Bina

"Problemli MTK olmayan" şəhərdə bir mənzili 5 nəfərə kim satır?

327
(Yenilənib 12:52 03.07.2015)
Hüquqşünas Bəhruz Bayramov: BŞİH-in “Bakıda problemli MTK yoxdur” açıqlaması başa düşülən deyil”.

BAKI, 3 iyul – Sputnik. Ötən illə müqayisədə paytaxtda evlərin qiyməti çox aşağı düşüb. Hazırda kifayət qədər insan var ki, bu fürsəti dəyərləndirmək, sərfəli qiymətə mənzil sahibi olmaq istəyir. 

Köhnə tikili binalara maraq azaldığınnan alıcılar daha çox yeni tikililərə meyl edir. Paytaxtda sayı minlərlə olan bu cür binalar var. Aralarında keyfiyyətli olanları olduğu qədər, problemli olanları da çoxdur. 

Təəssüf ki, bəzi vətəndaşlar ev alarkən tələsirlər və tikinti şirkəti haqda məlumat toplamağa həvəssiz yanaşırlar. Bu isə növbəti mərhələdə problemlə nəticələnir və məsələ məhkəməyə qədər uzanır. 

Paytaxtda illər öncə tikilməsinə baxmayaraq hələ də qaz verilməyən çoxlu sayda binalar var. Bir mənzilin 3-4 nəfər ayrı-ayrı adamlara satılması ilə bağlı kifayət qədər məlumatlar da yayılır.

Vətəndaşların məhz bu cür çətinliklərlə qarşılaşmaması, aldanmaması üçün Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən problemli MTK-ların siyahısını tələb etdik. Onlar həmin siyahının Bakı Şəhər İcra hakimiyyətində olduğunu bildirdilər.

Bakı Şəhər İcra hakimiyyətindən isə redaksiyamıza bildirildi ki, paytaxtda problemli MTK yoxdur.

Məsələ ilə bağlı hüquqşünas Bəhruz Bayramov Sputnik-ə öz dəyərləndirmələrini edib.

“Paytaxtda kifayət qədər çoxlu problemli MTK-lar var. Və məhkəmələrə bununla əlaqəli həddindən artıq şikayət ərizələri daxil olur. Dəfələrlə bir mənzilin şirkət rəhbərləri tərəfindən ayrı-ayrı şəxslərə satılmasının şahidi olmuşuq, əziyyət çəkənləri müdafiə etmişik. Ona görə də, BŞİH-in “Bakıda problemli binalar yoxdur” açıqlaması başa düşülən deyil”, deyə hüquq müdafiəçisi bəyan edib. 

327