Авиакомпания АЗАЛ

AZAL-ın qiymətləri turizmin inkişafına mane olan amillərdəndir

99
(Yenilənib 11:32 24.07.2015)
Əli Məsimli: Son illərdə AZAL-da xidmətin keyfiyyəti xeyli yüksəlsə də, qiymət artımı bu şirkətin xidmət sahəsindəki mütəqəqqi fəaliyyətinə kölgə salır və bu da öz növbəsində turizmin inkişafına mane olan amillərdən birinə çevrilib.

BAKI, 24 iyul — Sputnik. Son illərdə AZAL-da xidmətin keyfiyyəti xeyli yüksəlsə də, qiymət artımı bu şirkətin xidmət sahəsindəki mütəqəqqi fəaliyyətinə kölgə salır və bu da öz növbəsində turizmin inkişafına mane olan amillərdən birinə çevrilib. 

Bunu Sputnik-ə açıqlamasında İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimli deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 13-də Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında AZAL-ın biletlərinin bahalığı ilə bağlı əsaslandırılmış tənqidi fikir irəli sürdü. 

“Doğrudan da son illər AZAL-da xidmətin keyfiyyəti xeyli yükəslsə də, qiymət artımı bu şirkətin xidmət sahəsindəki mütəqəqqi fəaliyyətinə kölgə salır. Aviabiletlərin bahalığı Azərbaycanda turizmin inkişafına da mane olan amillərdən birinə çevrilib”, — deyə Ə. Məsimli vurğulayıb. 

Millət vəkili hesab edir ki, belə qiymətlərlə AZAL rəqabətdə də uduzar və vəziyyəti getdikcə pisləşə bilər: “Ona görə də aviabiletlərin qiymətlərinin aşağı salınması zəruridir.”

Ə. Məsimli onu da əlavə etdi ki,  Azərbaycan Prezidentinin bu sahədəki  tənqidlərindən sonra Şirkət rəhbərliyi iyulun 21-də keçirdiyi iclasda uçuş tariflərinə endirimlər endirilməsi barədə qərar verib: “AZAL-ın yaydığı məlumata görə, Bakı-Antalya-Bakı, Bakı-İstanbul-Bakı, Bakı-Moskva-Bakı və Bakı-Dubay-Bakı istiqamətləri üzrə aşağı büdcəli uçuşlar təşkil edilib. Bir gedişin qiyməti 99 avro və ya 114 manatdır. Digər bütün istiqamətlər üzrə isə ekonom-klass tarifində yerlərin 30 faizinə 20 faiz endirim tətbiq ediləcək. Amma bu yeni qayda kifayət qədər mürəkkəb və sərnişinləri narahat edəcək bir mexanizm tətbiq edilməklə ortaya çıxarılıb. Bununla yanaşı sərnişinlərin yüklərə görə əlavə pul ödəməklə bağlı dəyişikliklər də baş verib. Belə şərtlər daxilində aşağı büdcəli uçuşlardan istifadə etmək yükü olmayan sərnişinlərə sərf edəcək. Yükü olan və ucuzlaşdırılmış uçuşlardan istifadə edən sərnişinlər yalnız 5 kq ağırlığında və müəyyən ölçülərə sahib əl yükü götürə biləcəklər. 23 kiloqrama qədər olan hər baqaj üçün isə əlavə 50 manat ödənilməlidir. Göründüyü kimi yeni qaydada yükü olan sərnişinlər üçün əl verən qayda deyil. Bu baxımdan AZAL-ın rəhbərliyinin uçuş tariflərinə endirimlər edilməsi barədə 21 iyul tarixli qərarını yalnız aralıq qərar kimi səciyyələndirmək olar. Düşünürük ki,bu sahədə səriştəsi olan peşəkarlardan və ekspertlərdən ibarət işçı qrupu təşkil edib aviabiletlərin qiymətlərinin optimallaşdırılması istiqamətində kompleks xarakterli işlər görmək lazımdır. Bu həm sərnişinlər, həm turizmin inkişafı, həm də AZAL-ın rəqabətqabiliyyətli olması, deməli dayanıqlı və davamlı inkişafı üçün sözügedən şirkətin özünə lazımdır.”

99
Teqlər:
Azərbaycan xəbərləri, Bakı-Dubay-Bakı, Bakı-Moskva-Bakı, Bakı-İstanbul-Bakı, Bakı-Antalya-Bakı, millət vəkili, turizmin inkişafı, AZAL-ın biletlərinin bahalığı, İqtisadi və Sosial İnnovasiyalar İnstitutu, Azərbaycan Hava Yolları, AZAL, Əli Məsimli, Bakı, Azərbaycan