BAKI, 26 dekabr — Sputnik. Xalq artisti Röya Ayxan müğənni Raufla duet layihəsini təqdim edib.
Sputnik Azərbaycan xəbər verir ki, musiqisi Nicat Məlikov, sözləri Elnurə Nağıyeva və Nicat Məlikova məxsus mahnı "Olar" adlanır. Səs uzlaşması və masterinq Fərid İsmayılova aiddir. Sözügedən duet elə Nicat Məlikov tərəfindən ekranlaşdırılıb.
Ekran işi cəsarətli səhnə performansı və mahnı mətnləri ilə seçilib. Belə ki, "Olar" layihəsində Röya və Rauf Uilyam Şekspirdən oxuyaraq deputat, müəllim, həkim və vəkillərə eyham ediblər. Hər iki sənətçinin kimyasının uyğunluğu klipin kadrlarında özünü aydın büruzə verib. Xalq artisti müasirliyini, zövqünü, artistizmini kamera qarşısında danışdırıb, Rauf isə ekstravanqantlığı ilə Röyanın ən yaxşı tərəf-müqabili kimi yadda qalıb.
R.Ayxanın saç, makiyaj və geyimi üzərində Aygün Məmmədova, Elnur Talıbov və Leyla Mamedova çalışıb.
Klipin çəkilişləri Bakı şəhərində olub və pandemiya dövründə tətbiq edilən karantin tədbirlərinə riayət edilib. Çəkiliş prosesində iştirak edən hər bir komanda üzvünün sosial məsafə, maska və s. kimi gigiyena qaydalarına əməl olunması təmin edilib, baş qəhrəmanlar COVID-19 testini verdikdən sonra bir araya gəliblər.
Layihənin baş prodüseri Kənan Bayramov, prodüseri Vüsal Rzazadə və icraçı prodüseri Cavid Əhmədovdur.
BAKI, 22 yanvar — Sputnik. Şuşa Teatrı haqqında sənədli film çəkilib. Sputnik Azərbaycan xəbər verir ki, teatrdan bəhs edən "Dönüş" filminin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru isə Murad Quliyevdir. Film Şuşa Teatrının kollektivi və teatrın yenidən öz doğma torpağına - Şuşaya dönəcəkləri haqqındadır.
BAKI, 22 yanvar — Sputnik. Müqəddəs Məryəm ana katolik kilsəsi Bakıda 1912-ci ildə neft maqnatları – Rılskilər ailəsi tərəfindən ("Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi" kostyolu - polyak katolik kilsəsi, memarı İ.K.Ploşko) inşa edilib. Bolşeviklər tərəfindən uçurulan Müqəddəs Məryəm ana kilsəsinin xatirəsinə həsr edilən kilsənin tikintisi 2007-ci ilin fevralında yekunlaşıb. 7 mart 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və Vatikanın dövlət katibi kardinal Tarçizio Bertone kilsənin rəsmi açılış mərasimində iştirak ediblər.
Sputnik Azərbaycan Mədəniyyət Nazirliyinə istinadən "Xristian irsimizi tanıyaq" layihəsi çərçivəsində Müqəddəs Məryəm ana katolik kilsəsi haqqında qısa videoçarxı təqdim edir.
BAKI, 23 yanvar - Sputnik. Bu gündən yanvarın 25-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.
Bununla əlaqədar 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.
Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.