BAKI, 24 dekabr — Sputnik. "Prezidentin tapşırığı ilə ölkəmizdə yeni mədəniyyət strategiyası hazırlanır".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qənirə Paşayeva deyib.
Deputat bildirib ki, bununla daha çox bölgələrimizdə olan abidələrin restavrasiyasına nail olunacaq: "Dünyada nüfuzlu universitetlərdə mədəniyyət sahəsində uşaqlarımızın oxuması çox vacibdir. Onlara dövlət dəstəyi verilməlidir. Onlar gələcəkdə bizim mədəniyyətimizi xaricdə təbliğ edəcəklər. Mədəniyyət sahəsində bu məsələyə hökumətin baxmasına ehtiyac var. Bəzi kateqoriyalardan olan mədəniyyət adamları da güzəştli ipotekadan yararlanan insanlar siyahısına əlavə edilməlidir. Bu məsələlərə baxılacağına inanıram. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə olan mədəniyyət abidələrinin yenidən qurulmasında, bərpasında xaricdə yaşayan azərbaycanlıların da iştirak edəcəyinə ümid edirəm. Vətən müharibəsində çox qəhrəmanlıq dastanları yazılıb. Bu ideoloji işi davam etdirmək üçün Vətən müharibəsi ilə bağlı filmlərin də çəkilməsi və təqdim olunması istiqamətində işlər görülməlidir".
BAKI, 18 yanvar — Sputnik. Azərbaycanın tanınmış kinorejissoru, Xalq artisti Eldar Quliyev infarkt keçirib.
Sputnik Azərbaycan xəbər verir ki, sənətkar Respublika Müalicəvi Diaqnostika Mərkəzinin kardiologiya şöbəsinə yerləşdirilib. Bildirilib ki, hazırda vəziyyəti çox ağırdır, heç kimi tanımır. Müalicəsi davam etdirilir.
Qeyd edək ki, Eldar Quliyev 1942-ci ildə Bakıda anadan olub. Ümumilikdə əllidən artıq filmin rejissoru, ssenari müəllifi və bədii rəhbəri olan rejissor "Babək", "Bir cənub şəhərində", "Gümüşgöl əfsanəsi", "Təxribat", "Girov" kimi filmlərin rejissoru olub.
Xatırladaq ki, bu gün Eldar Quliyevin 80 yaşı tamam olur.
BAKI, 17 yanvar — Sputnik. Dünyanın ən məşhur və böyük muzeyi olan Ermitaj muzeyi "Faberge - İmperator Məhkəməsinin zərgərləri" sərgisində saxtakarlığa yol verməkdə günahlandırılır.
Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, muzeyin direktoru Mixail Piotrovskiyə ünvanlanan saxtakarlıqla bağlı iddialar kolleksiyaçı Andrey Rujnikovun açıq məktubunda bildirilib. O qeyd edib ki, Ermitaj, Pavlovsk və Peterhof kolleksiyalarına aid olan həqiqi eksponatlarla yanaşı nümayiş etdirilən əsgərin siqaret yandırdığı heykəlcik Savitskinin Fersman Muzeyindəki heykəlinin kobud bənzəridir.
Bundan başqa, kolleksiyaçı muzeydəki bir çox eksponatın orijinal olmadığını bildirib. Onun sözlərinə görə, sadalanan əsərlər XX əsrə yox, XXI əsrə aiddir. O, eyni zamanda, ekspozisiyada iştirak edən saxtakarların siyahısını xeyli uzada biləcəyini qeyd edib.
İddialar əsasında hazırda Ermitajda araşdırmalara başlanılıb. Sərgi ötən il noyabrın 25-də başlayıb və bu il martın 14-dək davam edəcək.
BAKI, 18 yanvar — Sputnik. Ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçiriləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əmrinə əsasən, eksternat imtahanı yanvarın 19-da təşkil olunacaq.
Qeydiyyatdan keçmiş məktəblilərin biliyi test imtahanı vasitəsilə yoxlanılacaq. İmtahan hər fəndən 10 sual olmaqla, fənn proqramlarına uyğun hazırlanacaq və nəticələr müvafiq komissiya tərəfindən 100 ballıq şkala üzrə qiymətləndiriləcək. Test imtahanından uğurla keçən istedadlı şagirdlər müsahibəyə cəlb olunacaqlar.
Qeyd edək ki, istedadlı şagirdlər üçün təşkil olunan eksternat imtahanı Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları" əsasında keçirilir.