Heykəltaraş Ömər Eldarov

Daşlara "ömür" verən sənətkar: "Bəzi sənət əsərləri siyasətin qurbanı olub"

59
(Yenilənib 19:09 15.08.2021)
Ömər Eldarov abidələrə çox həssas yanaşmaq lazım olduğunu, onların öz qədimiliyini saxlamasının vacibliyini vurğulayır.

BAKI, 15 avqust — Sputnik. O, incəsənətin ən mürəkkəb növünü seçəndə nə vaxtsa məşhurlaşmaq barədə düşünməmişdi bəlkə də. Sadəcə daxilindəki qüvvənin təsiri altında bu dünyadakı gözəlliyin axtarışına çıxıb onu tapmaq, yenidən yaratmaq istəyib. Söhbət Azərbaycanın Xalq rəssamı, SSRİ və Rusiya Rəssamlıq Akademiyasının, AMEA-nın həqiqi üzvü, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, heykəltaraş Ömər Eldarovdan gedir. Daşlara "ömür" verən sənətkar bu işə erkən yaşlarından başlayıb. Babası Hüseyn kişi də daşyonan olub. Onun peşəsini daha peşəkarlıqla reallaşdıran Eldarovun emalatxanasında sənətkarla həmsöhbət olduq. 1946-cı ildən etibarən bu günə qədər durmadan çalışan sənətkar sənəti və həyatı haqqında Sputnik Azərbaycan-a danışıb: "Mən heykəltaraşlığa yeni başlayanda Azərbaycanda demək olar ki, heykəltaraş yox idi. Müsəlman ölkələrində də qrafika, miniatür sənəti inkişaf etsə də, heykəltaraşlıq sənəti zəif idi. 7-ci sinifi bitirdikdən sonra Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil oldum. 6 il Leninqradda Rəssamlıq Akademiyasında oxumuşam. Sonra Bakıya qayıtdım və işlədim. Xeyli mükafat almışam, yetərincə diqqət görmüşəm. Cəlal Qaryağdı, Fuad Əbdürrəhmanov, Hüseyn Əhmədov, Zivər Məmmədovadan sonra gənclər gəldi - mən və Zivər xanımın oğlu Tokay Məmmədov, Mirələsgər Mirqasımov. Sayımız çox az idi, amma çox işləyirdik".

Onun təhsil aldığı dövrlər İkinci Dünya müharibəsinə təsadüf edir. Ailələri çətinliklə dolanırdı. Buna baxmayaraq gənc Ömərin arzusu gerçəkləşir. Ömər Eldarovun "Gənc qvardiyaçılar" adlı diplom işi ona ilk uğuru gətirir. Mütəxəssislərin bu işə müsbət rəy verməsinin əsas səbəbi onun heykəltaraşlığın ən mürəkkəb növlərindən olan qorelyefə müraciət etmək cəsarəti idi. Hər tələbə özündə bu cəsarəti tapa bilməzdi. Bu, Ömərin özünə inamından irəli gəlirdi və o, üzərinə düşən işin öhdəsindən uğurla gəlmişdi. Ali təhsilini başa vurduqdan sonra o, doğma Bakıya qayıdır və geniş yaradıcılıq fəaliyyətinə başlayır. Paytaxtımızda, xüsusən də Fəxri xiyabanda ucaldılan Azərbaycanın görkəmli mədəniyyət, incəsənət xadimləri, ədəbiyyatımızın tanınmış simaları, ictimai xadimlərinin məzarlarının əksəriyyətinin üstündəki abidələrin müəllifi Ömər Eldarovdur. Onların hər birində müəllifin fərdi üslubu, sənətə yanaşma tərzi, nəhayət, daxili aləminin ifadə forması öz əksini tapır. Sənətkar təəssüf hissi ilə qeyd edir ki, bəzi sənət əsərləri siyasətin qurbanı olub: "Min əziyyətlə, sevgi ilə hər hansısa bir liderin, ictimai xadimin heykəlini hazırlayırıq. Sonra dövr dəyişir və həmin heykəllər məhv edilir. Biz müəlliflərə olduqca pis təsir edir. Məsələn, Sovet dönəmini təbliğ edən filmlər çəkilir, poemalar yazılır. Amma həmin filmlər efirdə nümayiş olunur. Bu, tarix kimi qəbul edilir. Amma heykəllər siyasi proseslərin qurbanı olur və heykəllər məhv edilir. Yaxşı olardı ki, sənətə hörmət naminə o heykəllər qorunsun, o formada məhv olunmasın".

В Баку на Аллее почетного захоронения почтили память Муслима Магомаева в день его 75-летия
© Sputnik / Murad Orujov
Heykəltaraş Ömər Eldarov

"Fikir verin dünya ölkələrinə, İtaliya, Yunanısatan, Misir, Fransa və s. ölkələrdə heykəllər qorunub saxlanılıb. Hər dövr dəyişdikcə onlar da heykəlləri məhv etsəydilər, dünyada heykəl qalmazdı. Kommunistlər gəldilər ondan əvvəlki dövrə aid heykəlləri yerləyeksan etdilər. Kommunistlər getdilər, onlara aid olan bütün heykəlləri məhv etdilər. Bu, tarixdir. Tarix yaşadılmalıdır. Monumental heykəllər özbaşına yaradılmayıb. Dövlətin qərarına əsasən yaradılır".

"Bu sənətə başladığım gündən bu günə qədər bir gün də olsa boş qalmamışam" deyən həmsöhbətimiz xarici ölkələrdə yaratdığı əsərlərdən bəhs etdi: "Arzuladığım elə bir əsər yoxdur. İstədiyim hər mövzuda heykəllər hazırlamışam. Təkcə Azərbaycanda yox, xarici ölkələrdə də xeyli çalışmışam. Xüsusən də Mərkəzi Asiya ölkələrində çalışmışam. Bundan başqa, Vyanadakı Dunay parkında Üzeyir Hacıbəylinin büstü, Cənubi Koreyanın açıq səma altındakı məşhur muzeyində ucaldılan "Parçalanmış vətən", Ukraynada Sapun dağında 77-ci Azərbaycanın diviziyasının xatirəsinə ucaldılmış abidə, Türkiyənin Qars şəhərində Ümummili lider Heydər Əliyevin möhtəşəm abidəsi, Bilkənddə İhsan Doğramacının heykəlini misal göstərmək olar".

Müsahibimiz əlavə edir ki, bəzən bir layihə üzərində aylarla hazırlaşır. Layihə hazırlanır, heykəlin ucaldılması vaxtı hansısa siyasi məsələyə görə heykəlin ucaldılması təxirə düşür: "Məsələn, Osmanlı İmperiyasının sultanlarından olan Sultan II Mehmetin heykəlinin hazırlanması ilə bağlı İstanbul Böyük Şəhər Bələdiyyəsinin başqanı Kadir Topbaş bəy mənə sifariş verdi, layihəni qəbul etdi, müqavilə bağladı. 2017-ci ildə Topbaş vəzifədən getdi. Həmin layihə batdı. Yeni gələn mer həmin heykəli istəmədi. Azərbaycanda da belə bir hadisələr yaşanıb. Biz Dədə Qorqud parkının layihəsini hazırladıq. Amma tamamilə başqa bir layihə üzərində tikildi".

Eldarov bütün bunlarla yanaşı, öz övladlarının və xanımının da heykəlini yaradıb. Sənətkar öz övlarından da söz açdı: "Oğlum Müslüm Eldarov heykəltaraş idi (2003-cü ildə vəfat edib -red.). Qızlarım Lalə sənətşünas, Kamilla isə rəssamdır. Övladlarımın və xanımın da heykəlini hazırlamışam".

© Photo : Courtesy of Omar Eldarov
Ömər Eldarovun düzəltdiyi heykəl

Heykəltaraş bildirir ki, monumental heykəllər üçün mütləq dövlət pul ayırmalıdır: "Rəssamlıq Akademiyasının rektoruyam. Orada xeyli sayda istedadlı rəssamlar var. Gərək dövlət onların işləməsi üçün sifariş versin. Emalatxanalarda işləyirlər, öz maddi hesablarına heykəllər, bütlər yaradırlar. Amma monumental heykəllər üçün mütləq dövlət pul ayırmalıdır".

"Bir dəfə Albert Aqarunovun dostları gəldilər yanıma. Məndən onun heykəlini hazırlamağımı xahiş etdilər. Mən dedim ki, mən hazırlamayacağam. Sizə iki istedadlı gənc insanı təqdim edəcəm - Zamiq Rzayev və Rahib Qarayev. Onlar bu işin öhdəsindən gələcəklər. Təbii ki, mən də nəzarət edəcəyəm. Amma onlara maddi kömək etmək lazımdır. Onlar razılaşdılar və beləliklə, həmin möhtəşəm heykəl ucaldıldı. Sovet dönəmində plan var idi - monumental təbliğat var idi. Ona görə də Azərbaycanda, xüsusən Bakıda xeyli sayda heykəllər yaradılıb. Təəssüf ki, indi yaradılmır. Sovet dönəmindəki kimi plan qoyulsa, həm heykəltaraşlar işləyər, həm də şəhərimizi heykəllər bəzəyər".

Xalq rəssamı şəhərimizdəki heykəllərin vəziyyətindən danışarkən onların restavrasiyasına da toxunub: "Restavrasiya deyəndə götürüb onu yenidən tikirlər. Olmaz belə. Heykəl, abidə gərək öz qədimliyini saxlasın. Abidələrə çox həssas yanaşmaq lazımdır. Bir dəfə Səttar Bəhlulzadənin qohumu gəldi ki, Əmircan kəndində ucalan heykəl, hansı ki, onu mən etmişdim, onu qızılı rəngə boyayıblar. Bu, çox böyük itkidir. Artıq onun tarixiliyi itib. Onu bərpa etmək mümkün deyil. Bu işi bilənlər gərək bu işlərlə məşğul olsunlar. Heç nəyə ehtiyac yoxdur. Sadəcə su ilə yusunlar, kifayət edər".

Qeyd edək ki, Prezident İlham Əliyev Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı şəhərində görkəmli sənətkar Müslüm Maqomayevin abidəsi ucaldılacaq. Bu iş Xalq rəssamına həvalə olunub: "Heykəlin hazırlanması üzərində işlər artıq gedir, bürüncdən tökülmə mərhələsindədir. Yəqin ki, yaxın günlərdə yekunlaşacaq. Amma nə vaxt quraşdırılacağını deyə bilmərəm. Çünki postamentin hazırlanmasına müəyyən vaxt lazımdır. Heykəl Dənizkənarı Milli Parkda, Kukla Teatrının yaxınlığında ucaldılacaq. Model hazırdır".

Həmçinin oxuyun:

Əsərlərimi məndən daha yaxşı anlayırlar - Pozitiv rəssamla dərdləşmə

Azərbaycanlı rəssamın səssiz dialoqu: "Özünsən!" - FOTO

59
Əli və Nino filmindən fraqment

Yazıçı öncəgörənliyi

1171
(Yenilənib 10:19 21.09.2021)
Yusif Vəzirin "Gələcək şəhər" hekayəsi barədə bəzi qeydlər: "Kiçik bir hekayədə, 70-80 il sonranın elmi nəaliyyətlərindən də xəbər vermək ustad yazıçımızın yaradıcılığı üçün ciddi faktdır.

BAKI, 20 sentyabr — Sputnik. Tanınmış dövlət xadimi və yazıçı, Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı İmperiyasındakı ilk səfiri, Stalinin Azərbaycanda həyata keçirdiyi qanlı repressiyasının qurbanlarından biri Yusif Vəzir Çəmənzəminli olduqca məhsuldar fəaliyyəti dövründə, romanlar, məqalələr, elmi araşdırmalar, oçerklər, publisistik məqalələr qələmə alıb, eyni zamanda pedaqoji fəaliyyətlə də məşğul olub.

Sentyabr ayında 56 yaşında vəfat edən Yusif Vəzirin anadan olmasından 134 il ötür. Enişli-yoxuşlu tale yaşayan yazıçı Azərbaycan Demokratik Cumhuriyyəti tərəfindən Osmanlı İmperiyasına səfir təyin olunanda cəmi 32 yaşında idi. Ukraynada hüquq təhsili almış, diplomatik fəaliyyət göstərmiş bir ziyalı, Cumhuriyyətin süqutundan sonra Parisdə ağır işlərdə işləməyə məcbur olur, ehtiyac içərisində yaşayır. Və ən ağrılısı istedadına, savadına və bacarığına heyranlıq duyduğu kiçik qardaşını ağır xəstəlikdən itirir, ruh düşkünlüyünə qapılır və Sovet Azərbaycanına qayıdır. Yusif Vəzirin vətəninə qayıtdığı dövrün siyasi mənzərəsi insanı dəhşətə gətirir. Bu dövrün yaradıcı mühitində nə desən var: danosbazlıq, satqınlıq, hiyləgərlik, qəddarlıq və s…

1937-ci ildə Yusif Vəzir Yazıçılar İttifaqından xaric edilir, haqqında böhtanlar yazılır, sərt tənqidlərə məruz qalır. Bütün bunlar repressiya maşınının işə düşdüyünə bariz işarə idi. Həbs ediləcəyini duyan yazıçı əvvəlcə Bağırova, sonra Stalinə müraicət edir və müraciətləri cavabsız qalır. Çarəsizlikdən gözdən uzaqlaşmağa, bir müddət Özbəkistanda, Ürgəncdə işləməklə, prosesdən kənarda qalmağa çalışır. Ancaq Stalinin repressiya maşınından xilas olmaq o qədər də asan deyildi…

***

Bəkir Çobanzadə, Nurməmməd bəy Şahsuvarov, Hənəfi Zeynallı, Hacıbaba Nəzərli və başqalarının ifadələri əsasında 1940-cı il yanvar ayının 25-də Yusif Vəzir həbs edilib Bakıya gətirilir. Altı aya yaxın Keşlə həbs düşərgəsində saxlanıldıqdan sonra 1940-cı ilin iyul ayının 3-də Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşərgəsinə göndərilir. Yusif Vəzir Çəmənzəminli 1943-cü il yanvar ayının 3-də Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşərgəsində aclıqdan və ürək tutmasından vəfat edir. Səhəri gün – 1943-cü il yanvarın 4-də Yusif Vəzir Çəmənzəminli Betluqa çayının sahilindəki qəbiristanlıqda dəfn olunur. 1956-cı ildə – Stalinin ölümündən sonra Yusif Vəzirə bəraət verilir…

***

Ustad yazıçının adı qalmaqallarda da hallanıb.

Qurban Səid imzasıyla çap olunan, 35-dən çox dilə tərcümə olunan məşhur "Əli və Nino" romanı ətrafında gedən müzakirələr ədəbiyyatsevərlərə tanışdır. "Əli və Nino" romanın müəllifləri arasında illərdi Yusif Vəzirin də adı hallanıb. Hətta həm ölkə xaricində, həm də ölkəmizdə bu romanın qeyd-şərtsiz Yusif Vəzir Çəmənzəminli tərəfindən yazıldığını düşünən, araşdırmaları ilə bunu sübut etməyə çalışan tədqiqaçılar da var.

***

Şübhəsiz ki, Yusif Vəzirin həyatını, yaradıcılığını kiçik bir yazıda əhatə etmək mümkün deyil. Mən bu məsuliyyəti, bu ağırlığı dərk edirəm. Ona görə də mətləbi çox uzatmamaqda fayda var. Qısa ömründə böyük işlərə imza atan yazıçımızın əsərləri haqqında zaman-zaman yazılar yazsam da, oxuduqca onun yaradıcılığının daha nəhəng olduğunu bütün qəlbimlə hiss edirəm.

***

Bu yazıda böyük yazıçımızın bəzi mənbələrdə Azərbaycan ədəbiyyatında elmi-fantastika janrının ilk nümunəsi hesab olunan, 1933-cü ildə qələmə adlığı "Gələcək şəhər" hekayəsindən danışmaq istəyirəm. Mənə görə bu hekayə Yusif Vəzirin necə əhatəli, bilgili və intellektual yazıçı olduğunu tamamilə isbat edən ciddi faktlardan biridir. Bu hekayə bir növ yazıçı öncəgörənliyidir.

Hekayənin qəhrəmanları Sandro və Həsən Tiflisdən, Kürdəmirə təyyarə ilə gələrkən hava şəraiti ucbatından təyyarə eniş edə bilmir, saatlar sonra isə yazıçının xəyal məhsulu olan fərqli bir dünyaya düşür.

Sandro və Həsənin gəlib çıxdığı şəhərdə binalar modern dizayna malikdir, şəhərin müasir quruluşu, restoranları, restoranlardakı xidməti onları heyrətləndirir. Metro və eskalatorlar, rentgen və daxili orqanları müayinə edən tibbi avadanlıqlar, müasir avtomobil zavodları, görüntülü danışıqlar, qısaldılmış iş saatı, təqaüd yaşı və sosial təminatların təsviri və o dövrün digər yenilikləri, sovet oxucusu üçün inanılmaz və izaholunmaz yenilikdir.

Yusif Vəzirin uzun müddət Fransanın paytaxtı Parisdə yaşamasını nəzərə alsaq, bəzi yeniliklərin öncəgörənlik olmadığı aydın olur. Ancaq kiçik bir hekayədə, 70-80 il sonranın elmi nəaliyyətlərindən də xəbər vermək ustad yazıçımızın yaradıcılığı üçün ciddi faktdır.

Düşünürəm ki, bu hekayədə bəhs olunan elektron lövhələrdə reklamlar, ağıllı işıqforlar, süni yağışlar, görüntülü zənglər, sürücüsüz avtomobillər, insan orqanı implantasiyaları, müasir innovasiyalar, alternativ enerji mənbələri barədə məlumatlar yazıçı öncəgörənliyidir.

Elmi-fantastika həvəskarlarına bu hekayəni mütləq oxumağı tövsiyə edirəm. Əminəm ki, yazıçımızın təxəyyülünün zənginliyi sizləri də təəccübləndirəcək.

Ümumiyyətlə Yusif Vəzirin yaradıcılığı dərindən araşdırılmalıdır.

Eyni zamanda bir vaxtlar "Əli və Nino" müəllifi ilə bağlı polemikalarda iştirak etmiş bir qələm adamı olaraq, bu romanın tədqiqatçılarının gələcəyi son nəticə şəxsən mənim üçün olduqca maraqlıdır.

Bir daha və bir daha Yusif Vəzirin öncəgörənliyi qarşısında təəccübümü və heyrətimi etiraf edirəm.

Ruhun şad olsun, ustad!

Oxunmalı kitab: Qurban Səid, "Əli və Nino"

Nəşriyyat: "Şərq-Qərb"

Janr: Roman

Dili: Azərbaycanca

Səhifə: 208

Ədəbiyyatımızın ən məşhur və qalmaqallı əsərlərindən biri, dünyanın 35-dən artıq dilinə tərcümə olunub və 66 ölkədə nəşr edilmiş bu əsər əksər ölkələrdə hələ də bestsellerdir. Bəzi mənbələr görə, bir çox avropa ölkələrində "Əsrin romanı" kimi dəyərləndirilib.

Əsərdəki hadisələr Rusiya inqilabı, müstəqil və demokratik Azərbaycanın qurulması və Qızıl Ordunun Bakını işğal etdiyi dövrləri əhatə edir. Hadisələrin cərəyan etdiyi əsas məkan isə "tərəqqi etmiş" Qərb və "geridə qalmış" Şərqin qovuşduğu Bakıdır.

Tarixin qanlı və təlatümlü hadisələri fonunda müsəlman Əli və xristian Ninonun məhəbbət hekayəsindən bəhs edilir.

2016-cı ildə rejissor Asif Kapadia, romanın motivləri əsasında "Əli və Nino" filmini çəkib.

Həmçinin oxuyun:

Dövlətin qayğısı, xalqın rifahı, mənim naşükürlüyüm...

1171
Teqlər:
yazıçı, Yusif Vəzir Çəmənzəminli
Emmi mükafatı, arxiv şəkli

Daha üç serial "Emmy" mükafatlarının qalibi seçilib

17
(Yenilənib 22:47 20.09.2021)
Ən yaxşı faciəvi serial adı uğrunda "Mandalorian", "Qaqalar", "Bridcerton", "Qulluqçunun nağılı", "Lavkraft ölkəsi", "Duruş", "Bu bizik" ekran əsərləri də mübarizə aparıb.

BAKI, 20 sentyabr — Sputnik. "Tac", "Ted Lasso" və "Kraliçanın addımı" serialları "Emmy" mükafatlarının qalibi seçilib. Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, 73-cü mükafatlandırma mərasimi ötən gün Los-Ancelesdə keçirilib.

"Tac" 24 kateqoriya üzrə namizədliyini irəli sürərək ümumi nominasiyalar arasında liderliyini saxlayıb. Bu filmlə bərabər ən yaxşı faciəvi serial adı uğrunda "Mandalorian", "Qaqalar", "Bridcerton", "Qulluqçunun nağılı", "Lavkraft ölkəsi", "Duruş", "Bu bizik" ekran əsərləri mübarizə aparıb.

Məlumat üçün bildirək ki, mükafatların təqdimetmə mərasimləri 1949-cu ildən başlayaraq hər il keçirilir. Lakin 1974-cü ilə qədər yalnız sadəcə "Emmy" mükafatı mövcud idi. Sonralar bu mükafatı gündüz verilişlərinə görə təqdim edilən "Emmy" mükafatından fərqləndirmək məqsədilə adı dəyişdirilərək praym-taym "Emmy" mükafatı adlandırılıb.

Mükafatı üç təşkilat təqdim edir: Amerika televiziya akademiyası (ingiliscə Academy of Television Arts & Sciences) idman verilişləri istisna edilməklə, mükafatı bütün axşam verilişləri üzrə təqdim edir; Amerika Milli Televiziya Akademiyası (ingiliscə National Academy of Television Arts & Sciences) gündüz, idman, xəbərlər və sənədli proqramlar üzrə mükafatı təqdim edir; və Beynəlxalq Televiziya Akademiyası (ingiliscə International Academy of Television Arts & Sciences) ABŞ sərhədlərindən kənarda hazırlanan və yayımlanan televiziya proqramları üzrə təqdim edir.

Həmçinin oxuyun:

Gələcəyimizin varisi olan uşaqlar nəyə baxırlar?

17
Bakıda buludlu hava, arxiv şəkli

Hava şəraiti dəyişir: xəbərdarlıq edildi