BAKI, 29 dekabr — Sputnik. Azərbaycanda ilk dəfə Playback teatrı janrında tamaşa hazırlanıb və 3D qrafikalı sosial animasiyalı sosial çarx formasında ictimaiyyətə təqdim edilib.
Sputnik Azərbaycan xəbər verir ki, bullinq və nifrət nitqinin müxtəlif formaları psixoloq-konsultantlar tərəfindən təhlil edilib və "Şah Mat" teatrının kollektivi tərəfindən vahid tamaşa formasında səhnələşdirilib.
Sosial çarx Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə "Playback (oxucu hekayələri teatrı) nifrət nitqinə, bullinqə qarşı" layihəsi çərçivəsində hazırlanıb.
Layihə zamanı sosial çarx ilə yanaşı, psixoloqlar Kamil Həmidovun, Turan Balaşzadənin və Fidan Abdullayevanın moderatorluğu ilə 4 region (Bakı, Lənkəran, Quba, Şamaxı) üzrə 200-dən çox gəncə, o cümlədən gənc müəllimlərlə "bullinq" mövzusunda seminarlar keçirilib.
"Addım" GİM ictimai birliyi məkan dəstəyinə görə NAYORA-ya, təşkilati dəstəyə görə Gənclərin İnkişaf və Karyera Mərkəzinin regional bölmələrinə, YAP-ın Şamaxı rayonu Gənclər Təşkilatına və əməkdaşlığa görə "Şah Mat" teatrının istedadlı kollektivinə təşəkkür edir.
BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur.
Посмотреть эту публикацию в Instagram
Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir.
Посмотреть эту публикацию в Instagram
"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.
Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın.
Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq.
İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 16 yanvar — Sputnik. Azərbaycanda bu ildən polietilen torbaların satışı qadağan edilir.
Yenidən dədə-babalarımızın daim istifadə etdiyi, qiyməti ucuz, keyfiyyəti yüksək, qamışdan hazırlanmış həsir zənbillər dəbə düşəcək.
Yadıma gəlir, hələ uşaq olanda Bakı kəndlərində bir çox evlərdə bu zənbillərdən istifadə edilirdi.
Evin kişisi bazarlığa gedəndə zənbili əlinə alıb, yola düşərdi.
Həsir zənbillərin istifadəsinə "Şərikli çörək", "Bizim Cəbiş müəllim" kimi filmlərdə də rast gəlmişik.
Ancaq müasirləşən dünyada həsir zənbillər tarixə qovuşmuşdu. Hamı onun sağlamlıq üçün təhlükəsiz, istifadə üçün uzunömürlü olduğunu belə unutmuşdu.
Həsir zənbillərin müxtəlif formalarından sadəcə dəb üçün istifadə edilirdi.
Azərbaycanda həsir zənbillər cənub bölgəsində, xüsusilə də Astara rayonunda toxunsa da, alıcıları az idi. Düzdür, ABAD bu sənətkralara bacardığı qədər şərait yaratsa da, qeyd etdiyimiz kimi onların işinə o qədər də dəyər verən yox idi.
Sputnik Azərbaycan həsir zənbil toxuyan sənətkarla görüşmək üçün Astara rayonunun Kakalos kəndinə üz tutub.
Qamışdan həsir və zənbil toxuyan Rüfət Rzayev Kakalos kənd Mədəniyyət evində metodist vəzifəsində çalışır. Bakıdan gələcəyimizi bilib, havanın yağışlı olmasına baxmayaraq, bizi həyətdə gözləyən, mehriban, səmimi, ürəkləri sözlə dolu olan sənətkarlarla görüşüb, işləri ilə tanış oluruq.
İlk həmsöhbətimiz, Kakalos kəndinin canlı tarixi Fərbiyə Şabanova olur (onun haqqında digər yazıda ətraflı danışacağıq). F.Şabanova bizə kəndin tarixindən danışır. Tarix muzeyi ilə, gördüyü işlərlə tanış edir.
Həsir və zənbillərin ustası Rüfət Rzayev isə bizə bu sənət haqqında məlumat verir. Onun sözlərinə görə, müasir dünya həsir zənbilləri qəbul etməsə də, bu sənətlə də maraqlananlar az olmayıb.
R.Rzayev özü 1995-ci ildən bu işlə məşğul olur. Deyir ki, iş çətin olsa da, gətirdiyi gəlir o qədər də çox olmur:
"Əvvəllər soyuducu olmayanda insanlar bütün qidalarını zənbildə saxlayırdılar. Yəni zənbillər bütün qidaları keyfiyyətini pozmadan saxlaya bilir. Zənbillər qamışdan hörülür. Qamış isə iki cür olur. Onlar "lığ" və "püzə" adlanır. Əsasən onları may ayında toplayırıq. Sonra quruduruq və həsir, zənbil, asılqan, süfrə, ayaqaltı və s. hörürük".
R.Rzayevin sözlərinə görə, zənbillər ölçülərinə görə müxtəlif qiymətlərə satılır. Kiçik ölçülü zənbillər 3, böyüklər isə 10-15 manata satılır.
Həsir zənbil ustası deyir ki, cənub bölgəsi qış aylarında nəmişlik, rütubət olduğu üçün xüsusi qamışdan hazırlanmış həsir döşəməyə salınır. Bu isə rütubətin qarşısını alır.
"Zənbil keşidən toxunur. Televizora baxa-baxa keşini toxuyuram. 5-6 metr hazırlayıram. Sonra zənbili toxumaq asan olur. Məsələn, bir balaca zənbili bir saata toxuya bilirəm. Böyük zənbillər isə bir günə hazır olur", - deyən R Rzayev bildirir ki, gənclər qamış toxuculuğuna maraq göstərirlər, amma qazanclı olmadığı üçün çoxu bu işlə məşğul olmur.
Ustanın sözlərinə görə, həsir palazların toxunması bir qədər çox zaman alır. Məsələn 1,5 metrlik həsirlər 2-3 günə başa gəlir və müxtəlif qiymətlərə satılır.
Rüfət Rzayev, demək olar ki, bu sənətin ustadıdır. O, mədəniyyət evində təkcə həsirçiliklə məşğul olmur, bəzən tamaşalarda da rol alır. Dediyinə görə, onun tamaşaları əsasən talış dilində olur və bu tamaşalara talışlar çox maraqla baxırlar.
Ömrünün 68-ci ilini yaşayan Rüfət Rzayev bundan sonra yaşayacağı həyatı öz sənətinə həsr edəcəyini deyir.