Məsumə Əliyeva

Səhhətindəki problem sayəsində sənət qazandı - Azərbaycanlı qız ömrünü musiqi ilə uzatdı

397
(Yenilənib 18:49 13.09.2020)
"Həkim dedi ki, nəfəs alətlərində ifa etsə, sağalacaq. Dəhşətə gəldim, düşündüm ki, o necə bacaracaq?" - gənc istedadın anası

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 13 sentyabr — Sputnik. Həyat möcüzələrlə doludur. Bəzən dərd hesab etdiyimiz hadisə sonradan bizim üçün böyük bir şansa çevrilir. Qəhrəmanımız Məsumə Əliyevanın həyat hekayəsi buna bir misaldır.

Məsumə Əliyeva fleyta ifaçısıdır. O, bu sənətə heç də sevərək gəlməyib. Səhhətində yaranan problemə görə, həkimin məsləhəti ilə fleyta ifaçılığına başlayan 12 yaşlı qızcığaz indi özünü fleytasız təsəvvür etmir. Bir çox beynəlxalq mükafatların sahibi Məsumə Əliyeva sənəti və uğurları barədə Sputnik Azərbaycan-a danışıb:

"5 ildir bu işlə məşğulam. 6 yaşımdan fleyta çalıram. Ürəyimdə qüsur var idi. Həkim məsləhət gördü ki, hansısa nəfəs aləti ilə məşğul olum. İlk dəfə eşidəndə şok oldum. Düşündüm ki, necə bacaracam. Əslində musiqini sevirdim, amma hansısa nəfəs alətində ifa etməyi düşünmürdüm".

© Sputnik / Shahperi Abbasova
Məsumə Əliyeva

Əsasən klassik əsərləri ifa edən həmsöhbətimiz, hazırda caz janrında özünü sınayır: "Azərbaycan bəstəkarlarından Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Fikrət Əmirovun və s. bəstəkarların əsərlərini ifa edirəm. Çalışıram ki, öz bəstəkarımızın elə də məşhur olmayan, ümumiyyətlə eşidilməyən əsərlərinə müraciət edim. Bundan başqa, dünya bəstəkarlarının da əsərlərinə müraciət edirəm".

Gələcəkdə həm də drijor olmaq istəyən Məsumə deyir ki, elə əsərlər var, onların üzərində illərdir ki, çalışır: "Elə əsərlər var ki, onların üzərində çox çalışmışam. Onun alınması üçün gecə-gündüz çalışırdım. Məsələn, Benjamin Qodarın "Vals" əsərini 2-ci sinifdən ifa etməyə çalışıram. Hələ indi-indi sərbəstlik hiss edirəm. Həmin musiqini "World Harmony" müsabiqəsində ifa etmişdim".

Müsahibimiz qeyd edir ki, bütün sahələrdə olduğu kimi, fleyta da gərgin əmək, zəhmət tələb edir, əks halda, heç nə əldə edə bilməzsən:

"Gün ərzində azı 2 dəfə məşq edirəm. 1 gün məşq etməsəm, nəfəs daralır, barmaqlar işləmir, insan "korşalır" sanki. Ona görə də mütləq məşq etmək lazımdır. Məşqin də saatları var. Səhərlər alınmır. Xanəndələrdə, vokalçılarda olduğu kimi bizim də sənətimizdə səsin aydınlaşması vacibdir. Səhər saat 12-dən sonra səs aydınlaşır və mən məşqə başlayıram".

"Altı yaşımda blok fleyta ilə səhnəyə çıxmışam. Hazırda 3 fleyta üzərində çalışıram: blok, klassik, alt fleyta. Respublikada yaşıdlarım arasında alt fleytada çalan yoxdur. Hazırda onun üzərində çalışıram. Alt fleytanın digərlərindən fərqi bir az ney, bir az da tütək səsi kimi səslənməsidir. Klassik fleyta yanakıdır. Amma o, düzdür. Haradasa balabana da bənzəyir. Çox çətindir. Müsabiqəyə alt fleyta üzrə, 3 alətin sintezi ilə hazırlaşıram. Eyni əsər 3 alətin sintezi ilə ifa olunacaq. Gürcüstana, Rusiya və Macarıstana səfər planlaşdırılırdı. Pandemiyaya görə qaldı", - deyə M.Əliyeva əlavə edib.

Söhbətimizi Məsumənin anası Natəvan Əliyeva ilə davam etdiririk. Natəvan xanım qızının ən böyük dəstəkçisidir və onun potensialının üzə çıxarılmasında ona yardım edir: "Qızım həddindən artıq zəif uşaq idi. Üstəlik səhhətində yaranan problem onu daha da zəiflətmişdi. Həkim dedi ki, nəfəs alətlərində ifa etsə, sağalacaq. Dəhşətə gəldim, düşündüm ki, o necə bacaracaq? Nəfəs aləti deyəndə klarnet, balabanı düşündüm. Fikirləşdim ki, alınmaz. Özü elə klarnet boyda idi. Əslində xalam Rövşanə Quliyeva fleyta ifaçısıdır. Nə xalam, nə də fleyta aləti ağlıma gəldi".

© Sputnik / Shahperi Abbasova
Məsumə Əliyeva

Səhhətinə görə fleytanı seçsələr də onun uğur qazanacağı heç kəsin ağlına gəlmirdi: "Xalam dedi, verin mənə. Amma bu qədər irəliləyəcəyini, onun həyatını bu qədər dəyişəcəyini düşünmürdüm. Sadəcə səhhətinə görə başladı. Amma musiqiyə həvəsi uşaqlıqdan var idi. Uşaqlıqdan bilirdik ki, musiqi duyumu var. Körpə vaxtı muğamla, musiqi ilə yatırdı".

Məsuməni görkəmli musiqiçilər də dinləyib, onunla bağlı müsbət fikirlər bildiriblər: "Əmisi pianoçu Nizami Əliyevlə birlikdə caz improvizasiyaları etməyi düşünürük. Azərbaycanın görkəmli fleyta ifaçısı, professor, Azərbaycan Respublikasının Xalq artisti Müzəffər Ağamalızadə dinləyib, çox bəyənib. O dedi ki, Məsumənin texnikası 3-cü, 4-cü kurs tələbəsinin texnikasına bərabərdir. Xalq artisti Teymur Göyçayev Məsuməni uşaq simfonik orkestrinə dəvət etdi. Amma müəllimi dedi ki, hələ tam hazır deyil".

Hər bir insanın formalaşmasında mühit və genetik faktorların da böyük rolu var. Bu da özünü Məsumədə göstərib: "Ailəliklə musiqiyə bağlıyıq. Mənim də, yoldaşımın da ailəsində musiqiçilər var. Məsumənin uğur qazanmasında zəhməti ilə bərabər, həm də gen də öz sözünü deyir".

Natəvan xanımın ən böyük arzusu qızının xarici ölkələrdə Azərbaycanı tanıtmasıdır: "Sentyabrda da müsabiqə olacaq, ora da qatılacaq. Orada caz ifa edəcək. Fərhad Bədəlbəyli dinləyəcək. Çox istəyərdim Azərbaycanı təmsil etsin. Harada da yaşasa, Azərbaycanı layiqincə təmsil etsin. Azərbaycanda bu sahə üzrə çox peşəkar olan Müzəffər müəllimin tələbəsi olsa, çox sevinərəm. Elə onun tələbəsi olmaq xarici ölkədə təhsil almış kimi olar. Qismət... Daha sonra Azərbaycanı digər ölkələrdə təmsil etməsini istəyərəm. Mən inanıram qızıma, onda bu potensial var. Bakı şəhəri Əfrasiyab Bədəlbəyli adına 23 nömrəli məktəbin direktoru Afət Qəmbərovanın da Məsumənin inkişafında çox böyük rolu var".

"Gecəyədək məşq edir. Baxırsan, gecə saatlarıdır, Məsumənin otağından fleyta səsi gəlir. Baxıram ki, pop, caz və digər janrlarla improvizasiya edir. O təb ona gələndə saata baxmır, mütləq aləti əlinə alır. Bəxtimiz gətirib ki, həyət evində qalırıq. Narahatlığının üstündən heç 1 il keçmədi. Apardıq həkimə, həkim təəccüblənmişdi - artıq o problem yoxdur. Məsumə isə bu xəstəlik sayəsində özünə bir cığır açdı", - deyə Natəvan Əliyeva söhbətini yekunlaşdırıb.

397
Teqlər:
istedad, qız, azərbaycanlı, fleyta, qüsur, ürək, həkim, musiqi
Əlaqədar
Tənqidə görə boğazından nə halva, nə də paxlava keçməyən xanım rejissor
Telefonla çəkdiyi filmi Britaniyaya göndərən rejissor: "İnanmırdılar, amma bacardım"
Azərbaycan xalq mahnısı britaniyalı musiqiçinin ifasında
Onlarda kin, nifrət, qəzəb olmur: Həftədə bir dəfə "Günəşin uşaqları" ilə görüşəcəksiniz
Toy disklərinə baxanda utandıran məqam: "Gərək genində olsun" - VİDEO - FOTO
Qoçəhmədli kəndində məscid

Ümid edirəm, beynəlxalq təşkilatlar bütün bu alçaldılmış yerləri görməyə gələcəklər - FOTO

10
(Yenilənib 18:20 30.11.2020)
Anar Kərimov: "Ümid edirəm ki, beynəlxalq təşkilatlar bütün bu alçaldılmış yerləri görməyə gələcəklər".

BAKI, 30 noyabr — Sputnik. Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov ermənilərin işğal illərində daha bir məscidimizə qarşı etdiyi vandalizmlə bağlı məlumat verib.

O, bu barədə "Twitter" hesabında paylaşım edib.

"Erməni işğalı nəticəsində Füzuli rayonunun Qoçəhmədli kəndindəki XVIII əsrə aid məscid məhv edilib və həmişəki kimi heyvanlar üçün istifadə edilib. Ümid edirəm ki, beynəlxalq təşkilatlar bütün bu alçaldılmış yerləri görməyə gələcəklər".

10
Teqlər:
erməni vandalizmi, məscid, Füzuli, Azərbaycan, Qarabağ
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Jurnalist, arxiv şəkli

Məşhur serialın çəkiliş meydançasında dəhşətli hadisə baş verib

27
(Yenilənib 17:10 30.11.2020)
Hadisə yerinə polislərin gəlməsindən sonra məlum olub ki, qadınlara hücum edən 2 kişi əvvəllər zorlama və narkotik satışından məhkum olunaraq, həbsxanada yatmış keçmiş dustaqlardır

BAKI, 30 noyabr — Sputnik. Türkiyənin Atv kanalında yayımlanan "Eşkiya Dünyaya Hükümdar Olmaz" serialının çəkiliş meydançasında dəhşətli hadisə baş verib.

Sputnik Azərbaycan xəbər verir ki, ötən gecə baş verən hadisədə serialın texniki heyətində çalışan 3 qadın hücuma məruz qalıb. Belə ki, EDHO-nun çəkilişləri aparılan məkanın üst mərtəbəsində kostyumların saxlanıldığı otaqda çalışan 3 qadına qəflətən otağa daxil olan 2 nəfər hücum edib. Qapını qıraraq otağa daxil olan 2 nəfər otaqda olan qadınları təhqir edərək, onlara fiziki güc göstərib. Səs-küyü eşidən yaradıcı heyətin üzvləri qadınların köməyinə gəliblər.

Hadisə yerinə polislərin gəlməsindən sonra məlum olub ki, qadınlara hücum edən 2 kişi əvvəllər zorlama və narkotik satışından məhkum olunaraq, həbsxanada yatmış keçmiş dustaqlardır. Polislər qadınların şikayətlərinə əsasən cinayətkarları yaxalayaraq, bölməyə aparıblar.

27
Teqlər:
keçmiş məhbus, qadınlar, hücum, Türkiyә, serial
 Boş dərs otağı, arxiv şəkli

Nazirlər Kabineti təhsillə bağlı qərar verdi

5
Qərara əsasən, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilir

BAKI, 20 noyabr - Sputnik. Nazirlər Kabineti Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” qərarında dəyişiklik edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, qərarın qüvvədə olma müddəti dekabrın 1-dən 30-dək uzadılıb.

Qeyd edək ki, qərara əsasən, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilir.

Müəyyən edilib ki, bu Qərarın qüvvədə olduğu müddətdə sanitar-epidemioloji vəziyyətlə bağlı Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin və ya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyləri əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi ayrı-ayrı inzibati ərazi vahidlərində fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasının bərpası və ya dayandırılması barədə qərar qəbul edə bilər.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən bu Qərara uyğun olaraq tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasının bərpası və ya dayandırılması barədə qərar qəbul edildiyi halda, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və özəl təhsil müəssisələrinin təsisçiləri də tabeliklərində olan təhsil müəssisələrinə münasibətdə müvafiq qərarlar qəbul edə bilərlər.

5
Teqlər:
dəyişiklik, qərar, Nazirlər Kabineti, distant, təhsil, Azərbaycan