BAKI, 29 sentyabr — Sputnik. Mədəniyyət Nazirliyi Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarındakı tarixi mədəniyyət abidələrinin dağıdılması ilə bağlı bəyanat yayıb. Sputnik Azərbaycan xəbər verir ki, bəyanatda deyilir: "Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə yerləşən yaşayış evləri, təhsil, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən artıq eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, Qarabağ münaqişəsinə qədər dövlət qeydiyyatına alınan 700-dən artıq tarix və mədəniyyət abidəsi, o cümlədən Cəbrayıl rayonunda 11 və 15 aşırımlı Xudafərin körpüləri (VII-XII əsrlər), Kəlbəcər rayonunda Gəncəsar və Xudavənd məbədləri (XIII əsr), Ağdam rayonunun Xaçın Türbətli kəndində məqbərə (XIV əsr), Füzuli rayonu ərazisində dünyanın ən qədim sakinlərinin yaşayış məskənlərindən biri - Azıx mağarası, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu erməni vandalizminin qurbanına çevrilib".
Nazirlikdən bildirilib ki, ermənilər Şuşadakı "Yuxarı Gövhər ağa" məscidinin də tarixini saxtalaşdırmağa çalışırlar:
"Ermənistan tərəfindən işğal olunan Şuşa şəhərində yerləşən Yuxarı Gövhər ağa məscidi 1883-1884-cü illərdə İbrahimxəlil xanın qızı Gövhər ağanın tapşırığı ilə memar Kərbəlayı Səfixan Sultanhüseyn oğlu Qarabaği tərəfindən inşa edilmişdir. İndiki məscidin yerində hələ Pənahəli xanın dövründə qarğı və qamışdan bir məscid tikilibmiş. Pənahəli хanın tikdirdiyi qarğı məscid 1768-ci ildə İbrahimxəlil xan tərəfindən daşla əvəz edilmişdi.
Daha sonra həmin məscidin yerində müasir dövrümüzə qədər gəlib çatmış "Yuхarı Gövhər ağa" məscidi kimi tanınan həmin bina inşa edilib. Təmir-bərpa işləri adı altında ermənilər məscidin daxili interyerində ciddi dəyişikliklər edərək tariximizi saxtalaşdırmağa çalışırlar. Məscidin internet resurslarında yayılmış şəkilləri də bunu təsdiqləyir".
BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur.
Посмотреть эту публикацию в Instagram
Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir.
Посмотреть эту публикацию в Instagram
"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.
Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın.
Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq.
İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 16 yanvar — Sputnik. Azərbaycanda bu ildən polietilen torbaların satışı qadağan edilir.
Yenidən dədə-babalarımızın daim istifadə etdiyi, qiyməti ucuz, keyfiyyəti yüksək, qamışdan hazırlanmış həsir zənbillər dəbə düşəcək.
Yadıma gəlir, hələ uşaq olanda Bakı kəndlərində bir çox evlərdə bu zənbillərdən istifadə edilirdi.
Evin kişisi bazarlığa gedəndə zənbili əlinə alıb, yola düşərdi.
Həsir zənbillərin istifadəsinə "Şərikli çörək", "Bizim Cəbiş müəllim" kimi filmlərdə də rast gəlmişik.
Ancaq müasirləşən dünyada həsir zənbillər tarixə qovuşmuşdu. Hamı onun sağlamlıq üçün təhlükəsiz, istifadə üçün uzunömürlü olduğunu belə unutmuşdu.
Həsir zənbillərin müxtəlif formalarından sadəcə dəb üçün istifadə edilirdi.
Azərbaycanda həsir zənbillər cənub bölgəsində, xüsusilə də Astara rayonunda toxunsa da, alıcıları az idi. Düzdür, ABAD bu sənətkralara bacardığı qədər şərait yaratsa da, qeyd etdiyimiz kimi onların işinə o qədər də dəyər verən yox idi.
Sputnik Azərbaycan həsir zənbil toxuyan sənətkarla görüşmək üçün Astara rayonunun Kakalos kəndinə üz tutub.
Qamışdan həsir və zənbil toxuyan Rüfət Rzayev Kakalos kənd Mədəniyyət evində metodist vəzifəsində çalışır. Bakıdan gələcəyimizi bilib, havanın yağışlı olmasına baxmayaraq, bizi həyətdə gözləyən, mehriban, səmimi, ürəkləri sözlə dolu olan sənətkarlarla görüşüb, işləri ilə tanış oluruq.
İlk həmsöhbətimiz, Kakalos kəndinin canlı tarixi Fərbiyə Şabanova olur (onun haqqında digər yazıda ətraflı danışacağıq). F.Şabanova bizə kəndin tarixindən danışır. Tarix muzeyi ilə, gördüyü işlərlə tanış edir.
Həsir və zənbillərin ustası Rüfət Rzayev isə bizə bu sənət haqqında məlumat verir. Onun sözlərinə görə, müasir dünya həsir zənbilləri qəbul etməsə də, bu sənətlə də maraqlananlar az olmayıb.
R.Rzayev özü 1995-ci ildən bu işlə məşğul olur. Deyir ki, iş çətin olsa da, gətirdiyi gəlir o qədər də çox olmur:
"Əvvəllər soyuducu olmayanda insanlar bütün qidalarını zənbildə saxlayırdılar. Yəni zənbillər bütün qidaları keyfiyyətini pozmadan saxlaya bilir. Zənbillər qamışdan hörülür. Qamış isə iki cür olur. Onlar "lığ" və "püzə" adlanır. Əsasən onları may ayında toplayırıq. Sonra quruduruq və həsir, zənbil, asılqan, süfrə, ayaqaltı və s. hörürük".
R.Rzayevin sözlərinə görə, zənbillər ölçülərinə görə müxtəlif qiymətlərə satılır. Kiçik ölçülü zənbillər 3, böyüklər isə 10-15 manata satılır.
Həsir zənbil ustası deyir ki, cənub bölgəsi qış aylarında nəmişlik, rütubət olduğu üçün xüsusi qamışdan hazırlanmış həsir döşəməyə salınır. Bu isə rütubətin qarşısını alır.
"Zənbil keşidən toxunur. Televizora baxa-baxa keşini toxuyuram. 5-6 metr hazırlayıram. Sonra zənbili toxumaq asan olur. Məsələn, bir balaca zənbili bir saata toxuya bilirəm. Böyük zənbillər isə bir günə hazır olur", - deyən R Rzayev bildirir ki, gənclər qamış toxuculuğuna maraq göstərirlər, amma qazanclı olmadığı üçün çoxu bu işlə məşğul olmur.
Ustanın sözlərinə görə, həsir palazların toxunması bir qədər çox zaman alır. Məsələn 1,5 metrlik həsirlər 2-3 günə başa gəlir və müxtəlif qiymətlərə satılır.
Rüfət Rzayev, demək olar ki, bu sənətin ustadıdır. O, mədəniyyət evində təkcə həsirçiliklə məşğul olmur, bəzən tamaşalarda da rol alır. Dediyinə görə, onun tamaşaları əsasən talış dilində olur və bu tamaşalara talışlar çox maraqla baxırlar.
Ömrünün 68-ci ilini yaşayan Rüfət Rzayev bundan sonra yaşayacağı həyatı öz sənətinə həsr edəcəyini deyir.