Azərbaycan əsilli Amerika dirijoru Fərhad Xudiyev

Azərbaycan əsilli Amerika dirijoru: Ən böyük arzum Bakıda çıxış etməkdir

46
(Yenilənib 17:35 05.01.2021)
Sənətin gücünə səmimi qəlbdən inanmaq və bu yolda çəkilən zəhmət – Amerika dirijoru Fərhad Xudiyevin ABŞ-da yüksək zirvələri fəth etməsinə kömək edən əsas amillər bunlar olub. İndi isə onun ən böyük arzusu Azərbaycanda konsert proqramı ilə çıxış etməkdir.

BAKI, 5 yanvar — Sputnik, Kəmalə Əliyeva. 2020-ci ilin dekabrında Azərbaycan əsilli Amerika dirijoru Fərhad Xudiyev ABŞ-da keçirilən Artur Nikiş Beynəlxalq Dirijorlar Müsabiqəsində "Bethoven-250" xüsusi mükafatına layiq görülüb. Musiqiçi Sputnik Azərbaycan-a verdiyi müsahibədə bu qələbəsindən və Azərbaycanda konsert vermək arzusundan danışıb.

– Fərhad, bildiyimizə görə, siz Türkmənistanda anadan olmusunuz, ancaq əslən Azərbaycandansınız. Bu barədə bir qədər geniş məlumat verə bilərsiz?

– Bəli, mən azərbaycanlıyam, Aşqabadda anadan olmuşam. Valideynlərim, nənələrim-babalarım da Aşqabadda doğulublar, amma əslimiz Təbrizdəndir. Sovet İttifaqı dağılana kimi Türkmənistan əhalisi çoxmillətli idi. Burada müxtəlif millətlərin nümayəndələri, o cümlədən, azərbaycanlılar da yaşayırdı. Azərbaycan icması, xüsusən də bizim ailə milli adət-ənənəlimizi, musiqimizi, mətbəximizi qoruyub saxlayıb və bundan sonra da saxlayacaq. Qardaşlarım Eldar və Emillə birlikdə həkim, iqtisadçı, pedaqoq, fizik, mühəndis və yazıçı ailəsində doğulub boya-başa çatmışıq. Onlar musiqini çox sevirdilər və bu sevgini bizə də aşılayıblar. Bizi sülhsevər, bütün dinlərə, böyüklərə, əcdadlarımıza hörmət, təbiətə, həyata və onun dəyərlərinə sevgi ruhunda böyütdükləri üçün onlara minnətdarıq. Böyük qardaşım Eldar Boston konservatoriyasının skripka sinfinin məzunudur, magistr dərəcəsi var, gözəl pedaqoq və klassik, instrumental musiqinin mahir ifaçısıdır. Kiçik qardaşım Emil Yel universitetinin klarnet sinfinin məzunudur, onun da magistr dərəcəsi var. ABŞ-ın dünya şöhrətli Sietl Simfonik Orkestri ilə əməkdaşlıq edən yeganə azərbaycanlıdır. Biz üçümüz də Amerika hökumətinin "Xüsusi qabiliyyətli musiqiçi" mükafatına layiq görülmüşük.

© Photo : Courtesy of Farhad Hudyiev
Dirijor Fərhad Xudiyevin ailə fotosu

– Nə vaxtsa Azərbaycanda olmusunuz? Əgər olmusunuzsa, nə vaxt? Valideynləriniz sizə Azərbaycanla bağlı nə danışıb?

– Azərbaycanda cəmi bir dəfə, 2009-cu ildə olmuşam. Həmin vaxt bizim ailəmizdə faciə baş vermişdi, atamı itirmişdik. Atamın bizə həmişə Azərbaycan haqqında, bu ölkənin mədəniyyəti, milli xüsusiyyətləri barədə danışdığını nəzərə alaraq, mən həyatımın məhz həmin dönəmində güclü şəkildə öz etnik vətənimə getmək ehtiyacı hiss etdim. Bu fikirlərlə ailəmizi toplayıb onlara Bakıya getməyi təklif etdim. Bizim Azərbaycanda qohumlarımız yoxdur. Sadəcə, on günlüyünə Bakını görməyə getmişdik. Əlbəttə ki, ABŞ-da aldığım təhsil və qazandığım təcrübəni də öz həmvətənlərimlə bölüşmək istəyirdim. Odur ki Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli ilə danışdım ki, tələbələrə ustad dərsləri verim. Qalan vaxtımızı isə şəhərdə gəzməklə, tarixi yerlərə baş çəkməklə keçirdik. Bu səfər mənim yaddaşımda ən unudulmaz xatirələrlə qaldı.

– Bir az da özünüz barədə danışardınız... Musiqiçi olmağa necə qərar verdiniz?

– Valideynlərim musiqini çox seviblər, halbuki onların fəaliyyət sahəsi tamam fərqli idi: atam iqtisadçı idi, zərb alətlərində çalmağı bacarırdı, anam isə həkim-kardioloqdur, o da fortepianoda ifa edir. Bizim evlə üzbəüz Respublika Musiqi məktəbi var idi, qardaşım həmin məktəbə gedirdi. Orada sovet dövrünün çox yaxşı pedaqoqları dərs deyirdi. Bu, məni və kiçik qardaşımı da musiqi ilə məşğul olmağa ruhlandırdı. 1998-ci ildə məni Rusiyanın tarixi şəhəri olan Suzdalda "Yeni adlar" beynəlxalq musiqi festivalına göndərdilər. Türkmənistanı təmsil etmək üçün ora yollandım. Bir-iki ildən sonra Şimali Miçiqanda məxsusi olaraq gənc istedadlar üçün keçirilən Interlochen Arts Camp yay festivalından xəbər tutdum. Qardaşımla birlikdə ifamızı lentə aldığımız diski festivala göndərdik və ora dəvət aldıq. Fikirləşdik ki, yayı orada keçirib sonra Aşqabada qayıdarıq. Ancaq təsadüfən gözümüzə Interlochen Arts Academy pansion-məktəbinin reklam bukleti sataşdı. Bu incəsənət məktəbi musiqiçiləri dinləmələrə dəvət edirdi. Həmin vaxt biz ingilis dilində yalnız "thank you" sözünü bilsək də, hər bir halda özümüzü sınamaq qərarına gəldik. Beləliklə, biz bu təhsil müəssisəsinin ilk tükmənistanlı tələbələri olduq. Çoxlu gölləri, meşələri, möhtəşəm təbiəti olan gözəl bir yerdə təhsil alırdıq. Biz hər an musiqi və təbiətlə təmasda idik. Bütün bunlar mənə təsir edib ilhamlandırdı, musiqiçi kimi formalaşmağımda böyük rol oynadı. Biz Miçiqana gedən vaxt mənim 15, qardaşımın isə 14 yaşı var idi. Valideynlərimizdən uzaqda müstəqil yaşamağa başladıq. Bu bizim üçün çətin dəyişikliklər dövrü idi, amma geri çəkilmədik, inkişaf edərək irəli getdik.

© Photo : Courtesy of Farhad Hudyiev
Azərbaycan əsilli Amerika dirijoru Fərhad Xudiyev

– Bəs dirijor olmağa necə qərar verdiniz?

– Dirijorluğa marağım Ohayo ştatının Oberlinsk konservatoriyasında oxuduğum vaxt yarandı. Və incəsənətin bu növünə marağım get-gedə artdı. 2007-ci ildə tərkibində skripkaçı kimi fəaliyyət göstərdiyim trionun beynəlxalq müsabiqədə qalib gəlib kamera musiqisi üzrə qızıl medal alması bu marağı bir az da artırdı. Qazandığımız uğur məni çox ruhlandırmışdı. Konservatoriyaya qayıdandan sonra bir konsertin məşqində skripka müəllimimi dirijor qismində əvəz etməyimi istədilər. O, çiynini zədələmişdi. Sonra onu konsertdə də əvəz etməli oldum. Bu, Dvorjakın "Skripka üçün konserti" idi. Müəllim məşq prosesini izləmişdi, sonra yaxınlaşıb dedi ki, mənimlə ciddi söhbət etmək istəyir. Onun evinə gedəndə bir qədəh şərab süzüb (hərçənd, içən deyiləm) dedi ki, mən mütləq dirijor olmalıyam. Təsəvvür edirsiniz, skripkaçı kimi yenicə ciddi bir müsabiqədə qalib gəlmişəm, həyatda çox şey görmüş musiqi professoru isə məni əmin etməyə çalışır ki, mütləq dirijor olmalıyam! Dedim ki, bu barədə fikirləşərəm və həqiqətən də ciddi-ciddi düşündüm. Bununla yanaşı, gizlicə sənədlərimi "Dirijorluq sənəti" ixtisas üzrə bir neçə təhsil müəssisəsinin aspiranturasına verdim. Müsabiqənin finalçısı kimi məni Yel universitetinin yeganə dirijor yeri üçün dinləməyə dəvət edilər. Bu yer uğrunda bütün dünyadan yüksək səviyyəli musiqiçilər iştirak edirdi. Namizədlərin sayı 20 nəfər idi, hamısı da təcrübəli və adlı-sanlı musiqiçilər. Bununla belə, mən müsabiqənin axırıncı mərhələsinə kimi gedə bildim. Son mərhələdə Yel Filarmoniya orkestrinə dirijorluq etməli idim. Bu mərhələyə 20 nəfərdən cəmi üç nəfər keçə bilmişdi. Orkestrlə məşqdən sonra çamadanımı yığıb artıq yola düşməyə hazırlaşırdım, lakin aeroporta çatanda telefon zəngi məni yolumdan döndərdi. Zəng vuran şəxs seçildiyimi xəbər verdi...

Triodakı fəaliyyətimdən imtina etməli oldum, bu mənim üçün bir o qədər də asan deyildi. Sonra həyatımda yeni mərhələ başladı. Skripka sənətindən dirijorluğa keçidin qeyri-adi məqamlarından biri də artıq formalaşmış daxili aləmimi başqaları ilə necə paylaşacağım idi. Axı fərq böyük idi – biri var özün alətdə tək çalasan, biri də var təxminən yüz nəfəri idarə edib ruhlandırasan. Bu illər ərzində orkestri idarə etməyi, musiqiçiləri ruhlandırmağı, öz dünyamı onlarla paylaşmağı öyrəndim. Bütün bunlar çox vaxt və zəhmət tələb edirdi, amma mən bunun öhdəsindən gələ bildim.

© Photo : Courtesy of Farhad Hudyiev
Dirijor Fərhad Xudiyev dostları ilə birgə

– Karyeranızı Amerikada davam etdirməyə necə qərar verdiniz?

– Bu taledir. Mənim həyat yolumun hər günü möcüzə olub. Heç vaxt ağlıma gəlməzdi ki, Amerikada qalaram. Sadəcə olaraq, sənətin gücünə bütün qəlbimlə inanıram və əminəm ki, mənim yoluma işıq salan da məhz bu inam olub.

– Nəzərə alsaq ki, Amerikada musiqiçilərin sayı həddən artıq çoxdur, yəqin orada irəli getmək də çətindir.

– ABŞ-da bütün dünyadan görkəmli musiqiçilər yaşayıb-yaradır. Bu mənada əlbəttə ki, asan olmadı. Amma nəsə asan yolla əldə olunanda bu insan üçün maraqlı və dəyərli olmur.

– Bütün musiqiçilər müəllimliklə məşğul olmur, çünki bu çox vaxt aparır, şəxsi karyeranı ikinci plana atır. Sizcə də bu belədirmi?

– Mənim üçün müəllimlik müqəddəs işdir. Biz əldə etdiklərimizi başqaları ilə bölüşməyi bacarmalıyıq. Müəllimlik də məhz budur – öyrəndiklərini öyrətmək. Bu proses sənəti ruhlandırır, davam və inkişaf etdirir.

– Bu günlərdə "Bethoven-250" beynəlxalq müsabiqəsinin qalibi olmusunuz. Bu mükafatın sizin üçün əhəmiyyəti nədir? Ümumiyyətlə, müsabiqələrdə tez-tez iştirak edirsiniz?

– Bu müsabiqənin mənim üçün əhəmiyyəti böyükdür, çünki dahi Bethovenin adını daşıyır. Behtovenin musiqisinin isə mənim və başqa insanların həyatında böyük rolu olub. Mənə bir sıra beynəlxalq müsabiqələrdə iştirak etmək və qalib gəlmək nəsib olub. ABŞ-da keçirilən "Fişof" müsabiqəsində qızıl medala, Tayvanda keçirilən dirijorların beynəlxalq müsabiqəsində "Ən yaxşı musiqi interpretasiyasına görə" və digər mükafatlara layiq görülmüşəm. Bu, dirijorluq sənətini zənginləşdirməyə imkan verən gözəl təcrübə və dünyanın müxtəlif guşələrindən olan musiqiçilərlə tanışlıq fürsətdir.

© Photo : Courtesy of Farhad Hudyiev
Azərbaycan əsilli Amerika dirijoru Fərhad Xudiyev

– Xaricdə Azərbaycan musiqisini tez-tez ifa edirsiz?

– Valideynlərim hələ lap uşaqlıqdan mənə Azərbaycan musiqisinə sevgi aşılayıblar. Azərbaycan musiqisini çox sevirəm və tez-tez ifa edirəm. 2013-cü ildə məşhur kaman ustası İmamyar Qasımovla və Montrö Gənclər orkestri ilə birlikdə Kaliforniyada Hacı Xanməmmədovun "Kamança üçün konserti"ni ifa etdik. Bu həmin konsertin dünya premyerası idi. 2018-ci ildə isə Azərbaycan Demokratik Respublikasının 100 illiyi münasibətilə balaban ustası Nicat Məsimov və məşhur nağara ustası Natiq Şirinovla birlikdə Kaliforniyada Abuzər Manafzadənin "Balaban üçün konserti"ni ilk dəfə ifa etdik. 2019-cu ildə Ostin şəhərində Texas Universitetinin simfonik orkestri mənim dirijorluğumla Qara Qarayevin "İldırımlı yollarla" baletinin ikinci süitasını ifa etdi. Bu konsertlər Azərbaycan musiqisinin ABŞ-da tanınmasına xüsusi töhfə verdi və Amerika ictimaiyyətinin qəlbinə əbədi yer tutdu.

– Bəs Azərbaycanda çıxış etməyi planlaşdırırsınız?

– Mən heç vaxt Azərbaycanda çıxış etməmişəm. Açığı, bu mənim ən böyük arzumdur!

46
Təranə Qumral və Musa Musayev, arxiv şəkli

Müğənni izləyicilərini hədələdi - "Hünəriniz var, bir də..." - VİDEO

29
(Yenilənib 12:34 19.01.2021)
"Götürüb nəsə yazsam, deyəcəksiniz, Təranə Qumral izləyicisini təhqir etdi. Amma sizin məni hər cür təhqir etməyə haqqınız var? Qarğışlarınız öz canınıza tökülsün".

BAKI, 19 yanvar — Sputnik. Müğənni Təranə Qumral sosial şəbəkədə yayımladığı video ilə müzakirələrə səbəb olub.

Sputnik Azərbaycan xəbər verir ki, sənətçinin görüntüdə işlətdiyi qeyri-etik ifadələr bir yana, onun istifadə etdiyi effekt ələ salınıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Terane_Musa (@terane_musa)

Bir neçə gün əvvəl qızları ilə rəqs edən videosunu yayımlayan ifaçı ünvanına yazılan tənqidlərə cavab verib. O: "Bir ildir efirə çıxmıram, özümlə bağlı sosial şəbəkəyə video qoymuram. O gün bir video yayımladım, altına oturub nə qarğışlar, söyüşlər yazmısız. Öz başınıza tökülsün. Götürüb nəsə yazsam, deyəcəksiniz, Təranə Qumral izləyicisini təhqir etdi. Amma sizin məni hər cür təhqir etməyə haqqınız var? Qarğışlarınız öz canınıza tökülsün. Hünəriniz var, bir də qarğış yazasınız", - deyə bildirib.

Təranə daha sonra paylaşımındakı şərh bölümünü bağlayıb.

29
Teqlər:
hədə, video, Instagram, müğənni
Jan-Pyer Bakri, arxiv şəkli

Dünya şöhrətli aktyor xərçəngə məğlub oldu

16
(Yenilənib 11:25 19.01.2021)
Qeyd edək ki, Jan-Pyer Bakri 1951-ci il mayın 24-də Əlcəzairdə yəhudi ailəsində doğulub. 1962-ci ildən sonra aktyorun ailəsi Fransaya mühacirət edib.

BAKI, 19 yanvar — Sputnik. Fransanın tanınmış aktyoru və ssenarist Jan-Pyer Bakri vəfat edib. Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, 69 yaşlı aktyor ötən gün xərçəng xəstəliyindən dünyasını dəyişib.

Qeyd edək ki, Jan-Pyer Bakri 1951-ci il mayın 24-də Əlcəzairdə yəhudi ailəsində doğulub. 1962-ci ildən sonra aktyorun ailəsi Fransaya mühacirət edib. Mərhum aktyorun kinoya ilk gəlişi "Hərbi həkim" filmində olub. Həmin filmdə Alen Delon və Veronik Janno ilə tərəf-müqabili olan Jan-Pyer Bakri 1985-ci ildə Lyuk Bessonun "Zirzəmi" filmində çəkilib.

Mərhum aktyor 70-dən çox kino və telelayihələrin ssenari müəllifi olub. "Ən yaxşı ssenari"yə görə dörd dəfə "Sezar" mükafatına layiq görülüb. Həmçinin Kann Festivalının mükafatçısı olub.

16
Çarpayıda gənc cütlük, arxiv şəkli

Hüquqşünas: "Yataq otağından çıxandan sonra söhbət ediləcək mövzu yoxdursa..."

3
(Yenilənib 15:15 19.01.2021)
"Kişilər unutmamalıdırlar ki, qadınla ailə həyatı quran zaman o, atası evindən çıxanda əxlaqsız olmur ki?! Əxlaqsız idisə, niyə alırdın? Deyildisə, deməli, sənin əlində əxlaqsız olub"

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 19 yanvar — Sputnik. Pandemiya dövründə daha əvvəl müşahidə edilməyən qaydalar tətbiq edildiyi üçün vətəndaşlar bu dönəmdə müxtəlif qayda pozuntuları ilə qarşılaşdılar. Karantin rejimi, SMS-icazə, evdə qalmaq kimi məhdudiyyətlər yenilik olduğu üçün bir çox vətəndaşlar bu vəziyyətlə barışmaqda çətinlik çəkdilər.

Bəs bu dövrdə vətəndaşlar hüquqşünaslara daha çox hansı hüquq pozuntusu ilə müraciət ediblər?

Hüquqşünas Tağı Hüseynov Sputnik Azərbaycan-ın suallarını cavablandırıb.

© Sputnik / Irade JELIL
Hüquqşünas Tağı Hüseynov

- Pandemiya dövründə vətəndaşları hüquqi istiqamətdə daha çox nə narahat edib?

- Pandemiya dövründə əsas hüquq pozuntuları iki istiqamətdə olub. Yəni şəxslərin bizə müraciətləri boşanma və inzibati orqanların tətbiq etdiyi cərimələrlə bağlı olub. Bir müddət əvvəl, sərt karantin rejimində evdə qalmaq tələbi, kafe və restoranların bağlı olması ailələri, demək olar ki, bir yerə topladı. Bu müddət ərzində mehriban olan ailələr daha da mehribanlaşdı. Problemli ailələrin problemi isə böyüyərək boşanma ilə nəticələndi.

İkinci istiqamətdə olan hüquq pozuntuları əsasən polisin yazdığı cərimələrlə bağlı olub. Belə ki, müraciət edən vətəndaşlar müxtəlif səbəblərlə polisin yazdığı cərimələrlə razılaşmadıqlarını dilə gətirirdilər. Bəziləri qeyd edirdilər ki, SMS müddətinin bitməsindən 2 dəqiqə sonra cərimə yazılıb, bəziləri evinin qapısında ona cərimə yazıldığını bildirirdilər. Bu problemlə qarşılaşan vətəndaşların 99 faizi məhkəməyə müraciət etmir. Düşünürlər ki, 100 manata görə məhkəmələrə vaxt ayırmağa dəyməz.

Ancaq bəzi prinsipial insanlar var ki, axıra qədər davam edirlər. Mən vətəndaşlara izah edirdim ki, məhkəməyə arayış yazmağa 50 manat vəkilə verməkdənsə, cəriməni tətbiq edən quruma müraciət ünvanlasınlar.

- Boşanma müraciətləri ilə bağlı vətəndaşlar səbəb kimi nəyi vurğulayırlar?

- Düzünü desək, son dövrlədə kişilər öz məsuliyyətlərini unudublar. Bir müddət əvvəl qadınlar hüquq bərabərliyi istəyirdilər. Bu da sizə hüquq bərabərliyi. Ailədə kişi və qadınların vəzifələri yazılı şəkildə müəyyən edilmədiyi üçün ailə daxilində ər və arvad ailədə öz vəzifəsini bilmir. Ərzaq, əmlak, yemək almaq və s. kimin vəzifəsidir? Heç kim bilmir. Çox qəribədir, ailədə kişi yeyib-yatanda, işləməyəndə məsuliyyətə cəlb edilmir, amma ayrılandan sonra aliment ödəməyəndə cəlb edilir.

Boşanmaların digər səbəbi isə xəyanətdir.

Sosial şəbəkələr xəyanətlərin artmasına səbəb olur. Qadın və ya kişi sosial şəbəkədə kimləsə tanış olur və düşünür ki, ərim, arvadım onsuz da bilməyəcək. Amma artıq texnologiya inkişaf edib. Bütün şəbəkələrin mesajlarını tutmaq mümkündür.

Kişilər unutmamalıdırlar ki, qadınla ailə həyatı quran zaman atası evindən çıxanda əxlaqsız olmur ki?! Əxlaqsız idisə, niyə alırdın? Deyildisə, deməli, sənin əlində əxlaqsız olub.

Qadınlar da ailə həyatına müvəqqəti baxırlar. Yəni ərə sadəcə ərə getmək, ana olmaq xatirinə gedirlər. Düşünmürlər ki, həyat yoldaşı olmaq da özü də gözəl statusdur.

Qızlar oğlanı tanımadan ailə həyatı qururlar. Bəzən olur ki, onlar yataq otağından çıxandan sonra yarım saat söhbət edə biləcək mövzu tapa bilmirlər.

Bu səbəbdən də ailələr uzun müddətli olmur.

- "Aliment Fondu"nun yaradılması müzakirə edilir.

- Fondun yaradılması bir neçə il əvvəl də müzakirə edilmişdi. Ancaq bu müzakirələr reallaşmadı. Çünki bu fondun yaradılması boşanmaların artmasına səbəb ola bilərdi. Məsələn, qadınlar onu incidən həyat yoldaşları ilə birlikdə yaşamaqdan imtina edəcəkdilər. Düşünəcəkdilər ki, əgər fond varsa, heç kişini aliment üçün məhkəməyə də verməyə ehtiyac qalmayacaq. "Aliment Fondu" uşağa aliment ödəyəcək.

Ancaq bu gün qadınlar düşünürlər ki, boşansalar, aliment də ala bilməsələr, uşağa tək baxa bilməyəcəklər. Məcburən güzəştə gedib, ailə həyatını davam etdirməli olurlar.

Bu səbəbdən də fondun müzakirəsi dayandırıldı.

Hesab edirəm ki, uşaq pulunun verilməsi müzakirə edilməlidir. Məsələn, hər uşağa 100 manat uşaq pulu ayrılsa, boşanma olsa belə, kişi öz payına düşən 75 manatı ödəməli olar.

Ölkədə hamı 2000 manat maaş almır. Normal maaş 500 manatdır. Əgər bu maaşı alan kişinin iki uşağı varsa, uşaqlara 350 manat ödənilməlidir. Bu da təbii ki, kişiyə də sərf etmir. Mən hesab edirəm ki, kişilərə güzəşt etmək lazımdır. Aliment verməyən kişi Azərbaycan üçün üz qarasıdır. Ancaq kişilərin gəlirləri də nəzərə alınmalıdır.

3
Teqlər:
müsahibə, problemlər, kişi, qadın, hüquqşünas