Azərbaycan Dövlət Musiqili Teatrı

Məscidlər, idman zalları, "Mall"lar açılıb, bəs teatrlar?

1593
(Yenilənib 16:24 13.06.2021)
Əməkdar artist Elman Rəfiyev əmindir ki, mövcud qadağalar postpandemiya dövründə teatrlara marağı azaldacaq.

May ayının 25-də Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqində bir sıra qərarlar qəbul olundu. İyunun 10-dan ibadət yerlərinin, iri ticarət mərkəzlərinin, idman sağlamlıq-bərpa mərkəzlərinin fəaliyyəti fəaliyyəti bərpa olundu. Teatrda çalışan sənət adamları və teatrsevərlər ümidlə teatrların açılması xəbərini gözləyirdilər. Amma, necə deyərlər bu arzuları hələlik arzu olaraq qalıb.

Azərbaycan Dövlət Pantomima Teatrının direktoru, Əməkdar artist Elman Rəfiyev Sputnik Azərbaycan-ın müxbiri Şahpəri Abbasovaya verdiyi açıqlamasında iddia edir ki, postpandemiya dövründə teatrlara olan maraq azalacaq: "Mən əminəm ki, pandemiyadan sonra teatrlara kütləvi axın olmayacaq. Çünki, insanların içində qorxu hissi var. Valideynlər qorxurlar ki, övladlarını teatra yollasalar, vurusa yoluxarlar. Amma görəcəksiniz, ayın 1-i "Mall"lar açılsın, hamı, o qorxanlar da ora axışacaqlar. Çünki, insanlara "Mall" lazımdır. İnsanların bir marağı var – "Mall"lara gedək, restoranlara gedək, oyunlara gedək. Teatr bizim nəyimizə lazımdır? COVİD pasportuna gəldikdə isə, bir çox insanlar koronavirusa yoluxublar, amma qeydiyyatdan keçməyiblər. Vaksin vurdurmaq istəməyən insanlar da var".

Aktyor bildirir ki, sənətini sevən insan üçün pandemiya meneə olmamalıdır: "Təbii ki, teatrda işləyən aktyorlar bu dönəmdə çox əziyyət çəkdilər. Amma o aktyor ki, öz üzərində işləyir, onun üçün bir problem olmaz. Evdə oturduğu müddətdə də bekar qalmamalıdı. Pandemiya böyük bir məktəb oldu ki, kim öz sənətinə ruhən yaxındır. Doğurdanmı sevir bu sənəti? Sabah teatrlar açılanda biz o aktyorları görəcəyik. Bəzi aktyorlar bu dönəmdə boş qalmadılar. Prezidentimiz maliyyə ayırıb, aktyorlarımız seriallarda çəkildilər. Serial da incəsənətin bir qoludur. Mən evdə qaldığım müddətdə "Zoom" proqramı ilə insanlara teatrı sevmək haqqında təlimlər keçdim – "Evdə qal, teatrdan qalma", "Teatrı sevək", "Teatrın insan psixologiyasına təsiri", "Teatrın uşaq psixologiyasına təsiri" kimi 150 yaxın təlim keçmişəm. İnsanlar var ki, məktəbdən teatra yollamağa qorxacaqlar mən onlara başa saldım ki, teatr nəyə qulluq edir? Ümid edirəm ki, təlimlər apardığım insanlar o təlimlərdən bəhrələnib teatrlara gələcəklər".

İyun ayının 3-də Türkiyədə teatrların açıq havada fəaliyyət göstərilməsinə icazə verilib. Biz bu təcrübədən yararlana bilərikmi? Bu suala aktyorumuzun cavabı belə oldu: "Türkiyədə açıq havada teatrların açılması təqdirə layiqdir. Amma bir məsələ var, teatrın öz ab-havası var - işığları, səs effekti, pərdə arxası, kulislər və s. Amma teatr binasında tamaşa etdikləri tamaşa ilə açıq havadakı tamaşa arasında böyük fərq var. Tamaşaçılar teatra olan həvəsinin 50%-ni orada itirəcəklər. Başqa bir məsələ, Bakının küləyində, açıq havada tamaşa qurmaq olar? Təsəvvür edin, aktyor çıxır səhnəyə, papağını külək aparır. Bəzən elə küləklər əsir ki, heç küçədə yerimək qeyri-mümkün olur. O ki qaldı səhnədə hansısa tamaşanı oynamaq".

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, Əməkdar artist Sənubər İsgəndərli vaxtaşı Operativ Qərargahın qərarlarını və TƏBİB-i tənqid edir. Aktrisa mövzu ilə bağlı fikirlərini bizimlə bölüşdü: "Teatr mövsümü bağlamağa doğru bağlanmağa doğru gedir. Bildiyiniz kimi, sezona sentyabrda başlayırıq. Bir ildən çoxdur bağlıdır teatrlar. Bu bir ildə teatrın açılışını hər gün gözləmişəm. Mənim timsalımda bütün həmkarlarım bu günü gözləyirlər. Ümid edirdim ki, axırıncı brifinqdə teatrların açılışı ilə bağlı xəbər verəcəklər. Amma gözlədiyimiz olmadı. İndi açılsaydı, heç olmasa məşqlərə başlayardıq. Sentyabrda sezon başlayanda artıq hazırlıqlı çıxardıq. Teatrların açıq havada keçirilməsinə gəldikdə isə mənim üçün heç bir fərqi yoxdur, açıq ya da qapalı məkan. Təki mən səhnədə olum, təki mən tamaşaçılarla görüşüm. Amma açıq havada teatrın mahiyyəti tamamilə itir. Teatr olmur, başqa bir şey olur. Sadəcə biz tamaşaçılar üçün o qədər darıxmışıq ki, deyirəm təki iş başlasın, proses getsin. Əsas dərdimiz budur".

Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Anar Heybətov da məsələyə münasibətini bildiridi: "Artıq yaxşılığa doğru gedir. Bəzi qadağalar və bağlı məkanlar açılır. Bu, sevindirici haldir. Həmkarlarım kimi mən də bu xəbəri gözləyirdim, amma təəssüf ki, olmadı. İnşallah yaxın zamanlarda teatrlar da açılar".

Abdulla Şaiq adına Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova bildirir ki, brifinq keçirilməsi xəbirini eşidəndə çox böyük ümidlə teatrların açılacağı xəbərini gözləyirdik: "İnanırdıq ki, teatrların fəaliyyəti ilə bağlı xəbər olacaq. Təəssüf ki, gözlədiyimiz olmadı. Bunu tamaşaçılardan, mediadan çox teatrda çalışan insanlar gözləyirdi. Aktyorlarımız acılarını həfiflətmək üçün gəlib səhnədə dolaşıb gedirlər. Teatrımızın bir ənənəsi var. Teatrımız bölgə-bölgə, oba-oba gəzim tamaşalar nümayiş etdirib. Ümid edirik ki, iyun ayında, teatrımızın 90 illiyi ilə əlaqədar həmin ənənəni davam edəcək".

Həmçinin oxuyun:

İnsanlar sevinirlər: Hər kəs "Mall"lara gedə biləcək

Bakı sakinləri yumşalmanı necə qarşıladılar: Paytaxtda "Mall"ar açıldı - Fotolent

1593

Cəbiş müəllim Mehdi Məmmədov haqqında - "Qarabağ inciləri" silsiləsindən

23
(Yenilənib 00:52 17.07.2021)
Cəbiş müəllim Şuşanın dünya mədəniyyətinə bəxş etdiyi əfsanəvi rejissor, aktyor Mehdi Məmmədovun həyat yolundan söz açır.

Azərbaycanın görkəmli teatr rejissoru, tanınmış aktyor, teatrşünas alim və pedaqoq, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, sənətşünaslıq doktoru, professor Mehdi Əsədulla oğlu Məmmədov 1918-ci il mayın 22-də Şuşada anadan olub.

O, Bakıda Teatr Texnikumunu bitirdikdən sonra 1935-ci ildə təhsilini davam etdirmək üçün Moskvaya gedərək Teatr Sənəti İnstitutunda oxuyur.

Bakıya qayıtdıqdan sonra 1940-cı ildə Akademik Milli Dram Teatrında rejissor, bədii rəhbər, 1956-cı ildə Opera və Balet Teatrında baş rejissor kimi çalışır. 1960-cı ildə yenidən Akademik Milli Dram Teatrına baş rejissor təyin edilir. 1974-1978-ci illərdə Opera və Balet Teatrının, 1978-1982-ci illərdə Rus Dram Teatrının baş rejissoru vəzifələrində çalışır.

Mehdi Məmmədov Milli Dram Teatrının baş rejissoru olduğu 10 il ərzində 12 səhnə əsərinə quruluş verib. Onun səhnələşdirdiyi "On ikinci gecə", "Madrid", "Od gəlini", "Oqtay Eloğlu", "Şeyx Sənan", "İblis", "Hamlet", "Xəyyam", "Müfəttiş", "Canlı meyit", "Romeo və Cülyetta", "Dəli yığıncağı" və digər tamaşaların hər biri Azərbaycan teatr tarixində hadisəyə çevrilmişdir.

Müsahibələrinin birində Mehdi Məmmədov etiraf etmişdi ki, quruluş verdiyi səhnə əsərləri arasında dünya səhnəsinə çıxarmağa ən çox layiq bildiyi məhz "Dəli yığıncağı"dır.

Onun Opera və Balet Teatrının səhnəsində quruluş verdiyi "Toska", "Lakme", "Sevil", "Koroğlu", ilk dəfə romantik və modernist üslubun vəhdətində ərsəyə gətirdiyi "Leyli və Məcnun" musiqili dramı, Rus Dram Teatrında hazırladığı "Həyatın dibində", "Nadejdalarım" tamaşaları rejissorun təxəyyülünün genişliyindən, ən əsası isə, bu genişliyi sərrast sərf etmək istedadından xəbər verir.

Mehdi Məmmədovun adı Azərbaycan mədəniyyətində yüksək intellektli, universal dünyagörüşlü sənətkar nümunəsi ilə assosiasiya olunur. O, keçmiş SSRİ məkanında yüksək peşəkarlıq xüsusiyyətlərini kamilliklə özündə birləşdirən az sayda sənətkarlardan idi.

Ümumilikdə 60 səhnə əsərinə bir-birindən mükəmməl quruluş verən Mehdi Məmmədova görə, bədii forma bədii məzmun qədər önəmlidir. Başqa sözlə, rejissor təqdim edəcəyi tamaşanın bədii formasını bütün görünən və görünməyən incəlikləri ilə təsəvvür etmirsə, onun məşq etməsi bir az qəribədir.

Mehdi Məmmədov ömrünün sonuna qədər pedaqoji fəaliyyətlə məşğul olub. Mədəniyyət və İncəsənət Universitetində çalışmaqla yanaşı, Bakı Dövlət Universitetində etika və estetikadan dərs deyib.

1959-cu ildə Mehdi Məmmədov "Onu bağışlamaq olarmı" filmində mayor Qaya Mürşüdov rolunda çəkilib. Bu rol onun kinoda ilk və son işi olub.

Sənətdə qazandığı uğurlara görə Mehdi Məmmədov 1974-cü ildə SSRİ Xalq artisti fəxri adlarına layiq görülüb. Akademik teatrda hazırladığı Hüseyn Cavidin "İblis" faciəsinə görə 1984-cü ildə Azərbaycan Dövlət mükafatı ilə təltif olunub.

Teatr tariximizə adını əbədi həkk etmiş böyük sənətkar Mehdi Məmmədov 1985-ci il yanvarın 28-də dünyasını dəyişib.

2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Mehdi Məmmədovun 100 illik yubileyi qeyd olunub.

23
Teqlər:
infoqrafika, rejissor, teatr, Mehdi Məmmədov, Cəbiş müəllim
Azərbaycanın Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu, arxiv şəkli

Polad Bülbüloğlu: RF-in Qarabağdakı missiyasının vaxtının uzadılması haqda danışmaq tezdir

1884
(Yenilənib 19:27 28.07.2021)
,
Diplomat bildirib ki, Rusiyanın Azərbaycan Respublikasının ərazisində müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingenti erməni tərəfinin zaman-zaman əl atdığı təxribatlara baxmayaraq, öz üzərinə qoyulmuş hərbi və humanitar tapşırıqları yerinə yetirməkdə davam edir.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu RİA Novosti-nin müxbiri Dmitri Vinoqradova müsahibəsində Bakının Qarabağdakı vəziyyəti və atəşkəs barədə sazişə riayət edilməsini nəzərdən keçirdiyindən danışıb, Rusiya sülhməramlı missiyasının gedişini qiymətləndirib, Azərbaycan-Ermənistan sərhədində sakitliyin bərpa olunmasına nəyin mane olduğu barədə fikrini bildirib.

- Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin Dağlıq Qarabağda atəşkəs barədə bəyanat imzalamasından artıq bir neçə ay keçib. Azərbaycan tərəfi sazişə riayət olunmasından razıdırmı? Sənədin hansı bəndləri hələ yerinə yetirilməyib?

- İlk növbədə üçtərəfli bəyanatın müddəalarının həyata keçirilməsinin hazırkı vəziyyəti barədə məlumatın Rusiya auditoriyasına bir daha çatdırılması üçün yaratdığınız imkana görə təşəkkür edirəm. Xüsusilə diqqətə çatdırmaq istəyirəm ki, bir neçə gün əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın dövlət televiziyasına müsahibə verib və həmin müsahibədə, demək olar ki, regional sabitlik və təhlükəsizliyə dair bütün mətləblərə toxunub. İmkandan istifadə edərək bütün maraqlananları həmin müsahibə ilə ciddi şəkildə tanış olmağa çağırıram.

Sizin "Dağlıq Qarabağ" terminini işlətdiyiniz suala gəldikdə isə bunu xüsusilə vurğulamağı vacib sayıram ki, Azərbaycan tərəfi ən yüksək səviyyədə artıq dəfələrlə bildirib ki, ölkədə belə bir ərazi vahidi yoxdur. Dağlıq Qarabağ Muxtar Vilayəti 7 iyul 1923-cü ildə süni bir qurum olaraq yaradılıb və 1991-ci ilin noyabrında, dövlət müstəqilliyi bərpa olunduqdan sonra qanuni şəkildə Azərbaycan parlamenti tərəfindən ləğv edilib.

Yeri gəlmişkən, cari ilin iyulun 7-də Prezidentin fərmanı ilə Azərbaycan Respublikasının iqtisadi rayonlarının təsnifatı təsdiq olunub. Həmin təsnifata görə, Qarabağ iqtisadi rayonuna Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları, Şərqi Zəngəzur iqtisadi rayonuna isə Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları daxil edilib. Odur ki, ayrıca bir ərazi vahidi kimi Qarabağın dağlıq hissəsindən söhbət gedə bilməz.

Bununla yanaşı, biz Azərbaycan, Rusiya və Ermənistan liderlərinin bəyanatını təkcə atəşkəs barədə sənəd kimi deyil, həmçinin münaqişənin birdəfəlik həlli barədə saziş və Ermənistan tərəfinin İkinci Qarabağ müharibəsində öz məğlubiyyətinin etirafı kimi qəbul edirik.

Adıçəkilən bəyanatın yerinə yetirilməsi barədə danışarkən qeyd etmək lazımdır ki, Azərbaycan və Rusiya arasında münaqişədən sonrakı gələcək quruculuq məsələsi ilə bağlı tam qarşılıqlı anlaşma var. Hər iki ölkə müharibənin başa çatdığı və münaqişənin həll olunduğu mövqeyindən çıxış edir. Bəyanatın bəndlərinin müəyyən hissəsi artıq yerinə yetirilib. Bununla yanaşı, gündəlikdə ölkə daxilində yerini dəyişmiş şəxslərin və qaçqınların öz doğma yerlərinə qaytarılması, bölgədə bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası kimi məsələlər var ki, onun da əsas tərkib hissəsi, təbii ki, Zəngəzur dəhlizidir. Şübhəsiz ki, yeni beynəlxalq nəqliyyat kommunikasiyalarının meydana gəlməsi ilk növbədə Ermənistan üçün sərfəlidir və bütün bölgənin davamlı inkişafını təmin edəcək, ticarət, orada yaşayan insanların həyatının yaxşılaşdırılması üçün şərait yaradacaq və bu planların alternativi yoxdur.

Məlum olduğu kimi, 11 yanvar 2021-ci ildə üç ölkənin rəhbərləri daha bir bəyanata imza atıblar. Həmin sənəddə ötən ilin 9 noyabr bəyanatının 9-cu bəndində nəzərdə tutulduğu kimi, konkret olaraq dəmiryolu və avtomobil nəqliyyatı əlaqəsinin açılmasına toxunulub.

Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin birgə sədrliyi ilə İşçi qrup yaradılıb, bu qurum işə başlayıb, bir sıra görüşlər keçirib və gələcək fəaliyyət istiqamətlərini müəyyən edib.

Lakin çox təəssüf ki, iyun ayından başlayaraq Ermənistan həmin işçi qrupun işinə mane olur və erməni tərəfinin üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirmək istəmədiyini nümayiş etdirir. Buna baxmayaraq, Rusiya Federasiyası xoş məram nümayiş etdirərək əldə olunmuş razılıqların həyata keçirilməsinə kömək etməkdə davam edir, Rusiya baş nazirinin müavini isə Azərbaycan və Ermənistana səfər edərək ikitərəfli formatda məsələləri müzakirə edir.

İyulun 20-də Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya işgüzar səfər edib və görüş əsnasında bizim liderlər arasında çoxsaylı məsələlər, o cümlədən regional sabitlik və təhlükəsizlik ətrafında fikir mübadiləsi aparılıb. İşgüzar görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti səfərin yekunlarını müsbət qiymətləndirərək, hər iki ölkənin strateji tərəfdaş olduğunu, ölkələrimiz arasında uzunmüddətli strateji əməkdaşlıq perspektivləri, o cümlədən münaqişədən sonrakı vəziyyətlə bağlı fikir ayrılığının olmadığını dilə gətirib.

- Rusiya sülhməramlı missiyasının gedişatını necə qiymətləndirirsiniz? Beş illik mandat başa çatdıqdan sonra onun səlahiyyətlərinin artırılması ehtimalı varmı?

- Bildiyiniz kimi, Rusiya Federasiyasının Azərbaycan Respublikasının ərazisində müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingenti erməni tərəfinin zaman-zaman əl atdığı təxribatlara baxmayaraq, öz üzərinə qoyulmuş hərbi və humanitar tapşırıqları yerinə yetirməkdə davam edir. Və bu, bölgədə uzunmüddətli sülhün əldə olunmasına yönəlmiş səylərə mənfi təsir edir.

Bu zaman ərzində mən artıq bir neçə dəfə Şuşaya getmişəm və ermənilər tərəfindən atəş açılmasının şahidi olmuşam. Lakin bunlara baxmayaraq, Azərbaycanın mədəniyyət paytaxtı elan olunmuş bu şəhərin bərpası istiqamətində böyük işlərin görüldüyünü deyə bilərəm.

Rusiya kontingentinin Azərbaycan ərazisində gələcəkdə də qalmasına gəldikdə isə, yəqin ki, bu gün bu barədə danışmaq tezdir. Biz dövlət başçılarımızın müəyyən etdikləri məsələlərin həlli üçün maksimum səy göstərməliyik.

- Ermənistan tərəfinin bildirdiyinə görə, Azərbaycanda hələ onlarla hərbi əsir var, halbuki, Azərbaycan tərəfi onları terror aktı həyata keçirmiş təxribatçı qismində saxlanılan şəxslər kimi nəzərdən keçirir. Eyni zamanda biz görürük ki, Azərbaycan tərəfi vaxtaşırı olaraq bu insanlardan bəzilərini Yerevana təhvil verir. Yaxın vaxtlarda həmin şəxslərin yeni qruplarının, o cümlədən minalanmış sahələrin xəritələri və daha nələrinsə müqabilində verilməsi mümkündürmü?

- Məsələnin məğzi belədir... Ermənistanın Şirak vilayətindən olan bir qrup şəxs Azərbaycan xüsusi xidmət orqanlarının antiterror əməliyyatı nəticəsində ələ keçirilib. Bu terrorçulardan ibarət təxribat qrup 2020-ci ilin noyabrının sonlarında Azərbaycan Silahlı Qüvvələri və mülki şəxslərə qarşı terror aktları həyata keçirmək məqsədi ilə bizim ərazilərə ötürülüb. Onlar dörd nəfər Azərbaycan hərbi qulluqçusunu qətlə yetirməyə və bir mülki şəxsi yaralamağa macal tapıblar. Təxribat qrupunun üzvləri ötən ilin dekabrında, yəni müharibə sona çatdıqdan bir ay sonra zərərsizləşdirilib və cinayət məsuliyyətinə cəlb olunublar.

Terrorçularla bağlı olan məsələ heç bir vəchlə siyasiləşdirilməməli, bu cür şəxslərin hərəkətləri isə beynəlxalq sənədlər və dövlətlərin təcrübəsi nəzərə alınmaqla milli qanunvericilik çərçivəsində nəzərdən keçirilməlidir. Tamamilə aydındır ki, bu şəxslər heç bir beynəlxalq konvensiyalara görə hərbi əsirlər kimi qiymətləndirilə bilməz və üçtərəfli bəyanatın müddəaları onlara şamil olunmur.

Haqqında danışılan qruplaşmanın üzvləri cinayət məsuliyyətinə cəlb olunublar və məhkəmə prosesi çərçivəsində müvafiq qərarlar qəbul olunub. Azərbaycan tərəfi bu məsələyə həmin şəxslərin cinayətlərinin tərkibi və ağırlıq dərəcəsindən asılı olaraq obyektiv yanaşıb. Onlardan çoxu erməni tərəfinə təhvil verilib, bəziləri isə Azərbaycan Respublikasında cəza çəkməyə məhkum olunub. Beynəlxalq hüquq normalarına sadiq olan Azərbaycan tərəfi Bəyanatın müvafiq bəndini yerinə yetirib və artıq Ermənistana bütün hərbi əsirləri və müharibə dövründə öldürülmüş şəxslərin cəsədlərini təhvil verib.

Demək istərdim ki, Azərbaycan tərəfi rəsmi səviyyədə dəfələrlə bu məsələyə münasibətini bildirib. Rusiyanın xarici işlər naziri də cari ilin yanvarın 18-də, onlayn mətbuat konfransında analoji mövqeni dilə gətirib. Lakin qarşı tərəf bizim arqumentləri eşitmir və vəziyyəti manipulyasiya etməyə çalışır.

- Azərbaycan-Ermənistan sərhədindən vaxtaşırı olaraq atışma barədə qorxulu xəbərlər gəlir, hər iki tərəfdən ölən və yaralananlar var. Sərhəddə sakitliyin bərqərar olmasına nə mane olur?

- Əvvəlki suala cavab verərkən dediyim kimi, erməni tərəfi gərginlik yaradaraq müxtəlif təxribatlara əl atır. Elə bir neçə gün əvvəl Ermənistan Silahlı Qüvvələri sərhədin Kəlbəcər rayonu hissəsində Azərbaycan Ordusunun mövqelərini atəşə tutublar. Snayperin açdığı atəş nəticəsində bizim hərbi qulluqçumuz həlak olub. Əminəm ki, bu cür hərəkətlərə adekvat cavab veriləcək. Sərhəddə vəziyyətin gərginləşdirilməsi yolverilməzdir və vəziyyətin istənilən mənfi məcrada davam edəcəyi ssenariyə görə məsuliyyət erməni tərəfinin üzərinə düşür. Biz isə öz tərəfimizdən dəfələrlə bildirmişik ki, müharibə başa çatıb, münaqişə arxada qalıb, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı, sülh müqaviləsini imzalamalı, habelə sərhədlərin delimitasiyası məsələsinə konstruktiv yanaşmalıdır.

Lakin biz görürük ki, erməni tərəfi yenidən dövlətlərarası münasibətlərin tənzimlənməsi proseslərini uzatmağa çalışır və bununla da bütün bölgənin tam miqyaslı inkişafı üçün yeni şəraitin yaradılmasına mane olur.

Gec və ya tez Ermənistan yeni reallıqla razılaşmalı olacaq. Bu nə qədər tez baş verərsə, sülh də o qədər tezliklə bərqərar olar və insanlar Cənubi Qafqaz regionunda normal yaşamağa başlayarlar.

- İyun ayında Azərbaycan və Türkiyə prezidentləri Şuşa bəyannaməsini imzalayıblar ki, bu sənəd də konkret olaraq Zəngəzur koridorunun açılmasını nəzərdə tutur. Koridor nə vaxt açılacaq? Əgər o Ermənistanın ərazisindən keçəcəksə, Azərbaycan koridorun Yerevanın nəzarətində qalmasına razı olacaqmı? Yoxsa koridor eks-ərazi statusunda olmalıdır?

- Bəli, cari ilin iyunun 15-də Şuşada tarixi hadisə baş verib. Azərbaycan və Türkiyə prezidentləri arasında 1921-ci ildə imzalanmış Qars müqaviləsi ilə səsləşən bəyannamə imzalanıb. Həmin müqaviləyə əsasən, Türkiyə Naxçıvanın qarantı qismində çıxış edir. Həmin bəyannamə iki ölkə arasında müttəfiqlik münasibətlərinin yeni səviyyəsinin əsasını qoyub.

Zəngəzur koridorunun açılması isə təkcə Şuşa bəyannaməsində deyil, həmçinin 9 noyabr 2020-ci il bəyanatında da göstərilib. Həmin bəyanatda Azərbaycanın qərb rayonları ilə onun Naxçıvan Muxtar Respublikası arasında əlaqələrin qurulmasına dair öhdəlik dəqiq yazılıb.

Son vaxtlar Ermənistan tərəfindən çoxsaylı KİV-lərdə Azərbaycanın bu ölkəyə qarşı ərazi iddialarının olması barədə yazılar tirajlanır. Burada başa düşmək lazımdır ki, 30 il ərzində bizim ərazilərimizi işğal etmiş, etnik təmizləmə aparmış, bir zamanlar çiçəklənən şəhər və kəndləri təməlinə qədər dağıtmış Ermənistanın bu cür bəyanatlar verməyə mənəvi haqqı yoxdur. Bütün bu zaman ərzində Ermənistan uydurma tarixi faktlar əsasında Azərbaycana qarşı ərazi iddiaları irəli sürüb. Lakin reallıqlar tamam başqa şeyləri deyir. Hazırda Ermənistan ərazisində olan Qərbi Zəngəzur ötən əsrin əvvəlinə qədər tarixi Azərbaycan torpağı olub və ancaq 20-ci illərdə heç bir hüquqi əsas olmadan Azərbaycandan qoparılaraq Sovet hökuməti tərəfindən Ermənistana verilib.

Zəngəzur koridoruna nəzarətə dair sualınıza gəldikdə isə, burada yenə də üçtərəfli bəyanata müraciət etmək lazımdır. Həmin sənəddə dəqiq yazılıb ki, nəzarəti Rusiya federal təhlükəsizlik xidmətinin Sərhəd xidməti həyata keçirəcək, hansı ki, onsuz da müasir Ermənistanın xarici sərhədlərinin müdafiəsini həyata keçirir.

Konkret vəziyyətə bir qədər kənardan nəzər salaraq qeyd etmək istəyirəm: sərhədlərini başqa bir dövlətin qoşunlarının qoruduğu dövləti necə müstəqil adlandırmaq olar?

- Şuşa bəyannaməsi imzalandıqdan sonra Azərbaycanda Türkiyə hərbi bazasının yaradılmasının mümkünlüyü barədə məlumatlar meydana çıxdı. Bu cür baza harada və nə zaman yaradıla bilər? Onun parametrləri məlumdurmu?

- Bu sualın cavabını Azərbaycan tərəfinin rəsmi bəyanatlarında axtarmaq lazımdır, müxtəlif söhbətlər və fərziyyələr hansısa fikir yürütmək üçün əsas ola bilməz. Bununla əlaqədar olaraq təcrübəli diplomat, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun mətbuat konfransında həmin mövzu ilə əlaqədar sözlərinə diqqət çəkmək istərdim – "biz şayiələri şərh etmirik".

Hesab edirəm ki, hazırda bütün bölgə ciddi dəyişiklilərin astanasındadır və yeni reallıq üçün bu tarixi şansı əldən verməmək üçün mümkün olan hər şeyi etmək lazımdır.

Eləcə də oxuyun:

1884
Teqlər:
Ermənistan, Rusiya, Azərbaycan, sərhəd, vəziyyət, bəyanat, şərh, səfir, müsahibə, Polad Bülbüloğlu
Пульт дистанционного управления телевизором

CBC teleradio şirkətində kadr dəyişiklikləri baş verib

0
(Yenilənib 00:09 31.07.2021)
Qarabağ regionunda yayımlanan CBC FM radiosunun baş redaktoru və bir sıra bölmələrə baş redaktorlar təyin edilib.

BAKI, 30 iyun - Sputnik. Dünyanın rus dilli informasiya məkanında teleradio yayımının inkişafı və son bir neçə ildə əldə olunmuş uğurların nəticəsi kimi CBC teleradio şirkətində bir sıra kadr dəyişiklikləri aparılıb.

Teleradio şirkətindən AZƏRTAC-a bildiriblər ki, Məmmədov Orxan Elşən oğlu Qarabağ regionunda yayımlanan CBC FM radiosunun baş redaktoru vəzifəsinə təyin olunub.

Bundan əlavə, Əliyeva Nigar Əli qızı telekanalın “İctimai siyasi verilişlər” bölməsinin baş redaktoru, Musazadə Elmira İlqar qızı “Müəllif verilişləri” bölməsinin baş redaktoru, Rzayev Sənan Məhəmməd oğlu redaktor-baş siyasi icmalçı, Lavrina Anastasiya Vitalyevna beynəlxalq münasibətlər üzrə ekspert – aparıcı, Cəbrayılov Həbib Mikayıl oğlu isə “Xarici dilli yayım” departamentinin baş rejissoru vəzifələrinə təyin ediliblər.

Telekanal barədə

CBC (Caspian Broadcasting Company) - 10 aprel 2013-cü il tarixində ATV International telekanalı əsasında yaradılaraq yayıma başlayan beynəlxalq televiziya kanalıdır.

Yarandığı bir neçə ay ərzində loqosu hər 7 saniyədən sonra "ATV Int." loqosuna çevrilirdi. 9 may 2014-cü il tarixindən etibarən ATV Plus kabel televiziyasında yayımlanır. 2015-ci ildə Futbol üzrə Azərbaycan çempionatı 2015/2016 mövsümünün yayım hüququnu əldə edib.

9 avqust 2015-ci il tarixində "Neftçi - Kəpəz" oyunu ilə yayıma start verib. Yayım Azərbaycan dilində həyata keçirilib. Həmçinin həmin gün "CBC Sport" adlı qardaş kanalı da yayıma başlayıb.

2020-ci ilin dekabrında Milli Televiziya və Radio Şurasının (MTRŞ) video formatda keçirilən iclasında “Caspian İnternational Broadcasting Company” MMC-nin regional televiziya yayımı lisenziyasının alınması üçün Milli Televiziya və Radio Şurasına müraciətinə baxılıb.

Azərbaycan həqiqətlərini müxtəlif dillərdə dünyaya çatdıran bir kanalın işğaldan azad olunmuş ərazilərdə yayımının təşkilinin xüsusi əhəmiyyətini və təxirəsalınmazlığını nəzərə alaraq Şura “Caspian İnternational Broadcasting Company” MMC-yə (CBC televiziya kanalı) Dağlıq Qarabağ və ətraf ərazilərdə yerüstü yayımın həyata keçirilməsi məqsədilə müddətsiz regional televiziya yayımı lisenziyasının verilməsi barədə qərar qəbul edib.

CBC özü haqqında

CBC telekanalı öz tamaşaçılarına hadisələrin obyektiv qiymətləndirməsini, əhatəli proqramlarını təqdim edir. Ən əsası isə, CBC bunu üç dildə - Azərbaycan, rus, və erməni dillərində edir.

Azərbaycanın ilk beynəlxalq televiziyası olan CBC yüksək enerji ilə start götürərək ölkəmizin uğurları, problem və nailiyyətləri haqqında bütün dünyaya məlumat çatdırmaqdadır. Telekanal fasiləsiz olaraq yayımlanır və yayım sahəsi Rusiyanın Avropa hissəsindən tutmuş Hindustan yarımadasına kimi, Balkan yarımadasından Çinin şərq sahillərinədək geniş ərazini əhatə edir.

CBC-nin üç redaksiyasının hər birində yayım dilinin xüsusiyyətlərinə uyğun olaraq xəbərlərin seçimində vahid sistem tətbiq olunur. Redaksiya siyasətimiz - hadisələrə qiymət vermədən, olay tərəflərinin hər birinin fikrini təqdim etməkdən ibarətdir. CBC-nin yaradıcı və texniki potensialı ən müxtəlif janrlarda keyfiyyətli və reytinqli proqramlar hazırlamağa imkan verir. Məqsədimiz – hər bir tamaşaçıya özünün şəxsi fikrini formalaşdıra bilmək üçün materialı cəld və keyfiyyətli surətdə təqdim etməkdir.

0