Reza Deqati, arxiv şəkli

Reza Deqati Azərbaycan Kinematoqrafçılar İttifaqında ustad dərsi keçib

793
(Yenilənib 19:53 17.07.2021)
Deqati ustad dərsində iştirak edənlərə 56 illik sənət təcrübəsindən danışıb. Bundan başqa, sözügedən tədbirdə "Rezanın gözündə dünya" adlı qısametrajlı sənədli film nümayiş olunub.

BAKI, 17 iyul — Sputnik. Bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqında dünya şöhrətli fotoqraf Reza Deqati ustad dərsi keçib. Sputnik Azərbaycan xəbər verir ki, sözügedən tədbirin təşkilatçısı Ülviyyə Əhmədovanın məlumatına görə, Deqati ustad dərsində iştirak edənlərə 56 illik sənət təcrübəsindən danışıb. Bundan başqa, sözügedən tədbirdə "Rezanın gözündə dünya" adlı qısametrajlı sənədli film nümayiş olunub.

Reza Deqati 40 ildən çoxdur, dünyanı gəzib-dolaşır. O, Qarabağda dəfələrlə olub. Qarabağ gerçəkliklərini dünyaya çatdırıb. Məşhur fotoqraf Azərbaycanın işğaldan azad olunmuş bir çox bölgələrində - Cəbrayıl, Füzuli, Zəngilan, Kəlbəcər rayonlarında fotolar çəkib. O, bundan başqa, Bərdədə və Gəncədə baş verən erməni terrorunu fotoları vasitəsilə dünyaya yayıb. O, bir sıra beynəlxalq mükafatlar alıb. Missuri Universitetinin "Şərəf" medalına layiq görülüb, Parisin Amerika Universitetinin fəxri doktorudur. Fransa hökuməti onu Milli Cəngavərlik Ordeni ilə təltif edib. Parisdə "Mühacirin düşüncələri", "Kəsişən talelər", Vaşinqtonda "Bir dünya, bir tayfa", Normandiyada "Müharibə+Sülh" və Dohada "Ümid" adlı sərgiləri təşkil olunub. Fotoqraf ümumilikdə 250 sərginin iştirakçısıdır.

Onu da qeyd edək ki, tanınmış fotojurnalist Azərbaycana ilk dəfə 1987-ci ildə səfər edib. 1997-ci ildə isə bir neçə ay Azərbaycanda yaşayıb, ölkəni gəzərək sadə insanların gündəlik həyatını, məişətini, adət-ənənələrini fotolarda əbədiləşdirib. Rza Diqqəti 20 yanvar hadisələrini o cümlədən də Xocalı soyqırımının şahidlərini eləcə də şəhidlərini çəkməyə müvəffəq olub. Otuzdan çox kitabın müəllifi olan Deqati 20 Yanvar gecəsi ilə bağlı "Məsumların qırğını" (The Massacre of the Innocents) adlı kitab dərc edib.

Bundan başqa müharibə gedən digər bölgələrdə Şuşa, Zəngilan, Cəbrayılda baş verən hadisələri də fotoaparatın yaddaşına köçürüb. Müharibədən sonra da məcburi köçkünlərlə görüşüb, onların da şəkillərini çəkib. Bundan sonra isə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün bir çox avropa ölkələrində sərgilər təşkil edib, dəfələrlə ermənilərin hücumuna məruz qalıb. Qarabağda çəkdiyi fotoları Parisdə sərgiləyən Rza Diqqətiyə qarşı Fransa mətbuatında onlarla yazı dərc olunub, özü hədələnib, sərgisi isə erməni hücumuna məruz qalıb. Rza Diqqəti isə öz növbəsində cırılan şəkilləri yeniləri ilə əvəz etməyib, ermənilərin növbəti əməlini necə varsa elə də nümayiş etdirib.

793

Qəbələdə musiqi ziyafəti

33
(Yenilənib 21:10 01.08.2021)
Qəbələ festivalında Bakı Musiqi Akademiyasının tələbələri növbəti konsert proqramını təqdim ediblər.

BAKI, 1 avqust - Sputnik. XII Qəbələ Musiqi Festivalı çərçivəsində avqustun 1-də Heydər Əliyev Konqres Mərkəzində musiqisevərlərə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin iştirakı ilə növbəti konsert proqramı təqdim olunub.

Sputnik Azərbaycan xəbər verir ki, festivalın təşkilatçı qurumlarının təmsilçilərinin, yerli musiqisevərlərin və şəhərin qonaqlarının iştirakı ilə keçən konsertdə respublika və beynəlxalq müsabiqələr laureatları çıxış ediblər.

Prezident təqaüdçüləri Vüsalə Babayevanın (piano), Zərrin Əliyevanın (violin), Lalə İbrahimovanın (vokal), Kamran Talıblının (fleyta), Leyla Zeynalovanın (piano), Emil Əhmədzadənin (piano), həmçinin Elxan Niftiyev, Fuad Əlizadə, Ləman Seyidova, Ceyran İsayeva, Fəqan Həsənli və digər pianoçuların, klarnet ifaçısı Məhəmmədəli Paşazadənin, violin ifaçısı Nigar Əsgərovanın, qaboy ifaçısı Əziz Pənahın, violençel ifaçısı Ərol Rzayevin, vokalçılar Rza Xosrovzadə və Mahir Tağızadənin ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Konsertdə M.Arnold, F.Şopen, M.Moşkovski, R.Şuman, A.Qrunfeld, N.Rimski-Korsakov, həmçinin Tofiq Quliyev, Niyazi və digər bəstəkarların əsərləri səsləndirilib.

Festivalın proqramına uyğun olaraq, axşam saat 21:00-da Heydər Əliyev Konqres Mərkəzində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin “Bakı Kamera Orkestri”nin çıxışı olacaq.

XII Qəbələ Musiqi Festivalının açılış mərasimi

Azərbaycanın dilbər guşələrindən olan Qəbələ şəhəri yenidən öz qapılarını sənətsevərlərin, Musiqi Festivalı iştirakçılarının üzünə açıb.

Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı, Azərbaycan Respublikasının Təhsil və Mədəniyyət nazirliklərinin və Bakı Musiqi Akademiyasının  dəstəyi ilə iyulun 31-də başlayan XII Qəbələ Musiqi Festivalı avqustun 4-dək davam edəcək.

Builki festival əlamətdar hadisəyə - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunub. Yubileyin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il mayın 26-da Sərəncam imzalayıb. Bununla bağlı respublikamızın bir çox bölgələrində, musiqi-tədris ocaqlarında müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. XII Qəbələ Musiqi Festivalı da yubileyə həsr olunmuş tədbirlərdən biridir.

Musiqi ictimaiyyəti arasında böyük rəğbətlə qarşılanan Qəbələ Musiqi Festivalının proqramı bu il də çox zəngindir. Musiqisevərlər festival günlərində bir çox musiqi kollektivlərinin maraqlı konsert proqramından zövq alacaqlar. Festivalda klassik musiqi ilə yanaşı, muğam, vokal, kamera musiqisi axşamları da təşkil olunacaq.

İyulun 31-də axşam saatlarında Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında musiqisevərlərə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin iştirakı ilə festivalın ilk konserti təqdim olunub. Konsertdə respublika və beynəlxalq müsabiqələr laureatları çıxış ediblər. Pianoçular Leyla Zeynalova, Atabala Manafzadə, Cəmil Sədizadə, Rəşid Behbudov, Jalə Mayılova, Səbinə Muradova, Gülər Ağayeva və Fəqan Həsənlinin, violin ifaçıları Osman Mustafazadə, Zərrin Əliyeva və Aysel Abdullayevanın, violençel ifaçısı Orxan Hüseynovun, həmçinin viola, fleyta, klarnet və truba ifaçılarının, vokalçılar Nigar Əsgərova və Sübhan Rüstəmovun ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Konsertdə S.Raxmaninov, H.Venyavski, A.Messager, A.Skryabin, A.Piazzolla, F.Şopen, D.Şostakoviç, həmçinin Azərbaycan bəstəkarlarından Tofiq Quliyev, Fikrət Əmirov və Müslüm Maqomayevin əsərləri səsləndirilib.

Gənc musiqiçilərin çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Sonra “Qafqaz Resort” otelində açıq səhnədə XII Qəbələ Musiqi Festivalının təntənəli açılış mərasimi olub.

Əvvəlcə ölkəmizdə musiqi mədəniyyətinin inkişafında və təbliğində müstəsna xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxunub.

Açılış mərasimindən sonra Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestri geniş konsert proqramı ilə çıxış edib. Orkestrin bədii rəhbəri və baş hərbi dirijoru Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi Hərbi Orkestr Xidmətinin rəisi, Xalq artisti, general-mayor Yusif Axundzadədir.

Konsertin əvvəlində orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni və Ü.Hacıbəylinin “Koroğlu” operasından “Üvertüra” səsləndirilib.

Orkestrin rəisi Əməkdar incəsənət xadimi, polkovnik-leytenant Rüfət Axundzadənin və hərbi dirijor baş leytenant Elnur Qurbanovun dirijorluğu ilə keçirilən konsertdə Aynur İsgəndərli (vokal), Arslan Növrəsli (tar), Kənan Qədimov (vokal), Gülnar Qüdrətli (xanəndə), Namiq Qurbanov (zurna, balaban) və Anar Hüseynovun (nağara) ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

33
Flora Kərimova

Prezident Flora Kərimova barədə sərəncam imzaladı

178
Flora Kərimova “Şərəf” ordeni ilə təltif edilib, müğənniyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.

BAKI, 31 iyul - Sputnik. Prezident İlham Əliyev Flora Kərimovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, sərəncamla Azərbaycan musiqi sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Flora Ələkbər qızı Kərimovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.

Azərbaycan Prezidenti İlham Əliyev həmçinin Xalq artisti Flora Kərimovanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə Flora Ələkbər qızı Kərimova “Şərəf” ordeni ilə təltif edilib.

Həmçinin oxuyun:

Flora Kərimova illər sonra Şuşadakı məhəllələrində - VİDEO

Flora Kərimovaya ağır itki üz verib

178
Azərbaycan hərbçiləri, arxiv şəkli

Ermənistan yenə Naxçıvanı atəşə tutub, cavab atəşi ilə susdurulub

3527
(Yenilənib 10:16 02.08.2021)
Müdafiə Nazirliyinin bildirdiyinə görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur, hazırda bu istiqamətdə vəziyyət sabitdir.

BAKI, 2 avqust — Sputnik. Avqustun 2-si saat 03:27-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Sputnik Azərbaycan bildirir ki, məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb. 

Bildirilir ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.
Cavab atəşi ilə qarşı tərəf  susdurulub.
Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

--------------

01.08.2021

09:26

Avqustun 1-i saat 03.45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Cavab atəşi ilə qarşı tərəf susdurulub.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Naxçıvan daha əvvəl də atəşə tutulub

Naxçıvan istiqamətində mövqelərimiz iyulun 19-da da atəşə tutulub, bir hərbi qulluqçumuz yaralanıb.

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, iyulun 19-u saat 23:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Bədəlli Ramal Bəhlul oğlu ayağından yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, tibb müəssisəsinə təxliyə olunub.

Həmin gün Sədərək istiqamətində yerləşən döyüş mövqelərimiz də atəşə tutulub. Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri Ermənistan ərazisindən müxtəlif çaplı silahlardan yenidən atəşə tutulub.
Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb.

Həmçinin oxuyun:

Ermənistan Naxçıvandakı mövqelərimizi atəşə tutub, hərbçimiz yaralanıb - MN

* MN: Azərbaycan Ordusunun atəşkəsi pozması barədə məlumat yalandır

* MN: Azərbaycana məxsus 2 ədəd PUA-nın vurulması ilə bağlı yayılan məlumat yalandır

 

3527