torpaq sahəsi

Torpaqlardan təyinatı üzrə istifadə etməyənləri 8 ilədək cəza gözləyir

92
(Yenilənib 19:55 25.05.2015)
Azərbaycanda torpaqları qeyri-qanuni zəbt edənləri və onlardan təyinatı üzrə istifadə etməyənləri 8 ilədək cəza gözləyir.

BAKI, 25 may — Sputnik. Azərbaycanda torpaqları qeyri-qanuni zəbt edənləri və onlardan təyinatı üzrə istifadə etməyənləri 8 ilədək cəza gözləyir.

Sputnik xəbər verir ki, Milli Məclisin Aqrar siyasət Komitəsinin bu gün keçirilən iclasında Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirə olunub.
Məcəllədə nəzərdə tutulan dəyişkilik əsasən vəzifəli şəxs tərəfindən dövlətin müstəsna mülkiyyətində olan və özününküləşdirilməsi qanunla qadağan edilən torpaq sahələrinin bələdiyyə mülkiyyətinə və ya xüsusi mülkiyyətə verənlər 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Belə ki, torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma, yəni torpaq sahəsinin hasarlanması, becərilməsi, üzərində tikinti və ya quraşdırma işlərinin aparılması, yaxud həmin torpaqdan istifadə edilməsinə başqa üsullarla maneə olmaya görə cəzalar sərtləşdirilir.

Məcəlləyə edilən dəyişikliyə görə, yuxarıda qeyd olunan hallar baş verdikdə həmin şəxslərin 1500 manatdan 3 min manata qədər cərimə və ya 240 saatdan 400 saata qədər ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması təklif edilir.

Eyni zamanda bu əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə qanun pozucularının 3 min manatdan 5 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması təklif edilir.

Dəyişikliyə əsasən qeyd olunan əməllər təkrar və ya şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə qanunu pozanların 5 min manatdan 7 min manatadək cərimə və ya 1 ildən 3 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılması təklif edilir.
Bundan başqa məcəllənin 314-1-ci maddəsi aşağıdakı redaksiyada verilir.

314-1-1. Vəzifəli şəxs tərəfindən dövlətin müstəsna mülkiyyətində olan torpaq sahələrinin bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya onlara icarəyə verilməsi haqqında qanunsuz qərar qəbul etmə — 3 ildək vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, 2 ildən 5 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

314-1-2. Vəzifəli şəxs tərəfindən dövlətin müstəsna mülkiyyətində olan və özünkiləşdirilməsi qanunla qadağan edilən torpaq sahələrinin bələdiyyə mülkiyyətinə və ya xüsusi mülkiyyətə verilməsi haqqında qərar qəbul etmə — 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə, 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bundan başqa Məcəlləyə 314-2.1-1-ci maddə əlavə edilib.

Qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla vəzifəli şəxs tərəfindən kənd təsərrüfatı təyinatlı torpaq sahələrini ayırma, yaxud həmin torpaq sahələrində tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə — 1 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

92
Teqlər:
qeyri-qanuni zəbt, azadlıqdan məhrum etmə, islah işləri, ictimai işlər, cərimə, məcəllə, torpaq, torpaq üzərində mülkiyyət, vəzifəli şəxs, cəza, İclas, Milli Məclisin Aqrar siyasət Komitəsi, Azərbaycan
Natiq Heydərov, KOB departament rəhbəri

Departament müdiri sahibkarlar üçün elan edilən müsabiqənin şərtlərini açıqlayır

5
(Yenilənib 20:13 05.03.2021)
KOBİA-nın departament müdiri Natiq Heydərov deyir ki, müsabiqə çərçivəsində hər bir şəxs yalnız bir layihə təqdim edə bilər
Natiq Heydərov: “Layihələrin maliyyələşdirilməsi KOBİA tərəfindən həyata keçiriləcək”

“Nazirlər Kabinetinin 2020-ci il 30 sentyabr tarixli Qərarı ilə “Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası” təsdiq edilib. Qaydalara uyğun olaraq, KOB subyektlərinin inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi müsabiqə yolu ilə KOBİA tərəfindən həyata keçiriləcək”. Sputnik Azərbaycan xəbər verir ki, bunu KOBİA-nın departament müdiri Natiq Heydərov açıqlayıb.

“Müsabiqəyə sənədlərin qəbulu fevralın 17-dən martın 18-dək həyata keçiriləcək. Müsabiqədə mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olan hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Müsabiqə çərçivəsində hər bir şəxs yalnız bir layihə təqdim edə bilər. Layihələrin icrası 3 aydan az, 12 aydan çox olmamalıdır. Hər bir layihə üzrə maliyyələşdirmə 20 min manat məbləğində müəyyən edilib”, - deyə N.Heydərov bildirib.

5
Vüqar Hüseynov

Vüqar Hüseynov: “Vahid massivlərdə vahid bitkinin əkilməsi daha çox xeyir verə bilər”

10
(Yenilənib 10:05 07.03.2021)
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynov deyir ki, belə olan halda fermerin texnika, suvarma, işçi qüvvəsi problemi həll olunur
Vüqar Hüseynov: “Bu səbəbdən fermerlər lazım olan qədər gəlir əldə edə bilmirlər”

Kənd Təsərrüfatı Nazirliyi bölgələrdə “Vahid sahədə vahid əkin” layihəsini həyata keçirməyə başlayıb. Layihənin məqsədi vahid massivdə yerləşən torpaq sahələrində vahid bitkinin becərilməsini təşviq etməkdir.

Sputnik Azərbaycan-ın məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ötən illərin də təcrübəsi bölgü aparılmış vahid massivlərdə fermerlərin fərqli bitkilər əkdiyini göstərir:

“Fərqli bitkilər fərqli aqrotexniki qulluq qaydaları, fərqli dərmanlar tələb edir, istər əkin, istər səpin, istərsə məhsul yığımı vaxtı fərqli texnika tələb olunur. Bu səbəbdən fermerlər kənd təsərrüfatı fəaliyyətindən lazım olan qədər gəlir əldə edə bilmirlər. Apardığımız təhlillər göstərir ki, vahid massivlərdə vahid bitkinin əkilməsi fermerə daha çox xeyir verə bilər. Belə olan halda fermerin texnika, suvarma, işçi qüvvəsi problemi həll olunur”.

Vüqar Hüseynovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

10
Astaranın Şiyəkəran kəndinin 83 yaşlı sakini Rəfiqə Musa qızı Qəhrəmanova

Astaralı ikiqat qəhrəman Rəfiqə nənə: "Bala, mənim bir işim olub..."

0
(Yenilənib 15:49 08.03.2021)
Rəfiqə nənə elə soyadına uyğun olaraq əsl qəhrəmandır. "Sənətin nə idi" sualımıza "Bala, mənim bir işim olub da, uşaq dünyaya gətirmək!" deyir

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 8 mart — Sputnik. “Əvvəl gücüm var idi, işləyərdim. İndi isə qocalmışam da, bala. Qapı açmağa da güclə gəlirəm”. Astaranın Şiyəkəran kəndinin 85 yaşlı sakini Rəfiqə Musa qızı Qəhrəmanova bizimlə söhbətinə belə başlayır. 

"Nənə, dedin, işləyərdim, sənətin nə idi ki?" sual veririk və "bala, mənim bir işim olub da, uşaq dünyaya gətirmək!" cavabını alırıq. Rəfiqə nənə elə soyadına uyğun olaraq əsl qəhrəmandır. Çünki Rəfiqə Qəhrəmanova 20 övlad dünyaya gətirdiyi üçün 2 dəfə “Qəhrəman ana” adına layiq görülərək ordenlə təltif edilib.

“Astaranın Pensər kəndində anadan olmuşam, 1953-cü ildə Şiyəkəran kəndinə gəlin gəlmişəm, ilk övladım Salman Qəhrəmanov isə 20 mart 1955-ci ildə dünyaya göz açıb. Mənim 20 övladım olub, onlardan 14-ü qız, 6 nəfəri isə oğlan olub”. Sputnik Azərbaycan-a müsahibəsində Rəfiqə nənə özünü belə təqdim edir.

- Rəfiqə nənə, az əvvəl 20 övladım olub dediniz, onlardan rəhmətə gedən varmı?

- Onlardan ikisi uşaq ikən dünyalarını dəyişmişdilər. Biz bu həyətə təzə köçmüşdük, rəhmətlik yoldaşım həyətdə xəndəyin qırağına vaqon gətirib qoymuşdu. Uşaqlar da həyətdə oynayırdılar, qızlarımdan biri yıxıldı və başı dəydi dəmir vaqona. Başından güclü xəsarət almışdı, xəstəxanada 20 gün qalandan sonra vəfat elədi. Vəfat edən digər övladım isə oğlan idi və onun vəfat tarixi yadımda deyil. O vaxt uşaq “qızılca” xəstəliyinə yoluxdu, dərman yox idi deyə müalicə edə bilmədik, uşaq da dünyasını dəyişdi. Bir övladım da bir müddət əvvəl vəfat etmişdi, böyük oğlum da 2018-ci ilin sentyabr ayında dünyasını dəyişib.

- Bəs siz yoldaşınız ilə necə tanış oldunuz? Qohumunuz idi, yoxsa özü sizi görüb bəyənmişdi?

- Nə mən yoldaşımı, nə də o məni görmüşdü. Şiyəkəran camaatı işə-gücə gedəndə bizim evin qabağından keçib gedərdilər. Məni qaynatam görüb bəyəndi, 14 yaşım tamam olanda nişanladım. 1953-cü ildə mən gəlin gəldim. 1955-ci ildə ilk oğlum dünyaya gəldi, ondan 4 il sonra isə ikinci övladım doğuldu. Çünki birinci oğluma hamilə olduğum aylarda yoldaşımı (1955-ci ildə) hərbi xidmətə yola saldım və 1957-ci ildə ildə isə xidmətini başa vurub qayıtdı.

© Sputnik / Rahim Murad
83 yaşlı Astara sakini Rəfiqə Musa qızı Qəhrəmanovanın medal və vəsiqələri

- Siz ailə quran vaxt dini nikahla evləndiniz, yoxsa rəsmi nikahla?

- Mənim balam, mənim öz toyum oldu, lakin nikaha 9 ay yaşım çatmırdı. Rəhmətlik atam da “mən məşədi adamam, mənim bircə qızım var və mən onu rəsmi nikahı olmadan Şiyəkərana gəlin köçürmərəm!” dedi. Mənim 16 yaşım olanda qanuni nikahımız imzalandı. Mən necə lazımdırsa, tam qayda-qanunla ailə qurmuşam. 

- Siz ümumiyyətlə işləmisinizmi və harada işləmisiniz?

- Mən subay olduğum vaxtlardan işləyirdim. Əvvəl bicarda işləyərdim. Sonra isə tərəvəz toplama məntəqəsində işləyirdim. Həmin məntəqədə də yoldaşım yük avtomobili sürücüsü işləyərdi. Beş qızımız da bizimlə bir yerdə işləyərdilər. 1987-ci ilə kimi işlədim və həmin il təqaüdə çıxdım. Sonra isə o vaxt Astara Rayon Partiya Komitəsinin sədri olmuş rəhmətlik Çingiz Fərəcov bizim evə gəldi və maddi vəziyyətimizin yaxşı olmadığını görüb məni Şiyəkəran kənd bağçasında xadimə işinə götürülməyim barədə tapşırıq verdi. Bağçada da 3 il işləyəndən sonra 1990-cı ildə oradan artıq yaş həddinə görə pensiyaya çıxdım. Bundan əvvəl isə 1987-ci ildə çoxuşaqlı ana olduğum üçün təqaüdə çıxmışdım.

- Nənə, 20 övlad sahibi olmusunuz, uşaqlar balaca olan dövrlərdə hansı çətinlikləriniz olub?

- Mən 1987-ci ildən başlayaraq normal həyat yaşamağa başlamışam. Bir cüt ayaqqabı alardıq, iki uşaq növbə ilə geyinib məktəbə gedərdilər. Bir donu iki bacı geyərdilər, 1960-cı il təvəllüd olan böyük qızım səhər geyinib məktəbə gedərdi, evə qayıdan kimi isə ondan bir yaş kiçik bacısı həmin donu geyinib məktəbə gedərdi. Maddi vəziyyətimizin çətin olduğundan Çingiz Fərəcovun tapşırığı ilə bizim ailəyə ayda ərzaq köməkliyi edilərdi. Böyük qızım gəlin köçəndə cehiz verə bilmədim, təkcə yorğan-döşəkdən başqa. Kasıbçılıq idi. Yenə deyirəm, Allah Çingiz Fərəcova qəni-qəni rəhmət eləsin, bizə pərdələr, xalılar, paltar şkafı gətirib hədiyyə etdi.

- Sizin övladlarınızın çoxu qızdır, onların tərbiyəsi ilə təkcə siz məşğul olurdunuz, yoxsa rəhmətlik yoldaşınız da məşğul olardı?

- Mənim uşaqlarım yetkinlik yaşlarına çatana qədər rəhmətlik qaynanam onlara baxırdı. Qaynanam rəhmətə gedəndən sonra böyük qızlarım böyüyə-böyüyə mənə ev işlərində, uşaqların böyüdülməsində köməklik göstərməyə başladılar.

© Sputnik / Rahim Murad
83 yaşlı Astara sakini Rəfiqə Musa qızı Qəhrəmanovanın sənədləri

- Rəhmətlik həyat yoldaşınız necə insan idi, sizə qarşı sərt idi, yoxsa mülayim?

- Yoldaşım çox mülayim insan idi. Əgər o mülayim olmasaydı, mən bu qədər övlad saxlaya bilərdim? Günboyu yük avtomobili ilə tərəvəz daşıyardı, amma evə gələndə də gücü çatdığı qədər mənə kömək edərdi. Güclü yağış, qar yağanda işə getməzdi və bir də bayramlarda evdə olardı. Həmin günlərdə “sən də bir az yat, bütün günü ayaq üstəsən, uşaqlara mən baxaram” deyərdi. Allah rəhmət eləsin, o qədər yaxşı insan idi ki, işdə, yeməkxanada ona peçenye verərdilərsə,  yeməyib evə gətirib uşaqlara verərdi. Mən yemək bişirərdim, amma rəhmətlik yoldaşım uşaqlar və mən doyunca yeyək deyə evdə yeməzdi, çox vaxt işinin yeməkxanasında yeyərdi. Həmişə də mənə “Ye, uşaqlara bax, sən də yemək yeməsən, necə olacaq?” deyirdi.

- Nənə, siz “Qəhrəman ana” ordeni ilə təltif ediləndə sizə birdəfəlik mükafat verildi, yoxsa çoxuşaqlı ana olduğunuz üçün sizə pensiya təyin olundu?

- İlk ordeni 10-cu uşağımız olanda verdilər. Bəli, SSRİ vaxtı əvvəl 100 manat, sonra 110, 120 və 200 manata qədər pul verərdilər. İkinci ordeni isə 20-ci övladımız dünyaya gələndən sonra verdilər. Yadımdadır, rayon mərkəzində nəsə tədbir var idi, hətta Zeynəb Xanlarova da gəlmişdi həmin tədbirə. Məni də oraya dəvət etdilər və ikinci ordeni orada mənə təqdim elədilər. 60 nəvəm, 55 nəfər nəticəm və kötücələrim var.

- Rəfiqə xanım, siz 2 dəfə “Qəhrəman ana” ordeni ilə təltif edilmisiniz, amma onların kitabçaları var, özləri yox, niyə?

- Medalların ikisini də mənə rayon mərkəzində təmtəraqla təqdim elədilər və hər ikisi qızıl idi. Onları həmişə kasada saxlayırdım. Böyük oğlumun toy günü idi, mənim də başım qarışmışdı toy işlərinə. Həmin gün bundan istifadə edib evə girib onları oğurlamışdılar. Özü də kasanın içərisində o ordenlərlə bərabər, başqa ordenim də var idi, onu da aparmışdılar. Amma “Qəhrəman ana” ordenlərinin kitabçaları sandıqda olduğundan kitabçalarını aparmayıblar. Bu haqda rayon mərkəzinə də müraciət elədim, amma tapılmadı.

0
Teqlər:
müsahibə, Astara, qəhrəman ana