Azərbaycanın Avroviziya yarışmasındakı qalibi Nigar Camal, arxiv şəkli

Nigar Camal: "Bir daha "Avroviziya" səhnəsinə çıxmaq istəməzdim"

2975
(Yenilənib 22:11 20.03.2021)
Məşhur Azərbaycan müğənnisi etiraf edir ki, beynəlxalq mahnı müsabiqəsində iştirak onun həyatını həm yaxşı, həm də pis tərəfə dəyişib. Amma əsas odur, müsabiqənin qalibi olub.

BAKI, 20 mart — Sputnik, Kəmalə Əliyeva. Nigar Camalla Eldar Qasımovun "Avroviziya" beynəlxalq mahnı müsabiqəsindəki qələbəsindən düz on il keçir. "Running Scared" mahnısı onlara dünya şöhrəti qazandırdı və milyonlarla tamaşaçının qəlbini fəth etdi. Bəs bu illər ərzində Nigar Camalın həyatı necə dəyişib? Qarşısına qoyduğu məqsədlərə nail olub bilibmi? Müğənni Sputnik Azərbaycan-a müsahibəsində bu və digər sualları cavablandırıb.

– Nigar, bu il sizin "Avroviziya"dakı qələbənizdən düz on il keçir. Layihədən sonra həyatınız necə dəyişdi?

– Həyatım tamamilə dəyişdi, həm yaxşı, həm də pis tərəfə. Görünən odur ki, adi londonlu azərbaycanlıdan bir nömrəli ulduza çevrildim. Biz bütün Avropanı Azərbaycana gətirməyə nail olduq. Bir anda xoşbəxtlik də, stress də üst-üstə gəldi. Bir tərəfdən, tamaşaçıların böyük sevgisi, şöhrət, yüksək qonorar, digər tərəfdən, təzyiq, mətbuat tərəfindən davamlı hücumlar, gözü götürməyənlər və ailədə baş verən bədbəxtlik... İkili hisslər yaşayırdım. Yalnız bir şey sevindirir: mən bunu bacardım! Artıq Azərbaycan tarixinin bir parçasıyam. Onda mən şou-biznes dünyasından bixəbər, adi ev xanımı idim. Yeni problemlərlə necə mübarizə aparacağımı bilmirdim. Ümumiyyətlə, nə edəcəyimi bilmirdim.

– Müsabiqədən sonra qarşınıza hansı məqsədləri qoymuşdunuz və onları həyata keçirə bildinizmi?

– 2011-ci ildə iş həddən artıq çox idi, demək olar ki, hər gün harasa uçmalı olurduq, heç nəyə vaxt çatmırdı. Düzdür, mənim bütün işlərimlə məşğul olan prodüser mərkəzi var idi. Həmin vaxt onlarla müqavilə bağlamışdım. Qarşıya qoyduğum məqsədlərdən çoxuna nail ola bildim, amma az bir hissəsi hələ qalır. İndi onları həyata keçirməklə məşğulam.

– "Avroviziya"dan sonra Rusiya şou-biznesinə daxil olmağı planlaşdırırdınız, hətta Dima Bilanla duet də oxudunuz, amma deyəsən, sonra işlər yolunda getmədi... Sizə mane olan nə idi?

– Dima Bilanla layihəmiz var idi və kifayət qədər uğurlu alındı. Hətta bizi ilin ən yaxşı duetinə namizəd göstərdilər. Bilmirəm, bu fikir necə formalaşıb, düzü, Rusiyada karyera qurmaq istəməmişəm. Bəli, mən rus dilini danışdığım qalan dillərdən daha yaxşı bilirəm, ancaq bütün qəlbimlə azərbaycanlıyam. Ona görə də Türkiyə məni daha çox özünə çəkirdi.

– Nigar, Azərbaycanı "Avroviziya"da təmsil edənlərin əksəriyyəti müsabiqədən sonra şəxsi həyata daha çox diqqət ayırdılar, ailə qurdular, siz isə əksinə, bu layihədə iştirak edəndən sonra həyat yoldaşınızdan boşandınız. Bu məsələdə "Avroviziya" dövründə həddən artıq məşğul olmağınız rol oynadımı?

– Bu çox şəxsi məsələdir...

– Yenidən "Avroviziya" səhnəsinə çıxmaq istərdinizmi?

– Düzdür, müsabiqəni izləyirəm, amma etiraf edim ki, əvvəlki sıxlıqla yox. Bir daha "Avroviziya" səhnəsinə çıxmaq istəməzdim. Hətta yenidən birinci yerə çıxsam, belə. Artıq həyatımın bu səhifəsi geridə qalıb, keçdiyim yolu geri qayıtmaq isə mənlik deyil.

– Duet ortaqlarının çoxu bir-biri ilə yola getmirlər. Amma sizin Eldarla dostluğunuz 10 ildir ki, davam edir. Bu dostluq münasibətini qoruyub saxlamağa necə nail olmuşunuz?

– Məncə, əsas səbəb odur ki, Eldarla heç vaxt aramızdakı fikir ayrılığını ictimaiyyət qarşısına çıxarmamışıq. Xoşumuza gəlməyən məqamlar olanda bunlar telefonda danışıb aydınlaşdırırıq. Biz ölkəmizə bu qələbəni birlikdə gətirmişik. Üstəlik, Eldarla qonşuyuq. Qonşular bir-biri ilə nə qədər yaxşı yola getsələr, bir o qədər yaxşıdır.

Посмотреть эту публикацию в Instagram

Публикация от Nigar Jamal (@nigarjamal.official)

– Bəs niyə Eldarla yeni duet oxumursunuz?

– Biz hər il duet oxumağı planlaşdırırıq. Ancaq məsələ burasındadır ki, Eldarla musiqi zövqümüz fərqlidir.

– Azərbaycanı bu il "Avroviziya" müsabiqəsində təmsil edəcək Samirə Əfəndiyevaya nə məsləhət görərdiniz?

– Daha çox müsbət əhval-ruhiyyəyə köklənmək və özünə inam. Ancaq bunu qətiyyən təkəbbür hissi ilə qarışdırmaq olmaz. Məsləhətlərə qulaq asıb, bütövlükdə Avroviziya komandasının qarşısına qoyulmuş tapşırıqları yerinə yetirmək lazımdır. Biz məhz bu cür etmişdik. Onda hər şey alınacaq!

2975
Muzeylərdə “Açıq qapı” günü

Qoruq muzeylərdə "açıq qapı" günü keçirilib

6
(Yenilənib 23:29 19.04.2021)
"Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda təşkil edilən sərgidə milli musiqi alətləri, Bakının müasir və tarixi binalarının maketləri qonaqlara nümayiş etdirilib, milli geyimdə foto çəkdirmək üçün guşə yaradılıb.

BAKI, 19 aprel — Sputnik. Aprelin 18-də Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən tarix-mədəniyyət qoruqları və muzeylərdə "Açıq qapı" günü təşkil olunub. Agentlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, "Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü" münasibətilə keçirilən "açıq qapı" günündə müxtəlif mövzularda sərgilər və məlumatlandırma sessiyaları keçirilib.

"Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda təşkil edilən sərgidə milli musiqi alətləri, Bakının müasir və tarixi binalarının maketləri qonaqlara nümayiş etdirilib, milli geyimdə foto çəkdirmək üçün guşə yaradılıb.

  • Qoruq və muzeylərdə "açıq qapı" günü keçirilib
    © Photo : State Tourism Agency
  • Qoruq və muzeylərdə "açıq qapı" günü keçirilib
    © Photo : State Tourism Agency
  • Qoruq və muzeylərdə "açıq qapı" günü keçirilib
    © Photo : State Tourism Agency
1 / 3
© Photo : State Tourism Agency
Qoruq və muzeylərdə "açıq qapı" günü keçirilib

"Atəşgah Məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda təşkil edilən "Tarix və Mədəniyyət Nümunələri Xalqın Milli Sərvətidir" adlı sərgidə orta əsr Azərbaycan sənətkarlarının əl işləri, misgərlik məmulatları sərgilənib. Qoruq ərazisində Argentina Respublikasının mədəniyyət profilli "Kanal A" televiziyası da çəkiliş aparıb.

"Kiş" Tarix-Memarlıq Qoruğunun həyətində yerli sənətkarların əl işləri nümayiş etdirilib. Ziyarətçilərə Kiş Alban Məbədinin tarixi, qoruqda yerləşən digər tarixi mədəniyyət abidələrinin əhəmiyyəti və mühafizəsi ilə bağlı məlumat verilib.

"Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğunda gənc rəssamların abidələrlə bağlı əl işləri sərgilənib. Şəki Tarix Diyarşünaslıq muzeyində şəhərin qədimliyini əks etdirən tarixi abidələrin fotolarından ibarət sərgi təşkil olunub. Həmçinin Şəki Xalq Tətbiqi Sənəti Muzeyində xovlu sənət ustası Rəhman Kamiloğlunun əl işlərindən ibarət sərgi keçirilib. Yalnız Şəkidə mövcud olan bu sənət növü üzrə hazırlanan əsərlərdə əsasən təbiət mənzərələri, kənd həyatının motivləri əks olunub.

Şəki Dövlət Rəsm Qalereyasının bağında - açıq havada "Tarixi abidələr rəssamların gözü ilə" adlı sərgi təşkil olunub. Şəkili rəssamlar Aynur Məsimova, Nazim Səmədov və Qurban Oruclunun kətan üzərində yağlı boya və akvarel boya ilə kağız üzərində çəkdikləri əsərlər qonaqların marağına səbəb olub.

"Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində arxeoloj qazıntıların aparıldığı XVI əsr abidəsi - Şeyx Məhəmməd Məscidində məktəblilər üçün tədbir təşkil edilib.

"Lahıc" Dövlət Tarix-Mədəniyyət qoruğunda yerləşən abidələrə ziyarətçilər üçün müəyyən marşrutlar üzrə turlar hazırlanıb. Qoruq ərazisində yerləşən sənətkar emalatxanalarında ödənişsiz olaraq master-klasslar təşkil edilib.

"Xınalıq" Dövlət Tarix Memarlıq və Etnoqrafiya Qoruğunda ziyarətçilərə ödənişsiz xidmət göstərilib, qonaqlar üçün ekskursiyalar təşkil olunub.

6
Flora Kərimova

Flora Kərimova: "Qibləni tanımayanlar məni 80 yaşımda allahsızlıqda günahlandırırlar"

8
(Yenilənib 14:20 19.04.2021)
"Bəli, demişəm! "Yaradan hər kəsi bağışlasaydı, cəhənnəmi yaratmazdı". Yaradan mənə haqq veribsə, haqqımı çeynəyənlərə halal etmirəm! Təəssüf ki, bu günahlarınızı başa düşəcək biçimdə yaradılmadınız. Təkəbbür, riyakarlıq içindəsiniz".

BAKI, 19 aprel — Sputnik. Xalq artisti Flora Kərimova son günlər qalmaqala səbəb olan açıqlaması haqqında danışıb. Sputnik Azərbaycan xəbər verir ki, müğənni "Instagram" hesabında paylaşım etdiyi müsahibəsində "Allahın məni cəzalandırmağa ixtiyarı yoxdur" cümləsinə görə onu təhqir və tənqid edənlərə cavab verib: ""Kütlə", o qədər cahilsiniz ki, dilimizi rəzilliyə apardığınız kimi, mənasını da başa düşməkdə çətinlik çəkirsiniz! Birinci deyil, onuncu deyil, heç yüzüncü də deyil ki, bu kimi çirkab kampaniyalardan alnıaçıq çıxmışam. Bir şey tapmadınız yazmağa? İndi də qibləni tanımayanlar məni 80 yaşımda allahsızlıqda günahlandırırlar! Yaradanla allahlar (Şiva, Zevs, Ra) arasındakı fərqi görmürsünüzsə, bu, sizin savadsızlığınızdır. Bir tikə çörək üçün kişiliyinizi, vicdanınızı, ləyaqətinizi, qeyrətinizi tapdalamaq yarışına girmisiniz!"

Xalq artistinin sözlərinə görə, onun sözləri təhrif olunub: "Sözümü dəyişib məni savadsız kütlənin qarğışına, söyüşünə tuş etdiniz! Sonra bundan pul qazanıb aparıb evdəki övladlarınıza yedirdirsiniz. Bəs sonra? Nuş oldu? Bəs sən, Allah dediyin varlıqdan qorxmadın? Məni başa düşmək üçün sizin nə yaşınız, nə dünyagörüşünüz, nə intellektiniz, nə də savadınız çatdı. Heç olmasa, Flora deyəni elə təhrif edərdiniz ki, min nəfər inansın! Yaradan "sən"ləri o qədər cılız yaradıb ki, ac qalmamaq üçün mənim təhrif edilmiş cümlələrimə möhtacdırlar!"

Посмотреть эту публикацию в Instagram

Публикация от Flora Kərimova (@flora_kerimova_official)

Kərimova sosial şəbəkələrdə şərh yazan insanları da qınayıb: "Dünən biri ölür, tanımadan, bilmədən bu gün nələr yazırsınız şərhlərdə. Artıq o həddə çatmısınız ki, Allahın qədərinə, yazdığı taleyə, ölümə lağ-lağı edirsiniz, "şərh" yarışına çıxırsınız. Görək kim daha yaxşı təhqir yazıb "şərh tutuzduracaq"!!! Sizin nədən sığortanız var axı bu həyatda? Özündən əminsən, bəs övladlarındandamı qorxmadın ki, bu qınağa görə Allah başına daş salar?! Virtual qeybətin aludəçiləri, rəzalət içindəsiniz! Yaradan bağışlayacaq sizi?!"

"Bəli, demişəm! "Yaradan hər kəsi bağışlasaydı, cəhənnəmi yaratmazdı". Yaradan mənə haqq veribsə, haqqımı çeynəyənlərə halal etmirəm! Təəssüf ki, bu günahlarınızı başa düşəcək biçimdə yaradılmadınız. Təkəbbür, riyakarlıq içindəsiniz! İndi gedin bu müqəddəs ayda ha tövbə edin, ha namaz qılın! Ömrümü mən boşuna yaşamadım. Millətimin, xalqımın, insanların və ən əsası Yaradanımın yanında sədaqətimi, kimliyimi xırdalamadım! Bu Ramazan ayında bağımda "it ovçularından" gizlədib bəslədiyim küçə itlərinin savabı mənim bəsimdir! "SƏN"lərin duaları olmasa da olar!" - deyə F. Kərimova fikrini tamamlayıb.

8
Moskvada Kremlə mənzərə, arxiv şəkli

Rusiyada yaşayan həmyerlilərimiz güzəştlərdən yararlana biləcəklər

0
(Yenilənib 23:27 19.04.2021)
Mövcud vəziyyət nəzərə alınmaqla 15 mart 2020-ci il tarixdən 15 iyun 2021-ci il tarixədək barələrində könüllü və ya məcburi olaraq Rusiya Federasiyasından inzibati qaydada kənara çıxarılma, deportasiya həyata keçirilmir

BAKI, 20 aprel — Sputnik. "Azərbaycan Respublikası vətəndaşlarının daha çox səfər etdikləri və yaşadıqları ölkələrdən biri olan Rusiya Federasiyasında da pandemiya dövrününün tələblərindən irəli gələrək miqrantlarla bağlı bir sıra güzəştlər qəbul edilib". Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov məlumat verib.

O bildirib ki, bu istiqamətdə Rusiya Federasiyasında 18 aprel 2020-ci il tarixdə “Yeni növ koronavirus infeksiyasının sonrakı yayılma təhlükəsi ilə əlaqədar olaraq Rusiya Federasiyasındakı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyətinin tənzimlənməsinə dair müvəqqəti tədbirlər haqqında” müvafiq Fərman imzalanıb. Bu Fərmanda nəzərdə tutulan miqrantlarla bağlı yumşaldıcı tədbirlərin vaxtı bir neçə dəfə artırılıb və sonuncu dəfə bu müddət 15 iyun 2021-ci ilə qədər uzadılıb: "Ümumən pandemiya ilə bağlı müxtəlif ölkələrdə miqrantlara təqdim edilən güzəştlərin müddətləri müxtəlif qaydalarda müəyyən edilir və mütəmadi uzadılması praktikası mövcuddur. Ölkəmizdə də hazırda 1 iyun tarixinədək oxşar yanaşma tətbiq edilir.

Rusiyada qeyd edilən Fərmana əsasən 15 mart 2020-ci il tarixdən 15 iyun 2021-ci il tarixədək Rusiyada olan və pandemiya səbəbindən ölkəni tərk edə bilməyən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müvəqqəti olma, müvəqqəti və daimi yaşama müddətləri, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə və ya yaşadığı ünvan üzrə qeydiyyata alındıqları müddətlər qeyd olunan tarixlərdə bitirsə, müddət axımı dayandırılmış hesab olunub. Qeyd edilən tarixlərdə daimi və müvəqqəti yaşama icazələrinin və miqrasiya kartının etibarlılıq müddətinin bitməsinin də müddət axımı dayandırılıb. Həmçinin mövcud vəziyyət nəzərə alınmaqla 15 mart 2020-ci il tarixdən 15 iyun 2021-ci il tarixədək barələrində könüllü və ya məcburi olaraq Rusiya Federasiyasından inzibati qaydada kənara çıxarılma, deportasiya həyata keçirilmir, həmçinin müvəqqəti olma müddətinin qısaldılması, əvvəllər verilmiş daimi və müvəqqəti yaşama, həmçinin iş icazələrinin, eləcə də patentlərin ləğv edilməsi barədə qərarlar qəbul edilmir (fərmanda verilmiş istisnalar xaricində)".

Vüsal Hüseynov həmçinin bildirib: "Qeyd edilənləri nəzərə alınaraq, Rusiya Federasiyasında olan və yaşayan, miqrasiya qanunvericiliyi baxımından sənədlərinin müddət axımı dayanan və ya sənədləri qaydasında olmayan Azərbaycan Respublikası vətəndaşlarının 15 iyun 2021-ci il tarixədək hüquqi statuslarının leqallaşdırması və qeyd edilən  Fərmanda güzəştlərlə bağlı müəyyən edilən müddətin mümkün uzadılma halları üçün bu ölkənin miqrasiya qaydaları barədə yenilikləri izləmələri tövsiyə olunur".

0