Kino lenti, arxiv şəkli

Azərbaycanlı rejissorun filmi Kanadaya gedir

24
(Yenilənib 21:55 05.11.2020)
Noyabrın 7-dən 15-dək davam edəcək film festivalı çərçivəsində ümumilikdə 20 Avropa ölkəsindən məşhur filmlərin izləyicilərə təqdim olunması nəzərdə tutulur

BAKI, 5 noyabr — Sputnik. Nobel qardaşlarının həyatı film oldu: "Miras" Kanadaya gedir.

Sputnik Azərbaycan xəbər verir ki, Bakı Media Mərkəzi tərəfindən istehsal olunan, Nobel qardaşlarının Azərbaycanda neft sahəsində fəaliyyətinə həsr olunmuş "Miras" bədii-sənədli filmi Kanadada keçiriləcək 9-cu Kalqari Avropa Film Festivalında (Calgary European Film Festival) Azərbaycanı təmsil edəcək.

Noyabrın 7-dən 15-dək davam edəcək film festivalı çərçivəsində ümumilikdə 20 Avropa ölkəsindən məşhur filmlərin izləyicilərə təqdim olunması nəzərdə tutulur.

Festivalın rəsmi saytında "Miras" bədii-sənədli filmi haqqında ətraflı məlumat yerləşdirilib.

Xatırladaq ki, Bakı Media Mərkəzinin istehsal etdiyi "Miras" filminin məqsədi Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətinin həm regionda, həm də dünya neft hasilatının inkişafında tarixi rolu və əhəmiyyətini vurğulamaq, eləcə də, Azərbaycanda neft hasilatı tarixinin işıqlandırılması və təbliği işinə töhfə verməkdir.

Bakı Media Mərkəzinin əməkdaşı Zaur Qasımlının rejissoru olduğu ekran əsərində Nobellərin böyük nailiyyətləri - dünyada ilk neftdoldurma tankeri və neft məhsullarının saxlanılması üçün dəmir çənlərin (rezervuarların) yaradılması, Avropada ilk neft boru kəmərinin məhz Bakıda istifadəyə verilməsi və şirkətin neft sənayesində tətbiq etdiyi bu kimi bir sıra digər yeniliklərdən də bəhs olunur.

Eyni zamanda, filmdə neft sənayesinin inkişafı ilə "qara qızıl"ın geostrateji xammal kimi əhəmiyyətinin artması, eləcə də, Azərbaycanın regionda geosiyasi önəm qazanması və bir neçə qitənin nəhəng şirkətlərinin Bakı nefti uğrunda gərgin mübarizə aparmalarından da danışılır.

"Miras" filmində, həmçinin, Nobel qardaşları tərəfindən "qara qızıl"a dair yaradılan irsin bu gün Azərbaycanda inkişaf etməsi və ölkənin dünyanın etibarlı enerji təminatında rolu nümayiş olunur.

Filmlə əlaqədar Nobellər ailəsinin üzvləri Piter Nobel (Robert Nobelin nəticəsi), Tomas Tiden (Lüdviq Nobelin nəticəsi, professor) və tanınmış ekspertlər Villiam Brays (ABŞ Neft tarixçisi) və Brita Asbrinkdən (İsveç yazıçısı, jurnalist) özəl müsahibələr alınaraq filmdə geniş istifadə olunub.

Məlumat üçün deyək ki, "Miras" bədii-sənədli filmi sərbəst baxış üçün Bakı Media Mərkəzinin rəsmi "Youtube" səhifəsində də geniş izləyici auditoriyasına təqdim olunub.

24
Rəssam, arxiv şəkli

"Qayıdış" onlayn rəsm müsabiqəsinə start verilib

13
(Yenilənib 21:11 26.11.2020)
Mövcud pandemiya şəraiti ilə əlaqədar onlayn platformada təşkil olunan müsabiqə 3 yaş qrupu (6-11 yaş, 11-14 yaş və 14-18 yaş) üzrə keçirilir. Sosial şəbəkə üzərindən keçirilən müsabiqədə qeyd olunan şərtlərə əməl olunmalıdır.

BAKI, 26 noyabr — Sputnik. Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə uşaq-gənclər inkişaf mərkəzləri arasında noyabrın 25-dən dekabrın 22-dək keçirilən "Qayıdış" onlayn rəsm müsabiqəsinə start verilib.

Sputnik Azərbaycan xəbər verir ki, müsabiqənin keçirilməsində əsas məqsəd Qarabağı gənc nəslə daha yaxından tanıtmaq, Vətən uğrunda döyüşlərdə igidlik göstərən qəhrəmanlarımızın döyüş ruhunu, azad olunmuş torpaqlarımızın gözoxşayan təbiətini tərənnüm etməkdir. Eyni zamanda, istedadlı uşaqların bacarıqlarını aşkara çıxarmaqdır.

Mövcud pandemiya şəraiti ilə əlaqədar onlayn platformada təşkil olunan müsabiqə 3 yaş qrupu (6-11 yaş, 11-14 yaş və 14-18 yaş) üzrə keçirilir. Sosial şəbəkə üzərindən keçirilən müsabiqədə qeyd olunan şərtlərə əməl olunmalıdır:

- Rəsmlər A3 və ya A4 formatda işlənməlidir;

- Rəsmlərin aşağı sağ küncündə dərnək rəhbəri və dərnəyin adı, şagirdin adı, soyadı, ata adı, yaşı, şəhəri və məşğul olduğu müəssisənin adı qeyd olunmalıdır;

- Rəsm əsərlərini göndərən zaman şagirdin rəsm əsəri ilə olan fotoşəkli göndərilməlidir;

- Rəsmlərin işlənmə texnikası sərbəstdir;

- Müsabiqəyə Qarabağın səfalı yaylaqlarını, vüqarlı dağlarını, şairanə təbiətini vəsf edən, müzəffər ordumuzun şanlı qələbəsini, igidlərin döyüşdəki ruhunu təcəssüm edən əsərlər qəbul olunur;

- Müsabiqədə hər yaş qrupu üzrə 1 iştirakçı 1 rəsmlə iştirak edə bilər.

Müsabiqədə iştirak etmək istəyən iştirakçılar özləri barədə məlumatı (adı, soyadı, ata adı, təvəllüdü, məşğul olduğu uşaq-gənclər inkişaf mərkəzi, şəhər, rayon, əlaqə nömrəsi) və hazırladıqları rəsm əsərlərini grbye@mk.edu.az ünvanına və +994 55 539 "WhatsApp" telefon nömrəsinə göndərməlidirlər.

Qaliblər Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin diplomları ilə təltif olunacaqlar.

Müsabiqə ilə bağlı sualı olanlar +994 12 568 42 19, +994 55 539 55 22 və +994 55 701 46 16 telefon nömrələri ilə əlaqə yarada bilərlər.

13
Teqlər:
rəsm, Qarabağ, Təhsil Nazirliyi
Füzuli rayonunda dağıdılmış məscid, arxiv şəkli

Ermənilər daha bir məscidimizi tövləyə çeviriblər - VİDEO

27
(Yenilənib 14:31 26.11.2020)
Anar Kərimov: "Kaş ki Fransa Senatı birtərəfli və son dərəcə siyasiləşdirilmiş qərarlar qəbul etmək əvəzinə, gəlib ermənilərin Qarabağ ərazilərində nə etdiklərinə baxardılar. Füzuli rayonunda XIX əsrə aid olan Merdinli kənd məscidi tövləyə çevrilib".

BAKI, 26 noyabr — Sputnik. Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov ermənilərin işğal zamanı daha bir məscidimizə qarşı etdiyi vandalizm hərəkətləri barədə yazıb. Sputnik Azərbaycan xəbər verir ki, o, bu barədə "Twitter" hesabında paylaşım edib.

"Kaş ki Fransa Senatı birtərəfli və son dərəcə siyasiləşdirilmiş qərarlar qəbul etmək əvəzinə, gəlib ermənilərin Qarabağ ərazilərində nə etdiklərinə baxardılar. Füzuli rayonunda XIX əsrə aid olan Merdinli kənd məscidi tövləyə çevrilib".

Kadrlardan məsciddə karikatura çəkilməsini görmək mümkündür.

27
Teqlər:
video, erməni vandalizmi, tövlə, məscid, Füzuli
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
PPX avtomobili, arxiv şəkli

Bakı sakini küçədə qətlə yetirilib

0
Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

BAKI, 27 noyabr — Sputnik. Noyabrın 25-də saat 21 radələrində Xətai rayonu ərazisində İntizam İsmayılovun aldığı bədən xəsarətləri nəticəsində xəstəxanada ölməsi barədə Xətai rayon prokurorluğuna məlumat daxil olub.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin zərərçəkmişin yaşadığı evin yaxınlığında naməlum şəxs və ya şəxslər tərəfindən aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

0
Teqlər:
cinayət, istintaq, Bakı, qətl, Xətai rayonu, Xətai