Rəssam Onur Əli Həsənov

Nyu üslubunda yaradan Onur Əli: "Onların üzlərini çəkmirəm" - FOTO

234
"Bəzən izləyicilər atırlar ki, "bax, sənin əsərini öz adına çıxarıb". Mən onlarla mübahisə etmirəm. Əksinə, bu onlara ziyandır".

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 23 mart — Sputnik. Onur Əli Həsənov ixtisasca iqtisadçıdır. Amma uşaqlıqdan rəsmə olan həvəsi onu rəssamlığa gətirib. Sosial şəbəkələrdə ağ-qara rəsmləri ilə məşhur olan rəssamı yaxından tanımaq üçün yollandıq rəssamın emalatxanasına. Rəssam özü və sənəti barədə Sputnik Azərbaycan-a danışdı: "Mənim ana tərəfim Türkiyənin Qars vilayətindən gəlib. Vaxtilə ermənilər orada soyqırım edəndə onlar Gəncəyə gəliblər. Atamın da bir tərəfi Osmanlı türküdür. Amma özüm Azərbaycanda doğuldum, rus sektorunda oxudum. Moskvada İqtisadiyyat üzrə təhsil aldım. Məktəb vaxtlarından rəsmə həvəsim olub. Yeniyetməlik dövründə rəssamlıqdan uzaqlaşdım".

Bir müddət ailəsinin kiçik biznesini idarə edən Onur özünü orada tapmadığını deyir:

"Rəsmi qurumlar o qədər bezdirdilər ki, mənim əsəblərim buna tab gətirmədi və birdəfəlik imtina etdim. Özüm iqtisadçı olsam da, gördüm ki, mənlik deyil. Bütün fikirlərimi rəssamlığa fokuslaşdırdım. Sosial şəbəkələrdə baxırdım ki, kimsə çəkib, camaat da bəyənib. Mən baxırdım, bəyənmirdim. Dedim, mən bundan yaxşı çəkərəm. Çəkdim, sosial şəbəkələrdə paylaşdım, gördüm ki, bəyənirlər. Beləliklə, mən başladım çəkməyə".

Qrafikanı, qələmlə işləməyi daha çox sevdiyini deyən həmsöhbətimiz ağ-qara əsərlərin insan psixologiyasına təsirindən danışdı: "Yağlı boya ilə də işləyirəm. Ağ-qara mənə daha çox psixoloji təsir edir. Əslində insan rəngləri ağ-qara görür. Sadəcə işıq vasitəsi ilə biz onu rəngli görürük. İşıq olmayanda hər şey ağ və qara görünür. Ağ-qara ilə fikrini daha da dəqiqləşdirə bilirsən".

© Sputnik / Shahperi Abbasova
Rəssam Onur Əli Həsənov

Onur Əlinin izləyiciləri daha çox xaricilər və yerli rusdilli insanlardır: "İtaliyanın, Amerikanın, Rusiyanın və s. ölkələrin məşhur səhifələri mənim işlərimi paylaşır. Hansı ki, onlar milyonluq səhifələrdir. Burada isə mənim izləyicilərim daha çox rusdillilərdir. Çünki mən fikrimi rus dilində daha rahat çatdıra bilirəm. Azərbaycandilli izləyicilər bu məsələyə birmənalı yanaşmırlar. O dəqiqə yazırlar ki, "sən niyə Azərbaycan dilində yazmırsan?" Əslində elə mən əsl türkəm. Sadəcə, fikrimi rus dilində izah edə bilirəm. Fikir vermişəm, hansı rəssam ki Azərbaycan dilində yazır, azərbaycandilli publika onu daha çox dəstəkləyir".

Nyu (çılpaq - red.) janrda da əsərlər yaradan müsahibimiz bildirir ki, əksər hallarda ona qızlar özləri təklif edirlər ki, onların portretini çəksin: "Mənim də hansısa qıza təklif etdiyim vaxtlar olub. Baxıram, qızın naturası zərifdir, mən ona təklif edirəm ki, gəlin sizi çılpaq çəkim, qız da razılaşır. Bu, mənim o sözü necə deməyimdən asılıdır. Təbii ki, mən gedib hansısa dindar, mühafizəkar ailədə böyümüş qıza desəm ki, "mən sənin çılpaq portretini çəkmək istəyirəm", yanlış anlayar, bütün nəsli düşər üstümə. Onların üzlərini çəkmirəm. Bu onunla bağlıdır ki, əsərə tamaşa edən adam onun üzünə yox, bədəninin gözəlliyinə baxsın. Tutaq ki, hansısa bir əsəri oxuyuruq. Əsəri oxuyuruq, amma qəhrəmanın üzünü görmürük. Özümüz üçün beynimizdə bir obraz yaradırıq. Bunda da qadının üzü görünmür, tamaşaçı öz təfəkküründə canlandırır".

© Sputnik / Shahperi Abbasova
Rəssam Onur Əli Həsənovun əl işi

Əsərlərinin oğurlanması ilə çox rastlaşdığını deyən rəssam deyir ki, bu onlara baha başa gəlir. Necə deyərlər, Əli aşından da olurlar, Vəli aşından da: "Bəzən izləyicilər atırlar ki, "bax, sənin əsərini öz adına çıxarıb". Mən onlarla mübahisə etmirəm. Əksinə, bu onlara ziyandır. Mənim əsərimi paylaşırlar, sonra kimsə onlara sifariş verir. Onlar da həmin keyfiyyəti verməyəndə həmin müştəri artıq anlayır ki, reklam etdikləri əsərin müəllifi başqa adamdır. Əziyyət çəkirlər, çəkdikləri rəsm əllərində qalır. Ona görə də heç yerə bununla bağlı müraciət etmirəm".

"Leonardo da Vinçi, Mikelancelo, Frida Kalo və s. texnikanı qoyub gediblər. Onlar rəssamlığı bu səviyyəyə çatdırmaq üçün neçə il sərf ediblər. İndiki rəssamlara qalır həmin texnikanı inkişaf etdirmək. Mən bu dəqiqə sərgi eləmək barədə düşünmürəm. Çəkiliş texnikasını daha da təkmilləşdirməyi düşünürəm".

Onur Əli tək yaşayır. O, tək yaşamasının səbəbini belə izah etdi: "Eqoistlik kimi səslənsə də mən həmişə birinci növbədə özümü düşünürəm. Sənətimin inkişafını düşünürəm. Digər məsələlərə yer ayırsam, sənət qalacaq qıraqda. Məsələn, siz yanımdasınız, mən gedib orada işləyə bilməyəcəm. Fikrimi fokuslaşdıra bilməyəcəyəm. Elə ona görə də çalışıram ki, tək yaşayım".

© Sputnik / Shahperi Abbasova
Rəssam Onur Əli Həsənov

Milyonları depressiyaya salan pandemiya qəhrəmanımızdan yan keçib: "Pandemiyanın mənə heç bir təsiri olmadı. Çünki mənim həyat tərzim pandemiyadan əvvəl də belə idi. Hərdən elektropianoda musiqi ifa edirəm. Və bir də gəzirəm. Elə olurdu ki, 40 km gəzirdim. Bundan mərrum oldum bir müddət. Amma bütövlükdə təsir etmədi. Sosial şəbəkələrdə belə bir şəkil paylaşılmışdı – Rəssam molbertin qarşısında dayanıb: rəssam pandemiyadan öncə, rəssam pandemiya vaxtı, rəssam pandemiyadan sonra. Yəni heç nə dəyişməyib".

"İnsanlar, yaxşı olar ki, təfəkkürlərini daha da inkişaf etdirsinlər. Demirəm, Amerika, Avropadakı kimi, heç olmasa, bizə yaxın ölkələr qədər sənətə dəyər versinlər. İncəsənətlə, ədəbiyyatla maraqlansınlar. Əslində onları da anlayıram. Maddi rifah o qədər aşağıdır ki, sənəti düşünməyə, hansısa əsərlə maraqlanmağa nə vaxtları, nə də həvəsləri var", - deyə fikirlərini tamamladı.

234
Teqlər:
emalatxana, müsahibə, rəssam
İbrahim Tatlısəs, arxiv şəkli

Tatlısəs uzun illər sonra yeni mahnı təqdim edəcək

8
Verilişdə Tatlısəs 11 il sonra bir ilki gerçəkləşdirəcək. Sənətçi "Gəlməsin" adlı yeni mahnısını səsləndirəcək.Verilişdə Tatlısəs 11 il sonra bir ilki gerçəkləşdirəcək. Sənətçi "Gəlməsin" adlı yeni mahnısını səsləndirəcək.

BAKI, 12 aprel — Sputnik. Türk musiqisinin ən məşhur simalarından biri olan İbrahim Tatlısəs doqquz il sonra "İbo Show" verilişi ilə ekranlara qayıdıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Star TV"-də efirə çıxan proqramın yeni buraxılışının qonaqları məlum olub.

Verilişin 22-ci sayında Deniz Seki, Erkan Petekkaya, Sinan Akçıl ve İrem Derici iştirak edəcəklər.

Bundan başqa, verilişdə Tatlısəs 11 il sonra bir ilki gerçəkləşdirəcək. Sənətçi "Gəlməsin" adlı yeni mahnısını səsləndirəcək. Proqram aprelin 17-də, Bakı vaxtı ilə saat 21.00-da yayımlanacaq.

8
Şollerin arxivi filmi

Azərbyacanlı rejissorun filmləri beynəlxalq festivalda nümayiş olunacaq

9
"Şollerin arxivi" filmi almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama dəstək olaraq çəkilib.

BAKI, 12 aprel — Sputnik. Azərbaycanlı rejissor Cəlaləddin Qasımovun "Edam günü" bədii filmi Braziliyanın "O ECOCINE – Internacional de Cinema Ambiental e Direitos Humanos", "Şollerin arxivi" bədii filmi isə "FriCine" beynəlxalq festivallarında ölkəmizi təmsil edəcək. Sputnik Azərbaycan xəbər verir ki, hər iki ekran əsəri Braziliyanın "Fılmóptıco - Internatıonal art vısual and" film festivalında birincilik uğrunda yarışacaq. Bildirib ki, "Şollerin arxivi" filmi almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama dəstək olaraq çəkilib. Film Avropa mədəniyyətinə azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir.

Triller janrında çəkilmiş ekran əsərində Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Əjdər Zeynalov, Rövşən Kərimduxt, Ramiz Vəliyev, Sevda Ələkbərova, aktyor Mətləb Ərdəbilli və başqaları rol alıblar.

Ekran əsərinin süjet xətti ötən əsrin 40-cı illərində Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulub. Filmin çəkilişləri Gəncə, Göygöl, Tovuz və Bakıda aparılıb. Ekran əsərində alman ailəsinin timsalında insan dramı göstərilib. Eyni zamanda, xalqımızın multikultural dəyərlərə sadiq qalması nəzərdən qaçmayıb. Filmdə baş verən hadisələr real həyatdan götürülüb. "SPP Production" tərəfindən istehsal edilən ekran əsərinin xronometrajı 88 dəqiqədir.

Onun sözlərinə görə, "Edam günü" bədii filmindəki hadisələr sovet dövrünün son illərində həbsxanada cərəyan edir.

C.Qasımov deyib ki, ekran əsərinin çəkilməsində məqsəd istedadlı gəncləri üzə çıxarmaq, onların qabiliyyətini geniş kütləyə göstərməkdir.

"Ekran əsərində məhkum olunmuş bir dustağın kamerada yaşadığı həyəcanlı anlar əks olunub. Filmin ssenarisini yazarkən Bayıl həbsxanasında keçmiş sovet dövründə işləmiş işçilərlə görüşüb maraqlı məlumatlar toplamışam", - deyə ssenari müəllifi bildirib.

Filmdə rolları Rövşən Kərimduxt, Sabir Məmmədov, Məmməd Əliyev, Nazil Ağalarov, Ramin Şıxəliyev, Soltan Qasımov, Hikmət Məmmədov, Vüqar Qurbanov və digərləri canlandırıblar. Filmin quruluşçu operatoru Mehdi Yaqubovdur.

"SPP Production" tərəfindən istehsal edilən ekran əsərinin xronometrajı 95 dəqiqədir.

9
Prezident İlham Əliyev, arxiv şəkli

"Ermənistan Azərbaycanla aqressiv davranmağa cəhd etmək durumunda deyil" - İlham Əliyev

0
"Bəli, mən prezidentəm və öz öhdəliklərimi yerinə yetirməliyəm. Lakin biz hamımız insanıq, hisslərimiz var. Biz onları gizlədə, onları idarə edə bilərik. Bəzən bu çox çətindir".

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 13 aprel — Sputnik. Təbii ki, azərbaycanlıların və ermənilərin gələcəkdə necə qarşılıqlı əlaqədə olacağını təxmin etmək çətindir. Düşünürəm ki, bu, böyük ölçüdə siyasətçilərin iradəsindən və siyasi müdrikliyindən asılı olacaq. Düşünürəm ki, burada, həm də Yerevanda körpülər qurmaq üçün daha aktiv olmalıyıq. Təbii ki, əgər bunu Ermənistan istəyirsə. Biz onların niyyətlərini bilmirik. Onlar bunu heç vaxt açıqlamayıblar. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda çıxışında deyib.

"Mən artıq bir neçə dəfə demişəm ki, biz müharibə səhifəsinin bağlandığını düşünürük. Mən artıq bir neçə dəfə demişəm ki, biz artıq Ermənistanla mümkün sülh razılaşması ilə bağlı da danışa bilərik. Bu bizim planlarımızdır. Lakin biz Ermənistan tərəfindən belə bir mesajlar görmürük.

Ermənistan Baş naziri susub. Ermənistan xarici işlər naziri isə aqressivdir. Ermənistan Azərbaycanla aqressiv davranmağa cəhd etmək durumunda deyil. Müharibə zamanı baş verənləri xatırlamalıdırlar. Erməni müxalifəti əslində isteriyadadır. Hazırda Azərbaycanafobiya və türkofobiya yeganə amilə çevrilib. Bu onlarda həmişə ən önəmli faktorlardan biri olub. Onların seçki kampaniyalarını Azərbaycanafobiya və türkofobiya, revanşizm hissi üzərində quracaqlarına əminəm.

Buna görə bu qarşılıqlı əlaqəni birtərəfli qura bilmərik. Mövqeyimiz aydındır. Biz buna hazırıq. Bu asan olmayacaq. Ağdama və digər işğaldan azad olunan ərazilərə qayıdacaq sabiq məcburi köçkünlər ermənilərin onların torpaqlarına, onların yaxınların məzarlarına, dini abidələrə nə etdiklərini görəcəklər. Onlar nə hiss edəcəklər? Mən bunu təxmin edə bilərəm. Bilirsiniz, mən müharibə zamanı təmas xəttini keçəndə və ya Ağdama binokl vasitəsi ilə baxanda və işğaldan azad olunan ərazilərə səfər edəndə eyni şeyi hiss etdim. Bəli, mən prezidentəm və öz öhdəliklərimi yerinə yetirməliyəm. Lakin biz hamımız insanıq, hisslərimiz var. Biz onları gizlədə, onları idarə edə bilərik. Lakin bəzən bu çox çətindir. Mən Azərbaycanlı qaçqınların hansı hissləri keçirəcəyini proqnozlaşdıra bilmərəm. Lakin gələcəyə baxan bir insan kimi, əgər Ermənistan tərəfi müsbət siqnallar verərsə, biz bu əlaqələri qurmaq üçün hər şeyi edəcəyik", -  Azərbaycan Prezidenti əlavə edib.

0