Suğra və oğulları filmindən kadr

Azərbaycan filmi dünya premyerasına hazırlaşır

14
(Yenilənib 17:09 10.09.2021)
Filmin baş prodüseri İlqar Nəcəf, prodüserləri Orman Əliyev və Ayhan Salar, rejissoru İlqar Nəcəf, ssenari müəllifləri Asif Rüstəmov, Roelof Jan Minneboo və İlqar Nəcəfdir. Filmin təsvir rejissoru Ayhan Salardır.

BAKI, 10 sentyabr — Sputnik. Bakı Media Mərkəzi, "Butafilm", "Arizona Productions" (Fransa) və "Salarfilm"in (Almaniya) birgə istehsalı olan "Suğra və oğulları" bədii filmi A kateqoriyalı Busan Beynəlxalq Film Festivalının müsabiqə bölməsinə seçilib. Kinorejissor İlqar Nəcəfin "Suğra və oğulları" filmi Festivalın "Kim Jiseok" adına mükafatı uğrunda yarışacaq.

"Azərbaycanfilm" Kinostudiyasından Sputnik Azərbaycan-a verilən məlumata görə, filmdə 2-ci dünya müharibəsi dövrü Azərbaycanda, arxa cəbhədə, kənddə yaşayan insanların taleyindən bəhs olunur. Filmin əksər çəkilişləri Daşkəsən rayonunun Suqovuşan kəndində aparılıb. Ssenari müəlliflərindən biri və rejissoru İlqar Nəcəf olan "Suğra və oğulları" filminin yaradıcı heyəti arasında avropalı mütəxəssislər də yer alıb.

Filmin baş prodüseri İlqar Nəcəf, prodüserləri Orman Əliyev və Ayhan Salar, rejissoru İlqar Nəcəf, ssenari müəllifləri Asif Rüstəmov, Roelof Jan Minneboo və İlqar Nəcəfdir. Filmin təsvir rejissoru Ayhan Salardır.

Maraqlı sujet xətti olan filmdə Suğra iki oğlu ilə birgə dağ kəndində yaşayır. Onun əri Böyük Vətən müharibəsində döyüşlərdə iştirak edir . Suğra uzun müddətdir ərindən xəbər ala bilmir, bu ərəfədə isə onun böyük oğluna da çağırış vərəqi gəlir. Ərindən sonra oğlunu da itirəcəyindən narahat olan Suğra tərəddüd edir və sonda böyük oğlunu dağlarda gizlənən qaçaqların yanına göndərir. Bundan sonra, o, hakimiyyətin yerli nümayəndəsinin timsalında müharibə və imperializmin ağır əziyyətləri ilə üz-üzə qalır. Sevgi və nifrətlə dolu həyat onu gözləyir.

Filmdə tanınmış aktyorlar Qurban İsmayılov, Günəş Mehdizadə, Xalidə Quliyeva, İlqar Cahangir, Rasim Cəfər, Aydan Həsənzadə ilə yanaşı, ilk debütünü edən Hümbət Əhmədzadə, Paşa Məmmədli kimi gənc aktyorlar da rol alıblar. Bu gənclər Daşkəsən rayonunun sakinləridir. Çəkilişlər zamanı bir sıra epizodlarda rayonun Suqovuşan kəndinin sakinləri də iştirak edib. 2-ci dünya müharibəsi dövrünün bütün keşməkeşlərini özündə cəmləşdirən filmin bu il geniş auditoriyaya təqdim olunması ilə yanaşı beynəlxalq festivallarda da Azərbaycanı təmsil etməsi gözlənilir.

Qeyd edək ki, 26-cı Busan Beynəlxalq Film Festivalı 6-15 oktyabr 2021-ci il tarixlərində Koreyanın Busan şəhərində keçiriləcək. "Suğra və oğulları" festivalın "Kim Jiseok" adına əsas mükafatı uğrunda yarışan 7 filmdən biridir. Festival zamanı Filmin Dünya premyerası baş tutacaq.

14
Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə

Xalq artisti: “Üzeyir Hacıbəyovu hər zaman “Şərqin Motsartı” adlandırmışam”

205
(Yenilənib 09:56 18.09.2021)
Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə bildirib ki, onun yaradıcılığı sayəsində muğam sənəti qərbin ən mürəkkəb janrı olan opera ilə sintez tapdı
Firəngiz Əlizadə: “Ölməz bəstəkarın dahiliyi təkcə musiqi yaradıcılığı ilə məhdudlaşmır”

Azərbaycanın dahi bəstəkarı, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan professional musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyovun anadan olmasının 136 ili tamam olur.

Sputnik Azərbaycan dahi bəstəkarın həyat və yaradıcılığı barədə Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə ilə həmsöhbət olub.

Üzeyir Hacıbəyovu hər zaman “Şərqin Motsartı”, “Şərqin Günəşi adlandırmışam” -  deyə söhbətə başlayan xalq artisti dahi bəstəkarın yaradıcılığının əsrarəngizliyindən söz açıb: “Bu xüsusiyyətlər onun musiqisini ölməz edir. Nə qədər ki, azərbaycanlılar var bu musiqi qəlblərimizi fəth edəcək. Üzeyir Hacıbəyov dahi insan olub və bu hər sahədə özünü göstərib. Onun  haqqında danışarkən ən çox istifadə olunan sözlər ilk dəfə, birinci dəfədir. Onun yaradıcılığı sayəsində muğam sənəti qərbin ən mürəkkəb janrı olan opera ilə sintez tapdı. Ölməz bəstəkarın dahiliyi təkcə musiqi yaradıcılığı ilə məhdudlaşmır. Sovet İttifaqında elə bir ölkə yox idi ki, onun musiqisi orada populyar olmasın”.

Firəngiz Əlizadənin fikirlərinə ətraflı şəkildə audiofaylda qulaq asa bilərsiniz

205

Heykəli güllələnib satışa çıxarılan dahimiz: bu günümüz adıyla yaşayır

443
(Yenilənib 10:02 18.09.2021)
Onun haqqında "Üzeyir ömrü", "Üzeyir Hacıbəyov", "Əbədi iftixarımız" filmləri çəkilib. Dahi bəstəkarın doğum günü 1995-ci ildən Azərbaycanın Milli Musiqi Günü kimi qeyd edilir.

BAKI, 18 sentyabr — Sputnik. Üzeyir Hacıbəyli mədəniyyət tariximizdə dahi bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim kimi xüsusi yer tutur.

Sputnik Azərbaycan xəbər verir ki, o, 1885-ci il sentyabrın 18-də Ağcabədidə kənd mirzəsi Əbdülhüseynin ailəsində dünyaya göz açıb. Uşaqlığı Qafqazın "konservatoriyası" - Şuşada keçib. Balaca Üzeyir xalq mahnılarını, muğamları avazla oxuyur, tarda çalırdı. Şuşanın zəngin ifaçılıq mühiti onun musiqi istedadının inkişafına böyük təsir göstərir.

Şuşada, Tiflisdəki Qori müəllimlər seminariyasında, Moskvada, Sankt-Peterburqda təhsil alan gənc Üzeyir Cəbrayıl qəzasının Hadrut kənd məktəbində, sonra Bakıda müəllim işləyir. Bir müddət "İslamiyyə", "Təbriz" mehmanxanalarında və kirayədə yaşayır. "Leyli və Məcnun" operettasını mehmanxanada qalarkən yazır. 1908-ci il yanvarın 25-də Hacı Zeynalabdin Tağıyevin teatrında oynanılan "Leyli və Məcnun" ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulur.

Gənc bəstəkar bir-birinin ardınca "Şeyx Sənan", "Rüstəm və Söhrab", "Şah Abbas və Xurşud banu", "Əsli və Kərəm", "Harun və Leyla" muğam operalarını yazır.

Şərqdə ilk operettanın yaranması da Üzeyir bəyin adı ilə bağlıdır. "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyaları onu çox məşhurlaşdırır.

Üzeyir yaradıcılığının zirvəsi "Koroğlu" operası sayılır. Müəllif bu əsərində klassik opera qaydaları əsasında bitkin ariyalar, kütləvi xor səhnələri yarada bilir.

O, 300-dən çox xalq mahnısını toplayıb nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor üçün əsərlər yazıb. Azərbaycan Xalq Cümhuriyyətinin, indi isə müstəqil Azərbaycanın dövlət himninin musiqisi Üzeyir bəyə məxsusdur. Ə.Cavadın sözlərinə bəstələdiyi "Çırpınırdın, Qara dəniz" mahnısı təkcə Azərbaycanda deyil, Türkiyədə də çox məşhurdur.

Üzeyir Hacıbəyovun yaradıcılığında Qərb və Şərq musiqi üslubları birləşdirilib, onun tərəfindən Azərbaycan xalq musiqisinin elementləri klassik Avropa ənənələrinə uyğunlaşdırılıb. Bu metoddan istifadə edərək Hacıbəyov 1908-ci ildə Azərbaycan şairi Füzulinin eyni adlı poeması əsasında ilk Azərbaycan operası "Leyli və Məcnun"u yaratdı. 1909-cu ildə yaratdığı "Şeyx Sənan" adlı ikinci operası üslubuna görə sələfindən xeyli dərəcədə fərqlənirdi və əsasən müəllifin musiqisindən ibarət idi.

1910–1915-ci illər arasında yazılmış növbəti dörd opera ənənəvi Azərbaycan muğamı əsasında qurulub ("Rüstəm və Zöhrab" (1910), "Şah Abbas və Xurşud Banu" (1911), "Əsli və Kərəm" (1912), "Harun və Leyla" (1915)). Bəstəkarın ən yaxşı əsəri 1936-cı ildə yazılmış "Koroğlu" operası hesab olunur. Bu əsərinə görə Üzeyir Hacıbəyova 1941-ci ildə "Stalin" mükafatı verildi. Ümumilikdə, o, 7 opera və 3 operetta yazıb: "Ər və arvad" (1909), "O, olmasın bu olsun" (1910) və "Arşın mal alan" (1913). Hacıbəyov "Koroğlu" operası xaricində bütün əsərlərinin librettosunun müəllifi idi. Onun həmçinin yarımçıq qalmış "Firuzə" operası var idi. Bu əsəri bəstəkar İsmayıl Hacıbəyov tamamladı.

Üzeyir Hacıbəyov "Sənsiz" (1941) və "Sevgili canan" (1943) kimi əsərlər yaradaraq "romans-qəzəl" adlı kamera vokal musiqisinin yeni janrını kəşf etdi. Bundan əlavə, Hacıbəyov həm də Azərbaycan opera məktəbinin qurucusu hesab olunur.

Azərbaycan musiqisinin sütunu sayılan Üzeyir bəy 1918-ci ildə Azərbaycan himnini bəstələdi. 1920–1991-ci illərdə Azərbaycanın SSRİ ittifaq respublikalarının tərkibinə daxil olması səbəbindən bu himn səsləndirilmirdi. Lakin 1930-cu ildə Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının 10-cu ildönümü münasibətilə Üzeyir bəy Azərbaycan SSR-in yeni himn sözlərini və musiqisini yazdı. Yeni himn ilk dəfə 28 aprel 1930-cu ildə Hacıbəyovun rəhbərliyi altında səsləndirildi. 1930-cu ilə aid Azərbaycan SSR-in himni kantata janrına oxşar olduğundan ona bəzən kantata da deyilir. Artıq 1944-cü ildə o, ittifaq respublikasının yeni himnini tərtib etdi, hansı ki Azərbaycan SSRİ-in tərkibindən çıxanadək səsləndirilirdi. 1991-ci ildə 1918-ci ilə aid köhnə himn yenidən "dövlət" statusunu aldı.

1920-ci illərin sonu və 30-cu illərin əvvəllərində o, xalq çalğı alətləri orkestri üçün ilk Azərbaycan kütləvi mahnılarını, kamera instrumental əsərlərini yaratdı ("Pambıq tarlalarında" süitası, "Çahargah" və "Şur" ladaları) və skripka, violonçel və fortepiano üçün kantatalar (o cümlədən "Füzulinin xatirəsinə "(1934)), orkestr (uverturalar) və xor əsərlərini bəstələyib.

1941–1945 müharibə illərində bir sıra vətənpərvərlik mahnılar ("Yaxşı yol", "Şəfqət bacısı" və s.), "Vətən və cəbhə" kantatası və "Döyüşçülər marşı" (1942) uvertürasını yazıb.

Üzeyir Hacıbəyli Bakı Musiqi Texnikumuna, Azərbaycan Elmlər Akademiyasının İncəsənət İnstitutuna, Azərbaycan Dövlət Konservatoriyasına, Bəstəkarlar İttifaqına rəhbərlik edib. İlk xalq çalğı alətləri orkestrini, Azərbaycan Dövlət Xorunu yaradıb.

Tələbələrinə ata qayğısı ilə yanaşan Üzeyir bəyin tədris prosesinə maraqlı yanaşması vardı. Müəllim tələbələrin mühazirəyə gəlməməsindən şikayətlənəndə Üzeyir bəy təbəssümlə soruşarmış: Əminsinizmi ki, sizin mühazirələriniz zamanı auditoriyanın boş qalmasında təkcə tələbələr günahkardır? Oxun hara atıldığını başa düşən müəllim mühazirələrə daha ciddi hazırlaşardı.

Üzeyir Hacıbəylinin elmi-nəzəri məqalələri, "Azərbaycan xalq musiqisinin əsasları" monoqrafiyası milli musiqi elmimizin inkişafına qiymətli töhfədir. O deyirdi: "Musiqini elə yazmaq lazımdır ki, onu zövqü korlanmış bir qrup adam deyil, bütün xalq başa düşsün".

Üzeyir bəy nadir şəxsiyyətlərdən biridir ki, həm bəstəkar olub, həm də publisist. "Ü", "Filankəs", "Behmankəs" və digər gizli imzalarla felyetonlar yazıb. Onun "Ordan-burdan" başlığı altında dərc olunan felyetonları öz dövrü üçün çox dəyərli idi.

Dahi bəstəkar dövrünün ən yüksək mükafatlarına və fəxri adlarına, o cümlədən SSRİ Xalq Artisti adına layiq görülüb.

1947-ci ildə şəkərli diabetdən əziyyət çəkən Üzeyir Hacıbəyovun vəziyyəti ağırlaşır və səhv təyin olunmuş müalicə səbəbindən daha da mürəkkəbləşir. Moskva şəhər Kreml xəstəxanasında müalicə almağa başlayır, daha sonra Mərdəkandakı dövlət sanatoriyasına köçürülür. 1948-ci il noyabrın 23-də, gecə saat 2 radələrində bəstəkar Bakıda, "Monolit" binasının dördüncü mərtəbəsindəki mənzilində ürək çatışmazlığından vəfat edir. Üzeyir Hacıbəylinin dəfnində görünməmiş izdiham yaşanır. Onun cənazəsi Bülbülün ifasında "Sənsiz" romansının sədaları altında qaldırılır və Fəxri xiyabanda dəfn olunur.

Onun haqqında "Üzeyir ömrü", "Üzeyir Hacıbəyov", "Əbədi iftixarımız" filmləri çəkilib. Dahi bəstəkarın doğum günü 1995-ci ildən Azərbaycanın Milli Musiqi Günü kimi qeyd edilir. Artıq 5 ildir ki, ölkəmizdə Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi festivalı keçirilir.

Bakı Musiqi Akademiyası, Azərbaycan Bəstəkarlar İttifaqının möhtəşəm salonu, Azərbaycan Dövlət simfonik orkestri, paytaxtımızın mərkəzi küçələrindən biri onun adını daşıyır. Bakıda memorial ev-muzeyi fəaliyyət göstərir. Bakı Musiqi Akademiyasının qarşısında heykəli qoyulub.

1959-cu ildə Şuşada abidəsi və büstü qoyulub. Daha sonra, BBC jurnalisti Tomas de Vaalın sözlərinə əsasən, "gülləbaran edilmiş, ikiyanlı pencəkdə və qırılmış eynəkdə" olan büst sökülüb və 1992-ci ildə Şuşanı zəbt edən ermənilər onu metal kimi Gürcüstanda satışa qoymuşdular. 1992-ci ilin may ayının 8-də Şuşanın işğalı zamanı təkcə şuşalıların evləri yox, tarixi abidələrimiz də erməni qəsbkarlarının qurbanına çevrilib. Beynəlxalq Haaqa Konvensiyasının tələblərinə məhəl qoymayan ermənilər Bülbül və Natəvanın heykəli ilə yanaşı Üzeyir bəyin də heykəlini müxtəlif hissələrdən güllələyiblər. Həmin heykəllərin tunc materialına tamah salan düşmənlərimiz heykəllərdən gəlir əldə etmək məqsədilə əvvəlcə Yerevana, sonra da Gürcüstana aparıblar. Xoşbəxtlikdən Gürcüstanda yaşayan həmvətənlərimiz təsadüfən bu heykəlləri görüblər. Bununla bağlı müvafiq qurumlara məlumat veriblər. 1993-cü ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsi ilə həmin heykəllər Bakıya gətirilib. 2000-ci ildən muzeyin kolleksiyasına daxil olub.

2021-ci ilə qədər büst Azərbaycan İncəsənət Muzeyinin açıq havasında nümayiş olunurdu. 14 yanvar 2021-ci ildə büstü öz doğma torpağında - Şuşada yenidən quraşdırıldı.

443
Playstation 4-ün costiki, arxiv şəkli

"Playstation"da qanun pozuntusu aşkarlandı

0
“Playstation” oyun-əyləncə mərkəzində karantin rejiminə və sanitar-gigiyena qaydalarına zidd olaraq müştərilərə qəlyan xidməti göstərilməsi halı aşkarlanıb.

 

BAKI, 18 sentyabr — Sputnik. Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, bu istiqamətdə Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti tədbirlər zamanı rayon ərazisindəki “Playstation” oyun-əyləncə mərkəzində karantin rejiminə və sanitar-gigiyena qaydalarına zidd olaraq müştərilərə qəlyan xidməti göstərilməsi halı aşkarlanıb. Karantin qaydalarının pozulduğu həmin obyektin sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək baxılmasından ötrü Cəlilabad Rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, bir müddət öncə Bakıda analoji hadisə baş vermişdi. Belə ki, "Pub-110" adlı kafenin sahibi Emin Məmmədovun müştərilərə qəlyan verdiyi aşkar edildiyi üçün həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

 

0