* AZƏRBAYCAN *
Fotoqraf

UNESCO-da "İpək Yolu gənclərin gözü ilə" foto-müsabiqə keçiriləcək

17
(Yenilənib 12:41 08.06.2021)
Sonda Türkiyə, Banqladeş, Böyük Britaniya, Çin, Efiopiya və Meksikadan olan fotoqraflardan ibarət münsiflər heyəti qalibləri seçəcək.

BAKI, 8 iyun — Sputnik. UNESCO-da "İpək Yolu gənclərin gözü ilə" 3-cü foto-müsabiqə keçiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, UNESCO-nun İpək Yolu Proqramı çərçivəsində təşkil edilən foto-müsabiqəyə avqustun 24-dək müraciət olunmalıdır. Hər il keçirilən "İpək Yolu gənclərin gözü ilə" adlı foto-müsabiqə İpək Yolu üzərində olan mədəni irs abidələri ilə bağlı baxışları kameraların obyektivi ilə əks etdirmək üçün yaxşı fürsətdir.

Gənclər tərəfindən çox vaxt ünsiyyət və özünü ifadə üçün güclü vasitə kimi istifadə edilən vizual sənətlər, xüsusilə də foto qloballaşan dünyamızın üzləşdiyi əsas məsələlər barədə məlumatlılığın artırılmasında əhəmiyyətli rol oynamaq potensialına malikdir.

Dünyanın bəlası olan pandemiya zamanı çoxsaylı təhsil və mədəniyyət ocaqlarının müvəqqəti bağlandığı bir dövrdə bu foto müsabiqə gənclərin bir-birləri ilə rəqəmsal məkanda əlaqə qurmaq və yaradıcılıqlarını, eləcə də post-pandemiya dünyamızı görmə qabiliyyətlərini bölüşmək üçün ideal platformadır.

Müsabiqə 14-17 və 18-25 yaş qruplarına bölünür. Müsabiqəyə "Tekstil və geyim" və "COVID-19 pandemiyası dövründə mədəniyyətlərarası mübadilə, o cümlədən tekstil və geyim" adlı iki mövzu ilə bağlı fotolar göndərmək tövsiyə olunur. Sonda Türkiyə, Banqladeş, Böyük Britaniya, Çin, Efiopiya və Meksikadan olan fotoqraflardan ibarət münsiflər heyəti qalibləri seçəcək.

Azərbaycanın gənc fotoqrafları da müsabiqədə iştirak etməyə dəvət olunurlar. Foto-müsabiqə ilə bağlı UNESCO-nun internet saytında aşağıdakı linkdə daha ətraflı məlumat almaq olar: https://unescosilkroadphotocontest.org/fr .

Əlavə suallar üçün Silkroadsphotocontest@unesco.org elektron ünvanına müraciət oluna bilər.

17
Yusif Eyvazov və Anna Netrebko, arxiv şəkli

Yusif Eyvazov Anna Netrebkodan niyə övladının olmadığını açıqladı

2
Rusiyada yaşayan məşhur azərbaycanlı opera müğənnisi karyeraya necə başlamasından, həyat yoldaşı ilə tanışlığından və niyə ondan uşaq sahibi ola bilməməsindən danışıb.

BAKI, 23 iyun — Sputnik. Xalq artisti Yusif Eyvazov müğənni Valeriyanın "Aramızda qalsın" adlı layihəsinə qonaq olub. Azərbaycanlı solist proqramda həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebkodan niyə övlad sahibi ola bilmədiyinə aydınlıq gətirib.

Peşə seçimi

Uşaq vaxtı mahnı oxumurdum. Oxumaq istədiyimi anlayanda isə təxminən 17-18 yaşım vardı. Bizim ailədə texnoloq və həkimlər üstünlük təşkil edir. Amma mənim bu peşələrə marağım yox idi. Atam onun yolu ilə getməyimi istəyirdi. Hazırlaşıb universitetə daxil oldum. Ali məktəbdə oxuduğum vaxt Şən və Hazırcavablar Komandası ("KVN") yaratmışdılar, mən də üzv oldum. Amma yaxşı "KVN"-çi ola bilmədim.

Çıxışlarımızdan birində mahnı oxumaq lazım idi. Həmin vaxt məni müşayiət edən pianoçu xanım səsimin olduğunu görüb məsləhət verdi ki, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasına daxil olum. Ancaq valideynlər bu fikirdə idilər ki, mahnı oxumaqla ailə dolandırmaq olmaz, ona görə də məni bu fikirdən daşındırmağa çalışdılar. Buna baxmayaraq, konservatoriyaya daxil oldum və qərara gəldim ki, estrada müğənnisi olum. Heç indi də notları yaxşı bilmirəm.

Anatoli Qusev adlı bir pedaqoq var, İtaliyada təhsil almış ilk bakılıdır. İndiyə kimi onunla dostluq edirik. İldə bir dəfə Bakıya gəlirdi. Növbəti səfərlərin birində onun yanına getdim. O, mənə dedi: "Əgər oxumaq istəyirsənsə, İtaliyaya getməlisən".

Valideynlərimin məni xaricə göndərmək imkanı yox idi. Onlar mənim İtaliyaya getmək istəyimi sakit qarşıladılar, fikirləşdilər ki, bir müddət sonra bu həvəsim keçəcək. Amma keçmədi. Axırda atam məcbur olub məni İtaliyaya göndərmək üçün tələb olunan dörd min dolları düzəltdi. İki ay İtaliyada yaşayandan sonra bir qəpiyim də qalmamışdı. Evə qayıda bilməzdim. Onda 20 yaşım var idi. İndiki kimi yadımdadır, 1997-ci il idi, qərara gəldim ki, baristalıq edim. Sutkada cəmi dörd saat yatsam da, o dövr həyatımın ən gözəl vaxtları idi. Yaxşı qazanırdım. Bütün Avropanı gəzdim.

İlk çıxış

Bu, İtaliyada baş verdi. Əməlli-başlı biabırçılıq oldu. Üç saat oxudum, hər şey normal idi, ancaq yuxarı not götürmək istəyəndə alınmadı. Xəcalət içində səhnəni tərk etdim. Bu, mənim üçün böyük biabırçılıq idi. Ancaq xaraktercə tez ruhdan düşən insan deyiləm. Bütün dünya mənə deyirdi ki, səndən ifaçı olmaz.

Anna Netrebko ilə tanışlıq

Milanda tanış olduğumuz vaxt o mənə dedi ki, burada heç nə öyrənə bilməyib. Fikirləşdim ki, ya dəlidir, ya da dahi. Bir həftədən sonra onun çıxışını izləyəndə başa düşdüm ki, dahi vokalistdir. Bilirdim ki, premyeradan sonra ayrılacağıq. Agent də ona yaxınlaşmağı qadağan eləmişdi. O vaxt "WhatsApp" yox idi, biz əsasən, elektron poçt vasitəsilə ünsiyyət saxlayırdıq. Premyeradan sonra məni otağından qovdu, səhəri gün isə yazdı ki, artıq mənə olan həvəsi keçib. O, Vyanaya uçdu, amma biz yazışmağa davam elədik.

Sonra o yenidən çıxış etmək üçün Milana gəldi. Xahiş elədim ki, əlavə bir neçə gün də qalsın, razılaşdı. Ayrılıq anı çətin keçdi: başa düşürdüm ki, bəlkə də biz bir daha görüşməyəcəyik. O gedəndən sonra darıxmağa başladım. Onda mənim 35 yaşım var idi, həyatım barədə demək olar ki, fikirləşmirdim. Anna həyatıma yeni nəfəs gətirmişdi. 2014-cü ildə Vyanaya getdim və orada qaldım.

Netrebkonun həyat yoldaşı olmaq...

Anna güclü qadındır, amma mənə onunla yaşamaq asandır. O, kişinin yanında heç vaxt güclü tərəflərini göstərməz. Bu mənada eynilə azərbaycanlı xanımlara bənzəyir. O, heç vaxt kişini alçatmaz. Alçaldılmağa qətiyyən göz yummazdım. Mənim üçün qəbuledilməz iki şey var: xəyanət və hörmətsizlik. Biz ailə qurduğumuz vaxt hamı deyirdi: "Bu, Netrebkonun əridir". Bunu normal qarşılayırdım, bilirdim ki, bundan qaçmaq mümkün deyil, çünki o, ulduzdur. Başladım öz üzərimdə işləməyə. Anna mənim həyatımda ilhamverici qüvvədir. Biz bir-birimizdən çox şey öyrənmişik. İndi mənim yanımdakı qadın yeddi il bundan əvvəlki Anna deyil. Əgər mən ona 25-30 yaşında rast gəlsəydim, yəqin heç bir il də birlikdə yaşaya bilməzdik. Biz onunla övladı dünyaya gələndən sonra tanış olmuşduq. O, axtardığını məndə tapmışdı.

Niyə Netrebkodan övladı yoxdur

Şükür Allaha ki, Tyaqo eynən Annaya bənzəyir. O, xeyirxah və mehriban uşaqdır. İlk dəfə məktəbdə olanda mənə ata dedi. Çox təsirlənmişdim. Həmin an başa düşdüm ki, o mənim ögey deyil, elə doğma oğlumdur. Onun mənim qanımdan, canımdan olmadığını ağlıma belə gətirmirəm. O, həm də mənim ən yaxın dostumdur.

Tyaqo – bizim yeganə övladımızdır, başqa uşağımız olmadı. Anna ilə genetik cəhətdən uyuşmazlığımız var, yəni ayrı-ayrılıqda uşaq sahibi ola bilərik, amma birlikdə bu mümkün deyil. Hər şeyi sınaqdan keçirtsək də, alınmadı. Hətta mənə surroqat anadan övlad sahibi olmaq da təklif edildi. Amma başqa qadından olan övlad istəmirəm. Ona görə də qərar verdik ki, hər şey necə varsa, o cür də qalsın...

2
Anar Kərimov, arxiv şəkli

Mədəniyyət naziri BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi ilə görüşüb

20
(Yenilənib 19:20 22.06.2021)
Bu kampaniya çərçivəsində təşkilatın işğaldan azad olunmuş ərazilərdə tarixi-dini abidələrin bərpası və oradakı gerçəklərin dünyaya çatdırılması istiqamətində mühüm işlər görəcəyinə əminliyini ifadə edib.

BAKI, 22 iyun — Sputnik. Mədəniyyət naziri Anar Kərimov ölkəmizdə səfərdə olan BMT-nin Sivilizasiyalar Alyansı (BMTSA) üzrə ali nümayəndəsi Migel Angel Moratinos ilə görüş keçirib. Sputnik Azərbaycan xəbər verir ki, nazir 44 günlük Vətən müharibəsindən sonra Azərbaycana ilk BMT nümayəndəsinin səfərindən məmnunluğunu ifadə edib.

A.Kərimov 30 illik işğaldan sonra öz ərazi bütövlüyünü bərpa edən Azərbaycanın regionda yeni imkanlara yol açdığını vurğulayıb, bu kontekstdə həm regionda, həm də ölkələr arasında sülhün bərqərar olmasına töhfə vermək üçün BMT-nin Sivilizasiyalar Alyansının əlverişli imkanlarının olduğunu diqqətə çatdırıb: "Biz inanırıq ki, təşkilat postkonflikt dövrünü yaşayan Azərbaycanla Ermənistan arasında da davamlı sülhün və güvənliyin təmin edilməsi üçün əlindən gələni əsirgəməyəcək."

Təşkilatla Mədəniyyət Nazirliyi arasında birgə əməkdaşlığın hər zaman yüksək səviyyədə inkişaf etdiyini bildirən nazir "Mədəniyyət naminə sülh" (Peace for Culture) qlobal çağırış haqqında məlumat verib. Qeyd etdi ki, mədəniyyətin qorunması üçün regionda sülhün bərqərar olması vacibdir və bu məqsədlə Azərbaycan "Mədəniyyət naminə sülh" kampaniyası ilə dünyaya çağırış edir. Bu kampaniya çərçivəsində təşkilatın işğaldan azad olunmuş ərazilərdə tarixi-dini abidələrin bərpası və oradakı gerçəklərin dünyaya çatdırılması istiqamətində mühüm işlər görəcəyinə əminliyini ifadə edib.

Səfərinin məqsədinin Azərbaycana dəstəklərini nümayiş etdirmək olduğunu deyən M.Moratinos dini abidələrin qorunmasının təşkilatın prioritet fəaliyyət istiqamətlərindən olduğunu, bu sahədə Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirdiyini qeyd edərək konkret layihələrin reallaşdırılmasının vacibliyini, bu sahədə birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.

Görüş əməkdaşlığın gələcək perspektivlərinin və tərəfləri maraqlandıran digər məsələlərin müzakirəsi ilə davam edib.

20