Əllərində Azərbaycan və Türkiyə bayraqları olan kişilər

"Çocuklar duymasın"ın Halukundan Azərbaycana dəstək

75
(Yenilənib 10:24 19.10.2020)
Aktyor Qarabağın tezliklə azad ediləcəyinə inamını dilə gətirib: "İnşallah, tezliklə Qarabağ azad edilər. Hamımız toplaşıb gedərik, gözəl bir süfrə açarıq o torpaqlarda"

BAKI, 14 oktyabr — Sputnik. "Çoçuklar duymasın" serialında Haluk obrazı ilə tanınan və əslən azərbaycanlı olan Türkiyənin məşhur aktyoru Tamər Qaradağlı Sosial Tədqiqatlar Mərkəzinə açıqlamasında Ordumuza, xalqımıza dəstəyini ifadə edib.

Sputnik Azərbaycan xəbər verir ki, məşhur aktyor Azərbaycanın yanında olduğunu bildirib:

"Bir millət, iki dövlət" əbəs yerə demirik, məncə. Əslində tək bir xalqıq. Eyni kökdən, eyni soydanıq. Azərbaycan əsgərlərinin yanındayam. Ötən dəfə bir proqramda məndən soruşdular ki, Azərbaycan Ordusuna qatıla bilərəmmi? Dedim ki, məmnuniyyətlə qatılardım, ancaq yaşıma görə qəbul etməzlər. Bu sözlərimdə səmimiydim. Necə ki, Türkiyə hər hansı xarici təhlükəylə üzləşərsə, əlimdən gələni edəcəyəmsə, Azərbaycan torpaqlarını da eyni gözlə görürəm. Bu torpaqlara edilən hər hansı hücum mənim üçün Türkiyəyə edilmiş kimidir".

Aktyor Qarabağın tezliklə azad ediləcəyinə inamını dilə gətirib: "İnşallah, tezliklə Qarabağ azad edilər. Hamımız toplaşıb gedərik, gözəl bir süfrə açarıq o torpaqlarda".

Bundan başqa, məşhur aktyor öz "Instagram" sosial şəbəkəsində Azərbaycana dəstək yönümlü paylaşım edib.

Qeyd edək ki, aktyor üç il əvvəl Azərbaycanda olub. Onun ata babası, nənəsi Gəncədəndir.

75
Kitab, arxiv şəkli

Rusiyanın görkəmli rejissorunun "Seçilmiş əsərləri" ilk dəfə Azərbaycan dilində

8
(Yenilənib 12:40 27.10.2020)
Azərbaycan dilində ilk dəfə işıq üzü görən kitaba müəllifin məqalələri, məktub və gündəlikləri, nitq və qeydləri daxil edilib

BAKI, 27 oktyabr — Sputnik. Dövlət Tərcümə Mərkəzi teatrşünaslıq, rejissor və aktyorluq sənətinin tədrisinə töhfə olaraq Rusiyanın görkəmli teatr rejissoru Vsevolod Meyerholdun "Seçilmiş əsərləri" kitabını nəşr edib.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan dilində ilk dəfə işıq üzü görən kitaba müəllifin məqalələri, məktub və gündəlikləri, nitq və qeydləri daxil edilib.

"Teatrın tarixi və texnikası haqqında", "O.M.Meyerholda məktublardan", "Gündəlikdən (1907–1912-ci illər)", "Fırtına", "Maskarad", "Teatr qeydləri", "Alicənab dəyyus", "Ürpənən torpaq", "Meşə", "Bubus müəllim", "Mandat", "Müfəttiş" adlı fəsillərin toplandığı kitabda ecazkar teatr aləmi, onun görünməyən tərəfləri, pərdəarxası proseslər, rejissorluq sənətinin sirləri kimi sənət incəlikləri dərin təhlil və araşdırmalarla izah edilir.

Kitabın orijinaldan tərcümə müəllifi Zahid Sarıtorpaq, redaktoru Fərhad Abdullayevdir.

Kitab Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2019-cu ildən əməkdaşlıq etdiyi Rusiya İnstitutunun qrant layihəsi çərçivəsində nəşr olunub.

Qeyd edək ki, Rusiyanın Penza şəhərində anadan olan Vsevolod Meyerhold teatr rejissoru, nəzəriyyəçisi, aktyor və pedaqoq kimi zəngin yaradıcılıq irsinə malikdir. 1907-ci ildən Oktyabr inqilabına qədər Aleksandrinski və Mariinski imperator teatrlarının baş rejissoru olub. İnqilabdan sonra Rusiyanın müxtəlif teatrlar ilə əməkdaşlıq edib. Sovet İttifaqının ilk avanqardçı teatr rejissorlarındandır. Səhnə sənətində qrotesk üslubunun, "Biomexanika" adıyla bütün dünyada tanınan aktyor sisteminin yaradıcısı, məşhur "Teatr Oktyabrı" proqramının müəllifidir. "Don Juan" (Molyer), "Müfəttiş" (N.Qoqol), "Hedda Qabler" (H.İbsen), "Mandat" (N.Erdman), "Elektra" (R.Ştraus) kimi qırxa yaxın əsərə səhnə quruluşu verib. Repressiya illərində azadlıqdan məhrum edilib və 1940-cı ildə həbsxanada güllələnib.

8

Azərbaycan kinosunun əfsanəsi: Cəbiş müəllim “Arşın mal alan” haqda

53
(Yenilənib 08:32 27.10.2020)
Sputnik Azərbaycan-ın layihəsinin növbəti buraxılışında Cəbiş müəllim bütün dünyada on illər boyu populyarlıq və tamaşaçı sevgisi qazanan Azərbaycan filmindən söhbət açır.

Dahi bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında çəkilən “Arşın mal alan” filminin premyerası 1945-ci ilin oktyabr ayında baş tutub. Elə həmin il ekran əsəri Stalin mükafatına layiq görülüb.

“Arşin mal alan” musiqili filmini zaman keçdikcə XX əsrin əvvəlindəki Azərbaycan həyat tərzinin ensiklopediyası saymağa başladılar. Kollektiv bütün zamanların filmini yaradıb desək, yanılmarıq. Onu ərsəyə gətirənlər arasında rejissorlar Rza Təhmasib və Nikolay Leşşenkonun, bəstəkar Niyazinin adını çəkmək yetər. Hələ rolları paylaşan aktyorlar... Münəvvər Kələntərlinin (Cahan xala), Ələkbər Hüseynzadənin (Soltan bəy), Leyla Bədirbəylinin (Gülçöhrə), Rəşid Behbudovun (Əsgər), İsmayıl Əfəndiyevin (Süleyman), Lütfəli Abdullayevin (Vəli), Fatma Mehrəliyevanın (Telli), Rəhilə Mustafayevanın (Asya), Mirzəağa Əliyevin (Məşədi İbad) yaratdıqları obrazlar sanki beynimizə həkk olunub, doğmalarımıza çevrilib.

Romantik əhvalat üzərində qurulan, yumor və mahnıyla dolu film haqda daha ətraflı Cəbiş müəllimin dilindən eşidək.

53
Qaz kalonkası, arxiv şəkli

Daha bir nazirlikdən əhaliyə müraciət

0
(Yenilənib 18:43 27.10.2020)
Ölümlə nəticələnə bilən bu təhlükə ilə üzləşməmək üçün aşağıda göstərilən qaydalara əməl olunmalıdır.

BAKI, 27 oktyabr — Sputnik. Havaların soyuması ilə əlaqədar olaraq əhalinin təbii qaza olan tələbatının artması fonunda qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması dəm qazı təhlükəsi yaradır. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Məlumata görə, ölümlə nəticələnə bilən bu təhlükə ilə üzləşməmək üçün aşağıda göstərilən qaydalara əməl olunmalıdır:

qaz cihazı saz və standartlara uyğun olmalı;

cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı;

havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı;

hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı;

tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.

Yadda saxlayın! Dəm qazı iysizdir, hiss edilmir!

Dəm qazından zəhərlənmənin əlamətləri: baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq.

Dəm qazından zəhərlənmiş insanı təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır!

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

0