Murad Mirzəyev

Gənc heykəltaraş ən böyük arzusuna çatıb - Milli Qəhrəmanımızın büstünü hazırlayıb

39
(Yenilənib 20:47 20.08.2021)
Aprel döyüşlərində komandiri olduğu qrup ilə birlikdə Talış kəndi ətrafındakı yüksəklikləri düşməndən azad etmiş və baş verən qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olmuş Murad Mirzəyevin büstünü hazırlamaq Leyla Məmmədovanın çoxdankı arzusu olub

BAKI, 20 avqust — Sputnik. Rəssamlıq Akademiyasının tələbəsi gənc heykəltəraş Leyla Məmmədova Azərbaycanın Milli Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin şəhid polkovnik-leytenantı Murad Mirzəyevin büstünü hazırlayıb.

Bu barədə Sputnik Azərbaycan-a məlumat verən heykəltaraşın sözlərinə görə, Aprel döyüşlərində komandiri olduğu qrup ilə birlikdə Talış kəndi ətrafındakı yüksəklikləri düşməndən azad etmiş və baş verən qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olmuş Murad Mirzəyevin büstünü hazırlamaq onun çoxdankı arzusu olub: "Murad Mirzəyev şəhid olanda mən hələ heykəltaraşlıqla məşğul olmurdum. Amma həmişə arzum idi ki, onun heykəlini yaradım. Onun gözlərindəki döyüşçü ruhu, qəhrəmanlığı rəvac verdi ki, mən onun büstünü hazırlayım. Onun obrazı, xarakteri mənim diqqətimi çəkib, rəğbət bəsləmişəm".

Gənc heykəltaraş bundan başqa, şəhid Ceyhun Rzayev və Elvin Məmmədovun da büstünü hazırlayıb.

Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı, Milli Qəhrəman Murad Mirzəyev 1976-cı il martın 31-də Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub. 1998-ci ildə Türkiyədə Ali Hərbi Məktəbi bitirib, ABŞ, Rumıniya, İordaniya kimi ölkələrdə təlimlər keçib.

M.Mirzəyev 2016-cı ildə Aprel döyüşlərində qəhrəmancasına şəhid olub. Şəhid zabitin nəşi aprelin 10-da Beynəlxalq Qırmızı Xaçın vasitəçiliyi ilə döyüş meydanından götürülərək Azərbaycana təhvil verilib. M.Mirzəyev aprelin 11-də II Fəxri Xiyabanda dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2016-cı il 19 aprel tarixli sərəncamı ilə ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə polkovnik-leytenant Mirzəyev Murad Telman oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

Eləcə də oxuyun:

39
Əməkdar İncəsənət xadimi, professor Amin Novruzov

Film çəkənlərlə çəkməyənlərin dediyi dərs: "O, Azərbaycan kinosunu qara günə qoydu"

76
(Yenilənib 22:32 18.09.2021)
"Özgə vaxt", "Qızıl qaz", "Cin mikrarayonda", "Şərikli çörək" və s. kimi filmlərə ekran həyatı verən Amin Novruzov Sputnik Azərbaycan-a müsahibəsində kinomuzun hazırkı və əvvəlki durumunu müqayisə edib, köhnə filmlərin çəkiliş meydançasından maraqlı anları yada salıb.

BAKI, 18 sentyabr — Sputnik. Amin Novruzov - Azərbaycanın əməkdar incəsənət xadimi, 60-dan artıq filmin operatorudur. İndiki adla desək, təsvir rejissorudur. ÜDKİ-nin kinooperatorluq fakültəsində V. Yusovun emalatxanasında təhsil alan sənətkar 1983-cü ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu operator kimi fəaliyyət göstərib. Uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim kimi fəaliyyət göstərən Novruzovun qonağı olduq.

Səhhəti ilə əlaqədar sənətdən və universitetdən uzaqlaşıb. Azərbaycan kinosunun dünəni və bugünkü problemlərindən Sputnik Azərbaycan-a bəhs edən Amin müəllim bildirir ki, son dövrlər səhhətilə bağlı Azərbaycan kinosunu izləmir. Televiziyada yayımlanan seriallara gəldikdə isə, sənətkar düşünür ki, onlara da baxmasa, yaxşıdır: "O seriallara baxıb zövqümü korlamaq istəmirəm. Bir "Yuxu kimi" serialına baxıram, o da tələbəmin işidir deyə baxıram. Digərlərinə baxanda, ona "yaxşı" demək olar".

Ötən illərin xiffətini çəkən kinooperator kinostudiyanın Sovet dönəmindəki fəaliyyətindən söhbət açarkən bildirir ki, bir vaxtlar kinostudiya kino adamları ilə aşıb-daşırdı. İndi isə tərk edilmiş xarabalığa bənzəyir. Hərdən bir-iki heç kəsə lazım olmayan şou proqramları buranın pavilyonunda çəkirlər, vəssalam. Halbuki Sovet dönəmində o pavilyonda filmlər çəkilərdi.

Amin müəllim vurğulayır ki, kinonun bugünki hala gəlib çatmasında ən böyük günahkar keçmiş mədəniyyət naziri Əbülfəz Qarayevdir: "Qarayev Azərbaycan kinosunu qara günə qoydu. Bu sahə tamamilə çökdü onun dövründə. O illər üçün çox darıxıram. Bugünkü kimi deyildi o vaxt. Dəhlizlərdə o qədər insan olurdu ki, iynə atsan, yerə düşməzdi. Ən əsası da hər kəs başını aşağı salıb öz işini görürdü. Və insanlar işlərini məsuliyyətlə yerinə yetirirdilər. Ümid edirəm ki, yeni nazir bu sahəni dirçəldər.

Kinostudiyanın bütün maddi- texniki bazası məhv oldu köhnə nazirin dövründə. Evim kinostudiyanın yaxınlığındadır. Həkimim mənə hər gün piyada gəzməyi məsləhət görüb. Mən də hər gün, demək olar ki, kinostudiyanın həyətini gəzirəm. Ürəyim ağrıyır, heç cür oranın o vəziyyəti ilə barışa bilmirəm. Yeni direktor Fariz Əhmədov nəisə etməyə çalışır, amma maddi-texniki baza yoxdur".

2018-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən uzaqlaşan həmsöhbətimiz bildirir ki, film çəkməyən müəllimin univeristetdə dərs deməsi doğru deyil: "İndi bilmirəm, orada kim var, kim yox. Amma eşitdiyimə görə, film çəkməyən insanlar dərs deyirlər. Kino sahəsində tələbə yetişdirən müəllimin gərək film sahəsində praktikası olsun. Savadı olmayan, heç bir film çəkməyən müəllimin ixtiyarı yoxdur auditoriyaya girməyə".

""Azərbaycan kinosu" deyiləndə nədənsə insanların ağlına ilk Sovet dönəmində çəkilən filmlər gəlir. Halbuki son dönəmlər də film çəkilir. Sizcə, bu nədən qaynaqlanır?" sualına Novruzovun cavabı belə oldu: "Bizim dövrümüzdə film çəkməyə gedəndə 7 maşın gedirdik – operatorun, rejissorun, qrimyorların, aktyorların maşınları ayrı-ayrı olardı. İndi isə kino avadanlıqları və kinonun bütün yaradıcı heyəti bir maşında gedir. Ona görə də aləm qarışır bir-birinə. Film də keyfiyyətsiz alınır. Həm də komanda olaraq çox mehriban olurduq".

Amin müəllim söhbət zamanı onu da bildirdi ki, o dövrdə sənət adamına xüsusi diqqət, hörmət var idi. Hansısa ucqar kəndə gedəndə təmtəraqla qarşılanırdılar. Bunun səbəbi sənət adamlarının sənətlərinə olan sevgisindən irəli gəlirdi. İndi isə filmlər efirə gedir, tamaşaçı da baxır ki, film olduqca bayağıdır. Elə ona görə də həmin filmdə çəkilən aktyorun cəmiyyətdə nüfuzu olmur:

"İndikilər çox müştəbehdilər, elə ona görə də insanlar onlara hörmət eləmirlər. Ramiz Əzizbəyli ilə iki film çəkmişəm – "Yalan" və "Bəxt üzüyü". "Yalan" filminin bəzi kadrlarını Qubada çəkmişdik. Bizi çox hörmətlə qarşılamışdılar. Biz bir həyətə girdik. Orada istədiyim fakturanı almaq üçün dəyişikliklər etdik. Filmdən sonra hər şeyi əvvəlki vəziyyətinə qaytardıq. Amma gənc həmkarlarımız gedirlər hansısa rayona, ziyanlıq vururlar, heç üzürxahlıq da eləmirlər. İnsanlar onlara necə dəyər versinlər?"

Müsahibimiz ekran müəllifi olduğu filmlərin pərdəarxası məqamaları, başına gələn ekstrimləri, məhrum sənətkarla olan xatirlərini bizimlə bölüşüb: ""Qatır Məmməd" filmində Teyyub Axundovun köməkçisi idim. Şahmar Ələkbərov mənə dedi ki, "Atam, (mənə "atam" deyirdi) gedək atları gətirək, gələk. Dedim, ay Şahmar, mən at sürə bilmirəm axı, qorxuram atdan. Dedi, sən qorxma, mən yanında olacağam. Mən, aktyor Rafiq Əzimov, Ceyhun Mirzəyev və Şahmar mindik maşına, getdik atları gətirməyə. O vaxt film üçün atları Dağıstandan gətirirdilər. Atları mindik, gəlib Biləcəri tərəfə çatanda Şahmarın atı hürkməyə başladı. Mənim də atım ona qoşuldu. Bir də baxdım ki, camaat başıma yığılıb. Sən demə, at məni yerə çırpıb. Şahmar dedi, qalx ayağa, min ata, gedək. Daha yıxılmayacaqsan. Dedim, yox, mən bir də ata minmərəm".

Amin müəllim 1978-ci ildə lentə alınan "Qaynana" filminin çəkiliş prosesindən söhbət açıb:

"Nəsibə Zeynalova "Qaynana" filminə qədər başqa filmlərdə çəkilmişdi, amma onlar epizodik idi. "Qaynana" filmində isə baş rolu ifa edirdi. Nəsibə xanım çox peşəkar teatr aktrisası idi. Teatr aktyorları da həmişə improvizə edirdilər. Bu da filmin rejissoru Hüseyn Seyidzadənin xoşuna gəlmirdi. Aralarında həmişə mübahisə olurdu. Nəsibə xanım oturub ağlayırdı, sonra Hüseyn müəllim onun könlünü alırdı, barışırdılar və çəkiliş davam edirdi".

İllərdir ki, Azərbaycan tamaşaçısının sevə-sevə izlədiyi "Bəxt üzüyü" filmində də maraqlı məqamlar olub. Həmsöhbətimiz filmlə bağlı bəzi faktları bölüşüb: "Tanrıverdinin ad günü olan səhnəni əl kamerası ilə çəkirdik. Dava səhnəsini çəkməzdən öncə Ramiz Afaq xanıma deyib ki, yıxılanda sazı at yerə. Üç dubl çəkdik, sazı əlindən buraxmadı ki, buraxmadı. Ramiz də hirsləndi ki, burax da sazı. Sən demə, sazın sahibi Afaq xanıma əvvəlcədən deyib ki, sazı əlinizdən buraxmayın, sınar. Axır biz elə çəkdik ki, Afaq xanım yıxılır və sazı qarnının üstündə çalır. İndi düşünürəm ki, yaxşı ki, sazı buraxmayıb, ona da bir don geyindirəcəkdilər".

"Başqa bir maraqlı fakt, Sevda dənizdə zırpının batdığını xəbər verir, Afaq da qaçır. Mən və assistentim onun dalınca qaçırdıq. Ayağı daşa dəyir, yıxılır, mən və assistentim də onun üstünə yıxıldıq. Qorxdum ki, kamera sınar, xoşbəxtlikdən, salamat idi. Həmin səhnəni çəkən vaxt kameranı qurdum, Afaq da kameraya tərəf qaçırdı. O da kök idi axı, dedim, ay Allah, gəlib kameraya dəysə, kamera sınacaq. Baxmayaraq ki, dolu bədənli idi, amma həddindən artıq sürətlə qaçırdı. Gəlib kameraya çatanda uşaqlar arxadan tutdular ki, gedib kameranı yıxmasın. Həm də yuxarıdan aşağıya tərəf qaçdığından sürət daha da artır.

Oradakı araq səhnəsi də təbii idi, həqiqətən də arağın tapılmayan vaxtı idi. Rəhmətlik Ramizə dedim, əşşi, neyləyirsən arağı, gəl içinə su tökək. Dedi yox, araq olmalıdır. Güc-bəla ilə araq tapdıq", - deyə A. Novruzov əlavə edib.

"Özgə vaxt", "Qızıl qaz", "Cin mikrarayonda", "Ləqəbi "İka"dır", "Şərikli çörək", "Son döyüş", "Arxada qalmış gələcək" və s. kimi filmlərə ekran həyatı verən Amin Novruzov hazırda təqaüd almır. O təqaüdlə bağlı hələ Əbülfəz Qarayevin dövründə altı il Mədəniyyət Nazirliyinə müraciət edib, amma cavab verməyiblər. Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə müraciət etdik. Nazirlikdən bildirdilər ki, son iki ildə heç bir sənət adamına təqaüd təyin olunmayıb.

Eləcə də oxuyun:

76
İstanbul şəhərinə mənzərə, arxiv şəkli

Türkiyədə dünyada ilk mozaika aşkarlandı

9
(Yenilənib 21:52 18.09.2021)
Abidə Yozqat vilayətinin Sorqun rayonunda, Uşaklı kurqanında aşkarlanıb. Bu ərazidə qazıntı işlərinin aparılmasına 2012-ci ildən başlanılıb.

BAKI, 18 sentyabr — Sputnik. Arxeoloqlar Türkiyənin mərkəzində 3,5 min il yaşı olan mozaika aşkarlayıblar. Sputnik Azərbaycan "Daily Sabah"a istinadən xəbər verir ki, artıq bu tapıntı dünyanın ən qədim mozaikalarından hesab olunur.

3x7 m ölçüsündə olan mozaika 3147 daşdan ibarətdir. O, Yozqat vilayətinin Sorqun rayonunda, Uşaklı kurqanında aşkarlanıb. Bu ərazidə qazıntı işlərinin aparılmasına 2012-ci ildən başlanılıb.

"Bizim araşdırmalar nəticəsində müəyyənləşdirilib ki, tapılan mozaika dünyada ən birinci mozaikadır. Onun forması da bunu təsdiqləyir. Çünki o, kifayət qədər primitiv tərzdə hazırlanıb. Biz bu tapıntı hesabına turist sektorunun əhəmiyyətini artırmaq niyyətindəyik", - deyə vilayətin mədəniyyət və turizm üzrə idarəsinin direktoru Hüseyn Çiftçi bildirib.

Eləcə də oxuyun:

9

Rusiyalı dənizçilər Şüvəlanda həmkarlarının xatirəsini yad ediblər