Faiq Sücəddinov

Hərdən yuxuda olanda yaxşı bir musiqi eşidirəm - Bəstəkardan qızıl kimi söhbətlər

1419
(Yenilənib 00:52 11.07.2021)
Keçmişin xiffətini çəkməyən, irəli baxmağın tərəfdarı olan böyük bəstəkar Faiq Sücəddinov hesab edir ki, çirkinləşdirilmiş mədəniyyəti televiziyaya aparmaq olmaz.

BAKI, 11 iyul — Sputnik. Adətən bəstəkarlar müğənnilərlə müqayisədə az tanınırlar, bir növ kadr arxasında olurlar. Amma bu fikri Xalq artisti, "Şöhrət" ordeni lauretı Faiq Sücəddinov haqqında demək olmaz. Çünki sənətkarın mahnıları üslubuna, ritminə, ahənginə, səs çalarlarına görə digər musiqiçilərin əsərlərindən seçilir. Onun mahnılarını dinlədikcə adam özünü əsrarəngiz bir aləmdə hiss edir. Bu isə sənətkarın özünəməxsus fərqli bir istedadından irəli gəlir.

Ömrünün böyük bir hissəsini musiqiyə həsr edən sənətkar özü, yaradıcılığı və Azərbaycan musiqi sənətinin bugünkü vəziyyəti ilə bağlı fikirlərini Sputnik Azərbaycan-la bölüşüb: 

"İndi demək olar ki, mahnı janrında yazan bəstəkar yoxdur. Bilirsiniz, bizim öz musiqimiz var. Hərə öz mədəniyyətini gətirdi musiqiyə. Kimisi hind musiqisini, kimisi İran musiqisi, kimisi də türk musiqisini gətirdi. Hər kəs eyni boğazları etməyə başladı.

Necə ki üzdən bir-birinə oxşayırlar, eləcə də mahnıları da bir-birinə bənzəyir. Hamısı eyni səpkidədir – "yandım", "öldüm", "alovlanıram" və s. kimi söz yığınından ibarət musiqilər nə qədər olar? Şeirdə də dramaturgiya olmalıdır. Mən uzun illər Kiprdə işləmişəm. Orada şeirə, sözə çox önəm verirdilər. Düzdü bu gün türk musiqisində də bayağılıq var. Amma əksər musiqilərin sözlərində dərin məna var".

İncəsənət adamları öz arxasınca aparmalıdır 

"Mən həmişə demişəm ki, incəsənət adamı insanları öz arxasınca aparmalıdır", - deyir bəstəkar.

"Təkcə musiqidən söhbət getmir. Televiziyada yayımlanan serialların da vəziyyəti acınacaqlıdır. Televiziyada yayımlanan bütün seriallar bizim adət-ənənəmizə, mental dəyərlərimizə tamamilə ziddir – qışqır-bağır, xəyanət, gəlin qaynatanı, qaynata gəlini, həmişə gərginlik və s. Axı Azərbaycan ailəsi belə deyil? Serialların mövzuları da hamısı bir-birinə düşür. Mən təklif edərdim ki, elə serial çəkilsin ki, orada əsl Azərbaycan ailəsi necə olur, onu nümayiş etdirsinlər. Orada bir dənə də olsun vulqar söz, dava-şava olmasın", - əlavə edir.

Sücəddinov vurğulayır ki, təkcə televiziyadan Azərbaycan mədəniyyətini seyr etmək və onunla bağlı fikir yürütmək doğru deyil: "Bizim konsert zallarımız var. Hər konsert zalında da ona uyğun musiqilər səslənir. Keyfiyyətli musiqi dinləmək istəyənlər həmin salonlara təşrif buyurur. Konsertə gələ bilməyənlər də portallardan istədikləri musiqini dinləyə bilərlər. Orada da keyfiyyətli musiqi səslənir. Amma o da doğrudur ki, bu gün telekanallarımızda bayağı musiqilər daha çox səslənilir. Bunun qarşısını almaq lazımdır".

Sənətkar bütün problemlərin qaynağını insanların öz sahələrinə uyğun peşədə işləməməsində görür:

"Bu yaxınlarda Nəsibə Abdullayeva ilə söhbət edirdim. O dedi: "Faiq müəllim, Azərbaycan musiqisi bir az dəyişib". Mən də dedim ki, bir az yox, çox dəyişib. Bunun başlıca problemi odur ki, bəstəkar bəstəkarlığı ilə, şair şairliyi ilə məşğul olmur. Birdən-birə azadlıq verildi və musiqiyə böyük bir axın oldu. Ona görə də musiqimizdə də, sözlərində də böyük dəyişikliklər olub. Təbii ki, mənə xoş deyil. Ümid edirəm ki, bir gün bu "xəstəlik" bitəcək. Öz musiqimizə, öz mədəniyyətimizə geri qayıdacağıq". 

"Teatrlarımızda da, kinomuzda da problem var. Yeni tamaşa, yeni kinossenarilər demək olar ki, yazılmır. Teatrlar köhnə tamaşaları qoyurlar. Mənə elə gəlir ki, bu, maliyyə ilə bağlıdır. Müsabiqə təşkil olunsa, deyilsə ki, komediya teatrına libretto ver, ya da desəniz ki, dram teatrına dramaturji bir əsər ver. Mənə elə gəlir ki, 10 bəstəkar əsər yazar. 10 əsərdən birini seçmək olar. Bir var tərtibat, bir də var sən yeni tamaşaya yeni bir musiqi yazasan", - bəstəkar bildirir.

O ümid edir ki, yeni mədəniyyət naziri teatra, kinoya, musiqiyə təkan verəcək. Yəqin ki, irəliləyiş olacaq:

"Təbii ki, başa düşürəm, müharibədən çıxmış ölkəyik. Yəqin ki, bir müddət sonra mədəniyyətimizdəki problemlər də öz həllini tapacaq. Hər şey öz məcrasına çatacaq".

Qonşun oğrudursa...

Bəstəkar ermənilər tərəfindən oğurlanan musiqilərindən də söz açıb:

"Avraam Russo adlı suriyalı erməni müğənni var. O, sözləri Əhməd Cavadın, musiqisi Üzeyir bəyin olan "Çırpınırdı Qara dəniz" mahnısının adını "Kamança" qoymuşdu. Yazmışdılar ki, bu musiqi Komitasındır (erməni musiqiçisi). Biz həmin vaxt öz etirazımızı bildirdik. Mənim "Neylərsən", "Bilsən necə darıxmışam", "Yel toxundu yarpaqlara" kimi mahnılarımı oğurlayıblar. Çox maraqlıdır ki, bunlar bir not da dəyişmirlər. Dünyada belə şeylər var. Harmoniyanı, akkordları dəyişib yeni musiqi yaradılır. Amma bunlar bir not belə, dəyişmirlər. Ancaq sözləri dəyişirlər. Mən əminəm ki, sözləri də bizim söz yazarlarımızın sözlərinə uyğunlaşdırıb yazırlar. Üçüncü ölkə olmalıdır ki, onları məhkəməyə versin".

Faiq Sücəddinovun fikrincə, ermənilərin təkcə musiqimizi deyil, mətbəximizi, adət-ənənələrimizi, bütövlükdə mədəniyyətimizi oğurlayırlar.

""Mir" telekanalında bir erməni aşpazı dolma bişirirdi. Dedi: "Dolma Azərbaycan mətbəxinə məxsusdur". Axşam həmin verilişdə “Azərbaycan” sözü kəsildi, “erməni” sözü əlavə olundu. Bir aralar Türkiyədə də Azərbaycan mahnılarına "anonim" yazırdılar. İndi hər şey öz yerini tutub. Bu məsələdə səhv bizimkilərdədir. Gərək orada səfirlikdə mədəniyyət üzrə nümayəndə olmalıdır ki, bizim musiqimizi, filmlərimizi televiziyalara təqdim etsin, yaysın".

Bəstəkar hesab edir ki, filmlərə də musiqilər yazılmalıdır. Amma bu gün elə filmlər çəkilmir ki, onlar üçün musiqilər yazılsın: "Çox uzaq tarixə getmirəm. Baxın Rasim Ocaqovun filmlərinə. Orada hər şey mükəmməldir. Ssenari, rejissor işi, aktyor oyunu və həmin filmə yazılan musiqilər bir-biri ilə həmahəng olur. Mən çox istəyərdim ki, maraqlı film ssenariləri yazılsın. Yaxşı film ssenarisinə yaxşı da musiqi yazılacaq".

Son vaxtlar dəbdə olan remikslərə toxunan Sücəddinov deyir: 

"Musiqi gözəl olsa, qəbul olunacaq. Hər hansısa bir musiqi remiks olunsa, əgər o remiks keyfiyyətlidirsə, qəbul olunacaq və insanlar onu sevəcəkələr. İstər musiqi, istər rəsm, istərsə də bədii əsər keyfiyyətlidirsə, qəbul olunacaq. Ola bilər müəllif unudulsun. Necə ki, xalq mahnılarının müəllifi məlum deyil. Amma hamı onu oxuyur. Elə götürək Səttar Bəhlulzadəni. Adam neçə il bundan əvvəl vəfat edib, amma əsərləri əl-əl gəzir".

Bayağılıqdan qurtulmamaq dərdi

Müsahibimiz düşünür ki, bu gün insanların musiqi zövqünün korlanmasında televiziyaların böyük "rolu" var. Bayağılıqdan qurtulmaq isə insanların öz əlindədir:

"Hərdən yuxuda olanda yaxşı bir musiqi eşidirəm, qonşuluqdan, filan. Deyirəm "Haradan gəlir bu musiqi görəsən?". Yaxşı musiqi olanda mən mütləq musiqiyə qulaq asıram. Aşağı səviyyəli musiqi eşidəndə isə pəncərələri bağlayıram. Hər kəsin bir yontanmış, qurulmuş bir mədəniyyəti var. Mədəniyyət gözəldir, amma o mədəniyyəti elə  çirkinləşdirirlər ki.. Bax o çirkinləşdirilmiş mədəniyyəti televiziyaya aparmaq olmaz. Arqument gətirirlər ki, "xalq bunu istəyir". Xalq onu istəmir. İnsanlar özləri də axtarışda olmalıdırlar. Bu gün portallar əllərinin altındadır. Girsinlər, Fikrət Əmirova, Qara Qarayevə, Cahangir Cahangirova qulaq assınlar".

Bəstəkarın fikrincə, televiziyalar, musiqiçilər kütləni öz arxasınca aparmağı bacarmalıdır: 

"Bir gün müğənnilərdən biri ucqar kəndə gedib. Orada camaat bu əcaib mahnılara qulaq asırmış. Həmin müğənni Tofiq Quliyevin, Emin Sabitoğlunun mahnılarını ifa etdi. Hamı bəyəndi, alqışladı. Dedim, bilirsən niyə əl çaldılar? Çünki, onların ata-babalarının kodu var onlarda və o kod onlarda oyandı. Və onlar başa düşdülər ki, sənət budur. Televiziyalar, musiqiçilər camaatı öz arxalarınca aparmalıdırlar. Camaatın arxasınca getməməlidirlər. Məsələ bundadır ki, musiqi zövqünün korlanması Türkiyədə də özünü göstərir. Onların 60-70-ci illərdə yazılan musiqiləri ilə indi yazılan musiqiləri arasında böyük bir uçurum var. Onlara da "arabesk" gəldi. Mənim bəstələdiyim, Zamiqin ifa etdiyi "Kaman" mahnısı 28 milyondan artıq "like" toplayıb. Mən onu şedevr saymıram. Amma insanlar onu bəyəndi, sevdi, oldu klassik".

Senzuradan qaçmalı, keçmişin xiffətini çəkməməli 

Musiqidə senzuraya qayıtmaq fikrini isə Faiq Sücəddinov yaxına buraxmır: 

""Senzura" sözü çox sərt sözdür. "Qadağa" da çox sərt sözdür. Amma diqqət edilməlidir ki, musiqi bu şəkildə olmasın. Bu gün də, dünən də bizim musiqimiz bədnam qonşularımız tərəfindən oğurlanıb. SSRİ dağılandan sonra, bu, adət halını aldı. Bizə təsir etmək istədilər ki, siz nə də etsəniz biz sizin musiqinizi mənimsəyəcəyik. Təəssüf ki, ən gözəl xalq və bəstəkar mahnılarımızı oğurlayıblar. Özü də bir not dəyişmirdilər. Amma son vaxtlar oxumurlar. Müharibə onlara dərs oldu, daha oxumurlar".

İki ildir dünyanı ağuşuna alan pandemiya böyük bəstəkardan da yan keçməyib. O, bu barədə deyir:  

"Mən də koronavirusa yoluxdum. 1 həftə vəziyyətim olduqca pis idi. Bir müddət xəstəxanada yatdım. Yavaş-yavaş özümə gəldim. Yaradıcılığa gəldikdə isə, mən sağalan kimi işimin başına keçdim. Bəziləri bəhanə gətirir ki, yaradıcı insan üçün dəniz, dağ, meşə lazımdır. Məncə bu, bəhanədir. Yaradıcı insan üçün, bəstəkar üçün bir piano lazımdır və otağın da pəncərəsi açıq olsun ki, oradan hava gəlsin. Başqa heç nə lazım deyil. Doğrudur, insanın çölə çıxa bilməməsi çox çətindir. Amma insan öz-özünü tənzimləməlidir. Anlamaq lazımdır ki, bütün dünya bundan əziyyət çəkir. Ümid edək ki, bundan sonra hər şey yaxşı olacaq".

Faiq Sücəddinov əksər sənət adamları kimi keçmişin, ötən günlərin xiffətini çəkmədiyini də sözlərinə əlavə edib: 

"Mən həmişə yalnız önə baxmışam. Yalnız o zaman irəliyə getmək olar. Keçmiş keçmişdə qaldı, heç nə yoxdur orada. Təkcə anam-atam üçün darıxıram. Başqa heç kim yadıma düşmür. Heç nə maraqlı gəlmir. Heç nəyi yadıma da salmaq istəmirəm".

1419

Cəbiş müəllim Mehdi Məmmədov haqqında - "Qarabağ inciləri" silsiləsindən

23
(Yenilənib 00:52 17.07.2021)
Cəbiş müəllim Şuşanın dünya mədəniyyətinə bəxş etdiyi əfsanəvi rejissor, aktyor Mehdi Məmmədovun həyat yolundan söz açır.

Azərbaycanın görkəmli teatr rejissoru, tanınmış aktyor, teatrşünas alim və pedaqoq, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, sənətşünaslıq doktoru, professor Mehdi Əsədulla oğlu Məmmədov 1918-ci il mayın 22-də Şuşada anadan olub.

O, Bakıda Teatr Texnikumunu bitirdikdən sonra 1935-ci ildə təhsilini davam etdirmək üçün Moskvaya gedərək Teatr Sənəti İnstitutunda oxuyur.

Bakıya qayıtdıqdan sonra 1940-cı ildə Akademik Milli Dram Teatrında rejissor, bədii rəhbər, 1956-cı ildə Opera və Balet Teatrında baş rejissor kimi çalışır. 1960-cı ildə yenidən Akademik Milli Dram Teatrına baş rejissor təyin edilir. 1974-1978-ci illərdə Opera və Balet Teatrının, 1978-1982-ci illərdə Rus Dram Teatrının baş rejissoru vəzifələrində çalışır.

Mehdi Məmmədov Milli Dram Teatrının baş rejissoru olduğu 10 il ərzində 12 səhnə əsərinə quruluş verib. Onun səhnələşdirdiyi "On ikinci gecə", "Madrid", "Od gəlini", "Oqtay Eloğlu", "Şeyx Sənan", "İblis", "Hamlet", "Xəyyam", "Müfəttiş", "Canlı meyit", "Romeo və Cülyetta", "Dəli yığıncağı" və digər tamaşaların hər biri Azərbaycan teatr tarixində hadisəyə çevrilmişdir.

Müsahibələrinin birində Mehdi Məmmədov etiraf etmişdi ki, quruluş verdiyi səhnə əsərləri arasında dünya səhnəsinə çıxarmağa ən çox layiq bildiyi məhz "Dəli yığıncağı"dır.

Onun Opera və Balet Teatrının səhnəsində quruluş verdiyi "Toska", "Lakme", "Sevil", "Koroğlu", ilk dəfə romantik və modernist üslubun vəhdətində ərsəyə gətirdiyi "Leyli və Məcnun" musiqili dramı, Rus Dram Teatrında hazırladığı "Həyatın dibində", "Nadejdalarım" tamaşaları rejissorun təxəyyülünün genişliyindən, ən əsası isə, bu genişliyi sərrast sərf etmək istedadından xəbər verir.

Mehdi Məmmədovun adı Azərbaycan mədəniyyətində yüksək intellektli, universal dünyagörüşlü sənətkar nümunəsi ilə assosiasiya olunur. O, keçmiş SSRİ məkanında yüksək peşəkarlıq xüsusiyyətlərini kamilliklə özündə birləşdirən az sayda sənətkarlardan idi.

Ümumilikdə 60 səhnə əsərinə bir-birindən mükəmməl quruluş verən Mehdi Məmmədova görə, bədii forma bədii məzmun qədər önəmlidir. Başqa sözlə, rejissor təqdim edəcəyi tamaşanın bədii formasını bütün görünən və görünməyən incəlikləri ilə təsəvvür etmirsə, onun məşq etməsi bir az qəribədir.

Mehdi Məmmədov ömrünün sonuna qədər pedaqoji fəaliyyətlə məşğul olub. Mədəniyyət və İncəsənət Universitetində çalışmaqla yanaşı, Bakı Dövlət Universitetində etika və estetikadan dərs deyib.

1959-cu ildə Mehdi Məmmədov "Onu bağışlamaq olarmı" filmində mayor Qaya Mürşüdov rolunda çəkilib. Bu rol onun kinoda ilk və son işi olub.

Sənətdə qazandığı uğurlara görə Mehdi Məmmədov 1974-cü ildə SSRİ Xalq artisti fəxri adlarına layiq görülüb. Akademik teatrda hazırladığı Hüseyn Cavidin "İblis" faciəsinə görə 1984-cü ildə Azərbaycan Dövlət mükafatı ilə təltif olunub.

Teatr tariximizə adını əbədi həkk etmiş böyük sənətkar Mehdi Məmmədov 1985-ci il yanvarın 28-də dünyasını dəyişib.

2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Mehdi Məmmədovun 100 illik yubileyi qeyd olunub.

23
Teqlər:
infoqrafika, rejissor, teatr, Mehdi Məmmədov, Cəbiş müəllim
Azərbaycanın Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu, arxiv şəkli

Polad Bülbüloğlu: RF-in Qarabağdakı missiyasının vaxtının uzadılması haqda danışmaq tezdir

1884
(Yenilənib 19:27 28.07.2021)
,
Diplomat bildirib ki, Rusiyanın Azərbaycan Respublikasının ərazisində müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingenti erməni tərəfinin zaman-zaman əl atdığı təxribatlara baxmayaraq, öz üzərinə qoyulmuş hərbi və humanitar tapşırıqları yerinə yetirməkdə davam edir.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu RİA Novosti-nin müxbiri Dmitri Vinoqradova müsahibəsində Bakının Qarabağdakı vəziyyəti və atəşkəs barədə sazişə riayət edilməsini nəzərdən keçirdiyindən danışıb, Rusiya sülhməramlı missiyasının gedişini qiymətləndirib, Azərbaycan-Ermənistan sərhədində sakitliyin bərpa olunmasına nəyin mane olduğu barədə fikrini bildirib.

- Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin Dağlıq Qarabağda atəşkəs barədə bəyanat imzalamasından artıq bir neçə ay keçib. Azərbaycan tərəfi sazişə riayət olunmasından razıdırmı? Sənədin hansı bəndləri hələ yerinə yetirilməyib?

- İlk növbədə üçtərəfli bəyanatın müddəalarının həyata keçirilməsinin hazırkı vəziyyəti barədə məlumatın Rusiya auditoriyasına bir daha çatdırılması üçün yaratdığınız imkana görə təşəkkür edirəm. Xüsusilə diqqətə çatdırmaq istəyirəm ki, bir neçə gün əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın dövlət televiziyasına müsahibə verib və həmin müsahibədə, demək olar ki, regional sabitlik və təhlükəsizliyə dair bütün mətləblərə toxunub. İmkandan istifadə edərək bütün maraqlananları həmin müsahibə ilə ciddi şəkildə tanış olmağa çağırıram.

Sizin "Dağlıq Qarabağ" terminini işlətdiyiniz suala gəldikdə isə bunu xüsusilə vurğulamağı vacib sayıram ki, Azərbaycan tərəfi ən yüksək səviyyədə artıq dəfələrlə bildirib ki, ölkədə belə bir ərazi vahidi yoxdur. Dağlıq Qarabağ Muxtar Vilayəti 7 iyul 1923-cü ildə süni bir qurum olaraq yaradılıb və 1991-ci ilin noyabrında, dövlət müstəqilliyi bərpa olunduqdan sonra qanuni şəkildə Azərbaycan parlamenti tərəfindən ləğv edilib.

Yeri gəlmişkən, cari ilin iyulun 7-də Prezidentin fərmanı ilə Azərbaycan Respublikasının iqtisadi rayonlarının təsnifatı təsdiq olunub. Həmin təsnifata görə, Qarabağ iqtisadi rayonuna Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları, Şərqi Zəngəzur iqtisadi rayonuna isə Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları daxil edilib. Odur ki, ayrıca bir ərazi vahidi kimi Qarabağın dağlıq hissəsindən söhbət gedə bilməz.

Bununla yanaşı, biz Azərbaycan, Rusiya və Ermənistan liderlərinin bəyanatını təkcə atəşkəs barədə sənəd kimi deyil, həmçinin münaqişənin birdəfəlik həlli barədə saziş və Ermənistan tərəfinin İkinci Qarabağ müharibəsində öz məğlubiyyətinin etirafı kimi qəbul edirik.

Adıçəkilən bəyanatın yerinə yetirilməsi barədə danışarkən qeyd etmək lazımdır ki, Azərbaycan və Rusiya arasında münaqişədən sonrakı gələcək quruculuq məsələsi ilə bağlı tam qarşılıqlı anlaşma var. Hər iki ölkə müharibənin başa çatdığı və münaqişənin həll olunduğu mövqeyindən çıxış edir. Bəyanatın bəndlərinin müəyyən hissəsi artıq yerinə yetirilib. Bununla yanaşı, gündəlikdə ölkə daxilində yerini dəyişmiş şəxslərin və qaçqınların öz doğma yerlərinə qaytarılması, bölgədə bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası kimi məsələlər var ki, onun da əsas tərkib hissəsi, təbii ki, Zəngəzur dəhlizidir. Şübhəsiz ki, yeni beynəlxalq nəqliyyat kommunikasiyalarının meydana gəlməsi ilk növbədə Ermənistan üçün sərfəlidir və bütün bölgənin davamlı inkişafını təmin edəcək, ticarət, orada yaşayan insanların həyatının yaxşılaşdırılması üçün şərait yaradacaq və bu planların alternativi yoxdur.

Məlum olduğu kimi, 11 yanvar 2021-ci ildə üç ölkənin rəhbərləri daha bir bəyanata imza atıblar. Həmin sənəddə ötən ilin 9 noyabr bəyanatının 9-cu bəndində nəzərdə tutulduğu kimi, konkret olaraq dəmiryolu və avtomobil nəqliyyatı əlaqəsinin açılmasına toxunulub.

Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin birgə sədrliyi ilə İşçi qrup yaradılıb, bu qurum işə başlayıb, bir sıra görüşlər keçirib və gələcək fəaliyyət istiqamətlərini müəyyən edib.

Lakin çox təəssüf ki, iyun ayından başlayaraq Ermənistan həmin işçi qrupun işinə mane olur və erməni tərəfinin üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirmək istəmədiyini nümayiş etdirir. Buna baxmayaraq, Rusiya Federasiyası xoş məram nümayiş etdirərək əldə olunmuş razılıqların həyata keçirilməsinə kömək etməkdə davam edir, Rusiya baş nazirinin müavini isə Azərbaycan və Ermənistana səfər edərək ikitərəfli formatda məsələləri müzakirə edir.

İyulun 20-də Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya işgüzar səfər edib və görüş əsnasında bizim liderlər arasında çoxsaylı məsələlər, o cümlədən regional sabitlik və təhlükəsizlik ətrafında fikir mübadiləsi aparılıb. İşgüzar görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti səfərin yekunlarını müsbət qiymətləndirərək, hər iki ölkənin strateji tərəfdaş olduğunu, ölkələrimiz arasında uzunmüddətli strateji əməkdaşlıq perspektivləri, o cümlədən münaqişədən sonrakı vəziyyətlə bağlı fikir ayrılığının olmadığını dilə gətirib.

- Rusiya sülhməramlı missiyasının gedişatını necə qiymətləndirirsiniz? Beş illik mandat başa çatdıqdan sonra onun səlahiyyətlərinin artırılması ehtimalı varmı?

- Bildiyiniz kimi, Rusiya Federasiyasının Azərbaycan Respublikasının ərazisində müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingenti erməni tərəfinin zaman-zaman əl atdığı təxribatlara baxmayaraq, öz üzərinə qoyulmuş hərbi və humanitar tapşırıqları yerinə yetirməkdə davam edir. Və bu, bölgədə uzunmüddətli sülhün əldə olunmasına yönəlmiş səylərə mənfi təsir edir.

Bu zaman ərzində mən artıq bir neçə dəfə Şuşaya getmişəm və ermənilər tərəfindən atəş açılmasının şahidi olmuşam. Lakin bunlara baxmayaraq, Azərbaycanın mədəniyyət paytaxtı elan olunmuş bu şəhərin bərpası istiqamətində böyük işlərin görüldüyünü deyə bilərəm.

Rusiya kontingentinin Azərbaycan ərazisində gələcəkdə də qalmasına gəldikdə isə, yəqin ki, bu gün bu barədə danışmaq tezdir. Biz dövlət başçılarımızın müəyyən etdikləri məsələlərin həlli üçün maksimum səy göstərməliyik.

- Ermənistan tərəfinin bildirdiyinə görə, Azərbaycanda hələ onlarla hərbi əsir var, halbuki, Azərbaycan tərəfi onları terror aktı həyata keçirmiş təxribatçı qismində saxlanılan şəxslər kimi nəzərdən keçirir. Eyni zamanda biz görürük ki, Azərbaycan tərəfi vaxtaşırı olaraq bu insanlardan bəzilərini Yerevana təhvil verir. Yaxın vaxtlarda həmin şəxslərin yeni qruplarının, o cümlədən minalanmış sahələrin xəritələri və daha nələrinsə müqabilində verilməsi mümkündürmü?

- Məsələnin məğzi belədir... Ermənistanın Şirak vilayətindən olan bir qrup şəxs Azərbaycan xüsusi xidmət orqanlarının antiterror əməliyyatı nəticəsində ələ keçirilib. Bu terrorçulardan ibarət təxribat qrup 2020-ci ilin noyabrının sonlarında Azərbaycan Silahlı Qüvvələri və mülki şəxslərə qarşı terror aktları həyata keçirmək məqsədi ilə bizim ərazilərə ötürülüb. Onlar dörd nəfər Azərbaycan hərbi qulluqçusunu qətlə yetirməyə və bir mülki şəxsi yaralamağa macal tapıblar. Təxribat qrupunun üzvləri ötən ilin dekabrında, yəni müharibə sona çatdıqdan bir ay sonra zərərsizləşdirilib və cinayət məsuliyyətinə cəlb olunublar.

Terrorçularla bağlı olan məsələ heç bir vəchlə siyasiləşdirilməməli, bu cür şəxslərin hərəkətləri isə beynəlxalq sənədlər və dövlətlərin təcrübəsi nəzərə alınmaqla milli qanunvericilik çərçivəsində nəzərdən keçirilməlidir. Tamamilə aydındır ki, bu şəxslər heç bir beynəlxalq konvensiyalara görə hərbi əsirlər kimi qiymətləndirilə bilməz və üçtərəfli bəyanatın müddəaları onlara şamil olunmur.

Haqqında danışılan qruplaşmanın üzvləri cinayət məsuliyyətinə cəlb olunublar və məhkəmə prosesi çərçivəsində müvafiq qərarlar qəbul olunub. Azərbaycan tərəfi bu məsələyə həmin şəxslərin cinayətlərinin tərkibi və ağırlıq dərəcəsindən asılı olaraq obyektiv yanaşıb. Onlardan çoxu erməni tərəfinə təhvil verilib, bəziləri isə Azərbaycan Respublikasında cəza çəkməyə məhkum olunub. Beynəlxalq hüquq normalarına sadiq olan Azərbaycan tərəfi Bəyanatın müvafiq bəndini yerinə yetirib və artıq Ermənistana bütün hərbi əsirləri və müharibə dövründə öldürülmüş şəxslərin cəsədlərini təhvil verib.

Demək istərdim ki, Azərbaycan tərəfi rəsmi səviyyədə dəfələrlə bu məsələyə münasibətini bildirib. Rusiyanın xarici işlər naziri də cari ilin yanvarın 18-də, onlayn mətbuat konfransında analoji mövqeni dilə gətirib. Lakin qarşı tərəf bizim arqumentləri eşitmir və vəziyyəti manipulyasiya etməyə çalışır.

- Azərbaycan-Ermənistan sərhədindən vaxtaşırı olaraq atışma barədə qorxulu xəbərlər gəlir, hər iki tərəfdən ölən və yaralananlar var. Sərhəddə sakitliyin bərqərar olmasına nə mane olur?

- Əvvəlki suala cavab verərkən dediyim kimi, erməni tərəfi gərginlik yaradaraq müxtəlif təxribatlara əl atır. Elə bir neçə gün əvvəl Ermənistan Silahlı Qüvvələri sərhədin Kəlbəcər rayonu hissəsində Azərbaycan Ordusunun mövqelərini atəşə tutublar. Snayperin açdığı atəş nəticəsində bizim hərbi qulluqçumuz həlak olub. Əminəm ki, bu cür hərəkətlərə adekvat cavab veriləcək. Sərhəddə vəziyyətin gərginləşdirilməsi yolverilməzdir və vəziyyətin istənilən mənfi məcrada davam edəcəyi ssenariyə görə məsuliyyət erməni tərəfinin üzərinə düşür. Biz isə öz tərəfimizdən dəfələrlə bildirmişik ki, müharibə başa çatıb, münaqişə arxada qalıb, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı, sülh müqaviləsini imzalamalı, habelə sərhədlərin delimitasiyası məsələsinə konstruktiv yanaşmalıdır.

Lakin biz görürük ki, erməni tərəfi yenidən dövlətlərarası münasibətlərin tənzimlənməsi proseslərini uzatmağa çalışır və bununla da bütün bölgənin tam miqyaslı inkişafı üçün yeni şəraitin yaradılmasına mane olur.

Gec və ya tez Ermənistan yeni reallıqla razılaşmalı olacaq. Bu nə qədər tez baş verərsə, sülh də o qədər tezliklə bərqərar olar və insanlar Cənubi Qafqaz regionunda normal yaşamağa başlayarlar.

- İyun ayında Azərbaycan və Türkiyə prezidentləri Şuşa bəyannaməsini imzalayıblar ki, bu sənəd də konkret olaraq Zəngəzur koridorunun açılmasını nəzərdə tutur. Koridor nə vaxt açılacaq? Əgər o Ermənistanın ərazisindən keçəcəksə, Azərbaycan koridorun Yerevanın nəzarətində qalmasına razı olacaqmı? Yoxsa koridor eks-ərazi statusunda olmalıdır?

- Bəli, cari ilin iyunun 15-də Şuşada tarixi hadisə baş verib. Azərbaycan və Türkiyə prezidentləri arasında 1921-ci ildə imzalanmış Qars müqaviləsi ilə səsləşən bəyannamə imzalanıb. Həmin müqaviləyə əsasən, Türkiyə Naxçıvanın qarantı qismində çıxış edir. Həmin bəyannamə iki ölkə arasında müttəfiqlik münasibətlərinin yeni səviyyəsinin əsasını qoyub.

Zəngəzur koridorunun açılması isə təkcə Şuşa bəyannaməsində deyil, həmçinin 9 noyabr 2020-ci il bəyanatında da göstərilib. Həmin bəyanatda Azərbaycanın qərb rayonları ilə onun Naxçıvan Muxtar Respublikası arasında əlaqələrin qurulmasına dair öhdəlik dəqiq yazılıb.

Son vaxtlar Ermənistan tərəfindən çoxsaylı KİV-lərdə Azərbaycanın bu ölkəyə qarşı ərazi iddialarının olması barədə yazılar tirajlanır. Burada başa düşmək lazımdır ki, 30 il ərzində bizim ərazilərimizi işğal etmiş, etnik təmizləmə aparmış, bir zamanlar çiçəklənən şəhər və kəndləri təməlinə qədər dağıtmış Ermənistanın bu cür bəyanatlar verməyə mənəvi haqqı yoxdur. Bütün bu zaman ərzində Ermənistan uydurma tarixi faktlar əsasında Azərbaycana qarşı ərazi iddiaları irəli sürüb. Lakin reallıqlar tamam başqa şeyləri deyir. Hazırda Ermənistan ərazisində olan Qərbi Zəngəzur ötən əsrin əvvəlinə qədər tarixi Azərbaycan torpağı olub və ancaq 20-ci illərdə heç bir hüquqi əsas olmadan Azərbaycandan qoparılaraq Sovet hökuməti tərəfindən Ermənistana verilib.

Zəngəzur koridoruna nəzarətə dair sualınıza gəldikdə isə, burada yenə də üçtərəfli bəyanata müraciət etmək lazımdır. Həmin sənəddə dəqiq yazılıb ki, nəzarəti Rusiya federal təhlükəsizlik xidmətinin Sərhəd xidməti həyata keçirəcək, hansı ki, onsuz da müasir Ermənistanın xarici sərhədlərinin müdafiəsini həyata keçirir.

Konkret vəziyyətə bir qədər kənardan nəzər salaraq qeyd etmək istəyirəm: sərhədlərini başqa bir dövlətin qoşunlarının qoruduğu dövləti necə müstəqil adlandırmaq olar?

- Şuşa bəyannaməsi imzalandıqdan sonra Azərbaycanda Türkiyə hərbi bazasının yaradılmasının mümkünlüyü barədə məlumatlar meydana çıxdı. Bu cür baza harada və nə zaman yaradıla bilər? Onun parametrləri məlumdurmu?

- Bu sualın cavabını Azərbaycan tərəfinin rəsmi bəyanatlarında axtarmaq lazımdır, müxtəlif söhbətlər və fərziyyələr hansısa fikir yürütmək üçün əsas ola bilməz. Bununla əlaqədar olaraq təcrübəli diplomat, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun mətbuat konfransında həmin mövzu ilə əlaqədar sözlərinə diqqət çəkmək istərdim – "biz şayiələri şərh etmirik".

Hesab edirəm ki, hazırda bütün bölgə ciddi dəyişiklilərin astanasındadır və yeni reallıq üçün bu tarixi şansı əldən verməmək üçün mümkün olan hər şeyi etmək lazımdır.

Eləcə də oxuyun:

1884
Teqlər:
Ermənistan, Rusiya, Azərbaycan, sərhəd, vəziyyət, bəyanat, şərh, səfir, müsahibə, Polad Bülbüloğlu
Пульт дистанционного управления телевизором

CBC teleradio şirkətində kadr dəyişiklikləri baş verib