CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Eminquey: "Hansısa ədibə il elan etmək büdcədən pul silməkdən başqa bir şey deyil"

© Sputnik / Murad OrujovEminquey Akif
Eminquey Akif - Sputnik Azərbaycan, 1920, 27.03.2021
Abunə olmaq
Gənc şair: "Bu gün evimdə Xoşqədəmin, Zaurların səsini eşitməkdən bezmişəm. Heç öz evimdə nəyisə dəyişə bilmirəm. Kəramət demişkən, "anam da baxır onlara, deyir kaş mənim də oğlum Zaur kimi olardı"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 27 mart — Sputnik. Emin Akif şairdir. Amma oxucuları onu Eminquey Akif kimi tanıyır. Niyə məhz Eminquey? Şair təxəllüsü, yaradıcılığı və müasir Azərbaycan ədəbi mühiti haqqında Sputnik Azərbaycan-a danışıb: "Yazmağa Emin Akif imzası ilə başlamışam. Akif atamın adıdır. Bir gün dostumla təxəllüslərin cazibə qüvvəsindən danışırdıq. Sözümüz hərlənib-fırlanıb nədənsə Ernest Heminqueydə dayandı. Dostum mənə zarafatla dedi ki, bəlkə sən də təxəllüsünü Eminquey edəsən?! Əvvəl ciddiyə almadım. Amma sonralar gördüm ki, Akif adı ilə sanki atamın kölgəsində qalıram. Atamı itirməyimdən çox yazıram. Düşündüm ki, təxəllüsü dəyişim, bəlkə mənə yenilik gətirər. Təxəllüsü dəyişdim, amma gördüm ki, elə də təsiri olmadı. "Təxəllüsün plagiatdır" deyənləri nəzərə alıb onu özüməxsus şəkildə mənalandırdım. "Qu" quyu sözünün qısaldılmışı, "ey" isə çağırışdı. "Günəbaxan" kitabımda bunun mənasını daha poetik şəkildə təsvir etmişəm. Həyatım, yaşayış tərzim, streotiplər, qadağalar və s. mən özümü həqiqətən quyuda hiss edirəm və yazdığım şeirlər də, yazılar da quyuya düşmüş insanın çağırışıdır, imdadıdır. Deyirlər ki, "dəyiş, bu sənə gələcəkdə kompleks yaradacaq". Hələ ki, bu barədə düşünmürəm. Əslində təxəllüsün şairin, yazıçının ömründə sadəcə oxucuya təqdim olunmaqdan başqa heç bir rolu yoxdur. Maraqlı imza cəlbedici olur, vəssalam. Əgər yazdığın həqiqi mətndirsə, onun altına nə imza qoyursan qoy, mətnə təsiri olmur. Amma "dəyişməyəcəyəm" də demirəm. Bir çox şairlər, yazıçılar zaman-zaman təxəllüslərini dəyişməyə ehtiyac duyublar".

Masər Həsənov - Sputnik Azərbaycan, 1920, 06.12.2020
CƏMİYYƏT
Əzmkar rejissor: "Müəllimlərimə qulaq assaydım, indiki uğurlarım olmazdı"

Həmsöhbətimizin dediyinə görə, bu gün ölkəmizdəki gənc yazarların, şairlərin bir çoxunun gəlir mənbəyi mətbuatdır. O hesab edir ki, mətbuatda işləmək yaradıcılığı məhdudlaşdırır: "Hansısa mətbu orqanda çalışırıq, vaxtlımızın böyük bir hissəsi köşə, xəbər, reportaj yazmağa, müsahibə almağa gedir. Günün 9 saatı işdə, qalan saatları isə evdə. Əgər mətbuatda çalışırsansa günboyu hadisələri izləməyə məcbursan. Evdə, avtobusda, dostlarınla birgə hardasa oturanda. Artıq hiss edirəm ki, publisistik yazılar şeir dilimi öldürür".

Müsahibimiz düşünür ki, onun şeirlərinə kütləvi tələbat yoxdur: "Günəbaxan"dan əvvəl "Sıfır dərəcə" adlı kitabım dərc olunmuşdu. Amma o kitab 21 yaşıma qədər olan şeirlərimdən ibarət idi. Özümü çox üşümüş, ümidsiz, soyuq hiss edirdim. Kitabın adı da buna görə "Sıfır dərəcə" idi. Təcrübəsiz, primitiv şeirlər idi. Təqdimatdan sonra bir müddət kitab mağazalarında satışa çıxdı, sonra o kitabdan imtina etdim. Heç indiyə kimi bilmirəm ki, mağazalarda qalan kitabların axırı necə oldu?! Artıq burada kitab dərc etməyi düşünmürəm. Çünki, hər şeyi özün edirsən və bu maddi gəliri az olan adam üçün olduqca çox çətin prosesdir. Kitab çap etdirməyə belə yanaşıram - tələbat yoxdursa, məhsulu önə çıxartmaq çətin olur. Düşünürəm ki, hazırda mənim şeirlərimə kütləvi tələbat yoxdur. Heç geniş publika üçün də yazmıram. Amma yazdığım şeirlər də hal-hazırda çatdığım oxucu sayından qat-qat artıq oxucu sayına layiqdir. Ona görə də bəlkə 5 ilə, bəlkə 10 ilə kitab çap etdirərəm. Hələ ki hədəf "Günəbaxan"ı öz auditoriyasına sona kimi çatdırmaqdır. Adətən məhsuldar deyiləm. Yəni çox şeir yazım deyə məqsədim yoxdur. Üstəgəl, şeirlərimi silməyi, cırıb tullamağı bacaran adamam. Yaradıcılıq imtinadır. Əgər imtina edə bilirsənsə, inkişaf edəcəksən. "Günəbaxan" necə ərsəyə gəldi? "Sıfır dərəcə"dən, bir çox şeirlərdən imtina etməyin sayəsində".

© Sputnik / Murad OrujovEminquey Akif
Eminquey: Hansısa ədibə il elan etmək büdcədən pul silməkdən başqa bir şey deyil - Sputnik Azərbaycan, 1920, 27.03.2021
Eminquey Akif

Eminquey yeni "Günabaxan"ı heç bir kitab mağazasına verməyib, özü satıb: "İlkin mərhələ üçün çap olunan 220 kitabdan cəmi 20-30 dənəsi qalıb. Əslində bu boyda cəmiyyətdə 200-300 kitabın satılmağı uğurlu deyil. Bir rus müəllifdən danışmışdılar mənə. O, əgər hansısa oxucu özündən imzalı kitab istəyirsə, kitabın qiymətindən 3-4 qat baha satır imzasını. Üç-dörd qat artıq pulunu ödə, imzalı kitabımı al. Biz isə elə kitabın qiymətinə imzalayırıq, poçtla yollayırıq. Poçtun pulu da çox zaman bizim boynumuza düşür".

Türkiyədə Yılmaz Özdil kimi məşhur bir müəllifin üç yüz min kitabı satılır, onlar bunu aşağı nəticə hesab edirlər. Amma biz bu rəqəmə həsəd aparırıq. Dövlət böyükdür, bu öz yerində, amma cəmiyyətimizdə vəziyyət elə də yaxşı deyil axı. Biz kitab satışından narazılıq edəndə deyirlər ki, "sənə kim deyir ki, get kitab yaz?"Amma hansısa müğənni toyların olmamağında şikayət edəndə heç kəs onu qınamır. Çünki, onu toyuna çağırıb 10 min verməyə əli gəlir, yeyib-içəcək, əylənəcək. Rəssamlar da, heykəltaraşlar da bizim durumumuzdadır. Bütün bunlara baxmayaraq kitab oxuyan təbəqə var və o təbəqənin diqqətini "Günəbaxan" çap olunan gündən hiss edirəm. Kitabımı öz qiymətinə də alan olur, 4-5-10 qat artıq qiymətə də. Sadəcə o təbəqəyə çatmaq üçün əmək lazımdır. Bunun üzərində çalışıram".

"Bu problemlərin əlacını nədə görürsünüz?" sualına şairin cavabı belə oldu: "Problemin həlli çox sadədir. Kitab bazarını inkişaf etdirmək lazımdır. Rövşən Abdullaoğlu ən çox qınan yazıçılardandır. Amma adamın kənarda biznesi var, öz nəşriyyatı var. Adam biznesindən gələn gəlirin bir hissəsini kitaba yatırır. Reklamını yaxşı qurub. Bizimsə nə elə biznesimiz, nə də şəxsi "Qala" nəşriyyatımız var. Kitabımızı hansısa mağazaya satışa verəndə, əvvəlcə faiz oxuyurlar, sonra satışa çıxır və rəflərin ən ucqar yerində toz basıb gedir. Birinci kitabımı satışa verəndə hər dəfə gedib görürdüm ki, görünməyən yerlərdə mışıl-mışıl uyuyur. Acığa düşürdüm, kitabı göz önünə çıxarıb heç nə olmamış kimi mağazanı tərk edirdim".

Eminqueyin fikrincə, cəmiyyətimizin böyük bir qismi mütaliə sahəsində hələ ibtidai mərhələdə qalıb: "Bu gün ən çox oxunanlar Rövşən Abdullaoğlu, Elxan Elatlı və Çingiz Abdullayevdir. Kitab satıcıları da əsasən bu 3 müəllifi təklif edir. Oxucuya Çingiz Abdullayevdən sonra Əkrəm Əyislini təklif edəndə duruxar da. Nəşriyyat da düşünür ki, bu gün alıcı kimi alırsa, onunla da işləyim. Sırf bunlara görə, kitabımı özüm satıram. Onlayn ödəniş edirlər, ya poçtla ünvanlarına yollayıram, ya da gəlib iş yerimdən götürürlər".

"Nizami Gəncəvi İli"ndən danışan şair hesab edir ki, hansısa ədibin ilinin qeyd olunması məntiqsizdir: "İlin elan olunmasında məqsəd nədir? Konkret qarşına məqsəd qoyursan ki, Nizamini dünyaya çatdıracağam. Bizdə isə Mədəniyyət naziri konsert təşkil edəcək. O konsertə də gələcək nazirlər, məmurlar. Bir-iki müğənni də gəlib mahnı oxuyacaq, Məleykə Əsədova da Nizaminin bir qəzəlini deyəcək. Bu da olacaq bizə "Nizami ili". Bizdə il bundan ibarətdir. O boyda Nəsimi ilində təkcə Sami Yusufun layihəsi yadda qaldı. Sən əgər dünya səviyyəsinə çıxaracaq bir şey etməyəcəksənsə, niyə bu ili elan edirsən? Subtitrlı, yaxud dublyaj olunmuş kiçik video çarxlar hazırlayıb, sosial şəbəkələrdə yaymaq olar. Bu gün filmdən çox videoblogerlərin çəkdiyi roliklər daha məşhurdur. Bu, daha faydalı olar, nəinki o tədbirlər. Təsəvvür edin, Vahid ili elan olunur. Ənənəvi olaraq bir aktyoru Vahid kimi geyindirib ortaya atırlar, o da "Qəzəlxan" filmindəki o məşhur "Üzü dönsün görüm o ağuya dönmüş çörəyin" qəzəlini deyir. O aktyoru da, onun təşəbbüskarını da tutarlar. Yəni, dediyim odur ki, hansısa ədibə il elan etmək büdcədən pul silməkdən başqa bir şey deyil".

© Sputnik / Murad OrujovEminquey Akif
Eminquey: Hansısa ədibə il elan etmək büdcədən pul silməkdən başqa bir şey deyil - Sputnik Azərbaycan, 1920, 27.03.2021
Eminquey Akif

E. Akif təklif edir ki, Nizami haqqında serial çəkilsin: "Nizami haqqında serial çəkmək olar. Necə ki türklər tarixi şəxsiyyətləri haqqında gözəl seriallar çəkir. O seriallar müxtəlif dillərdə dublyaj olunur, Amerikada, Rusiyada, Avropada nümayiş etdirilir. İstedadlı rejissorlarımız, aktyorlarımız, bəstəkarlarımız var. Onlara dəstək versələr, o tədbirlərə ayrılan pulları yaradıcı insanlara versələr, daha uğurlu iş alına bilər. "Nəsimi ili"ndə qrimlənmiş, Nəsimi kimi geyinmiş, daha doğrusu Rasim Balayevə oxşadılmış bir aktyoru apardılar ağac əkməyə. Həmin vaxt status yazmışdım ki, təsəvvür edin, aktyor Nəsimin "Tələb eylə" qəzəlində "Ey bülbülı-qüdsi, nə giriftari qəfəssən, sındır qəfəsi, tazə gülüstan tələb eylə" misrasını deyir. Həmin aktyoru tutub aparardılar. Maraqlıdır, o ideyaları onlara kim verir? Axı qurumlarda işləyənlərin içində hər halda cavanlar da var. Deməli, onlar da o yaşlıların təsirinə düşüblər, ya da həqiqətən də məzmunsuz cavanlardırlar. Özlərini əziyyətə salmaq istəmirlər. Hansı primitiv düşüncədə olmalısan ki, belə bir tədbirə qol çəkəsən. Guya Nəsimi orada ağac əkməklə cəmiyyət deyəcək, "gedək biz də ağac əkək". Nəsimi hara, ağac əkmək hara, Nizami hara, hərbi hissə hara? Vallah biz indi nəsə yazırıq, yaradırıq. Düşünürəm ki, bir 50 il sonra da bizim başımıza açacaqlar bu oyunu. Qurumları tənqid edirik, dərindən baxanda xalqda da vəziyyət belədir. Ehtimal var ki, Nizami fiziki qüsurlu olub. İndi hansısa rejissor onun şəxsi həyatından film çəkcə, bu qüsuru göstərsə, həmin rejissoru daş-qalaq edərlər. Halbuki Nizamini "su"dan başqa bir müstəvidə tanımırlar. Bəlkə də bu illər elə bu səbəbdən o cür mənasız tədbirlərlə yola verilir".

Pərviz Seyidli - Sputnik Azərbaycan, 1920, 26.03.2021
MƏDƏNİYYƏT
Yazıçı: "İnanmaq istəyirəm ki, Nəsimi ilindəki biabırçılıqlar Nizami ilində olmaz"

Hazırda "Ədalət" qəzetində çalışan həmsöhbətimiz qəzetlərin Azərbaycanda vəziyyətindən danışdı: "Televiziyaların, sosial şəbəkələrin, saytların demədiyini deməlisən ki, camaat səni oxusun. Tutaq ki, hansısa filmin premyerasına getmirlər, hansısa serialı televizorda izləmirlər. Deyirlər qoy "youtube"da çıxsın, baxaram. İnternet qəzeti də "vurdu". Amma bu bəhanə deyil. Məsələn, Türkiyənin "Hürriyyət", "Sözcü" qəzetləri ilə işləyəyirəm. Davamlı olaraq izləyirəm. Onlarda əvvəlcə qəzet çıxır, sonra yazılar saytda yayımlanır. Ona görə də orada qəzetlər satılır. Hər səhər masalarının üstündə oxundu, oxunmadı qəzet olur. Təbii ki səbəb təkcə bu deyil. Sadaladığım qəzetlərin biri iqtidar, digəri isə müxalifyönümlü qəzetlərdir". Rəqabət var. Oxucuya da bu rəqabət maraqlıdır. Bəs bizdə? Yazan qəzetlərimiz var. Elə götürək öz qəzetimizi. 4 ildir "Ədalət" qəzetində çalışıram, digər saytlarda, qəzetlərdə yaza bilmədiklərimi burada yaza bilirəm. Amma düşünürəm ki, 2003-ə qədər qəzetlər, TV-lər bundan daha azad idi. Sosial şəbəkələr inkişaf etdikdən sonra, orada azadlıq olduğuna görə, mətbuat iflic olmağa başladı".

"İndi ölkədə elə bir vəziyyət yaranıb ki… İki partiya dalaşır. Birincini tənqid edirsən, sonra görürsən ki, səhv düşünürsən. İkincini tənqid edirsən, görürsən ki, yox, o da özü üçün haqlıdır. Axırda özünü qınayırsan, belə nəticəyə gəlirsən ki, əslində sən elə özün səhvsən".

© Sputnik / Murad OrujovEminquey Akif
Eminquey: Hansısa ədibə il elan etmək büdcədən pul silməkdən başqa bir şey deyil - Sputnik Azərbaycan, 1920, 27.03.2021
Eminquey Akif

Gənc şair televiziyaların vəziyyətinə də toxundu: "Bir dəfə Vaqif Mustafayev məni yanına çağırdı. Söhbət əsnasında, dedi, sən bizim televiziyanı çox tənqid edirsən. Gəl bizim televiziyaya, düzəldək kanalı. Dedim yaxşı, bəs, mənim işim nədən ibarət olacaq? Dedi ki, səhər verilişinə müğənnilər gələcək, onlarla məzələnəcəksən. Dedim ay Vaqif müəllim, biz televiziyanı belə düzəldəcəyik? Siz Mikayıla, Çingiz Əhmədova və sairlərinə meydan vermisiniz, bəhanə də gətirirsiniz ki, xalq bunu istəyir. 20 ildir camaatın beynini mənasız şoularla yumusunuz. 2000-lərin əvvəllərindən ANS bayağı layihələri ilə insanların beyinlərini yumağa başladı, beləcə bu bayağılıq 20 ildir ki, davam edir. Bu gün evimdə Xoşqədəmin, Zaurların səsini eşitməkdən bezmişəm. Heç öz evimdə nəyisə dəyişə bilmirəm. Kəramət demişkən, "anam da baxır onlara, deyir kaş mənim də oğlum Zaur kimi olardı". Görün bu insanların başını necə yuyublar".

Eminquey müasir ədəbiyyat dərsliklərindəki problemlərdən danışarkən dərslik müəlliflərini tənqid edib: "Anam "youtube"da kiminsə "Ana", "Qardaş", "Ata" şeirinə qulaq asıb kövrəlir. Onlar öyrəşiblər ki, şeir nəsihət xarakterli olsun. Yeniliyi qəbul eləmirlər. Biz məktəbli olan vaxt hansı şairi, hansı yazarı öyrənirdiksə, indi də dərsliklərdə eyni şairlər, yazıçılar tədris olunun. Birincisi, bizim cəmiyyət şairi ölü kimi sevir. Ümumiyyətlə, dərsilyi buraxanlara sərf edir ki, hansısa rəhmətə getmiş yazıçını, şairi tədris etsin. Sizcə onlar risk edib Kəraməti, məni, yaxud da lal olmayan hansısa müasir ədibi tədris edərlər? Əlbəttə yox. Bizi oxuyan 15-16 yaşlı yeniyetmənin qarşısını almaq olar? Təfəkkür oyanmamalıdır".

"Bir xanım gəlmişdi kitabımı almağa. Uşaq məni görüb təəccüblənib ki, belə şair olar? Bu da bizim kimi adamdır. Uşaq neyləsin? Uşağın ədəbiyyat dərsliklərində gördüyü şairlər başı çalmalı, əli çənəsində qəmli şəkli olan, ya da vəfat etmiş şairlərdir. Düşünürdüm ki, cəmiyyət müharibədən sonra dəyişər. Çünki, müharibə dağıntıları ilə yanaşı həm də yenilik, inkişaf gətirir. Bütün dövlətlərin, imperiyaların müharibədən sonrakı dövrü inkişafdır. Amma görünən odur ki, heç nə dəyişməyib. 44 günlük eyforiyanın içinə düşdük, sonra qayıtdıq yenə o sahilə, köhnə hamam, köhnə tas" - deyə E. Akif söhbətini tamamladı.

Xəbər lenti
0