Kinolent, arxiv şəkli

Azərbaycanlı yazıçı: "Hazırda müharibə ilə bağlı yazılan əsərlərdə yersiz pafos var"

41
(Yenilənib 09:39 27.02.2021)
Sevda Sultanova: "Bu faciə Azərbaycan tarixinin ən dəhşətli faciəsidir. Bunu yazmaq, ekranlaşdırmaq böyük psixoloji hazırlıq tələb edir".

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 27 fevral — Sputnik. Azərbaycan tarixinin qanlı gecəsindən 29 il keçir. Bəs bu gecə Azərbaycan ədəbiyyatında və incəsənətində necə əks olunub? Biz də elə bu sualla bir sıra ədəbiyyat və incəsənət adamlarına müraciət etdik. Bəstəkar, professor Firəngiz Əlizadə mövzu ilə bağlı fikirlərini Sputnik Azərbaycan-la bölüşüb: "Xocalı soyqırımını əks etdirən əsərlər yazılıb. Bəstəkar Məmməd Quliyevin "Xocalı harayı" kantatası var ki, dəfələrlə Heydər Əliyev sarayında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri tərəfindən səsləndirilib. Bundan başqa, Türkiyədə yaşayan Yusif Mirişli "Xocalı 613" simfonik əsərini yazıb. Bu əsər də dəfələrlə mötəbər tədbirlərdə səsləndirilib. Bu mövzuda mahnılar da yazılıb. Azad Zahid, Vüqar Camalzadə, Pikə Axundova, İlahə İsrafilova Xocalı mövzusunda mahnılar yazıblar. Mənim də "İntizar" adlı operamda Xocalı faciəsinin motivləri var. Həmin operada ümumən Azərbaycan xalqının faciəsi yer alıb".

Kinoşünas Sevda Sultanova isə düşünür ki, Xocalı faciəsi yetərincə təsvir olunmayıb: "Qarabağ müharibəsi başlayandan istər sənədli, istərsə də bədii filmlər çəkilib. Xocalı soyqırımı ilə bağlı sənədli filmlərimiz var. Rejissor Elşən Zeynalovun çəkdiyi, Leyla Əliyevanın təşəbbüsü ilə litvalı rejissor Andreas Brokasın "Sonsuz dəhliz" (ing. Endless Corridor) filmi xaricdə də mükafatlara layiq görülüb. "Xocalıya ədalət" kampaniyası çərçivəsində çəkilmiş sənədli filmlər yaxşıdır. Amma bədii filmlər demək olar ki, çəkilməyib. Oruc Qurbanovun çəkdiyi "Haray" filmi, Orxan Qasımovun "Biz qayıdacağıq" filmi var. Amma bu filmlər bədii-estetik, ssenari baxımından zəif filmlərdir. Epizodik olaraq "Fəryad" filmində də keçir".

"Burada psixoloji və mənəvi məsələ də var. Bu faciə Azərbaycan tarixinin ən dəhşətli faciəsidir. Bunu yazmaq, ekranlaşdırmaq böyük psixoloji hazırlıq tələb edir. Bu yaxınlarda bir araşdırma etmişdim. Müasir kinoda müharibə film modelləri necədir? Məlum oldu ki, II Dünya müharibəsindən sonra ən böyük soyqırım hesab olunan Srebrenitsa qətliamı haqqında film yoxdur. Heç bosniyalıların özləri də çəkməyiblər. Halbuki Bosniyanın rejissorları nüfuzlu festivalda yer tutublar. 2020-ci ildə Jasmila Jbanic həmin hadisə ilə bağlı bir bədii film çəkib. Müsahibələrin birində deyir ki, "nəhayət ki, biz bu filmi çəkə bildik". Yəni, onlar özləri də bir növ həmin hadisəni çəkməyə bir növ hazır deyildilər.

Dediyim odur ki, Xocalı faciəsini çəkməyə mənəvi güc lazımdır. Artıq biz qalibik, ona görə də Mədəniyyət Nazirliyi, kinematoqrafiya şöbəsi artıq bu barədə düşünməlidir. Hətta müsabiqə də elan etmək olar. Elə bir film çəkilməlidir ki, bu dünyanın istənilən ölkəsində yaşayan insana təsir edə bilsin" - Sultanova bildirir.

Yazıçı Pərviz Seyidlinin fikrincə, Xocalı soyqırımı ədəbiyyatımızda yetərincə işıqlandırılmayıb: "Ədəbiyyatımızda düşməni ancaq eybəcər, çirkin, qəddar göstərməklə bizi qaldırmaq olmaz. Çox az sayda əsərlər var ki, həmin hadisəni düzgün çatdıra biliblər. Bu vaxta qədər yazılanlar məğlubluq prizmasından yazılırdı. Bu vaxta qədər nə yazılıbsa, finalı açıq qalıb. Hazırda müharibə ilə bağlı yazılan əsərlərdə yersiz pafos var. Düşməni aşağılamaq peşəkarlığa xas olan cəhət deyil. Düşməni situasiyanın içində düşmən kimi göstərməliyik. Mən bu hadisə ilə bağlı bir neçə tamaşalar hazırlamışam. Bütövlükdə drammaturgiyada boşluqlar olduğuna görə, təkcə bu mövzu yox, digər mövzular da işlənilməyib. Hazırda İlqar Fəhmi ilə müştərək pyesimizin üzərində işləyirik. Biz həmin tamaşanı Heydər Əliyev adına Müasir Təhsil Kompleksində qururuq. Amma bu tamaşa geniş kütlə üçün hazırlanmış tamaşa deyil".

41
Teqlər:
film, əsər, Xocalı soyqırımı, yazıçı
Manizha, arxiv şəkli

Rusiyanın "Avroviziya"dakı təmsilçisi tənqidlərə cavab verdi

21
(Yenilənib 14:10 11.04.2021)
Manija vurğulayıb ki, mahnının mətninə gəldikdə isə, o yumorla yazılıb və rus qadınının həyatından bəzi stereotipləri əks etdirir. 

BAKI, 11 aprel - Sputnik. Rusiyanı Avroviziya-2021 müsabiqəsində "Russian Woman" (Rus qadını - red.) mahnısı ilə təmsil edəcək müğənni Manija özünü niyə rus qadını saydığını izah edib. 

Müğənni bildirib ki, son vaxtlar mahnının məzmunu və mənşəyi ilə bağlı tənqidlə rastlaşır: öncə o, bu tənqidə görə stress də keçirib, lakin gənc fanatlarının köməyilə bu problemin öhdəsindən gəlib.

"Mənim müəyyən müraciətim var və mən onu mahnımın köməyi ilə sonadək çatdırmalıyam. Fanatlar bilməlidirlər ki, siz öz prinsiplərinizdən geri çəkilməmisiniz və satılmamısınız", - o deyib.

Manija vurğulayıb ki, mahnının mətninə gəldikdə isə, o yumorla yazılıb və rus qadınının həyatından bəzi stereotipləri əks etdirir. 

"Mən özümü havayıdan rus qadını adlandırmıram. Mənim buna haqqım var", - Manija deyib.

Manija Sangin əslən Tacikistandan olan rusiyalı müğənnidir. O, 2020-ci ilin dekabrında BMT-nin qaçqınların işi üzrə xoş məramlı səfiri olub.

Bir müddət əvvəl "Veteranskiye vesti" nəşrinin redaksiyası Rusiya İstintaq Komitəsinə müraciət edib. Redaksiya Manijanın səhnə nömrəsini rus qadınları üçün təhqiramiz və milli birliyi pozan kimi dəyərləndirib. Mahnını Federasiya Şurasında və patriarxatda da tənqid ediblər. Federasiya Şurasının sədri Valentina Matviyenko köməkçilərinə Birinci kanaldan nüfuzlu beynəlxalq müsabiqədə ölkənin təmsilçisinin necə seçildiyini aydınlaşdırmağı tapşırıb.

2020-ci ildə koronavirus pandemiyasına görə təxirə salınmış Avroviziya bu il mayın 18-22-də Niderlandın Rotterdam şəhərinin Ahoy arenasında baş tutacaq.

21
Çəkiliş, arxiv şəkli

Kinostudiya əvvəlki dövrünə qayıdır

13
(Yenilənib 22:14 10.04.2021)
30 ildən artıq idi ki, kinostudiyanın texniki bazası yenilənmirdi. Artıq bu baza yenidən qurulub. Eyni vaxtda iki bədii, iki sənədli film çəkməyə imkan verən ən müasir avadanlıqlar var.

BAKI, 10 aprel — Sputnik. Filmlərin bir qismi istehsalda, bir çoxu çəkilişdə, bir hissəsi hazırlıq mərhələsindədir. İnanırıq ki, pandemiya tezliklə həyatımızdan çıxacaq və biz daha kütləvi səhnələri olan filmlərin istehsalı ilə məşğul olacağıq.

Sputnik Azərbaycan xəbər verir ki, bunu C.Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının direktoru Fariz Əhmədov deyib.

Əhmədovun sözlərinə görə, "Azərbaycanfilm" ölkənin ən böyük kino istehsalçısıdır və istehsal prosesinin getməyi o deməkdir ki, yüzlərlə insan öz yaradıcılığı ilə məşğuldur. O bildirib ki, 30 ildən artıq idi ki, kinostudiyanın texniki bazası yenilənmirdi. Artıq kinostudiyanın texniki bazası yenidən qurulub. Orada eyni vaxtda iki bədii, iki sənədli film çəkməyə imkan verən ən müasir avadanlıqlar mövcuddur.

13
Teqlər:
baza, texniki, avadanlıq, "Azərbaycanfilm" kinostudiyası, kinostudiya
PPX avtomobili

Daha iki koronavirus xəstəsinə cinayət işi açılıb

0
Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 2 nəfər barəsində cinayət işi başlanılıb.

BAKI, 12 aprel — Sputnik. Daxili işlər orqanlarının əməkdaşları tərəfindən şənbə və bazar günlərində respublika ərazisində 17 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 2 nəfər barəsində cinayət işi başlanılıb.

Hazırda istintaq araşdırmaları davam etdirilir.

"Bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edirik", - Mətbuat xidmətindən bildirilib.

0