Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

“Telefonçu qız” filminin baş rol ifaçısı Ukraynada mükafatlandırılıb

© Sputnik / Georgiy Ter-Ovanesov / Mediabanka keçidUkraynanın Xalq artisti Raisa Nedaşkovskaya
Ukraynanın Xalq artisti Raisa Nedaşkovskaya - Sputnik Azərbaycan, 1920, 10.09.2021
Abunə olmaq
Aktrisa çıxışında çəkildiyi filmlər haqqında məlumat verərkən Azərbaycan istehsalı olan “Telefonçu qız” filmi haqqında xoş xatirələrini danışıb.
BAKI, 10 sentyabr — Sputnik. Azərbaycanın sevilən “Telefonçu qız” filmində Mehriban obrazını canlandıran Ukraynanın Xalq artisti Raisa Nedaşkovskaya daha bir mükafata layiq görülüb. Sputnik Azərbaycan xəbər verir ki, Raisa Nedaşkovskaya teatr sənətinin inkişafındakı xidmətinə görə “Kiyevskaya Pektoral” mükafatı alıb.
Mükafatlandırma mərasimindən öncə Kiyevin bir neçə teatrlarının aktyorları tərəfindən səhnəciklər göstərilib. Mükafat təqdim edildikdən sonra çıxış edən R.Nedaşkovskaya göstərdikləri etimada görə təşəkkürünü bildirib. Karyerası haqqında danışan aktrisa kino və teatr sənətini seçdiyi üçün xoşbəxt olduğunu vurğulayıb. O, çıxışında çəkildiyi filmlər haqqında məlumat verərkən Azərbaycan istehsalı olan “Telefonçu qız” filmi haqqında xoş xatirələrini danışıb.
Tədbirin sonunda Ukraynada Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzinin rəhbəri, Ukraynanın Xalq artisti Qurban Abbasov və müğənni Natalya Kudyaşova musiqili kompozisiya ilə çıxış ediblər.
Məlumat üçün bildirək ki, film Həsən Seyidbəylinin eyniadlı povesti əsasında ekranlaşdırılıb. O, eyni zamanda filmin rejissorudur. 1962-cı ildə çəkilən film Seyidbəylinin rejissor kimi kinoda ilk işidir. Lirik kinopovestdə həyatda öz yerini tapan gənc qız Mehribanın (Raisa Nedaşkovskaya) taleyindən və onun ilk məhəbbətindən danışılır. Mehribanın məhəbbəti çətinliklərlə üzləşir, ona sevinc gətirmir, lakin qızı ruhdan da salmır. Sevdiyi adam bir zamanlar xəyalında yaşatdığı insanın səviyyəsinə qalxa bilmir. Ancaq Mehriban zahirən xəyal dostuna bənzəyən Zakiri (Nodar Şaşıqoğlu) dərindən düşünməyə və insanlara qarşı münasibətinə yenidən nəzər salmağa vadar edir.
 
Xəbər lenti
0