyasının milli valyutanın məzənnəsinə mümkün təsirindən danışan Əliyev, devalvasiya təsirlərinin hələ uzun müddət davam edəcəyini bildirib:

“Manat təzyiq altında qalmağa davam edir və edəcək. Əgər neft qiymətləri hazırki səviyyədə davam etsə, bu il olmasa da, gələn il yeni devalvasiya ilə qarşılaşa bilərik.”

İnzibati müdaxilələr etməklə uzun müddətdə manatın dəyərini qorumağın çətin olduğunu deyən ekspert, yumşaq devalvasiyanın ən yaxşı seçim olacağını ifadə edib.

“Əslində manatın baha qalması dövlətin xeyrinə deyil. Son bir ildə diqqət yetirsək görərik ki, idxal olunan məhsulların sayı ixrac edilənlərdən qat-qat çoxdur. Bunların hamısı manata görədir. Çünki ətrafımızdaki ölkələrin hamısında yerli məzənnə ucuzlaşdığı üçün bizə idxal olunan məhsullar çoxalır. Biz isə onların bazarında alıcı tapmaqda ciddi çətinliklərlə üzləşirik. Düşünürəm ki, hökumət yumşaq devalvasiyaya getməlidir. Yoxsa bu, daha kəskin olacaq” — deyə Samir Əliyev əlavə edib. 

İqtisadçı ekspert işsizliyin aradan qaldırılması üçün xırda və orta sahibkarlığın inkişafının əhəmiyyətinə də toxunub:

“Təsəvvür edin, ölkədəki muzdlu işçilərin 70%-i dövlət müəssisələrinin payına düşür. Hər hansı iqtisadi kriz dövründə işdən çıxarılmaları nəzərə alsaq, bu, geniş kütlənin işsiz qalması deməkdir. Ona görə də dövlət çalışmalıdır ki, orta və xırda sahibkarlığın önünü açsın və onların inkişafında maraqlı olsun.”

Samir Əliyev qida və məişət məhsullarındakı bahalaşmaya da münasibət bildirib:

“Bahalaşmanın qarşısını almaq üçün birinci növbədə gömrük sistemi sadələşdirilməlidir. Monopoliya aradan qaldırılmalıdır və rəqabətli mühit yaradılmalıdır.”

İqtisadçı ekspert sonda əlavə edib ki, əgər qiymətlər qalxırsa, o zaman dövlət minimum əmək haqqını da gözdən keçirməlidir. Aşağı gəlirli ailələr dövlət tərəfindən qorunmalıdır.

1293