Mikayıl Müşfiq, arxiv şəkli

Türkiyənin məşhur jurnalı xüsusi nömrəsini Müşfiqə həsr edib

13
(Yenilənib 10:00 07.01.2021)
Təqdim olunan materialları Türkiyə türkcəsinə son illər Azərbaycan ədəbiyyatının Türkiyədəki ən fəal tərcüməçi və təqdimatçılarından olan, yeni Türkiyə nəsrinin istedadlı nümayəndəsi Ömər Küçükmehmetoğlu çevirib.

BAKI, 7 yanvar — Sputnik. İstanbulda nəşr olunan "Təmrin" jurnalının xüsusi nömrəsi XX əsr yeni Azərbaycan poeziyasının həmişə cavan öndərlərindən olan Mikayıl Müşfiqə həsr edilib.

Sputnik Azərbaycan xəbər verir ki, xüsusi nömrə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin fikirləri ilə açılır: "Mikayıl Müşfiq, Hüseyn Cavid, Əhməd Cavad və o dövrdə yaşamış başqa sənətkarlar öz əsərlərində xalqımızın milli azadlıq fikirlərini əks etdirmişlər. Onlar öz əsərləri, elmi fəaliyyətləri ilə Azərbaycan xalqının elm və mədəniyyətinin yüksəlməsinə çalışmış və beləliklə də xalqı gələcəyə, milli azadlığa, müstəqilliyə doğru aparmışlar". Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu fikirləri verilib: "Böyük şair Mikayıl Müşfiq milli folklordan və klassik ədəbi ənənələrdən layiqincə bəhrələnməklə yaratdığı dərin lirizmə malik və doğma dilin bütün gözəlliklərini özündə ehtiva edən bənzərsiz poetik nümunələrlə Azərbaycanın çoxəsrlik bədii fikir xəzinəsini daha da zənginləşdirmişdir. Forma yeniliyi, məzmun genişliyi, romantik əhval və yüksək həyat eşqi bu söz sənəti incilərinin başlıca keyfiyyətləridir..."

Xüsusi nömrədə Milli Məclisin deputatı, fəlsəfə doktoru Cavanşir Feyziyevin "Azərbaycan ədəbi sözünün hər zaman gənc zirvəsi" yazısı, Mikayıl Müşfiq irsinin əvəzsiz araşdırıcısı, mərhum Xalq şairi Gülhüseyn Hüseynoğlunun "Müşfiq ənənələri yaşayır" məqaləsi, şairin xanımı Dilbər Axundzadənin xatirələrindən seçmələr, professor Cavanşir Yusflinin "Yuxuda yazılan şeirlər", professor Səfurə Quliyevanın "Müşfiqin tarixə mesajları", şairin həyat və yaradıcılığının tanınmış müasir tədqiqatçılarından olan filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoyun "Göylərin lacivərd ətəklərində", şair Səlim Babullaoğlunun "Səni kim unudar?", ədəbiyyatşünas Seyfəddin Hüseynlinin "Mikayıl Müşfiq 3G texnologiyasının kəşfini necə yazmışdı", professor Rüstəm Kamalın "Matadorun və şairin ölümü" məqalələri yer alıb. Habelə şairin məktubları, həyat və yaradıcılığının Səlim Babullaoğlu tərəfindən hazırlanan müfəssəl bioqrafiyası, "Yenə o bağ olaydı", "Gecə düşüncəsi", "Küləklər", "Həyat sevgisi", "Telefon", "Duyğu yarpaqları" kimi şeirləri və poetik silsilələri, geniş fotomaterial və əlyazmalarının faksimilesi yer alıb.

Xüsusi nömrənin bir bölümündə Müşfiq haqqında Hüseyn Cavid, Abdulla Şaiq, Rəsul Rza, Mirmehdi Seyidzadə, Mirzə İbrahimov, Nigar Rəfibəyli, Mirvarid Dilbazi, Sabit Rəhman, Cabir Novruz, Əkrəm Cəfər, Məmməd Arif, Anar, Bəkir Nəbiyev kimi zaman-zaman fikir söyləmiş XX əsrin görkəmli ədib və elm xadimlərinin qısa fikirləri də dərc edilib.

Təqdim olunan materialları Türkiyə türkcəsinə son illər Azərbaycan ədəbiyyatının Türkiyədəki ən fəal tərcüməçi və təqdimatçılarından olan, yeni Türkiyə nəsrinin istedadlı nümayəndəsi Ömər Küçükmehmetoğlu çevirib.

Milli Məclisin deputatı Cavanşir Feyziyevin dəstəyi ilə ərsəyə gələn, AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin bazasında hazırlanan nəşrin koordinatoru jurnalist Bəxtiyar Səlimov, naşiri isə Şərəf Özsoydur.

13
Aida Mahmudovanın PASTPRESENTFUTURE sərgisi

Azərbaycanlı rəssamın ABŞ-da ikinci fərdi sərgisi açılıb

4
(Yenilənib 21:11 15.01.2021)
Fevralın 16-dək davam edəcək "Aida Mahmudova: PASTPRESENTFUTURE" sərgisi "Sapar Contemporary" inkubatorunun təşkilatçılığı ilə reallaşır.

BAKI, 15 yanvar — Sputnik. Tanınmış azərbaycanlı rəssam Aida Mahmudovanın Amerika Birləşmiş Ştatlarında ikinci fərdi sərgisi açılıb.

Sputnik Azərbaycan xəbər verir ki, fevralın 16-dək davam edəcək "Aida Mahmudova: PASTPRESENTFUTURE" sərgisi "Sapar Contemporary" inkubatorunun təşkilatçılığı ilə reallaşır.

"Sapar Contemporary" inkubatoru varlığın fraqmentar təbiətini zamanla və landşaftda təhrif olunmuş xatirələr vasitəsilə tədqiq edən yeni "Aida Mahmudova: PASTPRESENTFUTURE" seriyasını təqdim edib. Qalereyanın Mərkəzi Asiya və Qafqazda fəaliyyət göstərən nüfuzlu qadın rəssamlara dəstək istiqamətində fasiləsiz səyləri çərçivəsində təşkil edilən "PASTPRESENTFUTURE" rəssamın Amerika Birləşmiş Ştatlarında ikinci fərdi sərgisidir.

Rəssam yeni əsərində yaradıcılıq prosesinin sırf emosional və instinktiv tərəfini önə çəkmək üçün xarici məhdudiyyətlərdən (ideoloji, siyasi və ya dini) kənarda mövcud olan əsərlər yaratmaq məqsədilə keçmişi, bu günü və gələcəyi vəhdət halında birləşdirir. Nəticədə birbaşa olaraq rəssamla rəsm texnikası arasındakı əlaqədən ilhamlanan və məfhumları çılpaq şəkildə göstərən güclü əsərlər yaradılır.

Ot və quru bitkilərdən istifadə edilərək və rəssamın impressionist toxunuşları nəticəsində ərsəyə gələn "Roots" (2020) kimi əsərlər rəssamın vətəni Azərbaycanda rast gəlinən landşaftın canlandırıcı detallarını üzə çıxarır. Yer kürəsinin səthi ilə bağlı reallıqlara baş vuran Aida Mahmudovanın təsvir etdiyi bu proses təbiəti xatirələri oyadan nostalji hissi ilə doldurur. Təbəqələrin yaradılması və ya onların bir-birindən ayrılması, habelə quru bitkilər, keramika, mis də daxil olmaqla müxtəlif materialların qarışdırılması prosesi rəssam üçün fiziki olaraq böyümə və emosional şəfa tapma məqsədilə edilən məşğələyə çevrilir.

Azərbaycanın paytaxtı Bakıda yaşayıb fəaliyyət göstərən Aida Mahmudovanın rəsm əsərləri onun seçdiyi materialların fiziki təbiəti və üstünlük verdiyi dünyəvi palitrası ilə ahəngdar şəkildə uzlaşır. Onun olduqca intuitiv xarakter daşıyan axtarışları xarici sədlərdən yan keçən sevgi, itki, yaddaş və istək kimi universal insan hisslərinin bütün spektri üzrə inkişaf etməyə davam edir. Rəssamın sözlərinə görə, "cəmiyyətin bir hissəsi olaraq, biz varlığın təbiətini, başqaları ilə qarşılıqlı münasibətlərimizi müəyyən dərəcədə məhdudlaşdırırıq və bununla da ibtidai ünsiyyət kanallarını itiririk. Mənim üçün incəsənətin heç bir sərhədi yoxdur - o, ünsiyyətin istənilən forması üçün açıqdır, yaradıcılıq prosesi isə insan tərəfindən yaradılmış və buna görə də olduqca kövrək olan fundamental prinsipləri bu və ya digər dərəcədə məhv edir".

4
Leyla Məcnun serialı

"Netflix" ilk dəfə Azərbaycanda film çəkdi - VİDEO

31
(Yenilənib 14:17 15.01.2021)
"Netflix Indonesia" tərəfindən lentə alınan layihədə Leyla və Samirin sevgi həyatından bəhs edilir. Çəkilişlər İndoneziya və Bakıda baş tutub. Filmin baş qəhrəmanlarını aktrisa Aça Septriasa və aktyor Reza Rahadian canlandırıblar.

BAKI, 15 yanvar — Sputnik. Dünyaca məşhur "Netflix" platforması ilk dəfə Azərbaycanla bağlı film çəkib.

Sputnik Azərbaycan xəbər verir ki, ekran işi məşhur yazıçımız Nizami Gəncəvinin "Leyli və Məcnun" poeması əsasında ərsəyə gətirilib.

"Netflix Indonesia" tərəfindən lentə alınan layihədə Leyla və Samirin sevgi həyatından bəhs edilir. Çəkilişlər İndoneziya və Bakıda baş tutub. Filmin baş qəhrəmanlarını aktrisa Aça Septriasa və aktyor Reza Rahadian canlandırıblar.

"Layla və Majnun"un premyerası fevralın 11-də baş tutacaq.

 

31
Teqlər:
Netflix şirkəti

İqtisadi Şuranın 2021-ci ildə ilk iclası keçirilib

0
İclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.

BAKI, 15 yanvar - Sputnik. Bu gün Azərbaycan Respublikasının Baş naziri, İqtisadi Şuranın sədri Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, iclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.

0