Şəki Xan sarayı

Avropanın Keramika Marşrutunun yeni üzvü - Şəkinin təqdimatı keçirilib

215
(Yenilənib 20:41 18.06.2021)
Azərbaycan Mədəni Marşrutlar üzrə Avropa İnstitutuna 2011-ci ildən üzv olub. İndiyədək Azərbaycan Avropa Şurası Mədəni Marşrutları layihəsi çərçivəsində 5 marşruta qoşulub.

BAKI, 18 iyun — Sputnik. Avropa Şurasının Keramika Assosiasiyasının Baş Assambleyasının onlayn formatda iclası keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, iclas çərçivəsində Avropa Keramika Marşrutunun (European Route of Ceramics) yeni üzvü - Şəki şəhərinin təqdimatı baş tutub.

Şəki şəhəri bu ilin əvvəlində Dövlət Turizm Agentliyinin təşəbbüsü ilə Avropa Keramika Marşrutuna üzv seçilib. Yeni üzvü təqdim edən Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin şöbə müdiri Sədaqət Davudova iclas iştirakçılarına Avropa Keramika Marşrutuna yeni qoşulmuş Şəkinin tarixi, şəhərsalma mədəniyyəti, özünəməxsus memarlıq üslubu, sənətçilik ənənələri haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, keramika sənəti ənənələrinin davam etdirilərək gələcək nəsillərə ötürülməsində Şəki sənətkarlarının rolu böyükdür.

Assambleya iştirakçılarına Qafqazda ilk Keramika Mərkəzi - "ABAD" Keramika və Tətbiqi Sənət Mərkəzinin məhz Şəkidə yaradılması, ilk Beynəlxalq Keramika Simpoziumunun da bu şəhərdə keçirilməsi haqqında məlumat verilib. Qeyd olunub ki, Şəki şəhəri 2008-ci ildə Dünya Tarixi Şəhərlər Liqasının üzvü seçilib, 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" Ümumdünya İrs Siyahısına daxil edilib. 212 maddi mənəvi irs, 28 qeyri-maddi mədəni irs, 19 mədəni təbii irs daşıyıcısı olan Şəki şəhəri 2010-cu ildə Azərbaycanın Sənətkarlıq Paytaxtı elan edilib, 2017-ci ildə onun adı UNESCO-nun "Yaradıcı şəhərlər şəbəkəsi" siyahısına salınıb.

Avropa Keramika Marşrutu 2012-ci ildə Avropa Şurası tərəfindən sertifikatlaşdırılmış mədəni marşrutdur. Bu hərəkatın məqsədi keramika istehsalı və bu sahəyə dair qədim ənənələrlə bağlı mədəni irsi dəyərləndirmək, dayanıqlı turizm təklifi yaratmaq və bununla da ümumilikdə mədəni və sosial inkişafa nail olmaqdır. Hazırda Avropa Şurasının Keramika Assosiasiyası mərkəzi qərargahı İtaliyanın Faentsa (Faenza) şəhərində yerləşir.

Azərbaycan Mədəni Marşrutlar üzrə Avropa İnstitutuna 2011-ci ildən üzv olub. İndiyədək Azərbaycan Avropa Şurası Mədəni Marşrutları layihəsi çərçivəsində 5 marşruta – "Şərab Yolu", "Yəhudi irsi üzrə Avropa marşrutu", "Qədim Qayaüstü İncəsənət İzləri", "Termal şəhərlər" və "Zeytun ağacları" yoluna qoşulub.

215

Xalq artisti Səməd Səmədov vəfat səbəbi bilindi

64
(Yenilənib 22:10 24.07.2021)
"Toylar kralı" adını qazanan S.Səmədov 1946-cı il sentyabrın 17-də Aşqabadda anadan olmuş, 1948-ci ildə zəlzələ nəticəsində ailəsi ilə birlikdə Bakıya, İçərişəhər məhəlləsinə köçmüşdü.

BAKI, 24 iyul - Sputnik. "74 yaşlı xəstə Səməd Səmədov ötən gün gecə saatlarında "Yeni Klinika"nın reanimasiya şöbəsinə çox ağır - tənəffüs çatışmazlığı, ciddi dirəncli potenziya vəziyyətində daxil olub".

Sputnik Azərbaycan bildirir ki, bunu "Report"a açıqlamasında klinikanın reanimatoloqu Emil Qasımov deyib.

Onun sözlərinə görə, xəstənin saturasiyası 60-70 arasında idi: "Təzyiqi qaldırmaq üçün maksimal dozada təzyiq qaldıran dərmanlar istifadə olundu. Xəstəyə lazımi dəstək müalicəsi olunsa da, aparılan müayinələr nəticəsində prokansin dəyərinin çox yüksək olması bakterial infeksiyanın əlavə olunmasına sübut idi. İnfeksiya və iltihabı markerlər çox yüksək idi. Xəstədə kəskin böyrək çatışmazlığı təsbit edildi. Kreatin dəyərləri 2,5 dəfə yüksəlmişdi və xəstənin sidik çıxışları, demək olar ki, yox idi. Xəstə heç 24 saat reanimasiya şöbəsində qalmadı. 15-16 saat müddətində xəstəni saxlaya bildik. Bütün bu fonda müdaxilələrə baxmayaraq xəstədə ürək dayanması baş verdi. Ölüm səbəbi sepsis və septik şok diaqnozu idi".

TƏBİB-in ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnarə Baxış Sputnik Azərbaycan-a bildirib ki, xalq artisti Səməd Səmədov 23 iyul 2021-ci il tarixində 60-70 saturasiya ilə Yeni klinika tibb müəssisəsinə daxil olub: "Döş qəfəsinin kompüter tomoqrafiyasının nəticələrinə əsasən, onda koronavirus ağırlaşması, ikitərəfli poliseqmentar multifokal pnevmoniya təsdiqlənib. Bütün səylərə baxmayaraq, COVID ağırlaşmalarından biri olan sepsis və septik şok inkişaf edib, böyrək çatışmazlığı yaranıb, təəssüf ki, xalq artistinin həyatını xilas etmək mümkün olmayıb".

----------

18:52

Azərbaycanın xalq artisti Səməd Səmədov vəfat edib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bu barədə müğənni Tural Qismət məlumat verib.

Qeyd edək ki, S. Səmədov bu gün koronavirusdan dünyasını dəyişib.

"Toylar kralı" adını qazanan S.Səmədov 1946-cı il sentyabrın 17-də Aşqabadda anadan olmuş, 1948-ci ildə zəlzələ nəticəsində ailəsi ilə birlikdə Bakıya, İçərişəhər məhəlləsinə köçmüşdü.

Bülbül adına musiqi məktəbinin skripka sinfini bitirdikdən sonra A.Zeynallı adına Musiqi Məktəbinin nəzəriyyə sinfində oxuyub.

1988-ci ildən toylarda çıxış edib. 2000-ci ildə əhali arasında aparılan sorğunun nəticələrinə görə, Səməd Səmədov rəsmi olaraq "Toylar Kralı" adını qazanıb. O, Müstəqil 'Qrant' Milli İctimai Mükafatının ikiqat sahibi, 150 müxtəlif mahnının, 5 albomun, 20 klipin ifaçısı idi. 12 sentyabr 2011-ci ildə Xalq artisti fəxri adına layiq görülmüşdü.

64
Teqlər:
xalq artisti, ölüm, Səməd Səmədov
Baş Prokurorluq

Azərbaycanda nazirlikdə saxtalaşdırma ilə bağlı Baş Prokurorluq cinayət işi açdı

2266
(Yenilənib 13:19 23.07.2021)
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 və 308.2-ci maddələri ilə cinayət işi başlanmaqla istintaqı aparılır.

BAKI, 22 iyul — Sputnik. Hesablama Palatasından turizmin inkişafı məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitin icrası zamanı yol verilmiş qanun pozuntuları haqqında Baş Prokurorluğa daxil olmuş material üzrə araşdırma aparılıb.

Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumata görə, müəyyən edilib ki, hazırda ləğv edilmiş Mədəniyyət və Turizm Nazirliyi ilə "Rəqəmli Dövr" MMC arasında bağlanmış müqavilə üzrə Nazirliyin əsasında yaradılmış Dövlət Turizm Agentliyi tərəfindən faktiki olaraq satın alınmadığı halda, müxtəlif kitabçaların və xəritələrin satın alınması üzrə qeyd edilən Cəmiyyətə 14 noyabr 2018-ci il tarixdə külli miqdarda ödəniş edilib.

Habelə ölkədə keçirilmiş ticarət festivalları ("Şoppinq festival") üzrə icraçı müəssisə olan "Azərbaycan Konqreslər Bürosu" MMC tərəfindən 2017-2018-ci illərdə təşkil edilmiş ümumilikdə üç belə festival üzrə ayrı-ayrı telekanallarda reklamların ödənişsiz əsaslarla yerləşdirildiyi halda, reklam xidmətlərinə görə Nazirlik tərəfindən qeyd edilən Cəmiyyətə xüsusilə külli miqdarda büdcə vəsaiti ödənilib. Bundan əlavə, araşdırmalarla nazirlik tərəfindən müxtəlif xidmətlərin göstərilməsinə dair müqavilələrin icrası zamanı heç bir təsdiqedici sənədlər olmadan büdcə vəsaitinin silinməsinə yol verildiyi, həmçinin tədbirlərin keçirilməsi ilə bağlı icarə xərcləri üzrə artıq büdcə vəsaitinin ödənildiyi də müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmaqla istintaqı aparılır.

İstintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, sözügedən hadisələr Əbülfəs Qarayev mədəniyyət və turizm naziri olarkən baş verib.

Məlumat üçün bildirək ki, bu ilin may ayının 21-də prezident İlham Əliyevin sərəncamı ilə Əbülfəs Mürsəl oğlu Qarayev Azərbaycan Respublikasının Mədəniyyət naziri vəzifəsindən azad edilib. Bu sərəncamdan bir müddət əvvəl isə DTX Mədəniyyət Nazirliyində əməliyyat keçirərək nazir müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovu saxlayıb. Aparılan cinayət işi üzrə Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Xatırladaq ki, Ə. Qarayev 1994-cü ildən nazir işləyirdi.

2266
İvan Tixonov

On nəfərə bir qələbə: Azərbaycanlı idmançıların Tokioda ilk günü