Seyran Cəfərli

Qadınlara şiddətə işarə edən azərbaycanlı Türkiyədə birinci oldu - FOTO

28
(Yenilənib 23:25 16.02.2021)
Karikaturaçı Seyran Cəfərli beynəlxalq müsabiqədə iştirak üçün cəmi bir əsər təqdim etsə də birinciliyi qazana bilib

BAKI, 16 fevral — Sputnik, Kəmalə Əliyeva. Azərbaycan Karikaturaçılar Birliyinin üzvü Seyran Cəfərlinin qadınlara qarşı şiddətə həsr etdiyi əsəri Türkiyənin İzmir şəhərində təşkil olunan beynəlxalq müsabiqədə birinci yeri tutub. 

Fevralın əvvəlində başlayan müsabiqəni İzmir bələdiyyəsi təşkil edib. Müsabiqə gender bərabərliyi və qadın hüquqlarına həsr olunub. 

Şərtlərə görə, hər iştirakçı üç əsər təqdim edə bilərdi, ancaq azərbaycanlı rəssam münsiflər heyətinə bircə karikatura göndərib. 

"Qadına qarşı şiddətə dair xeyli iş var, ona görə də yeni ideyalar tapmalısan. Karikaturanın eskizini bu cür fikirləşdim və müsabiqəyə yolladım. Rənglərdən istifadə etmək istəmədim - karikaturanı ağ-qara çəkdim. Şəkildəki saatın ancaq bir əqrəbi var, o, kişi rəmzidir. Qadına işarə edən ikinci əqrəb isə ortadan bölünərək düşüb. Təəssüf ki, bu mövzu dünyada aktualdır", - Cəfərli deyib.

Rəssam əmindir ki, bir neçə orta səviyyəli əsərdənsə müsabiqəyə bir keyfiyyətlisini göndərmək daha yaxşıdır. 

Ümumilikdə müsabiqədə 62 ölkədən 549 müəllif iştirak edib. Münsiflər 1772 iş arasından finala 9-nu layiq görüblər. İnsanların əsərlərlə tanış olub rəssamların əməyini qiymətləndirməsi üçün işlər müsabiqənin sosial şəbəkədəki səhifəsində yerləşdirilib.

© Photo : Courtesy of Seyran Dzhaferli
Seyran Cəfərlinin əsəri

"1772 karikatura arasından mənim işimin seçildiyinə görə sevincliyəm. Müsabiqələrə əsər göndərəndə birinci yerə çıxacağımı gözləmirəm. Hesab edirəm ki, istənilən halda istedad qalib gəlir", - rəssam deyib. 

Seyran Cəfərli 45-dən çox beynəlxalq karikatura müsabiqəsinin münsif üzvü olub. Onun 150-dən çox beynəlxalq mükafatı var. Hətta BMT ona xüsusi ödül də verib. Rəssamın mindən artıq əsəri beynəlxalq karikatura yarışlarında nümayiş olunub, albomlara daxil edilib. Belçika, Türkiyə, Fransa və İranda S.Cəfərlinin fərdi sərgiləri keçirilib.

28
Teqlər:
azərbaycanlı, müsabiqə, İzmir, Türkiyə, gender, karikatura, rəssam
Samirə Əfəndi, arxiv şəkli

Azərbaycanlı müğənni "B" planına düşdü

15
Qeyd olunub ki, Azərbaycan təmsilçisi Samirə Əfəndi və digər iştirakçılar "Avroviziya-2021"dən 5 gün əvvəl Niderlanda gedərək karantində olacaqlar

BAKI, 5 mart — Sputnik. Avropa Yayım Birliyi (EBU) "Avroviziya-2021" üçün hazırlanan dörd əsas ssenari arasında "B" planını seçməyə məcbur olub. Sputnik Azərbaycan xəbər verir ki, buna səbəb dünyada koronavirusun hələ də gündəmdə qalmasıdır. Müsabiqənin ənənəvi qaydada keçirilməsi mümkün olmadığı üçün təşkilatçılar bütün səylərini "B" planına yönəldiblər. Bununla da "Avroviziya-2021"ın necə təşkil ediləcəyi ilə bağlı yekun qərar verilib.

Bu barədə müsabiqənin icraçı məsləhətçisi Martin Österdahl məlumat yayıb.

"Müsabiqənin ruhu və ənənəsi Avropanı bir səhnədə birləşdirməkdir və biz buna Rotterdamda nail olmaq qərarındayıq. Bütün sənətçilərin Rotterdamda canlı ifa etdiyi təhlükəsiz bir yarışma keçirmək istəyirik", - deyə o bildirib.

Qeyd olunub ki, Azərbaycan təmsilçisi Samirə Əfəndi və digər iştirakçılar "Avroviziya-2021"dan 5 gün əvvəl Niderlanda gedərək karantində olacaqlar. Onlardan uçuşdan 72 saat əvvəl neqativ koronavirus test nəticəsini ("PCR" test - red.) təqdim etmələri tələb edilir. İfaçılar lazım olmadığı təqdirdə qaldıqları oteldən kənara çıxa bilməyəcəklər. Müsabiqənin bütün heyətindən mütəmadi olaraq test götürüləcək. Media mərkəzinə 500 nəfər dəvət ediləcək, rəqəmsal mühitə 1000 işçi cəlb olunacaq. Müsabiqənin keçirildiyi "Ahoy Arena"nın tutumu kiçildiləcək, 1,5 metr məsafəyə riayət olunacaq. Buna baxmayaraq, yarışda tamaşaçıların iştirak edib-etməyəcəyi barədə aprel ayının ortalarında məlumat veriləcək.

"Avroviziya-2021" beynəlxalq mahnı müsabiqəsi onlayn formatda keçiriləcək, nümayəndə heyətlərinin tərkibi və jurnalistlərin sayı ixtisar olunacaq. Mahnı müsabiqəsində tamaşaçıların olub-olmaması barədə qərar isə hələ qəbul edilməyib.

Yeni ssenari çərçivəsində hər bir nümayəndə heyətində iştirakçıların sayı əvvəlki müsabiqələrlə müqayisədə ixtisara salınacaq. Tədbirdə iştirak edəcək jurnalistlərin sayı isə 500 nəfərə qədər məhdudlaşdırılacaq, daha 1000 jurnalist isə müsabiqəni xüsusi mətbuat mərkəzindən işıqlandıracaq. S.Əfəndinin "Avroviziya-2021" mahnısı martın ikinci həftəsində elan olunacaq.

15
Teqlər:
Koronavirus, epidemiya, COVID-19, plan, "Avroviziya" mahnı müsabiqəsi
Çap maşını, arxiv şəkli

Şəhid Cəbrayıl Dövlətzadədən roman yazıldı

15
Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Cəbrayıl Dövlətzadə ölümündən sonra "Vətən uğrunda" və 3-cü dərəcəli "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib

BAKI, 4 mart — Sputnik. Yazıçı Azad Qaradərəli 44 günlük Vətən Müharibəsinin qəhrəmanlarından olan 19 yaşlı şəhid Cəbrayıl Dövlətzadənin qısa ömür və döyüş yolundan bəhs edən roman yazıb. Sputnik Azərbaycan xəbər verir ki, "Cəbrayıl əfsanəsi" adlı romanını proloq, epiloq və 19 fəsildən ibarətdir. Hər fəsil qəhrəman həmvətənimizin ömrünün bir ilinə ithaf olunur.

Qeyd edək ki, Cəbrayıl Dövlətzadə 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Cəlilabad rayon N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə idi. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cəbrayıl Dövlətzadə, sentyabrın 28-də şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəbrayıl Dövlətzadə ölümündən sonra "Vətən uğrunda" medalı və 3-cü dərəcəli "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib

15
Teqlər:
kitab, şəhid
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov, arxiv şəkli

Əli Əsədov Fuad Oktaya başsağlığı verdi

0
Telefon danışığı əsnasında fevralın 19-da Ankarada keçirilmiş Azərbaycan-Türkiyə Hökumətlərarası Əməkdaşlıq Komissiyasının 9-cu iclasının yekunlarına dair imzalanmış Protokolun və Fəaliyyət Planlarının icrası ilə bağlı məsələlər müzakirə olunub.

BAKI, 5 mart — Sputnik. Martın 5-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub.

Nazirlər Kabinetindən (NK) Sputnik Azərbaycan-a verilən məlumata görə, Baş nazir Əli Əsədov Fuat Oktaya Türkiyə Silahlı Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində türk əsgərlərinin şəhid olması ilə əlaqədar başsağlığı verib.

Telefon danışığı əsnasında fevralın 19-da Ankarada keçirilmiş Azərbaycan-Türkiyə Hökumətlərarası Əməkdaşlıq Komissiyasının 9-cu iclasının yekunlarına dair imzalanmış Protokolun və Fəaliyyət Planlarının icrası ilə bağlı məsələlər müzakirə olunub.

Həmçinin Azərbaycanla Türkiyə arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

0
Teqlər:
Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay, Əli Əsədov, Baş nazir, Türkiyə, Azərbaycan