İçərişəhrdə yarmarka, arxiv şəkli

Modelyer: Tezliklə milli papaqlar, çuxalar, köynəklər müasir formatda təqdim olunacaq

32
(Yenilənib 22:18 12.09.2021)
Dəb, moda, tərz, "fashion" deyəndə həmişə nədənsə qadınlar yada düşür. Bu məsələdə adətən gender bərabərliyi pozulur desək, yanılmarıq. Son vaxtlar qadın geyimlərində milli ornamentlərdən istifadə olunur.

BAKI, 12 sentyabr — Sputnik. Dəb, moda, tərz, "fashion" deyəndə həmişə nədənsə qadınlar yada düşür. Bu məsələdə adətən gender bərabərliyi pozulur desək, yanılmarıq. Son vaxtlar qadın geyimlərində milli ornamentlərdən geniş istifadə olunur. Bu mənada da kişi geyimlərinin diqqətdən kənarda qaldığını deyə bilərik.

Modelyer Şəlalə Maqsudova Sputnik Azərbaycan-a verdiyi müsahibəsində bildirib ki, zamanla kişilərimiz milli geyimləri adi günlərdə də geyinəcəklər. Bunun dəb halını alması məsələsinə gəldikdə isə modelyer bildirir ki, buna zaman lazımdır:

"Papaqlar, çuxalar, köynəklər müasir formatda təqdim olunacaq. Azərbaycanın milli kişi köynəklərində dik yaxalıq olmayıb. Dik yaxalıq Avropadan gəlib". 

Tanınmış modelyer onu da əlavə edib ki, bir müddət öncə kəlağayı demək olar ki, yox idi. Amma hazırda demək olar ki, hər qadının qarderobunda kəlağayı var:

"Məsələn 10 il əvvəl kəlağayı bağlayan qadın yox idi, onu ancaq teatr səhnəsində və Novruz çəkilişlərində görə bilirdik. İndi isə əksər qadınlar aksesuar kimi kəlağayıdan istifadə edirlər. 10 il əvvəl xınayaxdılar indiki qədər təmtəraqlı keçirilməzdi. İndi təmtəraqlı keçirilir, gəlin köçən qızlar milli geyim geyinirlər. Bir dəfə bir yazı oxumuşdum. Qız nənəsigilə gedir, nənəsinin arxivini açır. Oradan nənəsinin kəlağayısını götürür, söz verir ki, o kəlağayıda gəlin köçəcək. Elə də edir, həmin qız nənəsinin gəlinliyində taxdığı kəlağayı ilə gəlin köçür. Ondan sonra kəlağayı dəbə minir. Bu, haradasa 20 il əvvəl olub. İndi çox baha qiymətə satılmasına baxmayaraq hər qadın istəyir ki, onun kəlağayısı olsun, geyimində milli çalarlar olsun. Dəb elədir ki, heç vaxt deyə bilmərik ki, 10 il sonra nə olacaq".
Şəlalə Maqsudova

Modelyerin sözlərinə görə o, 5 ildir ki, Turkvision yarışmasında iştirak edən iştirakçıların geyimlərini hazırlayır və hər geyimdə də milli ornamentlerdən istifadə edir.

"Hətta iki iştirakçının geyimləri Türkiyədə münsiflər heyətinin diqqətini cəlb etmişdi. Onların oxuduqları mahnılardan çox geyimlərinə 10 bal vermişdilər. Mən həmişə çalışıram ki, kişilərin geyimlərində milli koloritə uyğun hazırlayım. Amma bir şeyi nəzərə alaq ki, milli geyimlərdə bəzəklərdən, pulcuqlardan istifadə edirik, ona görə bu geyimlər adi günlərdə istifadə oluna bilməz. Həmin geyimlər mütləq festivallar, bayramlar və səhnə üçün tikilir".

"FR collection"un təsisçisi Fuad Cəbrayılov isə bildirir ki, yaxın zamanlarda milli geyimləri daha praktik edəcəklər. Bununla da milli geyimləri adi günlərdə də geyinmək mümkün olacaq:

"Bizim kolleksiyamızda milli kişi və qadın geyimləri var. Gələcəkdə mili kişi və qadın geyimlərinin müasir versiyalarını hazırlamaı planlaşdırırıq. İstəyirik ki, milli geyimlər müsir dövrdə də istifadə olunsun. Müəyyən dərəcədə dəyişikliklər olmalıdır ki, onlar daha praktik olsun. Çünki, bizim qədim milli geyimlərdən gündəlik istifadə etmək praktik cəhətdən çətindir. Çünki onlarla hərəkət etmək mümkün deyil. Müasir dönəmdə, dinamik həyatımızda o geyimlərlə hərəkət etmək qeyri-mümkündür. Amma biz onlara müasirlik qataraq daha insanların rahat hərəkət etməsinə nail oacaq. Biz hətta çuxaları da müasirləşdirmək istəyirik".

Həmçinin oxuyun:

Dəbdə yenilik - 2022-ci ildə hansı rəng trenddə olacaq?

32
Teqlər:
milli geyim, modelyer
Rejissor Şamil Əliyevin Çölçü filminin çəkiliş prosesi

Azərbaycanlı rejissor Hollivudda film seçəcək

5
2020-ci ildə Şamil Əliyev həmin festivalda “Çölçü” filminə görə ən yaxşı rejissor işi üçün mükafat almışdı.

BAKI, 18 sentyabr - Sputnik. Kinorejissor Şamil Əliyev 10th Global Nonviolent (Hollywood, California, USA) Beynəlxalq Film festivalında münsiflər heyətinin üzvü seçilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, keçən il Şamil Əliyev bu festivalda “Çölçü” filminə görə ən yaxşı rejissor işi üçün mükafat almışdı.

COVID–19 pandemiyası ilə əlaqədar olaraq festival ikinci ildir ki, onlayn formatda keçirilir.

27 ölkədən müxtəlif janrlarda 44 film müsabiqəyə keçib ki, bunun da 11-i premyera nümayişi olaraq festivalda iştirak edir.

Qaliblərin siyahısı okyabrın 4-də video nümayiş vastəsi ilə elan olunacaq.

Eləcə də oxuyun:

5
Teqlər:
film, rejissor, azərbaycanlı, Hollivud, münsif, münsiflər heyəti

Üzeyir ruhu bu gün Şuşada dolaşır

1610
İşğaldan azad olunan Şuşa şəhərində bu gün sayca ikinci festival keçirilir. Musiqisevərlər Üzeyir Hacıbəyli - XIII Beynəlxalq Musiqi Festivalına toplaşıblar.

BAKI, 18 sentyabr — Sputnik. Bu gün işğaldan azad ediləndən sonra Şuşa şəhərində ilk dəfə Milli Musiqi günü keçirilir.

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, hər il dahi Üzeyir Hacıbəylinin ad günündə qeyd olunan tədbir bu dəfə onun Şuşadakı heykəlinin ucaldığı parkda baş tutub. Tədbirdə iştirak edən nümayəndə heyəti Xalq artisti Bülbülün evini və Natəvan bulağını ziyarət edərək onların heykəlləri önünə gül dəstələri qoyublar.

Tədbiri Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov açaraq bildirib ki, bu gün Şuşada uzun illər sonra ilk dəfə Üzeyir Hacıbəyli - XIII Beynəlxalq Musiqi Festivalı keçirilir: "Əminəm ki, gələcək nəsillər də bu ənənəni davam etdirəcəklər. Bu gün keçirilən tədbirin xüsusi əhəmiyyəti var. Milli Musiqi Günümüz vaxtı ilə erməni vandallarının dağıtdığı və avqustun 29-da Prezidentin iştirakı ilə açılışı olan Üzeyir bəyin heykəli qarşısında keçirilib.

İkinci səciyyəvi məqam odur ki, bu gün çıxış edəcək Fikrət Əmirov adına Mahnı və Rəqs ansamblı düz 85 il əvvəl dahi bəstəkar tərəfindən yaradılıb”.

Qeyd olunub ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Şuşada icra etdiyi genişmiqyaslı restavrasiya işləri çərçivəsində ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri bərpa olunur.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev deyib ki, bundan əvvəl də Şuşada beynəlxalq festivallar keçirilib: "Ancaq bu günün önəmi hər birimiz üçün tamam fərqlidir. Bu gün Üzeyir bəyin ruhu bizimlə Şuşadadır. Burada səslənən musiqilərin sədaları altında işğaldan azad olan digər torpaqların yenidən qurulması daha da sürətlənəcək".

Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlu Şuşaya yeni həyatın qayıtdığını deyib. O, bu gözəl məkanda Vaqif Poeziya Günlərinin, Xarı Bülbül festivalının keçirildiyini, tarixi və mədəni abidələrin bərpa edildiyini vurğulayıb:

"Biz bu günü 30 ildir arzulayırdıq. Bu gün mənim ürəyim doludur, ona görə də danışmaqda çətinlik çəkirəm. Bu gün yaşadığımız sevinci şəhidlərə, qazilərə borcluyuq. Hər il bu bayramı Bakıda qurulan səhnələrdə keçirirdik. Bu il isə Üzeyir heykəlinin yerləşdiyi bağda, azad Şuşada bayramı qeyd edirik. Ona görə də hamınızı burada görməkdən şadam. Şuşa çox böyük sürətlə dəyişilir. Bu gün münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Arzu edirəm ki, bundan da böyük tədbirləri Şuşada keçirək".

Qeyd edək ki, mədəniyyət xadimləri səfər çərçivəsində Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada Qala divarlarını, eyni zamanda, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət ediblər.

İştirakçılara Qala divarlarının işğal dövründə erməni vandalları tərəfindən dağıdıldığı və yenidən bərpa olunması, həmçinin Yuxarı və Aşağı Gövhər Ağa məscidləri barədə məlumat verilib. Hazırda qala divarlarında təmir işləri davam edir.

Qeyd edək ki, bu beynəlxalq tədbir işğaldan azad olunan Şuşa şəhərində keçirilən sayca ikinci festivaldır.

Tədbir konsert proqramı ilə davam edir.

Eləcə də oxuyun:

1610
Teqlər:
Şuşa, Üzeyir Hacıbəyli, Musiqi günü, festival
Spirtli içki

Alkoqollu içkilərə xərclədiyimiz pullar artıb - 51 milyon dollar

0
(Yenilənib 19:54 18.09.2021)
Hesabat dövründə alkoqollu və alkoqolsuz içkilər və sirkə üzrə idxal Azərbaycanın ümumi idxalının 0,7 %-i, ixrac isə ümumi ixracın 0,07 %-i təşkil edib.

BAKI, 18 sentyabr — Sputnik. Bu ilin yanvar-avqust aylarında Azərbaycan 51,408 milyon ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə idxal edib.

Sputnik Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,779 milyon ABŞ dolları (17,8 %) çoxdur.

Səkkiz ay ərzində Azərbaycanın alkoqollu və alkoqolsuz içkilər və sirkə ixracının dəyəri isə 8,902 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 0,531 milyon ABŞ dolları (6,3 %) çoxdur.

Hesabat dövründə alkoqollu və alkoqolsuz içkilər və sirkə üzrə idxal Azərbaycanın ümumi idxalının 0,7 %-i, ixrac isə ümumi ixracın 0,07 %-i təşkil edib.

Eləcə də oxuyun:

0
Teqlər:
alkoqol, alkoqollu içki, qiymət, idxal, bahalaşma