Anar Kərimov, arxiv şəkli

Mədəniyyət naziri illər sonra yenidən İsa bulağında FOTO

16
(Yenilənib 13:19 18.05.2021)
Anar Kərimov: "İlk dəfə Şuşanı gəzəndə uşaq idim və gözəlliyi məni sonsuz heyrətləndirmişdi. Yenidən burada olmaq və 36 illik ayrılıqdan sonra müqəddəs İsa bulağından su içmək necə də xoşdur!"

BAKI, 18 may — Sputnik. Mədəniyyət naziri Anar Kərimov Şuşaya səfər edib. Sputnik Azərbaycan xəbər verir ki, o səfər zamanı çəkdirdiyi şəkil ilə birgə uşaqlıq şəklini "Twitter"də paylaşıb.

Nazir bildirib ki, şəkillərin arasında 36 il fərq var.

"İlk dəfə Şuşanı gəzəndə uşaq idim və gözəlliyi məni sonsuz heyrətləndirmişdi. Yenidən burada olmaq və 36 illik ayrılıqdan sonra müqəddəs İsa bulağından su içmək necə də xoşdur! Şuşa həmişə kimliyimizin və mədəniyyətimizin nişanəsi olaraq qəlbimizdə qaldı", - deyə nazir qeyd edib.

16
Şəki Xan sarayı

Avropanın Keramika Marşrutunun yeni üzvü - Şəkinin təqdimatı keçirilib

208
(Yenilənib 20:41 18.06.2021)
Azərbaycan Mədəni Marşrutlar üzrə Avropa İnstitutuna 2011-ci ildən üzv olub. İndiyədək Azərbaycan Avropa Şurası Mədəni Marşrutları layihəsi çərçivəsində 5 marşruta qoşulub.

BAKI, 18 iyun — Sputnik. Avropa Şurasının Keramika Assosiasiyasının Baş Assambleyasının onlayn formatda iclası keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, iclas çərçivəsində Avropa Keramika Marşrutunun (European Route of Ceramics) yeni üzvü - Şəki şəhərinin təqdimatı baş tutub.

Şəki şəhəri bu ilin əvvəlində Dövlət Turizm Agentliyinin təşəbbüsü ilə Avropa Keramika Marşrutuna üzv seçilib. Yeni üzvü təqdim edən Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin şöbə müdiri Sədaqət Davudova iclas iştirakçılarına Avropa Keramika Marşrutuna yeni qoşulmuş Şəkinin tarixi, şəhərsalma mədəniyyəti, özünəməxsus memarlıq üslubu, sənətçilik ənənələri haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, keramika sənəti ənənələrinin davam etdirilərək gələcək nəsillərə ötürülməsində Şəki sənətkarlarının rolu böyükdür.

Assambleya iştirakçılarına Qafqazda ilk Keramika Mərkəzi - "ABAD" Keramika və Tətbiqi Sənət Mərkəzinin məhz Şəkidə yaradılması, ilk Beynəlxalq Keramika Simpoziumunun da bu şəhərdə keçirilməsi haqqında məlumat verilib. Qeyd olunub ki, Şəki şəhəri 2008-ci ildə Dünya Tarixi Şəhərlər Liqasının üzvü seçilib, 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" Ümumdünya İrs Siyahısına daxil edilib. 212 maddi mənəvi irs, 28 qeyri-maddi mədəni irs, 19 mədəni təbii irs daşıyıcısı olan Şəki şəhəri 2010-cu ildə Azərbaycanın Sənətkarlıq Paytaxtı elan edilib, 2017-ci ildə onun adı UNESCO-nun "Yaradıcı şəhərlər şəbəkəsi" siyahısına salınıb.

Avropa Keramika Marşrutu 2012-ci ildə Avropa Şurası tərəfindən sertifikatlaşdırılmış mədəni marşrutdur. Bu hərəkatın məqsədi keramika istehsalı və bu sahəyə dair qədim ənənələrlə bağlı mədəni irsi dəyərləndirmək, dayanıqlı turizm təklifi yaratmaq və bununla da ümumilikdə mədəni və sosial inkişafa nail olmaqdır. Hazırda Avropa Şurasının Keramika Assosiasiyası mərkəzi qərargahı İtaliyanın Faentsa (Faenza) şəhərində yerləşir.

Azərbaycan Mədəni Marşrutlar üzrə Avropa İnstitutuna 2011-ci ildən üzv olub. İndiyədək Azərbaycan Avropa Şurası Mədəni Marşrutları layihəsi çərçivəsində 5 marşruta – "Şərab Yolu", "Yəhudi irsi üzrə Avropa marşrutu", "Qədim Qayaüstü İncəsənət İzləri", "Termal şəhərlər" və "Zeytun ağacları" yoluna qoşulub.

208
Open Air kinotatrı

Kinosevərlərə şad xəbər: "Open Air Cinema"nın Bakıda da reallaşdırılması nəzərdə tutulub

273
(Yenilənib 20:43 18.06.2021)
""Open Air Cinema" layihəsi Bakıda gerçəkləşdikdən sonra digər layihə - "AvtoCinema" təqdim ediləcək.

BAKI, 18 iyun — Sputnik. Ötən həftə "CinemaPlus" kinoteatrlar şəbəkəsi kinosevərlər üçün yeni layihə ərsəyə gətirib. "Cinema Plus"un PR meneceri Nərmin Həsənovanın Sputnik Azərbaycan-a verdiyi məlumata görə, Şamaxı şəhərində yerləşən "Abqora" restoranında "Meysəri" şərabları və "CinemaPlus"un birgə layihəsi olan "Open Air Cinema"da hər həftəsonu açıq havada, təbiətin qoynunda qonaqlar yeni filmləri izləyə biləcəklər:

"Bu layihə keçən il də Şamaxıda baş tutmuşdu. Layihə regionda həyata keçirilsə də, paytaxt sakinləri tərəfindən də böyük maraqla qarşılanıb. Hələ ki, Bakıda başlamamışıq. Bakıda da belə layihələr nəzərdə tutulub. Məlum məsələləri nəzərə alaraq hələlik paytaxtda gözləmə mövqeyindəyik".

Nərmin xanım "AvtoCinema" adlı layihədən də danışıb:

""Open Air Cinema" layihəsi Bakıda gerçəkləşdikdən sonra digər layihəni - "AvtoCinema"nı təqdim edəcəyik. "AvtoCinema" layihəsi açıq havada kinoteatr giriş və çıxışı olan böyük avtopark sahəsini xatırladır. İnsanlar şəxsi avtomobillərində əyləşərək böyük ekranda filmləri izləyəcəklər. Çalışdıq ki, "Open Air Cinema" bir pilot layihə kimi regionda sınaqdan keçirilsin və daha sonra maraq və istəkləri nəzərə alaraq bu təcrübəni paytaxta köçürə bilək. Bu layihə pandemiya şəraiti ilə əlaqəli deyil, adi vaxtlarda da davam etdirilə bilər. İnanıram ki, kinosevərlərimiz yeni layihə vasitəsilə filmlər izləmək imkanı qazanacaqlar".

Qeyd edək ki, "Open Air Cinema"da filmlər və seanslar haqqında məlumatı "CinemaPlus"un sosial şəbəkə hesablarından əldə etmək mümkündür.

Xatırladaq ki, Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargah Koronavirus pandemiyası ilə bağlı (COVID-19) ötən ilin martın 14-dən etibarən ölkə daxilində tətbiq olunan sosial təcrid tədbirlərini həyata keçirib. Bu tədbirlərə toy, yas mərasimləri və digər kütləvi toplantıların qadağan edilməsi, mədəniyyət obyektlərinin, teatrların, muzeylərin, kinoteatrların, əyləncə mərkəzlərinin, idman mərkəzlərinin və digər əlaqəli obyektlərin bağlanması da daxil olub.`

273
Toyuq əti

Azərbaycana gətirilən 1,2 ton hind quşu dərisi yararsız çıxdı

0
Məhsulda patogen mikroorqanizm olan salmonella aşkar edilib. Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq qərar qəbul edilib və istehlak üçün yararsız 1.2 ton hind quşu dərisi məhsulunun satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb.

BAKI, 19 iyun — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) həyata keçirdiyi nəzarət tədbirləri zamanı Türkiyədə fəaliyyət göstərən "Briterra Gida İç Ve Dış Ticaret Anonim Şirketi" tərəfindən istehsal olunan və "Ladess Group" MMC tərəfindən ölkəmizə idxal edilən hind quşu dərisi məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirib.

AQTA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Müayinələr nəticəsində məhsul partiyasında patogen mikroorqanizm olan salmonella aşkar edilib. Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq qərar qəbul edilib və istehlak üçün yararsız 1,2 ton hind quşu dərisi məhsulunun satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq tədbirlər görüləcək.

0