Məmur, arxiv şəkli

Mədəniyyət Nazirliyində kadr təyinatı - diplomat rəis oldu

13
(Yenilənib 16:01 18.08.2021)
Yeni rəis 1995-ci ildə Azərbaycan Universitetinin "Beynəlxalq iqtisadi əlaqələr" ixtisası üzrə bakalavr, 1999-cu ildə isə "Beynəlxalq iqtisadi münasibətlər" ixtisası üzrə magistr pilləsini bitirib.

BAKI, 18 avqust — Sputnik. Mədəniyyət naziri Anar Kərimovun əmri ilə Həsənov Qalib Şamil oğlu Mədəniyyət Nazirliyinin Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Sputnik Azərbaycan xəbər verir ki, Qalib Həsənov 1974-cü ildə Ağcabədi rayonunda anadan olub. 1995-ci ildə Azərbaycan Universitetinin "Beynəlxalq iqtisadi əlaqələr" ixtisası üzrə bakalavr, 1999-cu ildə isə "Beynəlxalq iqtisadi münasibətlər" ixtisası üzrə magistr pilləsini bitirib.

1997-ci ildə Pakistan İslam Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən İslamabad şəhərində təşkil edilmiş "Diplomatik kurs"da, 1998-ci ildə Koreya İnkişaf Agentliyi tərəfindən təşkil edilmiş "Bazar iqtisadiyyati, Koreyanın inkişaf təcrübəsi", 1999-cu ildə Oksford və Birminqam universitetlərinin Budapeşt şəhərində birgə təşkil etdiyi "Ticarət Diplomatiyası" kurslarında iştirak edib.

Əmək fəaliyyətinə 1996-cı ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində başlayıb. 1999-2000-ci illərdə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı Səfirliyində III katib, II katib, 2000-2004-cü illərdə Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğunda vitse-konsul, konsul, 2004-2009-cu illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində şöbə müdiri, 2009-2010-cu illərdə Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyində müşavir, 2010-2013-cü illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində şöbə müdiri, 2013-2017-ci illərdə Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyində müşavir vəzifəsində çalışıb. Qalib Həsənov birinci dərəcəli müşavir diplomatik rütbəsinə malikdir.

Qeyd edək ki, bundan öncə sözügedən quruma Rza Quluyev rəhbərlik edib.

13
Teqlər:
Mədəniyyət Nazirliyi, təyinat, Ağcabədi
Təbriz şəhəri

Təbrizdə dahi şair Məhəmmədhüseyn Şəhriyarın xatirəsi anılıb

6
(Yenilənib 13:14 19.09.2021)
Mərasimdə İranın Şərqi Azərbaycan vilayətinin valisi Məhəmmədrza Purməhəmmədi, İranın Ali Rəhbərinin Şərqi Azərbaycandakı nümayəndəsi Məhəmməd Al-Haşim, şairlər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

BAKI, 19 sentyabr — Sputnik. Ötən gün böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın vəfatının 33-cü ildönümü tamam olub. Sputnik Azərbaycan Azərtac-a istinadən xəbər verir ki, bu münasibətlə Təbrizdə dahi şairin məqbərəsi önündə mərasim keçirilib. Mərasimdə İranın Şərqi Azərbaycan vilayətinin valisi Məhəmmədrza Purməhəmmədi, İranın Ali Rəhbərinin Şərqi Azərbaycandakı nümayəndəsi Məhəmməd Al-Haşim, şairlər, ictimaiyyətin nümayəndələri iştirak ediblər. Mərasim iştirakçıları Şəhriyarın yaradıcılığı, həyat və fəaliyyətindən geniş söz açıblar.

Məhəmmədhüseyn Şəhriyar fars və Azərbaycan dillərində yazdığı şeirləri ilə insanlara vətənpərvərlik duyğuları aşılamış, milli həmrəylik ideyası təbliğ etmiş, milli ruhun oyanışında böyük xidmətlər göstərmişdir. O, klassik şeirin bütün şəkillərinə müraciət edib, ölməz sənət inciləri yaradıb.

Məhəmmədhüseyn Şəhriyar 1906-cı ildə Təbriz şəhərinin Bağmeşə bölgəsində, o zamanın tanınmış hüquqşünaslarından Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya gəlib. O, Təbrizdə orta təhsil alaraq Tehran Universitetinin tibb fakültəsinə daxil olub. Şəhriyarın ilk şeir kitabı 1931-ci ildə Tehranda nəşr olunub. O, ötən əsrin 20-ci illərindən etibarən artıq istedadlı bir şair kimi tanınmağa başlayıb. Məhəbbət lirikasının böyük korifeyləri Hafiz və Füzulinin qəzəlləri ilə müqayisəyə qadir olan sevgi şeirləri, dünya həyatının mahiyyəti barədə fəlsəfi düşüncələri əks etdirən hikmətli qəsidələri, real həyat müşahidələrinin məhsulu kimi yaranan lirik poemalar müəllifə böyük şöhrət gətirib.

M.Şəhriyar XX əsr Azərbaycan poeziyasının nəhəngləri sırasına ucaldan, ilk növbədə, onun ölməz "Heydərbabaya salam" poeması olub. Şəhriyar "Heydərbabaya salam" əsəri ilə Azərbaycan türkünün milli həyatını bütün cəhətləri ilə göstərməyə müvəffəq оla bilib. Sadə bir fоrmada yazılan poema hələ əlyazma şəklində yayılaraq şöhrət tapıb və dövrün ziyalılarının diqqətini özünə cəlb edib. Nə qədər ki, Azərbaycan xalqının həssas qəlbi döyünür, Şəhriyarın bu poeması nəsildən-nəslə ötürüləcək və yaddaşda qalacaqdır.

Məhəmmədhüseyn Şəhriyarın xatirəsi xalqın ürəyində əbədi yaşayır və sevilir. O, 1988-ci il sentyabrın 18-də 82 yaşında Təbrizdə vəfat edib. Onun vəfat etdiyi gün İranda "fars dili və şeir günü" kimi qeyd olunur.

6
Teqlər:
Məhəmmədhüseyn Şəhriyar

Saz ustası Özbəkistanda keçirilən Beynəlxalq Festivalda Azərbaycanı təmsil edəcək

9
(Yenilənib 12:41 19.09.2021)
UNESCO, TÜRKSOY və digər beynəlxalq təşkilatların nümayəndələrinin qatıldığı festivalda dünyanın müxtəlif ölkələrindən gələn baxşı, ozan, aşıq və akınlar, həmçinin folklorşünas alimlər, müxtəlif xalqların folklor qrupları iştirak edirlər.

BAKI, 19 sentyabr — Sputnik. Özbəkistanın Qaraqalpaq Respublikasının mərkəzi olan Nukus şəhərində II Beynəlxalq Baxşı Festivalının açılış mərasimi keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, UNESCO, TÜRKSOY və digər beynəlxalq təşkilatların nümayəndələrinin qatıldığı festivalda dünyanın müxtəlif ölkələrindən gələn baxşı, ozan, aşıq və akınlar, həmçinin folklorşünas alimlər, müxtəlif xalqların folklor qrupları iştirak edirlər. Ümumiyyətlə, festivala 260-dan çox sənət adamı qatılıb.

Festivalda ölkəmizi Azərbaycan Milli Konservatoriyasının müəllimi saz ustası Mübariz Əliyev təmsil edir.

Tədbirin açılış mərasimində Özbəkistan Baş nazirinin müavini, turizm və idman naziri Aziz Abduhakimov Prezident Şavkat Mirziyoyevin festival iştirakçılarına təbrikini oxuyub.

Xatırladaq ki, birinci festival 2019-cu ildə Qaşqadərya vilayətinin Termez şəhərində keçirilib.

Qeyd edək ki, saz ustası Mübariz Əliyev festivalda aşıq mahnıları və "Aşıq Qərib" dastanından hissələr ifa edəcək.

Həmçinin oxuyun:

Özbəkistanda işğaldan azad olunmuş ərazilərimizdə abidələrin bərpası müzakirə edilib

9
Teqlər:
saz, Özbəkistan
Minsk şəhərinə mənzərə, arxiv şəkli

Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 200 milyon dolları ötüb

0
(Yenilənib 22:18 19.09.2021)
Azərbaycan Respublikasından Belarusa ixracın dəyəri 130 milyon dollar, bu ölkədən idxalın dəyəri isə 79,5 milyon dollar təşkil edib.

BAKI, 19 sentyabr - Sputnik. Cari ilin yanvar-avqust aylarında Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 209,5 milyon ABŞ dolları təşkil edib.

Bu barədə AZƏRTAC-a Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib.

Səkkiz ayda Azərbaycandan Belarusa ixracın dəyəri 130 milyon dollar, bu ölkədən ölkəmizə idxalın dəyəri isə 79,5 milyon dollar təşkil edib.

Həmçinin oxuyun:

Azərbaycan Prezidenti Belarusla müdafiə sahəsində müqaviləni təsdiqlədi

0
Teqlər:
Belarus, ixrac, idxal