Çingiz Mustafayev

Çingiz Mustafayev yeni klipinə Aynişanı çəkib, "Dəyməz" dedi - VİDEO

76
(Yenilənib 18:24 09.03.2021)
Mahnının sözləri və musiqisi müğənninin özünə aiddir. Sözügedən klipdə əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva rol alıb

BAKI, 9 mart — Sputnik. Müğənni Çingiz Mustafayev "Dəyməz" adlı mahnısına klip çəkdirib. Sputnik Azərbaycan xəbər verir ki, müğənni sözügedən klipi "İnstagram" hesabında paylaşıb. Müğənni həm də qadınları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib: "Əziz xanımlar! Sizi 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir və ən xoş arzularımı bildirirəm! Bir sənətçi kimi mənim sizin üçün ən gözəl hədiyyəm yeni mahnım olar deyə düşündüm! Bu möhtəşəm gündə sizə yeni "Dəyməz" adlı mahnımı hədiyyə edirəm!"

Qeyd edək ki, mahnının sözləri və musiqisi müğənninin özünə aiddir. Sözügedən klipdə əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva rol alıb.

76
Teqlər:
Çingiz Mustafayev, video, klip, mahnı
Nura Suri

Səhnəmizin ən zövqlü zövqsüzləri: Modelyer şou-biznes əhlini yudu, qara sərdi

2631
(Yenilənib 23:30 16.04.2021)
Modelyer: "Əksər müğənnilərin geyimləri bahalı və olduqca gülüncdür. Əksəriyyəti heç bilmir hansı geyimi harada geyinmək lazımdır. Çox təəssüf ki, səhnəmizdə çox az, barmaqla sayılacaq qədər zövqlü müğənni var"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 17 aprel — Sputnik. "Geyim insanın xarici görünüşünün, ağıl isə onun daxili aləminin açarıdır" deyirlər. Bəs görəsən, hər zaman bahalı geyimləri və aksessuarları ilə öyünən şou əhli arasında ən zövqlü və ən dəbli geyinən kimdir? Və ya əksinə, bahalı brend geyimlər geyindiyi halda, gülünc vəziyyətə düşənlər kimlərdir? Bütün bunları mütəxəssilə araşdırmaq qərarına gəldik. Modelyer Şəlalə Maqsudovanın Sputnik Azərbaycan-a dediyinə görə, səhnəmizdə xeyli qadın və kişi müğənni var ki, onlar bahalı geyinirlər, amma geyindikləri geyim zövqsüzdür: "Əksər müğənnilərin geyimləri bahalı və olduqca gülüncdür. Əksəriyyəti heç bilmir hansı geyimi harada geyinmək lazımdır. Çox təəssüf ki, səhnəmizdə çox az, barmaqla sayılacaq qədər zövqlü müğənni var".

Modelyer dəbli geyinən kişi və qadın müğənnilərin adlarını açıqlayıb:

"Günay İbrahimli, Nura Suri, Röya, Aygün Kazımova, Sevda Yəhyayeva və Zülfiyyə Xanbabayeva səhnəmizin ən dəbli müğənnisi hesab olunurlar. Kişi müğənniləri arasında qadın müğənnilərdən zövqlü geyinənlər daha çoxdur. Məsələn, Zamiq Hüseynov, Rəhim Rəhimli, Əhməd Mustafayev, Çingiz Mustafayev səhnəmizin ən tərzli müğənnilərdir. Faiq Ağayev sənətdə 100% olsa da, geyimləri 100% deyil".

Maqsudova zövqsüz sənətçilərimizin də adını açıqlayıb: "Qadınlar kimi kişi müğənnilərinin də içində getdiyi məkana uyğun geyinməyən müğənnilər var. Bəzən səhər verilişinə gecə geyimində gəlirlər. Hansı ki, o geyimləri ziyafətlərə geyinmək olar. Kişilər də həmişə efirə klassik geyimdə çıxırlar. Bəzən müğənnilər bahalı geyimə, brendə qaçırlar. Amma bahalı geyim heç də tərz demək deyil. Məsələn, elə götürək Şəbnəm Tovuzlunu. Sənəti barədə heç nə deyə bilmərəm. Amma geyimi olduqca zövqsüzdür. Onun geyimi ilə məşğul olan adamlar onu bir növ gülüş hədəfinə çeviriblər. Təranə və Musa də tərz olmayanlar sırasındadırlar. Təranə xanım nə geyinirsə, Musa da ona uyğun geyinir. Bu da olduqca zövqsüz görünür. Manaf Ağayev, Niyaməddin Musayev və xüsusən muğam ifaçıları həmişə klassik geyimlərdədirlər. Bu da gözyorucudur".

"Başqa bir problem də var. Bəzi müğənnilər isə öz bədənlərini tanımırlar, öz geyimlərinə uyğun geyim seçmirlər. Bədən ölçülərinə uyğun gəlməyən geyimlər geyinirlər. Məsələn, Zülfiyə Xanbabayeva geyimlərini o qədər zövqlə seçir ki, onun kilolu olduğu gözə girmir. Bəziləri də bahalı geyimlə yanaşı, bahalı aksesuarlar da taxırlar. Hansı ki, o akseasuarlar o geyimə qətiyyən uyğun gəlmir. Əfsuslar olsun ki, səhnəmizdə gülünc görünən müğənnilər həddindən artıq çoxdur . Göz önündə olan insanlar həmişə geyimlərinə diqqət etməlidirlər. Şərt o deyil ki, bahalı geyinsinlər. Ucuz, amma zövqlü də geyinə bilərlər".

Modelyer əlavə edir ki, bəzən müğənniləri gülünc vəziyyətə salan modelyerlərdir: "Bəzən modelyerlərin özlərinin də dəbdən anlayışı olmur. Ona müraciət edən müğənniləri də gülünc vəziyyətə salırlar. Çalışdığı müğənninin bədən ölçülərini nəzərə almadan bəzən ona elə geyimlər geyindirirlər ki, müğənni gülünc görünür. Bilmirəm, bəlkə də bunu qəsdən edirlər, baxış sayı artsın deyə, ya da onların səriştəsizliyindən irəli gəlir. Bəzi müğənnilər də var ki, onlar, ümumiyyətlə, heç bir mütəxəssilə məsləhətləşmirlər. Ortaya xoş olmayan gülünc mənzərə çıxır".

Səhnəmizin ekstravaqant müğənnisi sayılan Elza Seyidcahanın geyiminə gəldikdə isə modelyer deyib:

"Mən Elza xanımla bir müddət işləmişəm. Bir şeyi vurğulamaq istəyərdim ki, modanın ifrat dərcəsi eybəcərlikdir. Mən qeyri-adi geyimləri sevirəm. Baxır necə hazırlanıb və geyinən şəxsi necə tamamlayır. Ola bilər ki, sən qeyri-adi geyinərsən, gülüş hədəfinə çevrilərsən. Əksinə də ola bilər, sən insanları heyrətləndirə də bilərsən. Elza xanım bəlkə də insanların diqqətini özünə cəlb etmək istəyir. Amma bu, gülüş doğurur. Bu, "fashion" deyil".

Həmsöhbətimizin dediyinə görə, aparıcıların da içində zövqlü və zövqsüzlər var: "Bəzən verilişlərinin formatına uyğun geyinmirlər. Məsələn, Nanə Ağamalıyeva həmişə eyni geyimdə olur. Həmişə toy-ziyafət geyimində efirə çıxır. Mütləq dəyişiklik etməlidir. Tamaşaçının gözü eyniliyi görməkdən yorulub. Vüsalə Əlizadə hərdən dəyişsə də, o da loru dildə desək, toy geyimində efirə çıxır. Məleykə Əsədova gözəl, zərif xanımdır, amma onun da geyimi tərz deyil".

Modelyer tezliklə təbii yaşlılığın, üzdə qırışların dəb olacağına ümid etdiyini bildirib: "Bəzən tanınmışlar bədənlərinə lazımsız müdaxilələr edirlər. Bədənlərinin hansısa hissəsini şişirdirlər. Üzlərində bir çox prosedurlar həyata keçirirlər. Bu, nəinki tərzdir, olduqca gülünc alınır".

2631
Sonuncu filmindən kadr

Azərbaycanlı rejissorun filmi Beynəlxalq Film Festivalının rəsmi proqramında - VİDEO

7
(Yenilənib 21:19 16.04.2021)
Filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, rejissoru Fariz Əhmədov, ssenari müəllifləri Esmira Əyyub və Fariz Əhmədovdur. Filmin operatoru Polşadan dəvət olunmuş kino mütəxəssisi Mateuş Çuxnovskidir

BAKI, 16 aprel — Sputnik. Bakı Media Mərkəzi və "Salnaməfilm" studiyası tərəfindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə istehsal olunmuş "Sonuncu" adlı sənədli film Rotterdam Beynəlxalq Film Festivalının rəsmi proqramına seçilib. Sputnik Azərbaycan xəbər verir ki, "Azərbaycanfilm" kinostudiyasının direktoru, kinorejissor Fariz Əhmədovun "Sonuncu" sənədli filmi Festivalın "Qısa və orta metraj" (Short & Mid-length) bölməsində iştirak edəcək.

Film Kürdili adasının sonuncu sakini Vitali Pronindən bəhs edir. 1981-ci ildə Xəzər dənizində suyun səviyyəsinin qalxması nəticəsində vaxtilə həyat qaynayan Kürdili adaya çevrilərək yaşayış üçün əlverişsiz hala gəldi. Əhalinin əksəriyyəti adadan köçdü. Qazsız, işıqsız və demək olar ki, insansız qalan ada tənhalaşdı, təbiəti, heyvanları vəhşiləşdi, evləri dağıldı. Daha orada heç kim yaşamırdı. 68 yaşlı Vitalidən başqa. O, adayla nəfəs alır. Son nəfəsini də adada alır. Elə kamera qarşısında.

Filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, rejissoru Fariz Əhmədov, ssenari müəllifləri Esmira Əyyub və Fariz Əhmədovdur. Filmin operatoru Polşadan dəvət olunmuş kino mütəxəssisi Mateuş Çuxnovskidir.

Qeyd edək ki, Rotterdam Beynəlxalq Film Festivalı dünyanın ən vacib kino müsabiqələrindən biri sayılır. "A" kateqoriyalı festivalın adı Avropanın Kann, Venesiya, Berlin, Lokarno və digər böyük festivalları ilə yanaşı çəkilir. 2-6 iyun 2021-ci il tarixlərində festivalın 50-ci buraxılışı keçiriləcək. "Sonuncu" filminin geniş auditoriyaya ilk təqdimatı da məhz bu festival çərçivəsində baş tutacaq. Film haqqında qısa məlumat, treyler və fotolar artıq Festivalının rəsmi saytında da yerləşdirilib (https://iffr.com/nl/2021/films/the-last-one). Filmin dünya premyerasının məhz Rotterdam Beynəlxalq Film Festivalında baş tutacağı faktı kino mütəxəssisləri tərəfindən son illər Azərbaycan kinosu tarixində vacib hadisələrdən biri kimi qiymətləndirilir.

Qeyd edək ki, kinorejissor Fariz Əhmədov hazırda Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktorudur. Onun filmləri indiyə qədər bir çox beynəlxalq festivalların iştirakçısı və mükafatçısı olub.

7

Sabah ölkədə havanın temperaturu 29 dərəcəyədək yüksələcək

0
(Yenilənib 12:21 18.04.2021)
Tibbi-meteoroloji proqnoza görə, aprelin 19-da  Abşeron yarımadasında meteoroloji amillərin  zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

BAKI, 18 aprel - Sputnik. Aprelin 19-da Azərbaycanın bəzi yerlərdə havanın temperaturu 29 dərəcəyədək yüksələcək. 

Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadla bildiri ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə  10-13 dərəcə, gündüz 19-24 dərəcə isti, Bakıda gecə 11-13 dərəcə, gündüz 20-22 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq. 

Aprelin 19-da  Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli  yağış yağacağı ehtimalı var. Mülayim qərb küləyi  əsəcək. Havanın temperaturu gecə  10-15 dərəcə  isti, gündüz  24-29 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə isti,  gündüz 15-20,  bəzi yerlərdə 23-25 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə, aprelin 19-da  Abşeron yarımadasında meteoroloji amillərin  zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

0