Sənədin imzalanması, arxiv şəkli

Kərimovdan daha bir əmr - İctimai Şura nəyə xidmət edəcək?

16
(Yenilənib 00:07 22.09.2020)
Anar Kərimovun əmrinə əsasən, mədəniyyət sahəsində ixtisaslaşan hər bir Azərbaycan vətəndaşı İctimai Şuraya üzv seçilə bilər.

BAKI, 22 sentyabr — Sputnik. "İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikasının 22 noyabr 2013-cü il tarixli 816-IVQ nömrəli Qanunu və Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş "İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə"nin icrasını təmin etmək məqsədilə, Mədəniyyət Nazirliyinin fəaliyyət istiqamətləri üzrə hüquqi aktların qəbulunda, müvafiq fəaliyyət sahələrində ictimai nəzarətin təşkilində vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək üçün Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın seçki komissiyasının yaradılması haqqında əmr imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, İctimai Şuranın yaradılması Mədəniyyət Nazirliyinin fəaliyyətində şəffaflığın daha da artırılması, müvafiq sahədə ictimaiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsini təmin etmək məqsədi daşıyır.

İctimai Şura mədəniyyət sahəsində müxtəlif məsələlərlə bağlı müzakirələr təşkil etmək, müvafiq sahədə dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı Mədəniyyət Nazirliyinə təkliflər vermək və qanunvericiliklə müəyyən edilmiş digər hüquqlara malik olan məşvərətçi qurum olaraq fəaliyyət göstərəcək.

İctimai Şura ictimai əsaslarla (ödənişsiz) fəaliyyət göstərəcək. Mədəniyyət sahəsində ixtisaslaşan hər bir Azərbaycan vətəndaşı İctimai Şuraya üzv seçilə bilər.

İctimai Şuraya seçkilərin təşkili məqsədilə Mədəniyyət Nazirliyinin dörd və mədəniyyət sahəsində ixtisaslaşmış vətəndaş cəmiyyəti institutlarının beş nümayəndəsindən ibarət Seçki komissiyası yaradılıb. Seçki komissiyası tərəfindən İctimai Şura üzvlərinin sayı, namizədlərin, seçicilərin qeydiyyatı və digər təşkilati məsələlər barədə qərar qəbul edilib.

İctimai Şuraya namizədlərin və seçici qismində çıxış edəcək vətəndaş cəmiyyəti institutlarının qeydiyyatı 20 oktyabr 2020-ci il tarixinədək davam edəcək. İctimai Şuraya üzvlüyə namizəd şəxslərə və seçki prosesində seçici kimi iştirak etmək istəyən vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinə dair tələblərlə nazirliyin rəsmi internet saytının "Elanlar" bölməsində yerləşdirilmiş link vasitəsilə tanış olmaq olar.

16
Qoruyucu maskada olan müsəlman kişi cümə namazının başlamasını gözləyir, arxiv şəkli

Kərimov: "Bu, islam dünyası üçün bir təhqirdir"

18
(Yenilənib 18:59 28.10.2020)
Anar Kərimov hesab edir ki, Zəngilandakı məscidin tövlə kimi istifadə edilməsi beynəlxalq təşkilatlar tərəfindən lazımınca pislənəcək.

BAKI, 28 oktyabr — Sputnik. İşğal edilmiş ərazilərimizdəki tarixi abidələrin təyinatının dəyişdirilməsi haqqında faktlar var.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov deyib.

Onun sözlərinə görə, Zəngilandakı məscid tövlə kimi istifadə edilib:

"Zəngilandakı məscidlə bağlı ürəkağrıdıcı mənzərəni görmüsünüz. O, tövlə kimi istifadə edilib. Bu, beynəlxalq normaların pozulması ilə yanaşı, müsəlman, islam dünyası üçün bir təhqirdir. Bu, vandalizm aktıdır. Ümid edirik ki, beynəlxalq təşkilatlar tərəfindən bu fakt lazımınca pislənəcək və onlara dəyər veriləcək. Biz ümid edirik ki, beynəlxalq təşkilatlar Ermənistanı tarixi abidələri nişan alıb məhv etməsini dayandırmağa çağıracaq".

18
Sənədin imzalanması

Mədəniyyət Nazirliyində islahatlar davam edir

19
Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov əmr imzalayıb. Əmrə əsasən yeni kadr təyinatları həyata keçirilib

BAKI, 28 oktyabr — Sputnik. Akif Marifli Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov əmr imzalayıb.

Nazirliyin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Aslan Cəfərov isə Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Anar Kərimovun müvafiq əmrlərinə əsasən Nazirliyin regional mədəniyyət idarələrində də yeni kadr təyinatları həyata keçirilib. Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov və Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Hüseynov tutduqları vəzifələrdən azad ediliblər.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə Rəşad Əliyev təyin edilib.

Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsi isə Nazirliyin Regional siyasət şöbəsinin əməkdaşı Əlisultan Sadıxova həvalə edilib.

19

Prezident: "Bizi heç durdura bilməz"

0
(Yenilənib 21:27 28.10.2020)
İlham Əliyev: "Ermənistan əxlaqsız addımlarla bizə zərbə vurmaq istəyir, bizi durdurmaq istəyir. Amma buna nail ola bilməyəcək".

BAKI, 28 oktyabr - Sputnik. "Artıq bir aydır ki, müharibə gedir. Bizim xalqımız üçün bu, Vətən müharibəsidir. Biz torpaqlarımızı işğalçılardan azad edirik. Bu, beynəlxalq hüququn və tarixi ədalətin bərpasıdır".

Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də İran İslam Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Xarici İşlər nazirinin müavini Seyid Abbas Əraqçinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib ki, bu gün bir neçə kənd işğalçılardan azad edildi: "Ancaq Ermənistan namərd hücumlarla bizim mülki vətəndaşlarımızı hədəfə alıb. Bir neçə saat bundan əvvəl Bərdəyə bir neçə raketlə atəş açmışdır və bu atəş nəticəsində 21 nəfər mülki şəxs həlak oldu, 70-dən çox dinc insan yaralandı. Ölənlərin sayı arta bilər. Dünən də Ermənistan Bərdəyə, yenə də mülki əhaliyə zərbə vurmuşdur. Bu zərbə nəticəsində dörd nəfər həlak oldu, onlardan biri yeddi yaşlı qız uşağıdır. Döyüş meydanında qabağımızda dura bilməyən Ermənistan bax, belə əxlaqsız addımlarla bizə zərbə vurmaq istəyir, bizi durdurmaq istəyir. Amma buna nail ola bilməyəcək".

"Bir də ki, üçüncü dəfə elan olunmuş və Ermənistanın xahişi ilə razılaşdırılmış atəşkəsi kobudcasına pozur. Birinci dəfə oktyabrın 10-da Moskvada o məlum bəyannamə qəbul olunandan sonra bir gün keçməmiş Ermənistan öz ərazisindən ballistik raketlərlə Gəncə şəhərini atəşə tutmuşdur. Hər kəs bilir ki, bu atəşkəsi Ermənistan pozub, bu dəfə də Ermənistan pozub. İndi işğaldan azad edilmiş şəhər və kəndlərimizdə mövcud olan vəziyyət tam aydındır. Demək olar ki, bütün şəhər və kəndlərimiz dağıdılıb. Qəbirlər, tarixi abidələr, bütün binalar dağıdılıb. Elə bil ki, vəhşi qəbilə bu torpaqları işğal altında saxlayıb. Bizim məscidlərimiz ermənilər tərəfindən dağıdılıb və təhqir edilib. Zəngilan rayonunda ermənilər tərəfindən dağıdılmış məsciddə onlar donuz saxlayırdılar. Bu kadrlar internetdə var. Bütün dünya, bütün müsəlman aləmi görür ki, biz hansı vəhşilərlə mübarizə aparırıq. Amma bir daha demək istəyirəm ki, bizi heç nə durdura bilməz. Əgər Ermənistan öz xoşu ilə işğal edilmiş qalan torpaqlardan çıxmasa, onları oradan da qovacağıq", - deyə Prezident İlham Əliyev vurğulayıb.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə