Nizami Gəncəvinin təsviri olan mozaika, arxiv şəkli

Qəzəl deyənlər axtarılır

26
(Yenilənib 20:15 10.02.2021)
Тəqdim olunmuş işlər bu il iyunun 15-dək Azərbaycan Bəstəkarlar İttifaqında onlayn qəbul ediləcək. Əsərlər Bəstəkarlar İttifaqının tərtib etdiyi münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

BAKI, 10 fevral — Sputnik. Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. 2021-ci ildə Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ili "Nizami Gəncəvi İli" elan edib.

Gəncədə inşa olunan Nizami Gəncəvi Muzeyi
© Official website of President of Azerbaijan Republic

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Bəstəkarlar İttifaqı "Nizami Gəncəvi İli"nə həsr olunmuş qəzəl-romans müsabiqəsi elan edib.

Müsabiqənin keçirilməsində əsas məqsəd görkəmli bəstəkar, musiqişünas-alim, Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin "Sənsiz" və "Sevgili canan" əsərləri ilə təməlini qoyduğu qəzəl-romans janrının ənənələrinin davam və inkişaf etdirilməsi, Nizami Gəncəvinin zəngin yaradıcılığının müasir dövrdə vokal əsərlərdə musiqi və mətnlərin vəhdəti ilə ədəbi-bədii meyarlara cavab verən yeni qəzəl-romansların aşkar edilməsidir.

Müsabiqəyə heç bir yerdə səslənməmiş və nəşr olunmamış yeni qəzəl-romanslar təqdim edilməlidir. Təqdim ediləcək əsərlər vokal ilə müxtəlif tərkibli instrumental ansambllar (2-3 alət) üçün nəzərdə tutularaq, 7-10 dəqiqəlik vaxt həcmində olmalıdır.

Müsabiqə iştirakçıları əsərin klavirini PDF formatında (və ya partiturasını) və yüksək formatda yazılmış CD audio versiyasını, romansın mətnini və müəllif haqqında məlumatları (ad, soyad, təhsil, ünvan, telefon) Azərbaycan Bəstəkarlar İttifaqının music0306@mail.ru və azcomposersunion@gmail.com elektron ünvanına təqdim еtməlidirlər. Əsərlər səs və fortepiano ifasında və ya səsyazma şəklində təqdim olunmalıdır. Müsabiqədə peşəkar bəstəkarlar iştirak edə bilərlər.

Müsabiqənin qalibləri 18 sentyabr - Milli Musiqi Günündə elan ediləcək.

Müsabiqənin qalibləri üçün aşağıdakı mükafatlar nəzərdə tutulur:

I yer – 1000 manat

II yer – 700 manat

III yer – 500 manat

Fəxri diplom – 300 manat

Тəqdim olunmuş işlər bu il iyunun 15-dək Azərbaycan Bəstəkarlar İttifaqında onlayn qəbul ediləcək. Əsərlər Bəstəkarlar İttifaqının tərtib etdiyi münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

26
Teqlər:
bəstəkar, Nizami Gəncəvi
Ziyarətçilər Benksinin əsərlərinə baxırlar, arxiv şəkli

Benksinin əsərini yandırmaq üçün 95 min dollar ödədilər - VİDEO

4
(Yenilənib 00:33 06.03.2021)
"Morons" rəsmində real tarixi an - rəssam Vinsent Van Qoqun "Günəbaxanlar" tablosunun hərracda 50 milyon ABŞ dollarına satıldığı vəziyyət təsvir olunub.

BAKI, 6 mart — Sputnik. "Injective Protocol" blokçeyn şirkəti küçə rəssamı Benksinin "Morons" rəsmini yandırmaq və rəqəmsal aktivə çevirmək üçün Nyu-York qalereyasına 95 min ABŞ dolları ödəyərək şəkli satın alıb.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, rəssamın özünün yaratdığı "Pest Control" agentliyi əsərin həqiqiliyini təsdiqləyib. Canlı yayımlanan yandırılma prosesindən sonra rəsm əsəri dəyişdirilə bilinməyən tokenə (NFT) çevrilib. Qeyd olunur ki, bu, əsl sənət əsərinin virtual aktivə çevrildiyi ilk haldır.

"Morons" rəsmində real tarixi an - rəssam Vinsent Van Qoqun "Günəbaxanlar" tablosunun hərracda 50 milyon ABŞ dollarına satıldığı vəziyyət təsvir olunub. Bu, çoxlu lot ilə hərracların tətbiqinin başlanğıcı olub.

Daha əvvəl Benksinin qrafitisi olan divarın bir parçasının "altırəqəmli məbləğə" satıldığı bildirilmişdi.

4
Samirə Əfəndi, arxiv şəkli

Azərbaycanlı müğənni "B" planına düşdü

20
Qeyd olunub ki, Azərbaycan təmsilçisi Samirə Əfəndi və digər iştirakçılar "Avroviziya-2021"dən 5 gün əvvəl Niderlanda gedərək karantində olacaqlar

BAKI, 5 mart — Sputnik. Avropa Yayım Birliyi (EBU) "Avroviziya-2021" üçün hazırlanan dörd əsas ssenari arasında "B" planını seçməyə məcbur olub. Sputnik Azərbaycan xəbər verir ki, buna səbəb dünyada koronavirusun hələ də gündəmdə qalmasıdır. Müsabiqənin ənənəvi qaydada keçirilməsi mümkün olmadığı üçün təşkilatçılar bütün səylərini "B" planına yönəldiblər. Bununla da "Avroviziya-2021"ın necə təşkil ediləcəyi ilə bağlı yekun qərar verilib.

Bu barədə müsabiqənin icraçı məsləhətçisi Martin Österdahl məlumat yayıb.

"Müsabiqənin ruhu və ənənəsi Avropanı bir səhnədə birləşdirməkdir və biz buna Rotterdamda nail olmaq qərarındayıq. Bütün sənətçilərin Rotterdamda canlı ifa etdiyi təhlükəsiz bir yarışma keçirmək istəyirik", - deyə o bildirib.

Qeyd olunub ki, Azərbaycan təmsilçisi Samirə Əfəndi və digər iştirakçılar "Avroviziya-2021"dan 5 gün əvvəl Niderlanda gedərək karantində olacaqlar. Onlardan uçuşdan 72 saat əvvəl neqativ koronavirus test nəticəsini ("PCR" test - red.) təqdim etmələri tələb edilir. İfaçılar lazım olmadığı təqdirdə qaldıqları oteldən kənara çıxa bilməyəcəklər. Müsabiqənin bütün heyətindən mütəmadi olaraq test götürüləcək. Media mərkəzinə 500 nəfər dəvət ediləcək, rəqəmsal mühitə 1000 işçi cəlb olunacaq. Müsabiqənin keçirildiyi "Ahoy Arena"nın tutumu kiçildiləcək, 1,5 metr məsafəyə riayət olunacaq. Buna baxmayaraq, yarışda tamaşaçıların iştirak edib-etməyəcəyi barədə aprel ayının ortalarında məlumat veriləcək.

"Avroviziya-2021" beynəlxalq mahnı müsabiqəsi onlayn formatda keçiriləcək, nümayəndə heyətlərinin tərkibi və jurnalistlərin sayı ixtisar olunacaq. Mahnı müsabiqəsində tamaşaçıların olub-olmaması barədə qərar isə hələ qəbul edilməyib.

Yeni ssenari çərçivəsində hər bir nümayəndə heyətində iştirakçıların sayı əvvəlki müsabiqələrlə müqayisədə ixtisara salınacaq. Tədbirdə iştirak edəcək jurnalistlərin sayı isə 500 nəfərə qədər məhdudlaşdırılacaq, daha 1000 jurnalist isə müsabiqəni xüsusi mətbuat mərkəzindən işıqlandıracaq. S.Əfəndinin "Avroviziya-2021" mahnısı martın ikinci həftəsində elan olunacaq.

20
Teqlər:
Koronavirus, epidemiya, COVID-19, plan, "Avroviziya" mahnı müsabiqəsi