Anar Kərimov

Anar Kərimov ICESCO-nun baş direktoruna erməni vandalizmini anlatdı

9
(Yenilənib 19:33 20.11.2020)
Nazir müavini hazırda azad edilmiş ərazilərdə mədəni mühiti canlandırmaq, abidələri, muzeyləri və müxtəlif mədəniyyət müəssisələrini bərpa etmək üçün Mədəniyyət Nazirliyi tərəfindən xüsusi fəaliyyət planının hazırlandığını bildirib.

BAKI, 20 noyabr — Sputnik. Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə onlayn görüş keçirib.

Sputnik Azərbaycan xəbər verir ki, görüş zamanı tərəflər bir sıra məsələlər barəsində fikir mübadiləsi aparıblar. Anar Kərimov son 30 il ərzində Ermənistan tərəfindən işğal altında saxlanılan ərazilərin, xüsusilə də Azərbaycan mədəniyyətinin beşiyi hesab edilən Şuşa şəhərinin müzəffər Ordumuz tərəfindən azad edilməsi və bunun dünya və islam mədəniyyəti üçün əhəmiyyəti barədə məlumat verib. Qeyd edib ki, Qarabağ bölgəsinin işğalı nəticəsində bir sıra şəhərlər tamamilə məhv edilib, bütün mədəni mülkiyyət talan olunub, tarixi abidələr və mədəniyyət müəssisələri vəhşicəsinə dağıdılıb, xüsusilə islam irsinə aid olan abidələr və məscidlər təhqir edilib.

Nazir müavini hazırda azad edilmiş ərazilərdə mədəni mühiti canlandırmaq, abidələri, muzeyləri və müxtəlif mədəniyyət müəssisələrini bərpa etmək üçün Mədəniyyət Nazirliyi tərəfindən xüsusi fəaliyyət planının hazırlandığını bildirib.

Salim bin Məhəmməd əl-Malik Azərbaycan xalqını bu tarixi qələbə münasibətilə təbrik edərək ICESCO-nun bu məsələdə ilk günlərdə bəyanat verərək Azərbaycana tam olaraq öz dəstəyini ifadə etdiyini bildirib və eyni zamanda və bu sahədə əməkdaşlığa dair birgə İş Planının hazırlanmasının tərəfdarı olduğunu qeyd edib.

ICESCO ekspertlərinin sözügedən ərazilərə araşdırma səfərinin təşkilinə də hazır olduğu baş direktor tərəfindən ifadə olunub.

A.Kərimov Azərbaycan və ICESCO arasında artıq uzun illərdir davam edən əməkdaşlığın önəmindən bəhs edib və bu iş birliyinin ölkəmiz üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Anar Kərimov qeyd edib ki, hazırda Azərbaycan qarşı bəzi media orqanları və təşkilatlar tərəfindən qərəzli və qarayaxma kampaniyasının aparıldığını və buna qarşılıq olaraq ICESCO kimi beynəlxalq təşkilatın Azərbaycanın haqlı mövqeyinin dəstəkləməsində daha fəal olmasının arzu olunduğunu diqqətə çatdırıb.

Qeyd olunub ki, Azərbaycan ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına uyğun olaraq ICESCO-nun bu günə qədər həyata keçirdiyi bütün layihələrə dəstək verib və bundan sonra da bu dəstəyi əsirgəməyəcəkdir.

Görüşdə mədəni irsin qorunması, yaradıcı sənayelərin inkişafı, "Bakı Prosesi" təşəbbüsünün daha da inkişaf etdirilməsi, ICESCO baş direktorunun Azərbaycana səfəri və digər məsələlər ətrafında müzakirələr aparılıb.

9
Rəssam, arxiv şəkli

"Qayıdış" onlayn rəsm müsabiqəsinə start verilib

13
(Yenilənib 21:11 26.11.2020)
Mövcud pandemiya şəraiti ilə əlaqədar onlayn platformada təşkil olunan müsabiqə 3 yaş qrupu (6-11 yaş, 11-14 yaş və 14-18 yaş) üzrə keçirilir. Sosial şəbəkə üzərindən keçirilən müsabiqədə qeyd olunan şərtlərə əməl olunmalıdır.

BAKI, 26 noyabr — Sputnik. Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə uşaq-gənclər inkişaf mərkəzləri arasında noyabrın 25-dən dekabrın 22-dək keçirilən "Qayıdış" onlayn rəsm müsabiqəsinə start verilib.

Sputnik Azərbaycan xəbər verir ki, müsabiqənin keçirilməsində əsas məqsəd Qarabağı gənc nəslə daha yaxından tanıtmaq, Vətən uğrunda döyüşlərdə igidlik göstərən qəhrəmanlarımızın döyüş ruhunu, azad olunmuş torpaqlarımızın gözoxşayan təbiətini tərənnüm etməkdir. Eyni zamanda, istedadlı uşaqların bacarıqlarını aşkara çıxarmaqdır.

Mövcud pandemiya şəraiti ilə əlaqədar onlayn platformada təşkil olunan müsabiqə 3 yaş qrupu (6-11 yaş, 11-14 yaş və 14-18 yaş) üzrə keçirilir. Sosial şəbəkə üzərindən keçirilən müsabiqədə qeyd olunan şərtlərə əməl olunmalıdır:

- Rəsmlər A3 və ya A4 formatda işlənməlidir;

- Rəsmlərin aşağı sağ küncündə dərnək rəhbəri və dərnəyin adı, şagirdin adı, soyadı, ata adı, yaşı, şəhəri və məşğul olduğu müəssisənin adı qeyd olunmalıdır;

- Rəsm əsərlərini göndərən zaman şagirdin rəsm əsəri ilə olan fotoşəkli göndərilməlidir;

- Rəsmlərin işlənmə texnikası sərbəstdir;

- Müsabiqəyə Qarabağın səfalı yaylaqlarını, vüqarlı dağlarını, şairanə təbiətini vəsf edən, müzəffər ordumuzun şanlı qələbəsini, igidlərin döyüşdəki ruhunu təcəssüm edən əsərlər qəbul olunur;

- Müsabiqədə hər yaş qrupu üzrə 1 iştirakçı 1 rəsmlə iştirak edə bilər.

Müsabiqədə iştirak etmək istəyən iştirakçılar özləri barədə məlumatı (adı, soyadı, ata adı, təvəllüdü, məşğul olduğu uşaq-gənclər inkişaf mərkəzi, şəhər, rayon, əlaqə nömrəsi) və hazırladıqları rəsm əsərlərini grbye@mk.edu.az ünvanına və +994 55 539 "WhatsApp" telefon nömrəsinə göndərməlidirlər.

Qaliblər Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin diplomları ilə təltif olunacaqlar.

Müsabiqə ilə bağlı sualı olanlar +994 12 568 42 19, +994 55 539 55 22 və +994 55 701 46 16 telefon nömrələri ilə əlaqə yarada bilərlər.

13
Teqlər:
rəsm, Qarabağ, Təhsil Nazirliyi
Füzuli rayonunda dağıdılmış məscid, arxiv şəkli

Ermənilər daha bir məscidimizi tövləyə çeviriblər - VİDEO

27
(Yenilənib 14:31 26.11.2020)
Anar Kərimov: "Kaş ki Fransa Senatı birtərəfli və son dərəcə siyasiləşdirilmiş qərarlar qəbul etmək əvəzinə, gəlib ermənilərin Qarabağ ərazilərində nə etdiklərinə baxardılar. Füzuli rayonunda XIX əsrə aid olan Merdinli kənd məscidi tövləyə çevrilib".

BAKI, 26 noyabr — Sputnik. Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov ermənilərin işğal zamanı daha bir məscidimizə qarşı etdiyi vandalizm hərəkətləri barədə yazıb. Sputnik Azərbaycan xəbər verir ki, o, bu barədə "Twitter" hesabında paylaşım edib.

"Kaş ki Fransa Senatı birtərəfli və son dərəcə siyasiləşdirilmiş qərarlar qəbul etmək əvəzinə, gəlib ermənilərin Qarabağ ərazilərində nə etdiklərinə baxardılar. Füzuli rayonunda XIX əsrə aid olan Merdinli kənd məscidi tövləyə çevrilib".

Kadrlardan məsciddə karikatura çəkilməsini görmək mümkündür.

27
Teqlər:
video, erməni vandalizmi, tövlə, məscid, Füzuli
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
PPX avtomobili, arxiv şəkli

Bakı sakini küçədə qətlə yetirilib

0
Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

BAKI, 27 noyabr — Sputnik. Noyabrın 25-də saat 21 radələrində Xətai rayonu ərazisində İntizam İsmayılovun aldığı bədən xəsarətləri nəticəsində xəstəxanada ölməsi barədə Xətai rayon prokurorluğuna məlumat daxil olub.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin zərərçəkmişin yaşadığı evin yaxınlığında naməlum şəxs və ya şəxslər tərəfindən aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

0
Teqlər:
cinayət, istintaq, Bakı, qətl, Xətai rayonu, Xətai