Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Teatrı o qədər sevirdim, orada süpürgəçi olmağa hazır idim"

© Photo : İnstagram / ulviyyaaliyevaofficialÜlviyyə Əliyeva, arxiv şəkli
Ülviyyə Əliyeva, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Yoldaşım 3 il məni izləyib. Amma qətiyyən fikir verməmişəm. İş vaxtı mənim gözüm heç nəyi görmür. Hərdən deyirəm, bax niyə 3 il gözlədin?"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 16 sentyabr — Sputnik. Tamaşaçılar onu daha çox komediya aktrisası kimi tanıyıblar. "Çiçək", "Keyxanım" obrazları ilə tamaşaçılarının sevgisini qazanan, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının, eyni zamanda Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktrisası Ülviyyə Əliyeva.

Sevimli akrisamız sənəti və şəxsi həyatı ilə bağlı fikirlərini Sputnik Azərbaycan-la bölüşüb. Əvvəl həkim, daha sonra tərcüməçi olmaq istəyən qəhrəmanımız hər şeydən vaz keçib, incəsənət aləminə baş vurub: "9-cu sinifə qədər həkim olmaq istəyirdim. Daha sonra fikrim dəyişdi. İbtidaidə oxuyan vaxtlarda alman dili üzrə oxudum. Sonradan məktəbi dəyişdim, ingilis dili fənnini keçdim. Mənim ingilis dilini sıfırdan öyrənməyim üçün anam mənə repititor yanına göndərdi. Artıq ilk rüblərdə mən əla qiymətlər almağa başladım. 11-ci sinifə qədər tərcüməçi olmaq istəyirdim. Birdən-birə 11-ci sinifdə anama dedim ki, mən aktrisa olmaq istəyirəm. Təsəvvür edin, 90-cı illər, ingilis dili hazırlığına pullar tökülüb. Bu boyda həngamədən sonra qızın aktrisa olmaq istəyir..."

Bu qərar aktrisanın ailəsində heç də birmənalı qarşılanmayıb:

"Məni bibim böyüdüb. Övladı olmadığından məni onlara veriblər. Bibim dedi "nə danışırsan, yoldaşım məni boğub öldürər". Bütün nəsil artıq bunu qəbul etmişdi. Bir dəfə anam nənəmə dedi ki, "xəbərin var da, nəvən aktrisa olmaq istəyir". O düşünüb ki, nənəm etiraz edər. Amma nənəm deyib "lap yaxşı, əcəb edir". Bir dəfə digər bibim dedi ki, gəl gedək xəlvət sənədlərini verək, qəbul olsan, anan fakt qarşısında qalıb qəbul edəcək. Mən etiraz elədim, dedim gizlin edə bilmərəm. Sənədlərimi Xarici Dillər Universitetinə verdim. Təkcə ingilis dilini yazdım, digər fənlərdən yazmadım. 3 saat boş oturdum. Və təbii ki, həmin il qəbul olmadım".

İmtahandan sonra onun ailəsində "soyuq müharibələr" başlayıb: "Tərslikdən həmin dövrdə TV-lərdə filmlər gedirdi. Kimsə aktrisa olmaq istəyir, ailəsi buna qarşı çıxır. Sonradan qız istəyinə nail olur. Mən də o filmlərə baxıb ağlayırdım, onlara göstərirdim. Sonra anam gördü ki, mən fikrimdən dönmürəm. Əslində onu da qınamıram, bir uşaq ki, fikrini 2 dəfə dəyişib, düşünüb ki, bu da mənim növbəti kaprizimdir".

Посмотреть эту публикацию в Instagram

Публикация от Ulviyya Aliyeva (@ulviyyaaliyevaofficial)

Həmsöhbətimiz teatrı o qədər sevir ki, hətta orada süpürgəçi kimi işləməyə hazır idi: "Biz "Tarqovı"da (Nizami küçəsi - red.) yaşayırdıq. Rus Dram Teatrı və Hüseynağa Atakişiyevin Gənclər Teatrına yaxın idi evimiz. Özüm rus sektorunda oxuyurdum deyə sinif yoldaşımla hər şənbə-bazar teatra gedirdim. Həmişə ön cərgəyə bilet alırdım ki, səhnəni hiss edim, tozunu udum. Anama yalvarırdım ki, məni teatra süpürgəçi qoy, səhnəni süpürüm, təki səhnədə olum. Anam seçim qoydu qarşıma: ya Gənclər, ya da Rus Dram Teatrı. Anam elə düşündü ki, mən mübahisəni sevən adam deyiləm, oradakı intriqaları görüb uzaqlaşacam. Rus Dram Teatrının bütün repertuarını bildiyim halda, mən Gənclər Teatrını seçdim".

Aktrisa 1998-ci ildə ən böyük arzusuna çatır: "Noyabr ayında teatra işə düzəldim. Yeni İl şənliyi üçün "Tıq-tıq xanım"(A.Şaiq) tamaşası hazırlandı. Mən orada dozanqurdu və atlını oynadım. 2-ci rolum isə "Ölülər"də (C.Məmmədquluzadə) Nazlı idi. Anam tamaşama gəlib baxdı, dedi "səndə də nəsə var imiş". Ondan sonra mənə inandı. Universitetə sənəd verəndə rəhmətlik Hüseynağa müəllim dedi "qızım, səsin var?" Dedim "bilmirəm". Dedi "hansısa alətdə ifa edə bilirsən?" Dedim pianoda ifa edə bilirəm. Onu da öz-özümə öyrənmişdim. Mənim musiqi duyumumu yoxladı, dedi "qızım, bəlkə İncəsənət Universitetinin Musiqili teatr ixtisasına verəsən sənədlərini?" Mən də çox pis oldum ki, yəqin mənim istedadım azdır, ona görə də məni yönəldir Musiqili teatr ixtisasına. Nə biləydim ki, musiqili teatr hamısından çətindir. Burada həm oxumaq, həm aktyorluq, həm də rəqs tələb olunur".

"Hərənin öz payı, öz tayı" filmindəki "Çiçək" obrazı aktrisanın tanınmasına kömək edir, bir növ onun "vizit kartı" hesab olunur: "Hərənin öz payı, öz tayı"ndan sonra məni o dövrün ən məşhur verilişlərindən olan "Çal-çağır" verilişinə dəvət etdilər. "Çal-çağır"ın yubileyi idi Respublika sarayında. Həmin sarayda Toppuş bacıyla Gəncə Teatrının 2 aktrisası ilə birlikdə T-trio olmalı idik. T-trio və 3-lük. T-trio-da mən sadəcə konsertdə iştirak etməli idim, vəssalam. Mən tamaşaçıları görüb, alqışları görüb necə coşdumsa...Tamaşaçılar çox yaxşı qarşıladılar. Ondan sonra zəng gəldi ki, "biz sizinlə işləmək istəyirik".

Посмотреть эту публикацию в Instagram

Публикация от Ulviyya Aliyeva (@ulviyyaaliyevaofficial)

"Tamaşaçıları "Keyxanım" obrazına o qədər inandırmışdım ki, elə bilirdilər mən də o tipli insanam" deyən aktrisanı sonradan tanıyıb təəccübləniblər: "Keyxanım obrazı məni qətiyyən qıcıqlandırmır. Bir obraz ki, məni tanıdıb, sevdiribsə, onu necə sevməyə bilərəm. O obrazla sevilmişəm, bu mənim üçün şərəfdir. Amma sevindirici hal odur ki, son vaxtlar məni teatrda yaratdığım obrazlarla tanıyırlar. Yaxınlaşıb verilişlər haqqında soruşmurlar. Sanki göz dəydi. Teatrlar son illər əməlli-başlı inkişaf etmişdi. İnsanlar teatrlara axın edirdi".

"Hüseynova bacıları" proqramı ilə aktrisa Tünzalə Əliyeva ilə yolları ayrılan aktrisa, onlar haqqında yayılan şayiələrə aydınlıq gətirib: "Tünzalə ilə münasibətim çox yaxşıdır. Onunla iş birliyimiz bitibsə, o demək deyil ki, hər şey bitib. Müəyyən bir kütlə var ki, onlar hər şeydə neqativ axtarırlar. Xuraman xanımla başlayanda hamı yazdı ki, "ayıb olsun sənə, Tünzaləylə kəsdiyin çörək burnundan gəlsin. O xəstədir, sən onu atdın" və s. Tünzalə mənim ən pis günümdə, yaxşı günümdə yanımda olub. Eləcə də mən. Bu gün məni layihədən uzaqlaşdırıb, verilişi Xuramanla Tünzalə apara bilərlər. Birdəfəlik anlasınlar ki, həyatımız efirdən ibarət deyil. Bunu düşünməyin özü belə düşüncəsizlikdir".

Hərdən deyirlər ki, "incəsənət qurban tələb edir". 22 il sənətdə olan aktrisa heç də belə düşünmür: "Hələ məndən qurban istəməyib. Baxırsan gənc müğənnidir, heç düz-əməlli səsi yoxdur. Di gəl, deyir "mən sənətimdən ötrü ailəmi qurban verdim". Xeyir ola? Heç nə ailədən üstün ola bilməz. Mən 2 teatrda, televiziyada işləməklə yanaşı, həm də xına mərasimlərinə gedirdim. Buna baxmayaraq evin işini də çatdırıram. Yoldaşım bir neçə dəfə dedi bəlkə köməkçi tutaq sənə. Dedim lazım deyil. Özü də yoldaşım da, mən də köhnə yeməyi sevmirik, hər gün yemək bişirirəm. Hərdən mənə deyirlər ki, "kefdəsiz, nə edirsiz ki?" Elə olub ki, mən sutkada 18 saat işləmişəm. Bu gün mən Ülviyyə Əliyeva kimi tanınıramsa, bu, mənim gərgin əməyimin bəhrəsidir. Heç kəs mənim əlimdən tutub məni məşhur etməyib. Heç kəs deyə bilməz ki, "mən Ülviyyəyə 5 manat pul xəcləmişəm". Nə day-dayım, nə də Xalq artisti qohumum olub. Nə də 1.80 boyum, 90-60-90 bədən ölçüm olub. 1.52 boyum, ömrü boyu da balıq ətli olmuşam. Qrup yoldaşlarım hamısı çox gözəl idi. Kastinq olanda birinci onları seçirdilər. Onlar görünüşləri ilə udurdular, mən də məcbur olurdum istedadımla sübut edirdim".

Посмотреть эту публикацию в Instagram

Публикация от Ulviyya Aliyeva (@ulviyyaaliyevaofficial)

Eyni vaxtda ATV kanalında "Çal-çağır", "Gülmək qadağandır", "Qorxma mən səninləyəm" və Space-də "Zəhmətkeş ulduzlar" verilişini aparırdım. "Zəhmətkeş ulduzlar" çox ağır proqram idi. İlk aparıcı Fərda Xudaverdiyev 2 həftə, 2 həftə də Samit adlı bir aparıcı apardı. 2 kişi ümumilikdə 4 həftə apardılar. Mən isə onu 7 il apardım. Çox ağır proqram idi. Deyirdilər "kefdəsən, rayonları gəzirsən". Əslində çox çətin idi. Bizimlə gələn sənət adamları deyirdi siz buna necə dözürsünüz? Ssenarisiz gəlirdin hansısa bir rayona. Tanımadığın məkandan gedib veriliş hazırlamaq çox çətin idi. İnsanlarla dil tapmalısan. Qışın soyuğunda, yayın istisində çəkilişləri aparırdıq. Cəbhə bölgəsində atışmaya da düşdük. Çox təhlüklərlə üz-üzə gəldik. Səhər saat 5-də gedib, növbəti gün səhər 5-də gəlirdim Bakıya, saat 11-də yenidən teatra məşqə gəlirdim. Bu, 7 il davam elədi. Beləliklə, mən "çökdüm". Nəticədə məndə vitamin D çatışmazlığı əmələ gəldi. Buna görə xeyli müalicə aldım. Bizim sənət deyir: "sev məni, sevim səni. Seç məni, seçim səni".

Aktrisanın həyat yoldaşı onun ən böyük dəstəkçisidir:

"Həyat yoldaşım mənə çox böyük dəstək olur. O qədər olub mən gəlmişəm, Kukla Teatrında tamaşam, tutaq ki, saat 4-də bitib. Saat 5-də mənim ARB kanalında verilişim başlayır. Təsəvvür edin, Kukla Teatrında qrimdə olan mən, qrimdən çıxıb, sonradan makiyajda, səliqəli saç düzümündə və geyimdə efirdə olmalısan. Yoldaşım görürdü ki, mən gərginəm, gəlib gözləyirdi, tamaşa bitən kimi məni ARB-yə çatdırırdı. Bütün bu gərgin işlərə baxmayaraq, ona qarşı çox diqqətliyəm. Geyiminə, paltarına çox diqqət edirəm. Öz paltarımı ütüsüz qoyaram, onun paltarını yox. Nahara yediyini, şamda yeməz. Səhər süfrəsi də xüsusi olmalıdır. O, bu şeylərə çox diqqət edir".

Aktrisa yoldaşı ilə "ikinci baharı"nı yaşayır: "Yoldaşım məni nə teatrda, nə də TV-də görüb. Məni "Zəhmətkeş ulduzlar"ın çəkilişində görüb. Verilişin rejissoru hazırki baldızımın yoldaşıdır. Hər dəfə deyirəm, "Xamis, sən mənə bilə-bilə bütün kənd işlərini etdirdin ki, axırda məni öz nəslinə gəlin edəsən". Yoldaşım 3 il məni izləyib. Amma qətiyyən fikir verməmişəm. İş vaxtı mənim gözüm heç nəyi görmür. Mənim üçün hər dəfə yay aylarında gəlirdi Azərbaycana, mənim çəkilişlərim olduğu rayonlara gedirdi. Hərdən deyirəm bax niyə 3 il gözlədin? 3 ilimiz gedib. Deyir sənə o vaxt yaxınlaşmaq olardı? Rejissor da mənə tez-tez deyirdi ki, Manaf dayımın niyyəti ciddidir. Mən əhəmiyyət vermirdim. Sonradan deyirdi filan rayondakı çəkiliş yadındadı? Deyirdim sən orada var idin?"

View this post on Instagram

A post shared by Ulviyya Aliyeva (@ulviyyaaliyevaofficial) on

Aktrisa həyat yoldaşı ilə tanışlığından danışdı: "Avqust ayı idi, Tovuzda "ciyəraxşamı" çəkirdik. Anamı da həmin çəkilişə aparmışdım. Anama dedi ki, "bu işə 1 qol çəkin, hər şey sizin əlinizdədi". Mən də anlamırdım ki, bu nə danışır, nə demək istəyir? Səhərisi gün həmin ailə bizi toyuna dəvət elədi. Mənim də 1 il ərzində cəmi 1 gün boş günüm var idi, istirahət etmək istəyirdim. Toya çağırılanda əsəbləşdim. Anama dedim eybi yox, elə bilərik nahara getmişik. Deyinə-deyinə toya getdik. Bizi yoldaşım qarşıladı. Bizi əyləşdirib özü getdi. Arxasınca baxdım, sanki uzun illər bu insanı tanımışam, mənim ən əziz adamıma döndü bir anda. Rejisorum bir gün zəng vurdu ki, "olar Manaf dayı səninlə danışsın?" Dedim olar. Danışdıq, o məni qohumları ilə tanış elədi. Daha sonra Bakıda görüşdük. Baxmayaraq ki, 2-ci evliliyim idi, amma ilk dəfə görüşə çıxırdım. Həyat şərtlərimiz uyğun gəldiyini öyrəndikdən sonra evləndik.

Aktrisa İncəsənət Universitetinə təsadüfən qəbul olunan tələbələrə öz iradını bildirib: "Baxırsan istedadlı insandır, qabiliyyətdən yüksək qiymət alır, gəlib testdən kəsilir, amma hansısa istedadsız, bu sənəti sevməyən gəlib onun yerini tutub. Bəli, aktyorun savadı olmalıdır. Amma bu o demək deyil ki, balı aşağı olduğuna görə istedadlı insan bayırda qalmalıdır. Sən gələcəyini seçirsən, bala görə univerisiteti seçməməlisən. Buna görə də bu gün xeyli sayda işsiz var".

Aktrisa, həmçinin son illər çəkilən filmlərə də münasibətini bildirib: "Kaş ki, filmləri kino rejissorları çəkərdi. İstedadı olanın imkanı olmur, istedadı olmayanın imkanı olur. Çoxları pul qazanmaq üçün edirlər. Qınamıram, mən də kommersiya filmlərinə çəkilmişəm. Amma sənət əsəri tamamilə başqa şeydir. Bir işdə əgər sənət varsa, ora pulsuz da çəkilərəm, oynayaram. Deyirlər o dövrün filmləri daha peşəkar, maraqlı olub. Olmalıdır, çünki o dövrdə filmə dövlət nəzarət edirdi, film 1 ilə çəkilirdi. "Ögəy ana" filmindəki uşaqlar dərsdən qalmasın deyə İsmayıllıda bir müəllim onlara dərs deyib. Üstəlik peşəkarlar çalışırdı. Amma indi o büdcə yoxdur ki, 1 ilə film çəkilsin. İndi hamı kino çəkir. Eybi yox, boşluq olmasın, qoy çəksinlər".

Aktrisa deyir ki, komediya janrında oynamaq daha çətindir. O, komediyanı iti bir bıçağın üzərində yeriməyə bənzədib: "Bir az abartsan, şit çıxacaq, bir qədər az eləsən gülməli olmayacaq. Üstəlik mən operetta aktrisasıyam. Bu, ikiqat çətindir. Çünki burada aktyorluqdan əlavə, rəqsi də, oxumağı da bacarmalısan. Danışandan sonra mahnı oxumaq çox çətindir. Qışqırırsan, ağlayırsan, gülürsən. Ondan sonra hünərin var gəl oxu".

Посмотреть эту публикацию в Instagram

Публикация от Ulviyya Aliyeva (@ulviyyaaliyevaofficial)

Daha çox komediya janrında oynayan aktrisa dram əsərlərində də rol alıb: "Bu yaxınlarda "Oyun" studiyasının nəzdində fiziki məhdudiyyətli insanlarla bərabər Cəfər Cabbarlının "Solğun çiçəklər" əsərinin əsasında Səidə Haqverdiyevanın ssenarisi və rejissorluğu ilə "Solğun sevgilər" əsərində Gülnis obrazını oynadım. Mənfi obraz idi, həm də dramatik obraz idi. O tamaşa çox bəyənilmişdi. İlk dəfə idi ki, mən mənfi obrazı oynayırdım. Həmişə komediya oynayan adamın dram oynaması olduqca çətindir. Çünki, sən inandırmalısan ki, mən güldürməyə gəlməmişəm. Məni həmin tamaşada görənlər əvvəl elə bildilər ki, mən yenə güldürməyə gəlmişəm. Çoxları məni mənfi obrazda görüb təəccüblənmişdi".

Teatr, kino, televiziya..."Hansı sizə daha doğmadır sualına?" aktrisamızın cavabı "teatr" oldu: "Pandemiya dövründə teatr bağlandı, elə bil məni okeandan çıxarıb, atıblar məni səhralığa. Boğulurdum. Filmi də sevirəm, film tarixdir. Sən olmayacaqsan həyatda, amma sənin filmlərin olacaq. Teatrda oynadıqca tamaşa inkişaf edir, daha da gözəlləşir, mükəmməlləşir. Amma filmdə o şansın yoxdur. İllər ötdükcə məsuliyyətim daha da artır. Sevgini qazanmaq daha rahatdı, onu qorumaq çox çətindir, getdikcə daha çətin olur".

"Heç nə əbədi deyil. Bu da keçə bilər. Amma bir az rahatam ki, mən bu günün aktrisası deyiləm. Heç vaxt gündəmə uyğun hərəkət etməmişəm. Sevilmişəm, ümid edirəm bir gün mən olmayanda unutmazlar məni, 100 nəfərdən 1-i məni xatırlayacaq", - deyə əlavə edib.

Xəbər lenti
0